Məhkəmə qərarları › İş №2-1(103)-159/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-159/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-159/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş illəri sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının xx.xx.2006xx.xx.2007-ci il tarixlərdə “xxxx”MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməmişdir (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2020-ci il tarixli 2-1(103)-197/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 1349/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2020-ci il tarixli 2-1(103)-197/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər Z.Quliyev və İ.Şəfiyev). Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fondunun Binəqədi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Xidmət Nümayəndəliyi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya təyin edilməsinə köməklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, onun xx.xx.2001xx.xx.2007-ci il tarixlərdə “xxxx”MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinə qədər “xxxx” MMC-də işləmişdir. İşlədiyi müddətdə Şirkət tərəfindən onun maaşından dövlət sosial sığorta haqqları hər zaman tutulmuşdur. Lakin, ona məlum olmayan səbəblərdən, bu ödəmələr DSMF-də onun hesabında öz əksini tapmamışdır. Bu səbəbdən, təqaüd yaşına çatmasına baxmayaraq, ona pensiya təyin edilmir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququ vardır. İddiaçı tələb olunan fərdi hesabında tələb olunan pensiya kapitalı yoxdur və bu məşələ mübahisə doğurmur. 1-ci instansiya məhkəməsində araşdırma zamanı vətəndaşın 2001-2007-ci illərdə işlədiyi “xxxx” MMC-in 2006-cı ildə 10895.76 manat, 2007-ci ildə isə 15802.0 manat sosial sığorta haqları ödədiyi qərarına gəlinərək İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması barədə qərar çıxarılmışdır. Birincisi xx.xx.2006-cı il tarixdən başlayaraq fərdi uçot sistemi tətbiq edilir və sosial sığorta ödəmələri yalnız və yalnız işləyən hər bir vətəndaşın fərdi hesabında qeydə alınır. Hər hansı il üzrə ümumi sosial sığorta ödəmələri anlayışı yoxdur. “xxxx” MMC-nin təqdim etdiyi B3 hesabatları hər bir işçi üçün, o cümlədən İddiaçı üçün tərtib edilməlidir. Əgər İddiaçı üçün hər ay əmək haqqının 25 faizi miqdarında (3 faiz işçinin məvacibindən + 22 faiz iş götürən tərəfindən) sosial sığorta ödəmələri həyata keçirilibsə müvafiq B3 hesabatları niyə təqdim edilmir?. İkincisi “xxxx” MMC tərəfindən İddiaçı üçün sosial sığorta ödəmələri həyata keçirilibsə və B3 hesabatları DSMF-nun müvafiq qurumuna təqdim edilibsə, nəyə görə PAS sistemində bu ödəmələr əks edilməyib? MMC-in hesabatı təqdim edən mühasibatlığı Fondun həmin qurumu ilə məsələni aydınlaşdırmalıdır. Vətəndaş iddiasında onun maaşından hər ay tutulmaların aparıldığını qeyd edir. Lakin bu tutulma məcburi dövlət sosial sığorta ödəmələri anlamına gəlmir. xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta ödəmələri olmadan (təsdiq edilmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış) sığorta stajı haqqında danışmaq absurddur. Birinci instansiya məhkəməsi bu məsələlərə diqqət vermədən “xxxx” MMC-nin 2006-2007-ci illərdə sosial sığorta ödəmələri barədə məlumata əsaslanaraq qanuna zidd qərar qəbul etmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş xx.xx.1997-ci il tarixli, ИТ-2302631 nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Eksperimental təcrübə müəssisəsində, xx.xx.2001-xx.xx.2007-ci il tarixlərdə “xxxx”MMC-də işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçun şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajınız olmadığından Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10895,76 manat, 2007-ci ildə isə 15802,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sığortaedən “xxxx” MMC (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda vətəndaş (sığortaolunan) İddiaçı (SSN: **********220) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar əks olunmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı “xxxx” MMC-də 2001-2007-ci illərdə işləməsi, “xxxx mmc tərəfindən (SUN: **********7) 2006- 2007-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatların (forma B3) təqdim edilməsi işin mübahisələndirilməyən halı olduğundan iddia tələbi iddiaçının xx.xx.2006-xx.xx.2007-ci il tarixlərdə “xxxx”MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı, iddianın qalan hissədə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qaydaların 4.1.3-cü maddəsinin 2-ci cümləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər. Həmçinin,birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1997-2002-ci illərdə əmək fəaliyyətində olduğu müddət ərzində müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının (işçinin) təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi 2006-2007-ci illərdə iddiaçının “xxxx” MMC-də işlədiyi dövrdə həqiqətən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmasının araşdırılmamışdır. İşdə olan sübütlarla iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması görünmür. Ayrıca olaraq iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması müəyən edilmədən “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10895,76 manat, 2007-ci ildə isə 15802,00 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair məlumat iddiaçının əmək haqqından sığorta tutulması kimi qəbul edilə bilməz. “Sosial sığora haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə pensiya yaşına çatmaq da daxildir. Qanunun 14.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir; - 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir; - 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məhkəmə tərəfindən 2006-2007-ci illərdə iddiaçının əmək haqqındakı həqiqətən məcburi dövlət sosial sığorta haqqın tutulmasının yoxlanılması məqsədilə AR ƏƏSMN taeliyində DSMF Bakı şəhər İdarəsinə və “xxxx” MMC-nə sorğular göndərilmişdir. Lakin sorğulara cavab verilməmişdir. Qeyd etmək lazımdır ki, “xxxx” MMC-yə məktubların çatdırılmaması səbəbi kimi ünvandan köçürülməsi kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR ƏƏSMN tabeliyində DSMF-nun AR ƏƏSMN tabeliyində olan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistiminin “Sığortaolunanların hesabatı” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatları aşkar edilməmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququ vardır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı tələb olunan fərdi hesabında tələb olunan pensiya kapitalı və ya 25 il sığorta stajı yoxdur Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul edir və hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və bu hissədə yeni qərar qəbul edilərək iddia tələbi bu hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı qismən – iddiaçının xx.xx.2006-xx.xx.2007-ci il tarixlərdə “xxxx”MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin və bu hissədə yeni qərar qəbul edilərək, iddia tələbi bu hissədə rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar