Məhkəmə qərarları › İş №2-1(103)-1591/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1591/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1591/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1999-cu ildən xəstədir, yoxlamalardan sonra «sağ böyrəyin mərcanvari daşı və xroniki piolonefrit» diaqnozu qoyulmuşdur. xx.xx.2000-ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərində üç dəfə açıq və perkutan üsul ilə əməliyyat olunmuşdur. Həmin diaqnoz 2005-ci ildə Hərbi Hospitalda müayinələrdən keçirildikdən sonra təsdiqlənmiş və hərbi xidmətə sülh vaxtı yararsız müharibə vaxtı qismən yararlı maddəsi ilə hərbi xidmətdən azad olunmuşdur. xx.xx.2017-ci ildən əlilliyə görə cavabdeh tərəfindən əmək pensiyası təyin olunmuş və dekabr 2019-cu il tarixə qədər əlilliyə görə əmək pensiyası verilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi heç bir qanuni əsas gətirmədən, təkrar müayinəyə dəvət edilmədən, heç bir inzibati qərar qəbul etmədən əlilliyinin etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyasının dayandırılmış, iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Məsələ ilə bağlı xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci ci il tarixləri müraciətləri cavabsız qalmışdır. Cavabdeh iddia etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıyan Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03.N11.9,N13-N13.9,N14- N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının nazirliyə aidiyyətinin olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əlillik müayinəsi xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir.» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Elçin İlyas oğlunun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş, İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “iddiaçının əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03.N11.9,N13-N13.9,N14- N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Daha sonra, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə ƏƏSMN-yə müraciət edərək 843 nəfərin DİN aidiyyatının olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adi göndərişləri etibarsız hesab edilənləri siyahısında qeyd edildiyindən (138-ci sıra) «Əlillik altsistemi»ndə aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmə iddianın təmin edərkən bildirmişdir ki, əlillyin etibarsı hesab edilməsi üçün hüquqi və qanuni əsasların mövcud deyil. Halbuki, vətəndaşın əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçıya 2-ci dərəcə əllilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə işirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə cavabdeh tərəfindən onun xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyinin etibarsız hesab olunması ilə bağlı hərəkətlərinin qanunsuz hesab olunaraq əlillyinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACFG saylı göndərişi əsasında qiymətləndirilmiş və onun “Böyrək daşı xəstəliyi. Xroniki pielonefritin tez-tez kəskinləşməsi və hər iki böyrəyin büzüşməsi. Sol böyrəyin hidronefrozu İİ dərəcə. Obstruktiv uropatiya və reflyuks-uropatiya, Sol böyrəyin hidronefrozu İİ dərəcə. Xroniki obstruktiv pielonefrit, Xroniki pielonefritin tez-tez kəskinləşməsi və hər iki böyrəyin büzüşməsi. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ-2 dərəcə. Sidik turşusu ditezi. Digər anemiyalar, Nefrogen mənşəli anemiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul olunmuş və növbəti müayinə tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq, Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 843 nəfər barəsində, o cümlədən, İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh Agentliyə müraciət etmiş, sonuncu da həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını xx.xx.2019-cu il tarixində “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Araşdırma nəticəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh iddiaçının əlillik vəziyyəti ilə bağlı təqdim edilən göndərişin əsaslılığına şübhəsi olduğu halda, əlillik təyinatını birbaşa etibarsız hesab etməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə uyğun olmamışdır. Belə ki, qanunvericiliklə əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda, əlillik təyinatını aparan orqanın əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, iddiaçının əlillik vəziyyətini yoxlamadan əlillik təyinatını etibarsız hesab etmişdir. Əlillik təyinatının etibarsız edilməsi inzibati icraat normalarının tələblərinə uyğun olmamaşdır.» Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh bir inzibati orqan olaraq iddiaçının iştirakı ilə aparılmış ilkin inzibati araşdırma nəticəsində ona 2-ci əlllik dərəcəsi təyin etdiyi halda, sonradan əvvəlki praktikasına zidd olaraq, onun həmin əlillik dərəcəsini ona heç bir məlumat vermədən və iştirakını təmin etmədən, xəbərsiz şəkildə, üçüncı şəxs DİN-nin Tibb İdarəsinin qeyd edilən xx.xx.2019-cu il tarixli məktubu əsasında “Əlillik” altsistemində müvafiq qeyd aparılmaqla etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə ilə nəzərdə tutulur ki: 4.9.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür; 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidində nəzərədə tutulur ki, əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Əsasnamənin və “Qayda”nın qeyd olunan müddəallarından göründüyü kimi, qiymətləndirilmə ilə şəxslərə təyin edilmiş əlilliyin etibarız hesab edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından, konkret halda, üçüncü şəxs tərəfindən ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubunun cavabdeh orqana daxil olması – sonuncunun inzibati orqan olaraq iddiaçı da cəlb edilməklə, onun iştirakı ilə barəsində mübahisələndirilən məsələ ilə bağlı inzibati icraatı başlamaq vəzifəsini yaratmışdır. Lakin,cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, 5 il müddətinə əlillik təyinatı aparsa da həmin müddət bitmədiyi halda, cavabdeh iddiaçının etimad etdiyi əlillik təyinatı barədə TSEK-in qərarını, üçüncü şəxsin tək bir məktubu əsasında təyin olunmuş əlillik dərəcəsini etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi birbaşa nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Onu da qeyd etmək lazımdır ki, eyni faktiki hallara dair işlər üzrə məhkəmə təcrübəsi də onu göstərir ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə məlumatlara əsaslanaraq, həmin şəxslər sırasından olan əlillərin əlillik təyinatının “Əlillik” altsistemində etibarsız hesab edilməsi qanunsuz olması öz təsdiqini tapmışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8168/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar