Məhkəmə qərarları › İş №2-1(103)-1589/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1589/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1589/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10027/2024 saylı, 03 dekabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını alması üçün onun vətəndaşlığa mənsubiyyətinin tanınması vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzərinə öhdəlik kimi qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. İddiaçı Rusiya Federasiyası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi də vardır. Lakin o hazırda Rusiya Federasiyasının vətəndaşlıqla bağlı daxili pasportunu almamışdır. Həm iddiaçının atası (qanuni nümayəndəsi) xx.xx.1973-cü il təvəllüdlü Qanuni nümayəndə, həm də iddiaçının anası xx.xx.1976-cı il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Bu faktı təsdiq edən Azərbaycan Respublikası şəxsiyyət vəsiqələri də vardır. İddiaçı (onun qanuni nümayəndəsi) Azərbaycan Respublikası vətəndaşlığını alması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı vətəndaşlığa mənsubiyyəti yoxlanılmış və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024cü il tarixli ******* ömrəli qərarı ilə vətəndaşlığa mənsubiyyəti tanınmamışdır. Qərarda imtina səbəbi olaraq İddiaçı digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasınınn vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” “3.11 və 4.4”cü bəndlərinə əsaslanmışdır. Sözügedən, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” 4.4-cü bəndində “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə istinad edilmişdir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin yuxarıda qeyd edilən bəndləri Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixlı Qanunu ilə tənzimlənir (və tətbiqinə başlanılır). Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı qəbul edərkən “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin tətbiqinin əsası olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixlı Qanunun 2-ci maddəsinin tələblərini nəzərə almamış və pozuntuya yol vermişdir. İddiaçı Rusiya Federasiyasında doğulub oradan doğum haqqında şəhadətnamə almışdır. Bu da vətəndaşlıq seçimi yox, zərurətdən irəli gəlmişdir. Çünki, doğulan şəxsin varlığını müəyyən edən əsas sənəd onun doğum haqqında şəhadətnaməsidir. Buna baxmayaraq yuxarıda da qeyd etdiyi kimi o heç Rusiya Federasiyasında vətəndaşlığı təsdiq edən daxili pasportu almaq üçün müraciət belə etməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən mənsubiyyətin tanınmamasının səbəbi onun Rusiya Federasiyasında doğulması və doğulduqdan sonra 2010-cu ildə oradan müvafiq doğum haqqında şəadətnamənin alınmasıdırsa, bu halda həmin imtina əsassız və yuxarıda qeyd etdiyimiz qanunvericilik mövqeyindən qanunsuzdur. Belə ki, bu imtina həm Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi ilə konstitusion hüququnu pozuntusu kimi qanunsuzdur həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının30 may 2014-cü il tarixli Qanunun 2cimaddəsinin tələbinə ziddir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10027/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10027/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -İV-MİO 849252 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2010-cu il tarixində Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə və anası X1 vətəndaşıdır. - Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən Sərhədkeçmə məlumatlarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixində (giriş), xx.xx.2014-cü il tarixində (çıxış), xx.xx.2023-cü il tarixində (giriş), xx.xx.2023-cü il tarixində (çıxış), xx.xx.2024-cü il tarixində (giriş) X5 Aeroportuna Rusiya Federasiyası vətəndaşı olaraq giriş-çıxış etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi (30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir) “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;... “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş,ona Rusiya Federasiyası tərəfindən İV-MİO 849252 nömrəli Doğum haqqında Şəhadətnaməsi verilmişdir. İddiaçının atası Qanuni nümayəndə və anası X1 vətəndaşıdır. İddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşlığını alması üçün onun vətəndaşlığa mənsubiyyətinin tanınmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir, Rusiya Federasiyası vətəndaşı kimi pasportun sahibidir. Göründüyü kimi İddiaçı vətəndaşsızlıq vəziyyətində deyildir. Lakin, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarı qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10027/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10027/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar