Məhkəmə qərarları › İş №2-1(103)-159/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-159/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-159/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından əsassız tutulmalara son qoyulması, mənəvi zərərin tutulması, ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin ona qaytarılması, pensiya məbləğinin tamlığının təmin olması, bunlarla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun tutularaq “YAŞAT” fondunun hesabına köçürülməsi, eyni zamanda 2000-ci ilin oktyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmiş, ədliyyə polkovniki rütbəsinə malik olmuş və müharibə veteranıdır. 2000-ci ilin oktyabr ayından ona pensiya təyin olunmuşdur. Sonrakı artımlar da nəzərə alınmaqla pensiyasının sonuncu məbləği 2124 manat olmuşdur. Lakin 2020-ci ilin dekabr ayından cavabdeh tərəfindən pensiyasından əsassız olaraq 285 manat çıxarılmış və artıq üçüncü aydır ki, yəni 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üzrə ona hər ay 1839 manat pensiya ödənilir. Bununla əlaqədar bir neçə dəfə cavabdehlə telefonla əlaqə saxlamaq istəsə də zənglərinə cavab verilməmişdir. Ona görə də 28.12.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı eyni zamanda mənəvi zərər də vurulmuşdur. Belə ki, o əvvəllər iki dəfə ürək əməliyyatı keçirmiş və digər xəstəliklərdən də əziyyət çəkir. Cavabdehin qanunsuz hərəkətləri səhhətində müəyyən ağırlaşmalara, əlavə müayinə və müalicələrə məruz qalmağına səbəb olmuşdur və hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, eyni zamanda 10000 manat mənəvi zərər vurulmuşdur.Bundan əlavə iddiaçı hakim kimi İİ ixtisas dərəcəsinə malikdir və həmin ixtisas dərəcəsinə görə ödənilən məbləğ də pensiya hesablanan zaman nəzərə alınmalıdır ki, bu da cavabdeh tərəfindən edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiyasından 2020-ci ilin dekabr ayından başlayaraq 6 aydan artıq müddətdə hər ay 285 manat əsassız olaraq tutulması onu maddi və mənəvi sıxıntılara salmış, ümumilikdə isə onda mənfi psixoloji reaksiyalara səbəb olmuşdur. Bunun əlavə olaraq başqa bir sübutla təsdiq olunmasına ehtiyac yoxdur. Odur ki, hesab edir iddianın ona mənəvi zərər vurulmasına dair hissəsi də əsaslı və qanuni olduğundan təmin edilməlidir. İxtisas dərəcəsi ilə bağlı iddia tələbinin təmin edilməməsinə münasibətdə qeyd olunmuşdur ki, bu hissədə də birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, bununla bağlı birinci instansiya məhkəməsinin heç bir araşdırma aparmadan iddiaçının ikinci ixtisas dərəcəsinə görə əlavə haqq almamağı barədə qəti şəkildə nəticəyə gəlməsi çox böyük təssüf doğurur. Digər tərəfdən birinci instansiya məhkəməsi qərarında bununla bağlı heç bir məntiqə sığmayan və heç bir qanuna əsaslanmayan fikir irəli sürmüşdür ki, guya “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. Bu yanaşma olduqca yanlışdır. Belə ki, 29 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respubliksı məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 nömrəli Qanun qəbul edilmişdir. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respubliksı məhkəmələrinin hakimləri üçün 6 - ali, İ, İİ, İİİ, İV, V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respubliksı məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəcələrinlh ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 04 noyabr 1992-ci il tarixdə 'Azərbaycan Respubliksı məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” 364 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqqlar, o cümlədən İİ ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq verilməsi və qərarın 01 yanvar 1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Güründüyü kimi birinci instansiya məhkəməsi ixtisas dərəcəsi ilə bağlı 2 ziddiyyətli fikir irəli sürmüşdür. Əvvəl qeyd edir ki, iddiaçı ixtisas dərəcəsi ilə bağlı əlavə haqq almamışdır, sonra isə qeyd edir ki, bununla bağlı məlum qərar qüvvədən düşmüşdür. Qeyd olunmalıdır ki, birincisi həmin qərar qüvvədən düşməmişdir, ikincisi isə qüvvədən düşmüş olsa belə, qüvvədən düşmənin iddiaçıya aidiyyəti ola bilməz. Çünki ixtisas dərəcəsi ona ömürlük verilmişdir. Digər tərəfdən ixtisas dərəcəsi ilə bağlı əlavə haqq almaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edildiyi kimi məhkəmənin bu qənaəti də tamamilə əsassız və qanunsuzdur. Bununla əlaqədar birinci instansiya məhkəməsi demək olar ki, heç bir araşdırma aparmamış, ümumiyyətlə belə bir təşəbbüs göstərməyə cəhd də etməmişdir. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləəsinin 12-ci maddəsinin tələbləri bunu məhkəmələrdən birbaşa tələb edir. Həmin maddənin tələblərinə əsaslanaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə, lazım gələrdisə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğular verməklə bu məsələni, yəni, iddiaçının ixtisas dərəcəsinə görə əlavə haqq alması barədə əmrin surətini və yaxud da əmək haqqı cədvəllərindən çıxarış əldə edə bilərdi. Lakin qeyd edildiyi kimi birinci instansiya məhkəməsi bunların heç birini etməmişdir. Eyni zananda qeyd edilmişdir ki, iddiaçı ilə eyni satatusa malik Ali Məhkəmənin Hərbi Kollegiyasının sabiq hakimi X1 bununla bağlı iddiası Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2-1(81)-3433/2018 nömrəli qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyalarının 16 oktyabr 2019-cu il tarixli 2-1(103)-1939/2019 və 28 yanvar 2020-ci il tarixli 2-1(102)-264/2020 nömrəli qərarları ilə dəyişdirilmədən saxlanılmış və həmin qərarlar artıq Dövlət Sosial Müdfiə Fondu tərəfindən icra olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmamış hissəsində ləğvinə yönəlmişdir. Cavabdeh isə qərarı mübahisələndirməmişdir. Odur ki, hazırda kollegiya Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarını iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. - İddiaçının cavabdehə ünvanlanmış ərizələrinə əsasən iddiaçı 2020-ci ilin dekabr ayında onun pensiyasından tutulmuş 285 manatın ona qaytarılması, habelə ikinci ixtisas dərəcəli hakim kimi 2000-ci ilin oktyabr ayından ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik iddiaçıya ödənilməsini xahiş etmişdir. - “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri E.İ.Abdullayevə, S.R.Abdullayevə və İddiaçı ixtisas dərəcələri verilməsi barədə” Azərbaycan Respublikasının Milli Məclisinin 05.01.1993-cü il tarixli, 439 №li qərarına əsasən iddiaçı ikinci ixtisas dərəcəli hakim olmuşdur. - İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya 01.01.2007-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiyası hesablanarkən iddiaçının vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası nəzərə alınmışdır, hazırda pensiyasının məbləği 2123,90 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarına “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.6, 19.1, 19.2, 24.1, 24.3, 24.4-cü maddələrini, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 3.1, 39.1-ci maddələrini, “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992ci il tarixli Qərarını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarını, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, qalan hissədə isə əsassız olduğundan iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin 2000-ci ilin oktyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”... İddiaçının ikinci ixtisas dərəcəli hakim kimi işlədiyi dövrdə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq alıb-almamasının müəyyən edilməsi məqsədilə iddiaçının vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə sorğu ünvanlanaraq iddiaçı – Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının sabiq hakimi İddiaçı ikinci ixtisas dərəcəsinin verilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 05.01.1993-cü il tarixli, 439 nömrəli qərarının, həmin qərarla bağlı verilmiş əmrin və 1993-2000-ci illər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının əmək haqqı cədvəllərindən iddiaçıya aid hissədə çıxarışların təsdiq olunmuş surətlərinin növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Təqdim olunması xahiş olunmuş sənədlərdən iddiaçının 1992-ci ilin yanvar-iyul aylarını əhatə edən şəxsi hesab vərəqəsindən və ştat cədvəllərindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sənədlər əsasında mübahisəli məsələyə aydınlıq gətirilmədiyindən yenidən Azərbaycan Respublikasının Ali Məhkəməsinə sorğu ünvanlanaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi, Ali Məhkəmənin digər hakimlərinə ixtisas dərəcəsi verilməsinə görə ixtisas dərəcəsinə müvafiq maaşlarına əlavə ödənilməsi barədə Ali Məhkəmənin sədri tərəfindən imzalanmış 21 aprel 1995-ci il tarixli 134 nömrəli əmrin surətindən görünür ki, ixtisas dərcəsinə görə əmr verilməsi Ali Məhkəmənin sədrinin səlahiyyətində olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı - Ali Məhkəmənin Hərbi Kollegiyasının sabiq hakimi İddiaçı İİ ixtisas dərəcəsi verilməsi barədə Ali Məhkəmənin sədri tərəfindən verilmiş əmrin surətinin və yaxud bununla əlaqədar hər hansı bir təsdiqedici sənədin Ali Məhkəmənin 1993-2000-ci illərə aid əmrlər kitabı vasitəsilə əldə edilməklə, növbəti məhkəmə iclasınadək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 01.03.2022-ci il tarixli, 50/22 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivində hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin tələb olunan dövr üzrə əmək haqqı cədvəlləri, şəxsi vərəqələri yoxdur. Sabiq hərbi tribunalların hakimləri və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuların əmək haqqlarına aid məlumatların təqdim edilməsi barədə Ali Məhkəməyə daxil olan müraciətlərinin cavablandırılmasında çətinliklə üzləşdiyimizi nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Ali Məhkəmənin 2020-ci ildə hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin əmək haqqı cədvəlləri, şəxsi vərəqələri və digər sənədlərin onların arxivində saxlanıb saxlanılmaması barədə sorğusu ünvanlanmışdır. Müraciətə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 noyabr 2020-ci il tarixli məktubu ilə İşlər İdarəsi Mərkəzi Arxivindən Gəncə, Tərtər, Lənkəran, Qazax və Ağdam hərbi tribunallar üzrə müəyyən sənədlər təqdim edilmişdir. Həmçiin, digər hərbi tribunallar, hərbi qulluqçulara aid məlumatların olmaması da əlavə edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə sorğu ünvanlanaraq iddiaçı – Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının sabiq hakimi İddiaçı ikinci ixtisas dərəcəsinin verilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 05.01.1993-cü il tarixli, 439 nömrəli qərarı ilə bağlı verilmiş əmrin və 1993-cü ilin yanvar-dekabr ayları üzrə Ali Məhkəmənin Hərbi Kollegiyasının üzvlərinə (hakimlərinə) 1993-cü illər üzrə ödənilmiş əmək haqqı cədvəllərinin iddiaçıya aid hissələrin təsdiq olunmuş surətlərinin, eləcə də bununla əlaqədar şəxsi hesab kartlarından və yaxud 46 nömrəli formalardan (hansı ki, həmin sənədlərdə ödənişlərin təyinatı ayrı-ayrılıqda göstərilir) çıxarışların təsdiq olunmuş surətlərinin növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, 1993-cü ildə Ali Məhkəmənin Hərbi Kollegiyasının üzvlərinə (hakimlərinə) əmək haqqı Müdafiə Nazirliyinin Bakı X3 Məktəbinin mühasibatlığı tərəfindən verilirdi. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış 24.11.2021-ci il tarixli, 4/2-1863 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin 1993-cü ilə aid olan pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sabiq hakimi İddiaçı pul təminatı ilə təmin olunması barədə araşdırma apara bilmirik. Beləliklə, iş materiallarına, eləcə də, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmaya əsasən iddiaçının ikinci ixtisas dərəcəli hakim kimi işlədiyi dövrdə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq alması və qeyd edilən məbləğdən məcburi dövlət sosial sığorta haqları ödəməsi sübut olunmamışdır. Ona görə də, iddia həmin hissədə təmin olunmamalıdır. İddianın iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun tutularaq “YAŞAT” fondunun hesabına köçürülməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı işin faktiki halları iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi barədə qənaətə gəlməyə əsas vermir. Ona görə də iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mübahisələndirilən hissəsində iddianı təmin etmıməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərar mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı, 20.05.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar