Məhkəmə qərarları › İş №2-1(103)-1589/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1589/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1589/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, üçüncü şəxs X2 nümayəndəsi-vəkili http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1507710Vəkil iştirakı ilə, İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X4 və X3 qarşı sərəncamların, qeydiyyat vərəqəsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadından iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X4 və X3 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail RİH-in 22.05.1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin 25.05.1998-ci il tarixli 802 nömrəli sərəncamlarının və həmin sərəncamların əsasında Bakı ŞİH TİMHQ İdarəsinin 03.06.1999-cu il tarixli 162697 nömrəli qeydiyyat vəsiqəsinin və DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 18.05.2018ci il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş və AR Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş İddiaçın tabeliyindəki tibb müəssisələrinin Siyahısına əsasən 1 nömrəli Qadın Məsləhətxanası (bundan sonra – “Məsləhətxana”) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindən İddiaçın tabeliyinə keçmişdir. Sözügedən Məsləhətxana 20-ci əsrin ortalarından Azərbaycan SSR Kommunal Xidmətlər Nazirliyinin 1972-ci il tarixli Ev təsərrüfatlarının texniki inventarlaşdırması pasportuna və Səhiyyə Nazirliyinin pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməkdədir. Buna baxmayaraq vətəndaş X5 AR Səhiyyə Nazirliyinə və Məsləhətxanaya qarşı Bakı şəhər Səbail Rayon Məhkəməsində «əmlakın boşaldılması, iddiaçıya təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbi ilə iddia qaldıraraq mülkiyyətçisi olduğu ünvan 1 ünvanından Məsləhətxananın çıxarılmasını xahiş etmişdir. Lakin AR Səhiyyə Nazirliyi Məsləhətxananın ünvan 1 ünvanında deyil, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməsi əsası ilə bu iddiaya etirazını bildirmişdir. Bundan sonra Bakı şəhər Səbail Rayon Məhkəməsi tərəfindən sözügedən ünvanların eyni olub-olmamasının müəyyən edilməsi barədə mühəndis-texniki ekspertizası təyin edilmiş, eləcə də ünvan dəyişikliyi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Lakin ünvanların müəyyən edilməsi mühəndis-texniki ekspertizanın müəyyən etdiyi məsələlərin dairəsinə aid olmadığından iş AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən icra edilmədən məhkəmə baxışına geri qaytarılmışdır. Buna baxmayaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilən 1 noyabr 2019-cu il tarixli cavab məktubunda X2 adına rəsmiləşdirilən daşınmaz əmlakın Məsləhətxana kimi istifadə edildiyinin müəyyən olunduğu bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən bu cavab məktubu ilə vətəndaşlara verilən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi və Məsləhətxanaya məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında olan qeyri-yaşayış sahəsinin eyni yer olması və həmin ərazinin vətəndaşlara verilməsi barədə sərəncamlar və reyestrdən çıxarışlar Məsləhətxananın mənafeyinə toxunmaqdadır. Yuxarıda qeyd edilən məsələlər ilə bağlı AR Səhiyyə Nazirliyi tərəfindən Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2020 saylı iş üzrə 30 yanvar 2020-ci il tarixli qərardadı ilə sözügedən Məsləhətxananın AR Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli qərarı ilə TƏBİB-in tabeliyinə verilməsi səbəbindən AR Səhiyyə Nazirliyinin iddiası qeyri-mümkün hesab edilmişdir. Məsələ ilə bağlı TƏBİB yalnız AR Səhiyyə Nazirliyinin ona ünvanlanan 31 mart 2020-ci il tarixli 21/19-2044 nömrəli məktubu vasitəsi ilə xəbərdar olmuşdur. DƏDRX tərəfindən verilmiş RX seriyalı 130742 nömrəli 18 may 2018-ci il tarixli reyestrdən çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sərəncamlar etibarsız hesab edilməlidir. Belə ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin ilkin qeydiyyatı Bakı şəhər Səbail RİH başçısının 22 may 1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin 25 may 1998-ci il tarixli 802 nömrəli sərəncamları ilə verilmiş orderlər əsasında aparılmışdır. Lakin həmin dövrdə qeyd olunan tikili Bakı şəhəri Səbail RİH-in balansında olmadığından (AR Səhiyyə Nazirliyinin balansında olmuşdur), sabiq RİH başçısının müvafiq sərəncamları ilə həmin tikilini vətəndaşlara vermək səlahiyyətləri olmamışdır. Mübahisə predmeti olan daşınmaz əmlak AR Səhiyyə Nazirliyinə məxsus sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, Zaur Məmmədovun adına verilmiş reyestrdən çıxarışda “mənzil” kimi göstərilməkdədir. Eləcə də binanın yerləşmə ünvanları AR Səhiyyə Nazirliyinə məxsus sənəddə “8”, Zaur Məmmmədova məxsus sənəddə isə “6” kimi göstərilmişdir. Bundan əlavə olaraq, X1 adına verilmiş “Qeydiyyat vəsiqəsi”ndə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 6 saylı binanın 1, 2, 3 saylı mənzilləri kimi göstrəilmişdir. Bütün bu qeyd olunanlardan göründüyü kimi, ünvanlar arasındakı ziddiyyətlər sərəncamların əsassızlığını göstərir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən daşınmaz əmlakın texniki pasportu tərtib olunur ki, bu zaman cavabdeh qurumun müətəxəssisləri daşınmaz əmlakın olduğu yerə bilavasitə gələrək əmlakın faktiki vəziyyəti ilə tanış olur və ölçülərini yoxlayırlar. Lakin işin faktiki hallarından göründüyü kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları Məsləhətxananın yerləşdiyi binaya gəlib baxış keçirməmişlər. Əgər baxış keçirilmiş olsaydı daşınmaz əmlakın tibb müəssisəsi kimi istifadə olunması cavabdeh quruma məlum olar və həmin daşınmaz əmlakı xüsusi mülkiyyət kimi qeydiyyata almaqdan imtina edilərdi. Xüsusi ilə vurğulanır ki, hər üç sərəncam verilən tarixdə, yəni 1998-ci ildə RİH başçısı olmuş şəxs (1993 – 2001) hazırkı üçüncü şəxsin atasıdır. Bu hal isə, özlüyündə həmin sərəncamın obyektivliyini sual altına alır. Eləcə də həmin sərəncamların əsası mövcud olmamış və dövlət əmlakı qanunsuz olaraq vətəndaşlara verilmişdir. Qeyd edilənlərdən də aydın olduğu kimi, Bakı şəhəri, Bülbül prospekti 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AR Səhiyyə Nazirliyinin balansında olmuşdur. Bu səbəbdən də həmin ərazi üzrə RİH başçısının hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Bütün qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2021 saylı 09 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə TƏBİB-i inzibati orqan kimi nəzərdən keçirərək mübahisənin məhkəmədən kənar qaydada nizama salınmasını zəruri hesab etmişdir. Hüquqi əsaslandırılma zamanı TƏBİB-in inzibati akt qəbul etmək səlahiyyətinin olmasına istinad etmişdir. Bu münasibətlərdə TƏBİB pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edən hüquqi şəxsdir, inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən inzibati orqanların konkret siyahısı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda TƏBİB nəzərdə tutulmamışdır. Digər tərəfdən, TƏBİB inzibati hüquq münasibətlərinin subyekti kimi inzibati orqanın elementlərini özündə əks etdirmir. TƏBİB-in Nizamnaməsinə nəzər saldıqda, TƏBİB-in hər hansı inzibati akt qəbul etməsinə dair normanın olmadığının əyani şahidi oluruq. İddia müddəti tətbiq oluna bilməz. Çünki konkret halda, sərəncamın etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Belə olan halda isə, İnzibati Prosessual Məcəlləsinin 36.1 maddəsinin tələbindən göründüyü kimi, bu qəbildən olan iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İkincisi, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış barəsində səlahiyyəti olaraq verilmiş sərəncamın etibarsızlığının mübahisələndirilməsinə aşağıdakı əsaslara görə də iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 19-cu maddəsi ilə isə müəyyən edilmişdir ki, dövlət hakimiyyəti orqanın və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindi etibarsız sayıla bilər. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onlar vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqları pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Məhz bu baxımdan da iddiaçının sahibliyində və istifadəsində olan əmlak üzərində özgə bir şəxs (orqan tərəfindən sərəncam verilməsi, həmin əmlakın hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Beləliklə müəyyən edilir ki, cavabdehin sərəncamı ilə üçüncü şəxsə ayrılmış mübahisəli obyekti dövlətin müstəsna səlahiyyətinə məxsus iddiaçının sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsidir. Belə bir halda isə iddia müddətinin keçməsindən söhbət belə gedə bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi hazırkı mübahisənin məhkəmə predmeti olmadığı qənaətinə gələrək iddianı mümkünsüz hesab etmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən İnzibati Prosessual Məcəllənin 4.3-cü maddəsinə istinad etmişdir. Halbuki hüquq normasını düzgün tövsif etməmişdir. İnzibati Prosessual Məcəllənin 4.3-cü maddəsində qeyd edilir ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin maddənin məzmunundan aydın olur ki, subordinasiya qaydasında komissiya tərəfindən həll edilməsi üçün mübahisə aidiyyət və səlahiyyətlərlə bağlı olmalıdır. Aidiyyət dedikdə, mübahisənin ərazi baxımından hansı inzibati orqanda baxılması nəzərdə tutulur. Səlahiyyət dedikdə, qanunla hər hansı bir işi həyata keçirmək hüququnun olması başa düşülür. Hazırki mübahisə isə səlahiyyətlə deyil, Məsləhətxananın mülkiyyətində olan əmlak barəsində atılmış qanunsuz addımla bağlıdır. Bu da yalnız məhkəmə baxışının predmetidir. Həmçinin qərardaddan üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, 1 saylı qadın məsləhətxanası yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərmişdir. Həmin məsləhətxananın yerləşdiyi ünvan Azərbaycan SSR Kommunal Xidmətlər- Nazirliyinin 1972-ci il tarixli pasportuna və Səhiyyə Nazirliyinin pasportuna əsasən həmin ünvan göstərilmişdir. Həmin məsləhətxana Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 193 nömrəli qərarı 1 nömrəli qadın məsləhətxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə keçmişdir. Lakin həmin ünvanın adı dəyişdirilərək başqa şəxsin adına rəsmiləşdirilməsi həmin prosesin icra olunmasına mane olur. Ziddiyyətin yaranmasının əsas səbəbi həmin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanındakı mülkün ünvanının 8 deyil 6 kimi göstərilməsidir. Həmin əmlakın qanunsuz olaraq sonradan Zaur Məmmədovun adına verilmiş reyestr çıxarışında ünvanın adının dəyişdirilərək rəsmiləşdirilməsi həmin çıxarışın tam qanunsuz, heç bir əsaslığının olmaması ilə nəticələnir. Ünvanın əvvəlki adının dəyişdirilərək başqa bir şəxsin adına rəsmilədirilməsi əsassız yerə ziddiyyətin olmasına səbəb olur. Belə olduğundan həmin ünvandakı daşınmaz əmlakla bağlı verilmiş reyestr çıxarışı, qeydiyyat vəsiqəsi qanunsuz hesab edilməli və ləğv edilməlidir. Məhkəmə ilk növbədə əsassız olaraq “inzibati icraat haqqında” Qanuna əsaslanaraq bildirir ki, TƏBİB publik hüquqi şəxs kimi Nizamnaməsinə əsasən tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi fəaliyyəti ilə bağlı müraciətlərə digər qanunlarla yanaşı sözügedən qanuna uyğun olaraq baxmaq vəzifəsini də daşıdığına görə TƏBİB-in inzibati orqan olduğunu vurğulamışdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən inzibati orqanların konkret siyahısı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatında” TƏBİB nəzərdə tutulmamışdır. Belə ki, TƏBİB inzibati orqan deyildir. Belə olan halda isə məhkəmənin əsassız olaraq öz qərardadında əsaslanaraq qeyd etmiş olduğu TƏBİB-lə cavabdeh Səbail RİH arasında olan mübahisəyə səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxılması məsələsi TƏBİB inzibati orqan deyil publik hüquqi şəxs olduğuna görə qanunaziddir. Həmçinin məhkəmə öz qərardadında qanunsuz olaraq qeyd edir ki, TƏBİB dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür. Sözügedən əsaslandırma qanun pozuntusundan başqa bir şey deyildir. Belə ki, İnzibati Prosessual Məcəllədə yalnız mübahisələndirmə və ya məcburetmə haqqında iddialara münasibətdə konkret iddia müddəti müəyyən edilmişdir. Prosessual baxımdan hazırkı iddia mübahisələndirmə və ya məcburetmə haqqında iddialara aid edilmədiyindən həmin münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. Çünki konkret halda, sərəncamın etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Əlavə olaraq da bildirilir ki, Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Məhz bu baxımdan da iddiaçının sahibliyində və istifadəsində olan əmlak üzərində özgə bir şəxs (orqan) tərəfindən sərəncam verilməsi, həmin əmlakın hüquqlarının iddia müddəti tətbiq olunmaqla məhdudlaşdırılınası yolverilməzdir. O da qeyd olunmalıdır ki, Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı daha sonra Bakı Apelyasiya Məhkəməsinin 4 iyun 2020-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. TƏBİB-in 2020ci ilin iyul ayında məhkəməyə müraciətinin səbəbi Bakı Apelyasiya Məhkəməsinin 4 iyun 2020-ci il tarixli qərardadını gözləməsi olmuşdur. Belə olan halda da mübahisələndirmə işi üzrə iddia müddətinin də 30 günlük müddəti buraxılmamışdır. Belə olan halda isə, İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinin tələbindən göründüyü kimi bu qəbildən olan iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər və həmçinin Daşınmaz əmlakın dövlət reyestri haqqında. Azərbaycan Respublikasının Qanunun 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və həmin qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə, cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X2 nümayəndəsi-vəkili http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1507710Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxsin nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs Səbail RİH-in 22.05.1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin 25.05.1998-ci il tarixli 802 nömrəli sərəncamlarının və həmin sərəncamların əsasında Bakı ŞİH TİMHQ İdarəsinin 03.06.1999-cu il tarixli 162697 nömrəli qeydiyyat vəsiqəsinin və DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 18.05.2018-ci il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda “qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” inzibati orqan kimi müəyyən edilmişdir və iddiaçı TƏBİB publik hüquqi şəxs kimi Nizamnaməsinə əsasən tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi fəaliyyəti ilə bağlı müraciətlərə digər qanunlarla yanaşı «İnzibati icraat haqqında» AR Qanununa uyğun olaraq baxmaq vəzifəsini də daşıyır. Odur ki, hazırkı iddiaçı TƏBİB inzibati orqandır. Belə olan halda, məhkəmənin qənaətinə görə İPM-in müddəalarında (25-ci maddə) hüquqi şəxslər inzibati məhkəmə icraatında proses iştirakçısı qismində nəzərdə tutulsa da, həmin Məcəllənin 2.1-ci maddəsinə və «İnzibati icraat haqqında» AR Qanununun 4.3-cü maddəsinə əsasən iddiaçı TƏBİB-lə cavabdeh Bakı şəhəri Səbail RİH arasındakı bu mübahisəyə iki inzibati orqan arasındakı “səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər. Qeyd olunanlarla yanaşı məhkəmə vurğulamışdır ki, yuxarıda qeyd olunan hal nəzərə alınmasa belə həm mübahisə predmeti olan sərəncamların qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» AR Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırda tələbini “İnzibati icraat haqqında” AR Qanununun inzibati aktın etibarsızlığı əsasları təsbit olunmuş 65-ci maddəsinə istinad etməklə müvafiq sərəncamın RİH-in səlahiyyəti olmadan qəbul olunması ilə əsaslandlrır. Məhkəmənin qənaətinə görə üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan balanssaxlayıcının, mülkiyyətçinin, habelə tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» AR Qanununun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Hazırkı işin hallarına görə müvafiq sərəncamların iddiaçıya və ya əmlakın əvvəlki balanssaxlayıcısına məlum olma tarixi konkret müəyyən olunmasa da, inzibati münasibətlərdə onların inzibati orqan statusu ilə çıxış etməsi “sonradan məlumatlandırılma” halını formallaşdırır. İş üzrə iddia tələbin digər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönələn hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu tələb iki inzibati orqan arasındakı mübahisə olmaqla tələb birinci tələbdən, yəni “sərəncamın etibarsızlığı” tələbindən törəmə və asılı xarakterlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab etmişdir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.3-cü maddəsinə görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 25-ci maddəsinə görə inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr. «Publik hüquqi şəxslər haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Həmin Qanunun 2.2-ci maddəsinə görə publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. AR Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. AR Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Nizamnaməsinində nəzərə tutulmuşdur ki: - (1.1-ci bənd) TƏBİB «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur; - (3.1-ci bənd) TƏBİB bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: (3.1.2) tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək, (3.1.8) fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. İş materiallarından görünür ki, iddiaçı AR Səhiyyə Nazirliyi cavabdehlər Bakı şəhəri Səbail RİH-ə və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RİH-in 22 may 1998-ci il tarixli 794 və 801 saylı, 25 may 1998-ci il tarixli 802 saylı sərəncamlarının və həmin sərəncamlar əsasında Bakı ŞİH TİMHQ İdarəsinin 3 aprel 1999-cu il tarixli 162697 nömrəli qeydiyyat vəsiqəsi və DƏDRX 1 saylı bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 18 may 2018-ci il tarixli reyestrdən çıxarışın etibarsız sayılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-937/2020 saylı iş üzrə 30 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1081/2020 saylı iş 4 iyun 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 saylı Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri (bəzi istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. Sözügedən Fərmanın 2.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 148 saylı Fərmanının 3.6-cı bəndinə əsasən həmin müəssisələrin təsisçi səlahiyyəti TƏBİB-ə məxsusdur. Hazırkı iddia AR Səhiyyə Nazirliyi tərəfindən qaldırılsa da, 1 saylı Qadın Məsləhətxanası hazırda adıçəkilən Nazirliyin balansında deyil, Nazirliyin bu iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Hazırkı mübahisə üzrə tərəflər inzibati orqandır, «İnzibati icraat haqqında» AR Qanunun 4.3-cü maddəsinə əsasən bu mübahisə məhkəmə qaydasında deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. TƏBİB publik hüquqi şəxs kimi Nizamnaməsindən göründüyü kimi TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi fəaliyyəti ilə bağlı müraciətlərə digər qanunlarla yanaşı «İnzibati icraat haqqında» AR Qanununa uyğun olaraq baxmaq vəzifəsini də daşıyır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, TƏBİB inzibati orqan olduğundan cavabdeh Bakı şəhəri Səbail RİH arasındakı bu mübahisəyə iki inzibati orqan arasındakı “səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar