Məhkəmə qərarları › İş №2-1(103)-1591/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1591/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1591/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X6, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2021 saylı 03.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi və həmin (istifadə etmədiyi növbəti məzuniyyət) günlərinin xidmət illərinə əlavə olaraq, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əlavə məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 5 ay 21 gün təqvim müddəti olmaqla xidmət etmişdir. 1999-cu ilin iyul ayından 2017-ci ilin 17 yanvar tarixinədək zabit heyətində xidmət edərək, Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Tərxis olunarkən N nömrəli hərbi hissənin 1-ci X1 İşləri üzrə müavini vəzifəsində xidmət etməklə mayor rütbəsində olmuşdur. Lakin, hərbi hissədən tərxis olunarkən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş 3 aylıq növbəti məzuniyyət verilməmiş, həmin müddət məlumat vərəqinə daxil edilməmiş və bu səbəbdən də pensiya düzgün hesablanmamış və pensiya təyin olunarkən bu hallar nəzərə alınmamışdır. Hesab edir ki, Qanunvericiliyin tələblərinə əsasən pensiya təyin olunarkən şəxsin hərbi xidmət dövrü və döyüşlərdə iştirakı, həmçinin də məzuniyyət müddətləri nəzərə alınmalı və təyin olunmuş pensiya yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 27.08.2020-ci il tarixli 10/107 saylı imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının məzuniyyətdə olub-olmaması məsələsi araşdırılmalıdır və əgər hüququ olarsa kompensasiya ödənilməsi təmin olunacaqdır. Eyni zamanda inzibati orqan qeyd edir ki, əgər hərbi xidmət dövründə istifadə edilməmiş məzuniyyət günləri olduğu müəyyən edilərsə yalnız bundan sonra bu məsələyə baxıla bilər. Hesab edir ki, inzibati orqanın imtinaya bərabər dəlilləri qanunsuz və əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, həmçinin də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin tələblərinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə verilir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməmiş və pensiya təyin olunması üçün ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinə daxil edilməmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanununun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq hesablanaraq, birdəfəlik ödənilməsi və həmin (istifadə etmədiyi növbəti məzuniyyət) 90 (doxsan) günlərin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əlavə məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə hesab edir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxılmasına görə 3 ay müddətində növbəli məzuniyyət ona şamil olunmur. Qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən aydın olur ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün həmin növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyata buraxılmış şəxslərlə yanaşı 20 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, həmçinin də «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsinin tələblərinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəli məzuniyyət 3 ay müddətində verilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə İddiaçı 19.01.2017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılması, həmçinin 03.03.2017-ci il tarixdən yaşa görə pensiya təyin olunması müəyyən olunur. Yəni, iddiaçı 19.01.2017-ci il tarixdə ehtiyata buraxılmasına baxmayaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri 2017-ci ilin mart ayında həll edilmişdir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməlidir, əks halda isə istənilən səbəbdən verilmədikdə kompensasiya ödənilməlidir. Eyni zamanda qeyd etmək istəyir ki, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən qismən qəbul edilərək, 19.02.2021-ci il tarixdə istifadə etmədiyi 45 gün məzuniyyətə görə 1452.51 manat hesabına köçürülmüşdür. Bu səbəbdən də hesab edir ki, mübahisə predmeti olan məsələyə münasibətdə maddi hüquq normalarını düzgün tətbiq edilməmiş, tətbiq edilməli olmayan norma tətbiq olunmuşdur. Ona görə də məhkəmənin hu iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Apelyasiya baxışı zamanı iddiaçı X6 və vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X8 məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanununun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq hesablanaraq, birdəfəlik ödənilməsi və həmin (istifadə etmədiyi növbəti məzuniyyət) 90 (doxsan) günlərin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əlavə məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Belə olan halda qanunvericilikdə hazırki iş üzrə iddiaçıya onun tərəfindən tələb olunan 3 ay müddətində növbəti məzuniyyətin verilməsi nəzərdə tutulmadığından, həmin müddət də məlumat vərəqəsinə daxil edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 13 aprel 2016-cı il tarixli 085 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı 13 aprel 2016-cı il tarixdən 28 may 2016-cı il tarixədək 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış hesab edilmiş, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 7-ci bəndinə əsasən 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı məzuniyyətə çıxması ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinət ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 28 may 2016-cı il tarixli 0124 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı 28 may 2016-cı il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 22 dekabr 2016-cı il tarixli 0299 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı 22 dekabr 2016-cı il tarixdən 25 dekabr 2016-cı il tarixədək 3 (üç) gün müddətinə növbəti məzuniyyətə buraxılmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 26 dekabr 2016-cı il tarixli 0302 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı 25 dekabr 2016-cı il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 19 yanvar 2017-cı il tarixli 015 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq vəzifəsindən azad olunmaqla 19.01.2017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminatdan çıxarılaraq, Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir (Əsas DSX rəisi-X2 29.12.2016-cıil tarixli 2346 ş/h nömrəli əmri). İddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sərhəd Xidmətinin 001012 nömrəli “Məlumat vərəqəsi”nə əsasən DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı 03.03.2017-cı ildən yaşa görə pensiya təyin edilmiş, pensiya 20.01.2017-ci il tarixdən ömürlük 758 manat 84 qəpik müəyyən olunmuşdur. Məlumat vərəqəsində iddiaçının təqvim illəri 21 il 5 ay 21 gün, cəmi iş stajı və xidmət illəri 29 il 11 ay 11 gün, xidmətdən ehtiyata buraxıldığı tarix isə 19.01.2017-ci il qeyd olunmuşdur. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 29.12.2016-cı il tarixli, 2346 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 19.01.2017-ci il tarixdən isə şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmış və ona 03.03.2017-ci il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. İddiaçı 19.01.2017-ci il tarixdə ehtiyata buraxılmasına baxmayaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri 2017-ci ilin mart ayında həll edilmişdir. İddiaçı 20 il və daha artıq xidmət etməsi ilə bağlı ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş 3 aylıq növbəti məzuniyyət verilməsi və həmin müddətin məlumat vərəqinə daxil edilərək müvafiq inzibati orqana verilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyətin günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacağı göstərilmişdir. Həmçinin cavabdehin iş materiallarında olan iddia ərizəsinə etirazında sabiq hərbi qulluqçu İddiaçı sözügedən Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin 29.12.2016-cı il tarixli, 2346 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da xidməti vəzifələrinin təhvil-təslimi ilə əlaqədar o, 19.01.2017-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və həmin tarixədək olan müddət onun xidmət illərinə hesablandığı, bundan başqa sabiq hərbi qulluqçu Y.Baxşıyevin Silahlı Qüvvələrin ehtiyata buraxılan zaman qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət etmiş hərbi hissəyə müraciət etmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş 3 aylıq növbəti məzuniyyət verilməsi və həmin müddətin məlumat vərəqinə daxil edilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı 20 ildən artıq Silahlı Qüvvələrdə xidmət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Əsasnamənin 120-ci maddəsində göstərilmişdir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün həmin növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyata buraxılmış şəxslərlə yanaşı 20 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da şamil olunur. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 001012 nömrəli məlumat vərəqəsindən müəyyən olunur ki, iddiaçının təqvim illəri 21 il 5 ay 21 gün təşkil edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin “işin araşdırılan hallarından da göründüyü kimi, hazırki iş üzrə iddiaçı qeyd olunan (yaşa və ya xəstəliyə) əsaslarla deyil, öz arzusu ilə ehtiyata buraxılmışdır və belə olan halda qanunvericilikdə ona 3 ay müddətində növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamışdır” mövqeyi əsassızdır və hesab edir ki, iddiaçıya Qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməlidir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (istifadə etmədiyi növbəti məzuniyyət) 90 (doxsan) günlərin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün əlavə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar