Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1591/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X10) “torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1228/2022 saylı,13 dekabr 2022-ci il tarixli qərarından üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi 0.04456 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı evin 1/6 hissəsi X7 və 5/6 hissəsi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni “A” və “V” tikilisindən ibarətdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə fərdi yaşayış evinə dair 3-cü şəxsin 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.m olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən görünür ki, Eldar İsmayılovla mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və “V” literli tikili onun ayrıca mülkiyyətinə verilmişdir. Bildirmək istəyir ki, qeyd etdiyi “V” literli tikilidə inşa edilmiş tikiliyə, mübahisəli həmin əmlakdakı pay 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 3-cü şəxsin anasına satılarkən ona yalnız tikili satılmış, “V” literli tikilinin ətrafı isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Hazırda ərizə ilə cavabdehə müraciət edilərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli, **********08 saylı imtina məktubu ilə fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi, həmçinin çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrasının mümkün olmadıgı bildirilmişdir. Qeyd etmək istəyir ki, fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, hazırda hər bir mülkiyyətçilərin fərdi yaşayış evi üzərində payları müəyyən edilmiş, ən əsası isə fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olduğundan, həmin torpaq sahəsinin digər paylı mülkiyyətçilərin heç birinə aidiyyəti yoxdur. Cavabdeh inzibati orqanın imtinasının digər hissəsi, yəni çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə baglı isə bildirmək istəyir ki, imtinanın bu hissəsi də əsassızdır, çünki idarənin mütəxəssisləri heç vaxt həmin ünvanda olmamışlar. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanındakı 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı X4 mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0,0057 ha hissəsi istisna olmaqla, yəni 0,02852 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan qeyd edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edilməlidir. Həmçinin, çöl ölçmə işləri və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri yaşayış sahəsinin fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1228/2022 saylı,13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 0.03422 hektarı faktiki torpaq sahəsi də, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylarına mütənasib olaraq, iddiaçı və üçüncü şəxs arasında bölünməlidir. Belə ki, fərdi yaşayış evi 1/6 hissədə iş üzrə 3-cü şəxsin, 5/6 hissədə isə iddiaçının paylı mülkiyyətindədir. Qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan (Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında 13,6 kv.metr olması göstərilsə də, bu barədə yanlışlıq aradan qaldırılmamış) “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılması qət edilmişdir. Odur ki, fərdi yaşayış evinin 5/6 hissəsinin yerləşdiyi və iddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİKin 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış 0,04456 ha torpaq sahəsinin faktiki iddiaçının istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçının mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadəsində olan (0.03422 x 1/6=0,0057) 0,0057 ha hissəsi istisna olmaqla (0.03422- 0,0057=0,02852 ha), yəni 0,02852 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri: Qərardan ayrı-ayrılıqda üçüncü şəxs və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddianın tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli evin 1/6-nin paylı mülkiyyətçisidir. Onun payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə iddiaçının atası ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daha əvvəl mübahisəli əmlak 9 paydan, “A”, “B” və “V” tikilisindən ibarət olmuşdur və 3/9 payın mülkiyyətçisi öz payını “B” tikilisi hesabına ümumi paylı mülkiyyətdən ayırmışdır. Qalan 6 hissənin 1-i üçüncü şəxs X8, 5 hissəsi isə hazırda İddiaçı məxsusdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair iddiaçı X4 1/6 hissədəki payı naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçı X4 mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlər təmin edilməmişdir, iddiaçı öz iddia ərizəsində bildirib ki, 1969-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən üçüncü şəxsin anasına ümumi əmlakdan pay satılarkən ona yalnız tikili satılmış, “V” literli tikilinin ətrafındakı torpaq sahəsi isə onların mülkiyyətində olmuşdur. İddiaçının paylı mülkiyyətdə olan fərdi yaşayış evinin altında və ətrafında olan torpaq sahəsinin onun mülkiyyətində olması barədə yazdıqları həqiqəti əks etdirmir. Bundan başqa, iddiaçı 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı X4 mülkiyyətində “V” tikilisinin yerləşdiyi və girişçıxış üçün istifadədə olan 0.0057 ha hissəsi istisna olmaqla, yəni 0.0285 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş edib, iddiaçı hesab edir ki, adı çəkilən torpaq sahəsi onun atasına ayrıldığı üçün oradan yalnız onun istifadə etmək və mülkiyyətinə verilməsi tələbi ilə çıxış etmək hüququ var. Qeyd edir ki, iddiaçının atası X2 Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılan torpaq sahəsinin həcmi 351 kv.metr (indi ölçü vahidi ilə 0.0351 ha) təşkil edir. Hazırda tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin cəmi həcmi 2018-ci ildə tərtib edilmiş Texniki pasporta əsasən 0.4456 ha (köhnə ölçü vahidi ilə 445,6 kv.m) təşkil edir. Həmin 2018-ci ildə tərtib edilmiş Texniki pasportda bundan əvvəl paylı mülkiyyətdə olmuş “B” tikilisi və onun altında olan torpaq sahəsi əks etdirilməyib. Beləliklə müəyyən olunur ki, iddiaçının atası X13 ayrılmış 351 kv.m torpaq sahəsinin bir hissəsi “B” tikilisi ilə ümumi torpaqdan ayrılıb. Yəni iddiaçının iddia ərizəsində üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 0.0285 ha həcmdə torpaq sahəsinin hamısı onun atasına ayrılan sahə deyil. Bundan başqa, iş materiallarında olan Dzerjinskiy rayon ZDS İK-nın xx.xx.1955-ci il tarixli, 12 saylı protokolundan çıxarışdan və Dzerjinskiy rayon ZDS İK-nın Kommunal Təsərrüfatı Şöbəsi ilə X20 oglu arasında xx.xx.1956-cı il tarixli müqavilədən görünür ki, həmin torpaq sahəsi X13 36 kv.m ölçüdə, 3 otaqlı daş ev tikintisi üçün ayrılmışdır. Göründüyü kimi həmin torpaq sahəsində iddiaçının atası X14 evi tikmiş, sonradan əlavə otaqlar tikməklə evin həcmini artırmış və daha sonra isə hissə-hissə satmaqla evi paylı mülkiyyətə çevirmişdir. Evi hissələrlə satarkən altındakı torpaq sahəsi özəl yox, dövlətə məxsus olmuşdur. Hesab edir ki, mübahisəli torpaq sahəsi hazırki paylı mülkiyyətin tikintisi üçün ayrıldığından, paylı mülkiyyətçilərin də paylarına mütənasib surətdə həmin torpaq sahəsinə istifadə hüquqları yaranmışdır, və bu əsasla da, mübahisəli torpağın əvvəlcədən kimin atasına ayrılmasından asılı olmayaraq, həmin payçıların da torpaq sahəsinə mülkiyyət hüquqularının tanınmasını tələb etmək hüquqları vardır. Üçüncü şəxsin anası 1969-cu ildən başlayaraq 1998-ci ilədək həmin torpaq sahəsinə görə vergi ödəmişdir, onun həmin torpağa dair hər hansı hüququ və öhdəliyi olmasaydı o, həmin vergini ödəməli olmazdı. Məhkəmə torpaq sahəsinin bölüşdürülməsi hissəsini bütünlüklə ekspert rəyinə əsaslanaraq çıxardığı səbəbindən həmin hissədə yanlışlığa yol vermişdir. Halbuki həm vəsatətində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, ekspert onun qarşısına qoyulmuş bütün 5 suala natamam və səhv cavablar verməmişdir. 1-ci sual üzrə torpaq sahəsinin konfiqurasiyası, faktiki yeri və koordinatları, hüquqi statusu (mülkiyyət növü, təyinatı və sair) müəyyən edilməsi qoyulduğu halda, ekspert torpaq sahəsinin konfiqurasiyasının və faktiki yerinin texniki pasportun göstəricilərinə uyğun olduğunu qeyd etməklə kifayətlənmişdir. Həmin rəylə torpaq sahəsinin konfiqurasiyası, faktiki yeri və koordinatları müəyyən edilməmiş qalmışdır. Mübahisəli torpaq sahəsinə dair müxtəlif illərdə (1961-ci, 2005-ci və 2018-ci illər) və fərqli cizgilərlə verilmiş texniki pasportlar mövcuddur ki, rəydə torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri hansı ildə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu qeyd edilməmişdir. 2-ci sual üzrə də ekspert məhkəməyə həqiqəti əks etdirməyən məlumat vermişdir. Belə ki, iş materiallarında olan iddiaçının mərhum atası X2 Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolundan görünür ki, ona 1106-cı kvartalda, 4 nömrəli, 351 kv.met. ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarında eyni zaman, Dzerjinskiy rayon ZDS İK-nın Kommunal Təsərrüfatı Şöbəsi ilə X20 oglu arasında xx.xx.1956-cı il tarixli müqavilə mövcuddur. Həmin müqavilənin 1-ci bəndinə əsasən, X13 36 kv.m ölçüdə, 3 otaqlı daş ev tikintisi üçün, qabaq və arxa tərəfləri 13,5 m., sağ və sol tərəflari 26,0 m., ümumi sahəsi 351 kv.m olan, 4 saylı torpaq sahəsi təqdim edilmişdir. Sonuncu çəkilmiş texniki pasportla müqayisə etdikdə görünür ki, X13 ayrılmış torpaq sahəsinin həcmi, konfiqurasiyası və koordinatları tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin həcmindən xeyli az, konfıqurasiyası və koordinatları isə tamamilə fərqlidir. 3-cü sual üzrə ekspert qeyd edib ki, iddia edilən 0.04456 ha torpaq sahəsinin 0,03422 hektarı faktiki yeri və koordinatlarının Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşür. Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin həcminin cəmi 351 kv.m. olduğunu və bundan əvvəl ümumi paylı mülkiyyətdən 3/9 hissədə payı olan həmin payçının “B” tikilisini ümumi əmlakdan ayrılması ilə həmin tikilinin altında və ətrafında götürmüş olduğu torpaq sahəsinin də həcmini nəzərə alsaq, iddia edilən torpaq sahəsinin faktiki yeri və koordinatları Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. 4-cü sual üzrə ekspert qarşısında qoyulmuş sual 3-cü sual kimi Dzerjinski rayon ZDS İK-in 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları ilə əlaqədar olduğundan ekspert burda da yanlışlığa yol vermişdir. 5-ci sual üzrə ekspert qarşısında ekspertizanın "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə aparılması tapşırılsa da, ekspert rəyində həmin MMC-nin mütəxəssislərinin cəlb edilməsi görünmür. Bütün bunları qeyd edərək məhkəmədən təkrar ekspertiza keçirilməsini və İddiaçı və 3-cü çəxs X5 mülkiyyətinə verilmiş ünvan 3 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətçilərin faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiyası, faktiki yeri, faktiki ölçüsü, koordinatları, hüquqi statusu (mülkiyyət növü, təyinatı və sair) müəyyən edilməsini, iddiaçının mərhum atası X1 Dzerjinski rayon ZDS İKnin 12 saylı, xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin konfiqurasiyası, ölçüsü, faktiki yeri və koordinatları, hüquqi statusu (mülkiyyət növü, təyinatı və sair) mövcud arxiv sənədləri ilə müəyyən edilməsini və ekspertizanın aparılması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin" mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmasını xahiş etmiş, ekspert rəyində müəyyən edilən halları təkzib edən və bu hallara zidd olan sübutlara diqqət yetirməsini xahiş etsə də, məhkəmə bunların heç birinə məhəl qoymamışdır. Beləliklə, işdən görünür ki, birinci instansiya məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamış, ekspert rəyinə və digər sübutlara düzgün hüquqi qiymət verməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və bununla da 3-cü çəxs X5 ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi 51 nömrəli fərdi yaşayış evi 1/6 hissə X4, 5/6 hissə İddiaçı paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməlidir. Bundan əlavə İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır, bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman İddiaçı istifadəsində olan torpaq sahəsində digər payçı X10 tərəfindən yaşayış sahəsi və müxtəlif təyinatlı əlavə tikililərin inşa edildiyi müəyyən olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti üzrə də əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası üçüncü şəxsin və cavabdehin etirazının əsası və apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -139-1.1, 139-1.1.1, 139-1.1.9.1, 139-1.1.10.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakı özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının mərhum atası X13 Dzerjinskiy rayon ZDS İK-nın xx.xx.1955-ci il tarixli, 12 saylı protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün 351 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində Bakı şəhəri, Nərimanov rayonu, R.Muxtarov küçəsi, 51 saylı ünvanında inşa edilmiş fərdi yaşayış evinin tikililərə müxtəlif vaxtlarda müxtəlif şəxslərin mülkiyyət hüquqları alqı-satqı müqavilələri və vərəsəlik üzrə qeydiyyata alınmışdır. Hazırda 1/6 hissəsi üzərində xx.xx.2018-ci il tarixdə iş üzrə 3-cü şəxs X4, 5/6 hissəsi üzərində isə xx.xx.2021-ci il tarixdə iddiaçının paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 1(102)- 3860/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının, yəni V” literli tikilinin sahəsinin 13,6 kv.metr olması müəyyən edilmişdir. İddiaçı paylı əmlakın “A” tikilisinin mülkiyyətçisi kimi istifadəsində olduğu torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin 08 avqust 2022-ci il tarixli 10/2367 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və X4 mülkiyyətinə verilmiş ünvan 4 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportun göstəricilərinə uyğundur və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinə aid olmaqla, dövlət mülkiyyətindədir. İddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİKin 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin konfiqurasiyası və faktiki yeri texniki pasportuna uyğundur, dövlət mülkiyyətindədir. İddia edilən 0,04456 ha torpaq sahəsinin 0.03422 hektarı faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1995-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşür. İddia edilən 0,04456 ha torpaq sahəsinin faktiki yeri və koordinatlarının Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış torpaq sahesinin faktiki yeri ve koordinatları, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlet qeydiyyati haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin 3-cü şəxsin apellyasiya şikayətindəki dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, baxış aparılmış ölçü işləri nəticəsində tədqiq olunan A və V literli tikilinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və texniki parametrləri xx.xx.2021-ci il tarixli və Nağı Abbasovun adına verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə ünvan 5 ünvanda yerləşən “V” literli tikiliyə xidmət edən (altında yerləşən və giriş-çıxışına aid) torpaq sahəsinin ölçüsü barədə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış, 1saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından müəyyən edilmişdir ki, “V” literli tikiliyə xidmət edən (altında yerləşən və giriş-çıxışına aid) torpaq sahəsi “V” tikilisinin sənəd üzrə S.t.a=15.4 kv.m, faktiki S.t.a=18.1 kv.m, giriş çıxışa xidmət edən torpaq sahəsi və V tikilisi ilə birlikdə 34.2 kv.m təşkil edir. Lakin “V” tikilisini arxasında həmin tikilidə yaşayan vətəndaş tərəfindən 69.1 kv.m torpaq sahəsi istifadə olunur, bu torpaq sahəsinə giriş çıxış yolu “V” tikilinin ön tərəfindəndir və sözügedən torpaq sahəsində yaşayış evi mövcuddur. Yekun olaraq “V” tikilisi və onun giriş çıxışına xidmət edən torpaq sahəsi 34.2 kv.m, faktiki həmin tikilidə yaşayan vətəndaş tərəfindən istifadə olunan ümumi torpaq sahəsi 103.3 kv.m-dir. Ekspert rəyində və müayinə aktında müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini və müayinə aktını mötəbər sübut kimi qəbul edir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia etdiyi 0.03422 hektarı faktiki torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylarına mütənasib olaraq, iddiaçı və üçüncü şəxsin arasında bölünməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. İşin mübahisəsiz halıdır ki, fərdi yaşayış evi 1/6 hissədə iş üzrə 3-cü şəxsin, 5/6 hissədə isə iddiaçının paylı mülkiyyətindədir. Qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə 3-cü şəxsin fərdi yaşayış evinə dair 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan (Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında 13,6 kv.metr olması göstərilsə də, bu barədə yanlışlıq aradan qaldırılmamış) “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılması qət edilmişdir. Apellyasiya araşdırması zamanı da alınmış müayinə aktına əsasən “V” tikilisinin yerləşdiyi və giriş-çıxışa xidmət edən torpaq sahəsinin 34.2 kv.m olduğu müəyyən edilmişdir. İddiadan da göründüyü kimi iddiaçının tələbi torpaq sahəsinin 3-cü şəxsin payına düşən (1/6 hissəsi ) 57 kv.m sahəsi istisna olmaqla 0,02852 ha torpaq sahəsinə dairdir. Belə olan halda fərdi yaşayış evinin 5/6 hissəsinin yerləşdiyi və iddiaçının mərhum atası X1 Dzerjinski rayon XDSİKin 12 saylı xx.xx.1955-ci il tarixli protokolu ilə ayrılmış 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçının mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadəsində olan (0.03422 x 1/6=0,0057) 0,0057 ha hissəsi istisna olmaqla (0.03422- 0,0057=0,02852 ha), yəni 0,02852 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Üçüncü şəxsin apellyasiya şikayətindəki əlavə tikililərin mövcud olduğu torpaq sahəsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, 3-cü şəxsin 1/6 hissədə payı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ayrılmışdır. Həmin hissənin (V tikilisinin) sahəsi və onun giriş-çıxışına xidmət edən torpaq sahəsi isə mütəxəsis rəyi ilə müəyyən edilmişdir. Əlavə torpaq sahəsindən istifadə 3-cü şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının olmasına dəlalət etmir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçı və 3-cü şəxs arasında fərdi yaşayış evinə olan pay nisbətində torpaq sahəsinin ayrılması nəticəsinə gəlməkdə tam haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlili də göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi Dzerjinski rayon XDSİK-in 12 saylı xx.xx.1995-ci il tarixli protokolunu, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı cavabdehə təqdim etmişdir. Çıxarışdan görünür ki, fərdi yaşayış evinin 5/6 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Hazırki iddia tələbində iddiaçı həmin nisbətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü ki, öz payının ayrılması və həmin payın üzərində mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının mübahisələndirilməyən hüquqlarındandır. Buna görə də, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan, onun hüquqlarının təmin edilməsindən imtina etməsi yolverilməzidir. Beləliklə, məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1228/2022 saylı,13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1591/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1591/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver