Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-159/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı o, xx.xx.1959-cu ildə Laçın rayonunun Qorçu kəndində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamış və hazırda da işləyir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. O, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər Məhəmməd Əsədov adına sovxozda fəhlə işləmişdir. Həmin sovxozda xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1981-ci ildən xx.xx.1993-cü il Ağdam işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına kimi Xocalı rayon tədarük-satış bazasında anbardar işləmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sənədlərinə baxış keçirilən zaman onun ümumi iş stajının 25 ildən az olması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən güzəştli iş stajının olması barədə arayış İdarəyə təqdim olunmamışdır. Bu əsasdan ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.Həsənova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 27 il 1 ay 11 gün ümumi və 14 il 0 ay 0 gün güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilə qədər zəruri olan ümumi iş stajının 25 ildən az olduğundan onun müraciətinə imtina verilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1345/2020 saylı 06 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarının ləğv olunması və iddianın təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-31/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1345/2020 saylı 06 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarının ləğv olunması və iddianın təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 705/2022 saylı 22 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-31/2021 nömrəli qərarındakı göstərişlər: - iddiaçının xx.xx.2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olub-olmamasının araşdırılması; - iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməsi; - iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasının yoxlanılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 705/2022 nömrəli qərarındakı göstərişlər: - Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-31/2021 nömrəli qərarındakı məcburi göstərişlərin icra edilməsi; - 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktorunun dəvət olunaraq, həmin dövrdə sovxoz direktoru kimi fəaliyyət göstərib-göstərməməsi və sovxozun möhürünün təhvil verilib-verilməməsinin aydınlaşdırılması, həmçinin, iddiaçı ilə birlikdə o zamanlar sovxozda işləmiş adamların müəyyən edilərək, onların şahid kimi dindirilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qanuni əsasını xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi təşkil edir. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. Apellyasiya şikayətinin dəlilinə münasibət: Hazırki iş üzrə kasasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2016-cı il tarixdə tamamlamışdır. İşin mübahisəli halı iddiaçının 57 yaşı tamam olan xx.xx.2016-cı il tarixinə ümumi iş stajının 25 ildən, xüsusi iş stajının 12 il 06 aydan az olması ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozda işlədiyi dövrləri mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 3070 №-li arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun 198 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Maqsud oğlu xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixə qədər həmin sovxozda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1981-ci ildən xx.xx.1993-cü ilə qədər Ağdam işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xocalı rayon İcra Hakimiyyəti Xocalı rayon Dövlət Arxivinin 04 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 1994cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına qədər Xocalı rayon Tədarük-satış bazasında anbardar işləmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər Ağdam rayon İcra Hakimiyyəti başçısının Güllücə ərazi nümayəndəsi vəzifəsində işləmiş, xx.xx.2011-ci ildən hazırki vaxta qədər isə Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin Ağdam rayonu Mənzil Kommunal İstismar sahəsində sahə nəzarətçisi vəzifəsində işləyir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğularına əsasən təqdim olunmuş: - DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubu ilə İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı tarixədək xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları əks etdirən hesabdan çıxarış təqdim edilmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyası 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktorunun həmin dövrdə sovxoz direktoru kimi fəaliyyət göstərib-göstərməməsi və sovxozun möhürünün təhvil verilib-verilməməsinin aydınlaşdırılması, həmçinin, iddiaçı ilə birlikdə o zamanlar sovxozda işləmiş adamların müəyyən edilərək, onların şahid kimi dindirilməsi istiqamətində araşdırma aparmışdır. Belə ki, M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru X4 və iddiaçı ilə birlikdə həmin dövrdə sovxozda işləmiş X5 və X8 şahid qismində məhkəmə iclasına dəvət olunmuşdur. İşin araşdırılmış hallarından göründüyü kimi, sovxozunun direktoru X4 yataq xəstəsi olduğu üçün prosesdə iştirak edə bilməsə də, məhkəməyə notarial təsdiq edilmiş ərizəsi təqdim edilmiş, həmçinin, sovxoz direktoru təyin edilməsinə dair əmək kitabçasının notarial təsdiq edilmiş surəti əlavə edilmiş, sovxozun möhürü onda olmuş və həmin möhürlə təsdiq olunmuş güzəştli arayışlar iddiaçının Ağdam rayonu M.Əsədov adına sovxozda 12 il 06 aydan çox əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışdığını sübut edir. Həmçinin, şahid qismində X3 Ağdam rayon İHB-nın Zəngişalı kənd inzibati ərazi dairəsi nümayəndəsi C.Əsədov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, o, 1979cu ildən 1993-cü ilədək (Ağdam rayonu işğal olunana qədər) Ağdam rayonu M.Əsədov adına sovxozda fəhlə işləmişdir. İşlədiyi illər ərzində İddiaçı da onunla birlikdə həmin sovxozda əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru tərəfindən təsdiq olunmuş 18 may 2023-cü il tarixli, 207 nömrəli arayışa əsasən, X8 həqiqətən 1979-cu ildən Ağdam rayonu işğal olunanandək Məhəmməd Əsədov adına sovxozda fəhlə işləmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında bildirdi ki, 1974-cü ildə orta məktəbi bitirmiş və xx.xx.1976-cı ilədək 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozda işləmişdir. xx.xx.1976-cı ildə hərbi xidmətə getmiş və 1978-ci ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cu ildən 1993-cü ilədək (Ağdam rayonu işğal olunana qədər) Ağdam rayonu M.Əsədov adına sovxozda fəhlə işləmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, İddiaçıı tanıyır, birlikdə böyüyüb, sovxozda birlikdə işləyiblər. Ağdam rayonu işğal olunan zaman əmək kitabçası orada qalmışdır. İddiaçı hansı tarixədək 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozda işlədiyi barədə məlumatı olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru tərəfindən təsdiq olunmuş 18 may 2023-cü il tarixli, 208 nömrəli arayışa əsasən, X5 həqiqətən 1974-1979-cu ildən Ağdam rayonu işğal olunanadək Məhəmməd Əsədov adına sovxozda fəhlə işləmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (hazırda qüvvədən düşmüşdür) aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin g) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə kollegiyası iddiaçının xüsusi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun xx.xx.2019-cu il tarixli 198 №-li və xx.xx.2021-ci il tarixli 204 №-li arayışlarının məzmunundan görünür ki, İddiaçı Maqsud oğlu xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixə qədər (01 il 03 ay 15 gün) həmin sovxozda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər (01 il 07 ay 24 gün) və xx.xx.1981-ci ildən xx.xx.1993-cü ilə qədər (12 il, 22 gün) isə əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının “Ümumi peşələr” adlanan 33-cü bölməsinin 23200000—19906 kodu üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğundur. Sözügedən arayışdakı qeydə əsasən, 1993-cü il tarixdə Ağdam rayonu işğal olunduğundan iddiaçının işə qəbul və işdən çıxma barədə əmrlərini təqdim etmək mümkün olmamışdır. Lakin müəssisəsinin möhür və ştampı direktorda qalmışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Ağdam rayonu ilə Məhəmməd Əsədov adına sovxozda 1997-1979-cu və 1981-1993-cü illərdə “əl ilə qaynaqda elektrik qaynaqçısı” işində (peşəsində) işləmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən itehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 10103000-19906 kod nömrəsi ilə qeydə edilmiş “əl ilə qaynaqda elektrik qaynaqçısı” 1 nömrəli siyahı üzrə əmək şəraiti ağır və zərərli işi (peşəni) icra etmişdir. - Arayışa əsasən, İddiaçı aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1976-xx.xx.1977-ci illərdə Ağdam rayonu M.Əsədov adına sovxozda fəhlə (01 il 03 ay 15 gün); xx.xx.1977-1979-cu illər (01 il 07 ay 24 gün) və xx.xx.1981-1993-cü illərdə (12 il, 22 gün) Ağdam rayonu M.Əsədov adına sovxozda əl ilə elektrik qaynaqçısı (13 il 08 ay 16 gün); xx.xx.1979-cu ildən xx.xx.1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir (02 il 01 ay 11 gün) 01.19xx-xx.1999 illərdə Xocalı rayon tədarük bazasında anbardar (05 il) xx.xx.2010-xx.xx.2011 illlərdə Ağdam rayon İHB-nın Güllücə ərazi Nümayəndəsi (09 ay 28 gün). xx.xx.2011-ci İldən hal-hazıradək Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Kommunal İstismar sahəsində sahə nəzarətçisi işləyir. Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19905 şifri (kodu) üzrə yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə və ya 23200000—19906 şifri (kodu) üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğundur. Belə ki, hər iki peşə əmək şəraiti zərərli və ağır olan işlər hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşələrinə uyğundur. Odur ki, iddiaçının xx.xx.2017-ci ilə qədər 25 ildən çox ümumi və 12 il 06 aydan çox güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-159/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-159/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver