Məhkəmə qərarları › İş №2-1(103)-1590/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1590/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1590/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpası” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 24 dekabr 2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin həmin pensiyanın ödənişləri 8 may 2019- cu il tarixdən dayandırılmışdır. Pensiya ödənişlərinin bərpa edilməsi barədə “Dayanıqlı Operativ Sosial Təminat” Agentliyinin 3 saylı Bakı "DOST" mərkəzi vasitəsi ilə şikayət ünvanlanmışdır. Verilən cavabda bildirilmişdir ki, müraciətə və ona əlavə olunmuş sənədlərə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. İddiaçı 24 dekabr 2014-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. DSMF Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən tərtib olunmuş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"larda (B3 formalı) fiziki şəxs X4 (VÖEN **********) fəaliyyət göstərdiyi 1 yanvar 2009-cu il tarixdən 1 aprel 2014-cü il tarixədək 5 il ərzində sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA" kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmadı. Halbuki, İddiaçı adına dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması üçün “Q3” formalı elektron ərizəsi “RPS” kompüter proqram modulunun fərdi uçot sisteminə 30 aprel 2001-ci il tarixdə Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən doldurulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, 8 may 2019-cu İİ tarixdə İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası ləğv olunmuşdur. Verilən bu cavabdan Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir (iş nömrə 2- 1(112)-235/2021). Məhkəmədə cavabdehin nümayəndəsinin iştirakı ilə müəyyən araşdırmalar aparılmış səlahiyyətli orqanlara sorğular verilmişdir. Məhkəmə baxışının gedişində cavabdehin nümayəndəsi tərəfindən etiraz verilərək iddiaçının əlillik müddətinin bitməsi və yeni əlillik təyinatının olmaması bildirilmişdir. Həqiqətən məsələnin belə olduğundan, iddia ərizəsinin geri götürülməsi məqsəduyğun bilinmişdir. Hazırda iddiaçıya müddətsiz əlilik təyin olunmuş və pensiyamın bərpa edilməsi üçün əsas maneə aradan qalxmışdır. Bununla əlaqədar 11 mart 2022-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı pensiyanın bərpa edilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətə uzun müddət cavab verilməmişdir. 18 aprel 2020-ci il tarixdə 142 saylı sorğu mərkəzinə ünvanlanan zəngə sistem üzərindən ərizənin təmin olunduğunun göründüyü, lakin 25 aprel 2022-ci il tarixdə zəng edilərək xahişin təmin edilmədiyi bildirilmişdir. Yuxarıda göstərilən nöqsanlar pensiyanın ləğv edilməsinə əsas ola bilməz. Birincisi, həmin nöqsanlar iddiaçı tərəfindən yox, müvafiq səlahiyyətli orqanlar tərəfindən buraxılmışdır. İkincisi, pensiya təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının təsdiq olunmasına əsas olan sığorta ödənişləri DSMF-yə ödənilmiş və bu barədə DSMF orqanlarının özünün müvafiq aktı pensiya işinə əlavə edilmişdir. Eləcə də həmin ödənişlərin hansı qayda sənədləşdirilməsi və bu sahədə işçilərin hüquqlarının qorunması sosial müdafiə orqanlarının öz vəzifələrindən biridir. Məlumdur ki, həmin dövrdə yeni sistemə keçidlə bağlı aparılan işlərin təşkilində buraxılmış qüsurlarla əlaqədar yüzlərlə çoxsaylı vətəndaşlar sosial sığorta stajlarını rəsmiləşdirməkdə hələ də çətinlik çəkirlər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı 8 may 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş və İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı 8 may 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı əlillik dərəcəsinin bərpa edildiyi üçün 11 mart 2022-ci il tarixdə əmək pensiyasının bərpa edilməsi tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun bu tələbinə haqlı olaraq imtina verilmişdir. Xidməti yoxlama zamanı İddiaçı sığorta stajı olmadığı halda ona İİ dərəcə əlilliyə görə əmək pensiysı təyin edildiyi aşkar edilmiş və bu səbəbdən 30 aprel 2019-cu il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 1992-ci il təvəllüdlüdür. DSMF orqanı tərəfindən ona «Əmək pensiyaları haqqında» Qanunun 12-ci maddəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 8 may 2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müsbət nəticə əldə olunmamış, eləcə də pensiyanın bərpa olunması ilə bağlı hərəkət aparılmamışdır. Pensiya ödənişinin dayandırılması əsası kimi bildirilmişdir ki, DSMF orqanı tərəfindən tərtib olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (B3 formalı) fiziki şəxs X4 (VÖEN **********) fəaliyyət göstərdiyi 1 yanvar 2009-cu il tarixdən 1 aprel 2014-cü il tarixədək 5 il ərzində sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA” kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmamışdır, bu səbəbdən də iddiaçının 2009 – 2014-cü illər üzrə əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdr. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və ona təyin ounmuş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi İddiaçı ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş pensiya məbləğinin ödənişi əsassız olaraq dayandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsinə ünvanlanmış 18 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, «Sosial sığorta haqqında» Qanunun 8-ci maddəsinə əsasən sosial sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanuna və sığortaedənlər tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı 1 yanvar 2009-cu il tarixdən 31 yanvar 2013-cü il tarixədək sosial sığorta stajı 5 ildir. Göründüyü kimi, cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəızi Filialının hazırkı iddia üzrə imtinasının əsası kimi təqdim edilən xüsusat DSMF-nin müvafiq səlahiyyətli digər qurumu tərəfindən verilmiş məktubla (arayışla) tam təkzib olunur. Bununla da, İddiaçı 2009 – 2014-cü illərdə 5 il sığorta stajı toplaması cavabdeh inzibati orqanın heç bir mötəbər dəlili və sübutu ilə təkzib olunmur. İddiaçının 2014-cü ildən ikinci qrup əlil olması isə, işin mübahisə olunmayan hallarına aiddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar