Məhkəmə qərarları › İş №2-1(103)-1588/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1588/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1588/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14417/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qərar Vergi Məcəlləsinin 50.2, 50.3, 50.5-ci maddələrinin tələblərinin pozulması ilə qəbul olunmuşdur ki, bu da öz növbəsində “İnzibati icraat haqqında” Qanunun 58.1 və 61.1-ci maddələrinin pozuntusu deməkdir. İnzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin qəbul etdiyi qərarında operativ nəzarətin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd olunan heç bir əsasa istinad olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin tələbi odur ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilməlidir. Lakin vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, sadəcə 50.1.11-ci maddəyə istinad etməklə kifayətlənmişdir. Vergi Xidmətinin mövqeyi də ondan ibarətdir ki, vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, eləcə də vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda da operativ vergi nəzarətinin keçirilməsi mümkündür. Beləliklə, cavabdeh əsas olmadan MMC-də operativ vergi nəzarəti keçirməklə Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Bundan başqa cavabdeh tərəfindən operativ nəzarət tədbirləri 17 yanvar - 15 fevral 2023-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı 2022-ci il tarixində olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyil. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********0843 saylı "xxxx" qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36M ünvanda yerləşən obyektində Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutularaq nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 də daxil olmaqla) operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 4000,0 (dörd min) manatdan yuxarı iyirmi beş sayda nəzarət-kassa aparatı çekləri üzrə 1.655.995,06 manat vəsaitin nəzarət-kassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu faktı aşkar edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 000336 nömrəli akt tərtib edilmişdir. MMC-nin rəhbəri X4 aktın doğruluğunu imza etməkdən imtina etmiş, lakin aktın və əlavə edilən sənədlərin bir nüsxələrini qəbul etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı A.Aydınov həmçinin izahat verərək 1.618.028,5 manat məbləğin bir əməliyyat çərçivəsində 4000 manat məbləğdən artıq kassa çeklərinin vurulmasının texniki səbəbdən baş verdiyini, həmin dövrdə nəzarət-kassa aparatının yenilənməsi ilə əlaqədar mühasibat proqramlarının inteqrasiya prosesi mərhələsində olduğunu, inteqrasiya zamanı onlayn rejimdə çeklərin tək-tək, qanunla müəyyən olunmuş bir əməliyyat çərçivəsində təyin olunmuş məbləğdə vurulmasının mümkün olmadığını, bu səbəbdən göstərilən məbləğlərin bir neçə günün dövriyyəsinin cəmi olaraq vergi orqanına bəyan edilməsi üçün nəzarətkassa aparatına bir əməliyyat olaraq əlavə edildiyini bildirmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.11ci maddəsinə əsasən pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə bilər. Lakin iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Eyni zamanda göstərilən məsələ ilə əlaqədar Cəmiyyətin inzibati şikayət ərizəsində və Cəmiyyətin nümayəndəsinin verdiyi izahatlarda qeyd olunan pozuntu faktının müxtəlif səbəblərlə əlaqələndirilməsinə baxmayaraq, bunu təsdiq edən heç bir əsaslı sübut nə operativ vergi nəzarəti zamanı, nə də inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Əksinə izahatda belə sübutların olmadığı iddiaçı tərəfindən qismən etiraf edilmişdir. MMC tərəfindən həyata keçirilmiş 25 sayda əməliyyat üzrə hər bir əməliyyat üçün qanunun icazə verdiyi 4000,0 manat nəzərə alınmaqla 4000,0x25=100.000,0 manat təşkil etmiş və bunun nəticəsində 100.000,0 manat məbləğ 1.655.995,06 manatdan çıxılmaqla yerdə qalan qanunvericiliyin tələbləri pozulmaqla icra edilmiş 1.555.995,06 manat məbləğə görə Cəmiyyətə 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, MMC-nin inzibati şikayəti üzrə araşdırma aparılan zaman Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.6-cı maddəsinə əsasən vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) pərakəndə ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir. Eləcə də, həmin Qaydaların 7-ci maddəsinə əsasən 3.6-cı maddədə nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi” ciddi hesabat blankı olmasına və onların forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən yük avtonəqliyyatı üçün yol vərəqinin ciddi hesabat blankı olmayan vərəqələrdə tərtib edildiyi, eyni zamanda Cəmiyyətdə daxili uçotun aparılması məqsədi ilə saxlanılmadığı müəyyən edilmişdir. İddia ərizəsinin operativ vergi nəzarəti tədbirlərinin 17 yanvar-15 fevral 2023-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı 2022-ci il tarixində olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə dəlilinə münasibətdə cavabdeh qeyd etmişdir ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib - vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir. Buna əsasən vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquq pozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Belə ki, VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Başqa sözlə, konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Bundan əlavə, Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi operativ vergi nəzarətində vergi ödəyicisindən sənədlər istənilir və bunun üçün də 1 iş günü vaxt müəyyən olunur. Əgər operativ vergi nəzarəti yalnız keçirildiyi zaman yol verilən hüquqpozmaları aşkar etmək olarsa onda niyə qanunvericilik 1 iş günü müddətində sənədlərin verilməsi ilə bağlı tənzimləmə müəyyən edir? Normativ hüquqi aktın normasını məqsəd və məna baxımından şərh etsək görərik ki, buradan çıxan nəticə odur ki, sənəd tələb etməkdə məqsəd həm də tədbir başlayana kimi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əməl edilib-edilməməsini yoxlamaqdan ibarətdir. Həmçinin, Vergi Məcəlləsinin 58.17-ci maddəsi də operativ vergi nəzarətinin məhz tədbir keçirilən anda baş verən hüquq pozuntusu ilə məhdudlaşmadığına işarə edir. Həmin Məcəllənin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14417/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 14417/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar tam əsaslandırılmışdır və vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə isə əsassız olaraq formal mülahizə yeridərək qərar qəbul etmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan xx.xx.2023-cü il tarixli **********0843 saylı qərar qəbul edilən zaman qüvvədə olan Vergi Məcəlləsinə əsasən nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir. Məsuliyyətə cəlb etmə ilə bağlı yeganə müddət məhdudiyyəti qeyd edilən normada əks edilib ki, hazırki halda 3 illik müddət ötürülməmişdir. Məhkəmə tərəfindən isə bu normalar nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 14417/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı MMC vergi orqanlarında vergisi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Şəkər, şokolad və qənnadı məmulatların topdan satışı” olan, fəaliyyət ünvanı ünvan 1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 yanvar 2023-cü il tarixli **********0843 nömrəli "xxxx" Qərarı ilə MMC-də "Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi" məsələsi üzrə 17 yanvar 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək (sonuncu tarix daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. 9 fevral 2023-cü il tarixində cavabdehin əməkdaşları DVX 000336 nömrəli Akt tərtib etmiş və Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələblərinin pozulması əsası ilə MMC-yə 155.599,60 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə KDV-yə 155.599,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli qərardan verilmiş inzibati şikayət təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli qərarı ilə, Dövlət Vergi Xidmətinin xx.xx.2023cü il tarixli qərarından verilmiş şikayət təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətini əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə "xxxx" xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən "xxxx" xx.xx.2023cü il tarixli nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin "xxxx" xx.xx.2023-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Həmçinin, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti xx.xx.2023xx.xx.2023-cü ilədək olan müddəti əhatə etməsinə baxmayaraq, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə (2022-ci il) həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14417/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar