Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1589/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-1057/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına aldığı əməkhaqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalara aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun yenidən hesablanması və halhazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 38 ildən çox ümumi, 18 il 1 ay 21 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına uyğun olaraq hüququnun yarandığı tarixdən, 27 aprel 2008-ci ildən pensiyasının yenidən hesablanması və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə məktubla müraciət etmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, hal-hazıra qədər müraciətinə cavab verməmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxxx 1951-ci ildə Salyan rayonu 1-ci Varlı kəndində doğulmuşdur və hal-hazırda da həmin ünvanda yaşayır. Əmək fəaliyyətinə 01 iyul 1967-ci ildə Kür-ArazSuTikinti Trestinin 16 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlamış və 21 aprel 1970-ci ilə qədər orada çalışmışdır. 19 dekabr 1970-ci ildən 30 aprel 1971-ci ilə qədər Azərbaycan Dəmir Yollarının 5-ci Kürdəmir Distansiyasında yol mantyoru işləmişdir. 12 iyun 1971-07 iyun 1973-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Azneft Tikinti trestinin 1 nömrəli TikintiQuraşdırma İdarəsində 02 avqust 1973-03 may 1976-cı illərdə fəhlə, həmin idarədə 03 may 1976-01 noyabr 1982-ci illərdə izolyasiyaçı, 01 noyabr 1982-01 fevral 1991-ci illərdə çilingər işləmişdir. 01 fevral 1991-ci il tarixindən köçürmə yolu ilə AzərNeftLayihəTikinti Birliyinin nömrəli Tikinti-Quraşdırma İdarəsinə çilingər qəbul edilmiş və 16 sentyabr 1994- cü il tarixinədək orada çilingər vəzifəsində çalışmışdır. 16 sentyabr 1994-cü il tarixindən köçürmə yolu ilə Salyanneft NeftQazÇıxarma İdarəsinə, Quyuların Əsaslı və Yeraltı Təmir Sexinə təmirçi-çilingər vəzifəsinə keçirilmiş və 01 dekabr 2011-ci il tarixinə qədər həmin idarədə qeyd etdiyi vəzifədə çalışmışdır. Əmək fəaliyyəti dövründə üst-üstə 43 ildən çox ümumi, 23 ildən çox güzəştli olmaqla, bu stajın 01 yanvar 2006-cı ilə qədər olan dövründə 38 ilə yaxın ümumi, 18 il 01 ay 21 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı xx.xx.1970-xx.xx.1971-ci il tarixində Azərbaycan Dəmir Yollarının 5-ci Kürdəmir Distansiyasında yol mantyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə şifrəsi - 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı isçilər - (23001000—19825) - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol mantyorları - 04 ay 11 gün, xx.xx.1976- xx.xx.1982-ci illərdə Azneft Tikinti trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində izolyasiyaçı - Siyahıda şifrəsi - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - (2290000a-12520) - izolyasiyaçılar - 06 il 05 ay 29 gün, xx.xx.1994 - xx.xx.2006 - Salyanneft NeftQazÇıxarma İdarəsində təmirçiçilingərSiyahıda şifrəsi- 2. Neft-qaz və qaz kondensatının hasilatı- (2130200a—18559) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məsul olan təmirçi çilingərlər - 11 il 03 av 13 gün olmaqla yaranmışdır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər - ən azı 25 il ümumi, bu stajın ən azı 12,5 ilini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər o, ümumilikdə 37 ildən çox ümumi, 18 ildən çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən 57 yaşdan aldığı əməkhaqqına əsasən pensiya təyin edilməsini şərtləndirir. Lakin cavabdeh əsassız olaraq onun 01 yanvar 2006-cı il tarixinə kimi əldə etdiyi pensiya pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış, konstitusion hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlər etmişdir. O, 27 aprel 2014-cü ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Ona bu zaman DSMF-nun Neftçala rayon şöbəsində güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmasını bildirməmişlər. Onun özünün də indiyə qədər belə bir hüquq qazandığından xəbəri olmamışdır. O, 16 iyul 2019-cu il tarixində cavabdehə rəsmən müraciət etmiş və onun 57 yaşdan güzəştli pensiya hüququnu tanıyaraq, 27 aprel 2008-ci il tarixindən əmək pensiyası təyin etmişdir, lakin o dövrdə qüvvədə olan qaydalara - əməkhaqqına əsasən deyil, hazırda qüvvədə olan qaydalara əsasən pensiyanın hesablanmasını həyata keçirmişdir. Odur ki, cavabdehin onun güzəştli iş stajı qazandığının mübahisələndirmədiyini nəzərə alınmasını xahiş edir. Mübahisəli məsələ yalnız pensiyanın hesablanması qaydasıdır. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi Qanunun hazırda qüvvədə olan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqında münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanması və 04 dekabr 2019-cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da müəyyən olunduğu kimi, iddiaçının yaşı (57) və stajı (25 il ümumi, 12 il 6 ay xüsusi staj) əvvəlki qanunvericiliyin tələbinə əsasən nəzərə alınmış və 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsas götürülməklə hesablanmasını müəyyən edir. Qanunun hazırda qüvvədə olan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1108/2021 nömrəli 30 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-1057/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalarla aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-225/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1108/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2008-ci il tarixində yarandığından, ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan tələblərinə uyğun hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Lakin, iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Kassasiya instansiya məhkəməsinin göstərişi: - İlkin pensiya məbləğinin hansı qaydada hesablandığının araşdırılması, bununla bağlı cavabdehdən zəruri sənədlərin və arayışın tələb edilməsi. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının 57 yaşdan, 27 aprel 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin mübahisəli halı iddiaçıya təyin olunan pensiya məbləğinin hesablanma qaydası, yəni pensiyanın hesablanması zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı anda (xx.xx.2008-ci il tarixdə), yaxud güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdə (xx.xx.2019-cu il) qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi ilə bağlıdır. Belə ki, cavabdehin imtinasının, etirazının və apellyasiya şikayətinin dəlilləri məhz 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli halı aradan qaldırmaq üçün kassasiya instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərinə uyğun araşdırılma həyata keçirilmişdir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə, iddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli, **********4 saylı arayışdan görünür ki, İddiaçı yaşa görə 254,36 manat məbləğində əmək pensiyası alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubdan görünür ki, 16 yanvar 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona 04 dekabr 2019-cu il tarixində 254,36 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda Fondun Salyan rayon şöbəsi tərəfindən xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasında dövr ərzində ona ümumilikdə 9206,55 manat məbləğində əmək pensiyası ödənilmişdir. İdarə tərəfindən pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək keçmiş dövr üzrə pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. Keçmiş üç il müddəti üçün ona ödənilməli olan güzəştli şərtlərlə əmək pensiyasının məbləği ümumilikdə 9008,24 manat müəyyən edilmişdir. Göründüyü kimi sözügedən şöbə tərəfindən ona yaşa görə 198,32 (9206,55-9008,24) manat daha çox pensiya məbləği ödənilmiş, həmin məbləğ xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı müddət ərzində hər ay 24,78 manat olmaqla əmək pensiyasından tutulacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 05 fevral 2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiyasının hesablanması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 04 dekabr 2019-cu il tarixdən yenidən hesablanmaqla müəyyən edilmiş 254,36 manat pensiya məbləği müvafiq kart hesabına köçürülür. Təkrarən apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğusuna cavab olaraq; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə əsasən onun pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanıb və 4 dekabr 2019-cu il tarixindən 254,36 manat məbləğində müəyyən edilərək ödənilib.Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsə xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanıb. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 6 ay 27 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 81,03 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4170,24 manat sığorta kapitalına uyğun 28,96 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2016-cı il tarixindən 220,00 manat pensiya məbləği (81,03+28,97+110 (baza hissəsi)) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti İ orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən etibarən 341,63 manat təşkil edir.” Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 01 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun xx.xx.2010cü ilədək qüvvədə olmuş redaksiyası) 26.2-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddi hüquq normalarının tələblərinin hazırki işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.2008-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvə olmuşdur. Bəhs olunanlara əsasən iddiaçının əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bundan başqa, iddiaçıya yaşa görə əmək pensiyası 27 aprel 2014-cü il tarixdə təyin edilərkən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması nəzərə alınmamış, daha sonra ona 04 dekabr 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İdarə tərəfindən güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən ona əmək pensiyası təyin edilərək keçmiş dövr üzrə pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. Lakin pensiya hesablanarkən onun xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır. Bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edilən 04 dekabr 2019-cu il tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı olması, yaranmış pensiya fərqinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1589/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1589/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver