Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1590/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun dövlət nümunəli hesab olunması və sertifikatlaşdırmada iştirakının təmin olunması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə və sonradan iddia tələbnin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, Diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin diplomun dövlət nümunəli hesab olunması hissəsində ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Konkret halda, iddiaçının dəqiqləşdirilmiş iddia tələbləri üzrə iki tələbi mövcuddur: 1. Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən onun adına verilmiş AZ seriyalı 005056 diplomun dövlət nümunəli hesab olunması; 2. sertifikatlaşdırmada iştirakının təmin edilməsi. «İnzibati icraat haqqında» Qanunun 28.1.1-ci maddəsinin tələbindən görünür ki, inzibati orqan tərəfindən inzibati icraatın başlanması üçün fiziki şəxs tərəfindən inzibati orqana ərizə verilməsi tələb olunur. Cavabdeh Təhsil Nazirliyinin işdə olan 26 dekabr 2019-cu il tarixli, 09-09- 1577/10 saylı məktubundan görünür ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması ilə müraciətinə imtina cavabı verilərək bildirilmişdir ki, yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən İddiaçı adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalara ziddir. Göründüyü kimi, cavabdeh iddiaçının diaqnostik qiymətəlndirilməyə buraxılmamasına əsas kimi onun Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən verilmiş dipolmun dövlət nümunəli diplom kimi nəzərə alınmamasından imtina etmişdir. Belə olan halda, iddiaçının cavabdehə diplomun dövlət nümunəli hesab olunması ilə bağlı ilkin müraciətinin mövcudluğu məhkəmə tərəfindən nəzərə alınır. Bununla yanaşı, cavabdehin qeyd olunan cavab məktubunda iddiaçının sertifikatlaşdırmada iştirakının təmin olunması ilə bağlı cavabdeh orqana ilkin müraciəti müəyyən olunmur. Bu baxımdan, hazırkı mərhələdə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı iddiaçının tələbinin sertifikatlaşdırmada iştirakının təmin olunması hissəsində təmin olunması ləğv edilərək,həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə də konkret halda, məhkəmə araşdırmasının predmetini təşkil edən məsələ iddiaçının Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən verilmiş dipolmunun dövlət nümunəli hesab olunması barədə iddia tələbi təşkil edir. Həmin hissədə isə cavabdeh tərəfindən iddiaçının diplomunun dövlət nümunəli hesab olunmasından imtinası aşağıdakılara görə əsassızdır. Mübahisələndirilən dövrdə qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun (7 oktyabr 1992-ci il, № 324) 8-ci maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun təhsil müəssisələri adlanan 13-cü maddəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir.Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsi isə nəzərədə tutur ki, orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. İddiaçının təhsil aldığı Azərbaycan Respublikası "xxxx" Şirkətinin «Gəncə Məişət Xidməti Texnikumunun təsərrüfat hesablı Gəncə Məişət Xidməti Kolleci - orta ixtisas təhsili müəssisəsi statusu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 nömrəli qərarı ilə qeydə alınmışdır. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin əlavə təhsilini təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında Azərbaycan Müəllimlər İnstitutu yaradılmış, İnstitutun ayrı-ayrı bölgələrdə, o cümlədən X3 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X2 Kollecinin bazasında Gəncə filialı açılmışdır. Göründüyü kimi, iddiaçının təhsil aldığı Gəncə şəhəri X2 Xidməti Kolleci orta ixtisas təhsili müəssisəsi kimi, 09 sentyabr 1993-cü il tarixdən 13 iyun 200-ci il tarixinədək qanuni əsaslarla Gəncə şəhərində fəaliyyət göstərmişdir. Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən iddiaçıya verilmiş 005056 saylı, 08 iyul 1996-ci tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən isə görünür ki, iddiaçı 1994-cü ildə həmin Kollecə qəbul olunmuş və 1996-cı ildə həmin kollecin, «ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» ixtisası üzrə tam kursunu bitirmişdir. Eyni zamanda, işdə olan Salyan rayon Təhsil şöbəsinin 21 noyabr 2019-cu il tarixli, 546 saylı məktubunun surətinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdən rayonun Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir. Diplomu dövlət nümunəli sayılmadığından müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmamışdır. Eyni zamanda, Salyan rayon Təhsil şöbəsi Kolanı kənd ümumi orta məktəbi tərəfindən verilmiş 15 №-li, 17 fevral 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15 sentyabr 2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir. İddiaçının işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən də müəyyən olunur ki, o xx.xx.2007-ci il tarixdə pedaqoji orta təhsilli sinif müəllimi ixtisası üzrə yuxarı Xalac-1 kənd orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş və xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində ixtisası üzrə sinif müəllimi işləyir. Tədqiq olunan subatlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X2 Xidməti Kollecinin qanuni fəaliyyət göstərdiyi dövrdə, 1994-cü ildə həmin Kolecə qəbul olunmuş, təhsilini uğurla başa vuraraq, 1996-cı ildə ona elmi-metodiki şuranın qərarı ilə 08 iyul 1996-cı il tarixdə AZ 005056 nömrəli diplom verilmiş və xx.xx.2008-ci il tarixdən başlayaraq diplom üzrə aldığı həmin ixtisasına uyğun olaraq Salyan rayonu Kolanı kənd ümumi məktəbində - sinif müllimi kimi işləmiş və hal-hazırda da işləməkdə davam edir. Lakin cavabdehin qeyd olunan 26 dekabr 2019-cu il tarixli iddiaçıya ünvanlanmış imtina məktubunda, sözügedən Kolec tərəfindən ona verilmiş diplomun dövlət nümunəli hesab edilməsindən imtina olunur. Halbuki, həmin diplom üzrə aldığı ixtisasına uyğun olaraq iddiaçı 2008-ci ildən 2019-cu ilə kimi ümumi məktəbdə sinif müəllimi işldiyini qəbul etmiş, ona həmin işində heç bir əngəllik törətməmiş, başqa sözlə, 2019-cu ildən əvvəlki praktikasına uyğun hərəkət etməmiş, nəticədə iddiaçının qanunla qorunan etimad hüququ pozulmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Qanunun13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktikaya yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipal hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu,yeri,vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının diplomunun dövlət nümunəli hesab olunmaması ilə bağlı cavabdehin hərəkətləri əvvəlki praktikasına zidd olmuş, bu hərəkətləri ilə iddiaçının təhsil hüququna və diplom üzrə aldığı ixtisası üzrə əmək hüququna müdaxiləsi, inzibati orqan olaraq güddüyü qanuni məqsədə mütənasib olmamışdır. Onu da qeyd etmək lazımdır ki, iddiaçının təhsil aldığı 1994-1996-cı illərdə Kolec aktiv fəaliyyət göstərmiş, məzunlarına diplomlar vermiş və bütün bunlar cavabdeh Təhsil Nazirliyi və digər dövlət orqanları tərəfindən etirazla qarşılanmamışdır. Halbuki, ən azından, həmin dövrdə qüvvədə olan Təhsil Qanununun 31-ci maddəsi nəzərdə tuturdu ki, göstərilmişdir ki, Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli xx-xx-1577/10 nömrəli məktubla iddiaçıya Kolec tərəfindən verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını iddiaçıya bildirsə də, faktiki olaraq inzibati icraat qaydalarna uyğun formada qəbul edilmiş, diplomun etibarsız hesab olunması və ya onun qüvvədən düşmüş hesab olunması barədə rəsmi sənəd mövcud deyildir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, cavabdehin, iddiaçının diplomunun dövlət nümunəli olmadığını mübahisələndirən, habelə, İPM-in 73.3-cü maddəsinin müddəalarına istinadən, diplomun dövlət nümunəli hesab olunmasına münasibətdə, onun diskresion səlahiyyətlərə malik olduğunu vurğulayan dəlillərini əsassız sayır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçının iki tələbi mövcud olduğu halda, hər bir tələbi üzrə mümkünlük məsələsi yoxlanılıb prosessual qanunvericiliyin tələbləri qaydasında hüququ qiymət verilməmiş, onun sertifikatlaşdırmada iştirakının təmin edilməsi ilə bağlı ikinci tələbi də daxil olmaqla, iddiası tam təmin edilmişdir. Halbuki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması istiqamətində cavabdehin konkret tədbirlər həyata keçirilməsi ilə bağlı hərəkətlərini təsdiq edən rəsmi göstərişlər mövcud olmamışdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri hissəində razılaşaraq, eyni zamanda, icraatı mümkün sayılıb hazırda araşdırılan birinci tələbə münasibətdə qərarın konkretliyini təmin etmək məqsədilə yekunda belə qənaətə gəlir ki,birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, iddiaçıya Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən, «ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1208/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı diplomun dövlət nümunəli hesab olunması ilə bağlı hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın İddia qismən təmin edilsin. İddiaçı Gəncə şəhəri X2 Xidməti Kolleci tərəfindən «ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» ixtisası üzrə verilmiş - AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1590/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1590/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver