Məhkəmə qərarları › İş №2-1(103)-1590/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1590/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1590/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona ayrılmış 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. X3 tərəfindən DƏDRX-yə ünvanlanmış 03.12.2019-cu il tarixli məktubdan görünür ki, ona ayrılmış torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Həmçinin 09.12.2019-cu il tarixli məktubdan görünür ki, bələdiyyənin arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən onun adına 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqanın 07.08.2020-ci il tarixli məktubu ilə ərazi Buzovna bağlar massivində yerləşdiyindən onun müraciətindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona 400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. Ayrılmış torpaq sahəsi Buzovna Bələdiyyəsinin hüdudları daxilində yerləşir. Bələdiyyənin arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən onun adına 400 kv.m torpaq sahəsi ayrılması barədə sənədlər mövcuddur. Həmçinin Bələdiyyə tərəfindən təsdiqlənmiş sxemlə torpaq sahəsinin hüdudları müəyyən olunmuşdur. Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncamı hazırda qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Ona görə də cavabdeh orqanın imtinasında göstərdikləri qanunsuz və əsassızdır. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı Buzovna Bələdiyyəsinin 09.12.2019-cu il tarixli arayışı və sxemi vardır. Cavabdeh mübahisəli torpaq sahəsinə plan-ölçü və çıxarış verməkdən imtina etməkdə haqlı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 26.04.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.08.2020-ci il tarixli **********30 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 25.06.2020-ci il tarixli ********** nömrəli ərizəyə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Buzovna bağlar massivində yerləşdiyindən adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) sənədlər toplusuna əlavə edilməsi məqsədəmüvafiqdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, vətəndaş İddiaçı 30.12.2006-cı il tarixli 535 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqısatqı yolu ilə 400 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 09.12.2019-cu il tarixli 02/281 saylı məktubun surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən bələdiyyə arxivində 554 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 535 nömrəli sərəncama əsasən İddiaçı adına 400 m2 torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 535 nömrəli Sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsinin “Torpaq Məcəlləsi”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı 1m2 -ın qiyməti 1 manat 76 qəpik hesabı ilə satılması, İddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi, İddiaçı tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə riayət etməklə tikinti işlərinin aparılmalı olması qərara alınmışdır. - İddiaçı ilə Buzovna Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqısatqısına dair aktın surətindən görünür ki, bələdiyyə ərazisində 400 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Akt Bələdiyyənin nümayəndəsi İ.Cəbrayılov və İddiaçı tərəfindən imzalanmışdır. Aktda Bakı şəhər Torpaq şöbəsinin müdiri X4 adı qeyd edilsə də, aktda onun imzası və möhürü yoxdur, akt Torpaq şöbəsi tərəfindən təsdiq edilməmişdir. - ƏXZ seriyalı 936552 nömrəli 30.12.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpaq alqı satqısına görə Buzovna Bələdiyyəsinə 704 manat məbləğində pul ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27.11.2020-ci il tarixli **********83 nömrəli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilmiş və yerləşmə vəziyyətinə uyğun olaraq koordinatları müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına əsasən sözü gedən torpaq sahəsi Buzovna bağ massivinin ərazisi olmaqla Bələdiyyə sərhədləri xaricindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). İş materiallarından müəyyən edildiyi kimi , Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 30.12.2006-cı il tarixli 535 nömrəli Sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 400 m2 torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin satılması zamanı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında imzalanmış Torpaqların alqısatqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş və torpaq sahəsinin alqı-satqısına dair iddiaçı ilə Bələdiyyə arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ünvanlanmış imtina məktubunda və iş materiallarına əlavə edilmiş elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin Buzovna bağlar massivinin ərazisində yerləşdiyi göstərilmiş, 27.11.2020-ci il tarixli **********83 nömrəli məktubda idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilməsi və yerləşmə vəziyyətinə uyğun olaraq koordinatları müəyyən edilməsi, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına əsasən sözü gedən torpaq sahəsi Buzovna bağ massivinin ərazisi olmaqla Bələdiyyə sərhədləri xaricində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1448/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar