Məhkəmə qərarları › İş №2-1(103)-1592/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1592/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1592/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10.02.N1-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «cavabdehin 15 avqust N0-ci il tarixli 0N nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə “1978-ci il təvəllüdlü iddiaçı 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin təhsil müəssisəsini “suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. O, 2001–2002-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, 2002–2006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, 2006 – 2007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, 2007–2014-cü illərdə hərbi hissənin “X7”nin zabiti (hidroakustika üzrə), 2014-cü ilin fevral ayından iyul ayınadək həmin şöbənin rəisinin hidroakustika üzrə baş köməkçisi, 2014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır. İddiaçı xidmət dövründə 2002–2004-cü illərdə X2 “Beynəlxalq dəniz ixtisası” və “ingilis dili” üzrə kurslarına, 2004-cü ilin may və oktyabr aylarında Almaniyada “dəniz ixtisası üzrə irisürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah” kurslarına, 2008-ci ildə 1 ay müddətində NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində X5 üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsi üzrə tədbirə cəlb olunmuşdur. Bundan başqa, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Pakistan, Kanada və s.) müxtəlif tədbirlərdə iştirak etmişdir. 2019-cu ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrinə görə 98,14 bal qiymətləndirilmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrləri ilə təltif olunmuşdur. O, 15 avqust N0-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0N nömrəli əmri ilə aşağı vəzifəyə, yəni N saylı hərbi hissənin X4 rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş, bundan narazı qalaraq cavabdehin həmin əmrinin ləğv edilməsini tələb etmişdir...” Cavabdeh Müdafiə Nazirliyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, əmr müvafiq hərbi hissə komandirinin təqdimatı əsasında verilmişdir. Təqdimatda iddiaçının aşağı işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifəyə təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10.02.N1-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Müdafiə Nazirliyinin 15 avqust N0-ci il tarixli 0N nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmişdir. Cavabdeh Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə nəzərə almamışdır ki, məhkəmənin özü də mübahisəyə baxarkən formal və subyektiv mülahizələrə eləcə də özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır ki, bu hal qanunvericiliyin tələbləri ilə uzlaşmır. Təqdimatda iddiaçını səciyyələndirən müsbət və qeyri-müsbət keyfiyyətlər göstərilmişdir ki, bu da təqdimatın obyektiv, ədalətli və qərəzsiz olduğunu təsdiq edir. işçinin işgüzar və mənəvi keyfiyyətinin xarakterizə edilməsi aparılmış peşəkar təhlillərə və mülahizələrə əsaslana bilər. Digər tərəfdən, təqdimatda göstərilənlərin düzgünlüyü iş materialları ilə də təsdiq edir. İşçinin işgüzar və mənəvi keyfiyyətlərinin xarakterizə edilməsi aparılmış peşəkar təhlillərə və mülahizələrə də əsaslana bilər.olunur. İddiaçı barəsində qəbul olunmuş əmrə əsas olan təqdimatda göstərilənlərin düzgünlüyü, obyektivliyi iş materialları ilə də təsdiq olunur. İşdə olan N saylı hərbi hissənin komandirinin 24.06.N0-ci il tarixli, 312 №-li əmri ilə xidmət zamanı buraxdıqları nöqsanlara, tabeliyində olanlara zəif nəzarət etdiklərinə və vəzifə borclarının icrasına laqeyid yanaşmalarına görə digər hərbi qulluqçularla yanaşı hərbi hissənin Dəniz Mühafizə şöbəsinin rəisi 2-ci dərəcəli kapitan İddiaçı da intizam məsuliyyətinə cəlb olunmuşdur. İşdə olan 14.09.N0-ci il tarixli əmrdən də görünür ki, iddiaçı barəsində təkrarən intizam məsuliyyəti tətbiq olunmuşdur. Məhkəmənin sadalanan hallar məcmusunda onun xidmət etdiyi sahədə uğursuz nəticələri konkret bildirilməmişdir qənaətinə gəlməsi əsassızdır. Məhkəmə qeyd olunan hallara diqqət yetirməmişdir ki, bu da nəticə etibarı ilə düzgün olmayan qərarın qəbul olunması ilə nəticələnmişdir. Digər tərəfdən məhkəmə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Belə ki, işdə olan 08.08.N0-ci il tarixində tərtib və təsdiq olunmuş söhbət vərəqindən görünqür ki, iddiaçı ilə aparılmış söhbət zamanı ondan xidməti vəzifəsinə münasibəti soruşularaq məsuliyyətinin aşağı olduğu, tutuduğu vəzifə həcmində tələbkarlığının zəif olduğu edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmağı, şəxsi intizam və işgüzarlığnının qənaətbəxş olmadığı bildirilərkən, o, “tənqidlərdən nəticə çıxarmışam» kimi cavab vermişdir ki, bu onun etirafı kimi qiymətləndirilməlidir. İddiaçı 09.06.N0-ci il tarixində növbəti söhbətdən imtina etmiş, bu fakt aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi qaydaları «İnzibati icraat haqqında» Qanunla deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq maddələri ilə tənzimlənir. Bundan əlavə, məhkəmənin 15.08.N0-ci il tarixli əmrin qəbul edilməsindən əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə bildirsə də, cavabdeh bunu təkzib edən heç bir sübut təqdim etməmişdir ifadəsi də əsassızdır. Çünki məhkəmə 12.1-12.2-ci maddəsinə müvafiq iddiaçının müraciət edib-etməməsi barədə sübutları araşdırmamış, müvafiq sənədlərin əldə edilməsi üçün tədbir görməmişdir. Sadlanan xüsusatlardan göründüyü kimi iddia tələbi əsaslı deyil. İşdə olan mötəbər sübutlarla inkar edilir. Lakin məhkəmə heç bir əsası olmadan iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və iddiaçının xidməti barədə sənədləri məhkəməyə təqdim edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazında bildirmişdir ki, N0-ci ilin iyul ayının 16-dan 15 gün məzuniyyətə buraxılmış, 24də nahardan sonra telefon vasitəsilə o məzuniyyətdən geri çağrıldıqda səhəri gün xidmətdə olacağını demiş, növbəti gün xidmətinə qayıtdıqda Müşahidə məlumat postunda yoxlama aparıldığını bilmiş, daha sonra əsassız olaraq hərbi hissənin komandanın təqdimatı əsasında X6 rəisi vəzifəsindən onun köməkçisi vəzifəsinə keçirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd edilən hallarından göründüyü kimi, iddiaçı cavabdehin 15 avqust N0-ci il tarixli 0625 saylı əmrinin ona aid hissədə ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin iş materiallaına əlavə olunmuş və hazırkı mərhələdə nümayəndələri tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən isə mübahisələndirilən 15 avqust N0-ci il tarixli 0N nömrəli əmrin (əlverişsiz inzibati akt) verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Qanunun 81-ci maddəsinin “v” bəndinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirilə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən intizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X1 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. İşə ləavə olunmuş mübahisələndirilən əmrin isə çıxarışından görünür ki, həmin əmr aşağıdakı məzmundan verilmişdir: - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar keyfiyytləri nəzərə alınaraq iş həcmi az olan aşağı vəzifəyə) müvafiq olaraq, N №-li hərbi hissənin “X7”nin rəisi, 2-ci dərəcəli kapitan İddiaçı tutduğu vəzifədən azad edilsin və N №li hərbi hissənin “Dəniz müşahidə şöbəsi rəisinin radiotexniki hazırlıq üzrə baş köməkçisi təyin olunsun.” İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi barədə 15 avqust N0-ci il tarixli 0N nömrəli əmr N №-li hərbi hissə komandirinin 10.08.N0ci il tarixli təqdimatına əsaslanır. İşə əlavə olunmuş həmin təqdimat isə aşağıdakılarla əsaslandırılmışdır: “... “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar keyfiyytləri nəzərə alınaraq iş həcmi az olan) müvafiq olaraq aşağı vəzifəyə təyin olunmsı üçün təqdim olunur. 2-ci dərəcəli kapitan İddiaçı müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır. Rəhbər sənədlərlə işləmək bacarığı zəifdir. Edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır. Xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Kollektivdə və yoldaşları arasında az hörmətə malikdir. Hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmağa çətinlik çəkir. Təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən, verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir. Təşəbbuskardır, vətənpərvərdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır...” İş materiallarına əsasən müəyyən olunur ki, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafi olan, fiziki və mənəvi cəhətdən sağlam və saf olan, dövlət sirrini qorumağı bacaran İddiaçı yuxarı komandanlıq qarşısında - daim öz üzərində çalışmayan, rəhbər sənədlərlə işləmək bacarığı zəif olan, tənqidlərdən düzgün nəticə çıxarmayan, kollektivdə və yoldaşları arasında az hörmətə malik, gündəlik xidmətini onların tələbləri əsasında qurmağa çətinlik çəkən, verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək və mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkən zabit kimi, yuxarı komandanlığa təqdim olunması - aşağıdakı mənbələrdən qaynaqlandırılır. N nömrəli hərbi hissə komandirinin işə əlavə olunmuş, N iyul N0-ci il tarixli 312 nömrəli əmrinin surətinə əsasən müəyyən olunur: “... 23.07.N0-ci il tarixində hərbi hissə komandirinin şifahi əmrinə əsasən hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X3 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na qəfil yoxlama keçirilərkən: - postların şəxsi heyətinin öz vəzifə borclarının icrasına laqeyid yanaşdığı və şəxsi heyətin intizamının çox aşağı səviyyədə olduğu aşkar olunmuş; - xidməti kunqlara baxış zamanı hər iki və bu zamanı xidməti heyətin kunqlardan icazəsiz yaşayış yeri kimi istifadə etdikləri, orada yemək yedikləri, istirahət etdikləri, tütün çəkdikləri kustar peçdən və kunqun server otpağından server kimi istifadə etdikləri məlum olmuş; -kunqlarda natəmizlik antisanitarya aşkar olunmuş, növbə heyətin geyim formaları səliqəsiz və çirkli olmuş, nizamnamənin tələblərinə uyğun olmamış; iş ayqqabılarının əvəzin çəkələk və rezin dolaqlardan istifadə etdikləri və hərbi qulluqçuların bəziləri üzü tüklü olduğu və s. nöqsanlar aşkar olunmuşdur...” Həmin əmrin 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, intizam qaydasında qeyd olunan nöqsanlara görə hərbi hissənin iki hərbi qulluqçusuna şiddətli töhmət verilmiş, yeddi hərbi qulluqçusuna, o cümlədən, İddiaçı “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam tənbehi elan edilmişdir. Lakin iş materiallarına, o cümlədən, tərəflərin izahatlarına, habelə, hazırkı mərhələdə məhkəmənin tələbi əsasında cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, hərbi hissə komandirinin şifahi əmri ilə 23.07.N0-ci il tarixində hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X3 Postu”nda yoxlama keçirilərkən və bundan xeyli əvvəl İddiaçı növbəti məzuniyyətdə olmuşdur. Belə ki, hərbi hissənin Dəniz Müşahidə Şöbəsinin rəisi vəzifəsini tutan İddiaçı hərbi hissə komandirinə 13.07.N0-ci il tarixli raportla müraciət edərək, N0-ci il üçün nəzərdə tutulmuş məzuniyyəti hesabına 14.07.N0-ci il tarixindən 15 gün müddətinə məzuniyyətə buraxılmasını və pul kompensasiyası ödənilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş və o, hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 186 nömrəli əmri əsasında N iyul N0-ci il tarixindən, Bakı şəhərində keçirməklə, 15 təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir. Eyni zamanda, həmin hərbi hissə komandirinin birinci müavini - qərargah rəisinin (həmin vəzifəni icra edən) hərbi hissə komandirinə ünvanladığı 24.07.N0-ci il tarixli raporta və hərbi hissə komandirinin N iyul N0-ci il 194 nömrəli əmrinin sürətinə əsasən müəyyən olunur ki, İddiaçı məzuniyyətdən geri çağrılmış və o, N iyul N0-ci il tarixindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Birincisi, cavabdeh tərəfi məhkəmənin təklifinə baxmayaraq, iddiaçının 24.07.N0-ci il tarixdə hərbi hissəyə gəlişini təsdiq edən sübutu məhəməyə təqdim edə bilməmişdir. İkincisi isə, iddiaçının məhkəməyə verdiyi izahatına əsasən isə müəyyən olunur ki, məzuniyyətdən geri çağrılması barədə ona 24.07.N0-ci il tarixində nahar vaxtından sonra telefon edilərək bu barədə bildirilmiş və o, səhəri gün xidmətdə olacağını demiş və səhəri, yəni 25.07.N0-ci il tarixində hərbi hissəyə xitəmətinə qayıtmışdır. Hər bir halda, tədqiq olunan sübutlarla müəyyən olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı nəinki, yoxlama günü, hətta həmin gündən bir həftə əvvəl məzuniyyətə çıxmış, başqa sözlə mübahisəli yoxlama ərəfəsində ümumiyyətlə hərbi hissədə xidmət başında olmamışdır. Belə olan halda, ona 23.07.N0-ci il tarixində hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X3 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na keçirilən qəfil yoxlamanın nəticələri üzrə aşkar olunan nöqsanlara görə vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyinin irad tutulması, 08.08.N0-ci il tarixində aparılan söhbət zamanı ona verilmiş suallara “göstərilən irad və tənqidlərdən nəticə çıxarmağa çalışacağı” barədə cavabları formal və əhəmiyyətsiz xarakter daşıyır. Ən azından ona görə ki, İddiaçı hərbi hissədə olmadığı müddətdə, o cümlədən, məzuniyyətə buraxıldığı 16.07.N0-ci il tarixindən 24.07.N0-ci il tarixinədək olan 8 gün ərzində o, yoxlanılan posta nəzarət edə və həmin postda baş verənlərə görə onun cavabdehliyi və intizam məsuliyyəti müəyyən edilə bilməzdi. İddiaçının yoxlanılan postun onun “X7 rəisi” vəzifəsinin funksional vəzifələrinə aid olmadığını mübahisələndirilməsi ilə bağlı aparılan araşdırma zamanı isə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və hər iki tərəfin məhkəməyə təqdim etdiyi “X8 rəisinin funksional vəzifə borcları” təlimatı araşdırılarkən aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunan, N saylı hərbi hissə komandiri və onun müavini qərargah rəisi tərəfindən 08.07.N0-ci il tarixində imzalanaraq hərbi hissənin möhürü ilə təsdiq olunmuş variantda: “X7 rəisinin “- X3 postlarının döyüş və döyüşə hazırlığına, postların ümumi fəaliyyətinə rəhbərlik etmək, şəxsi heyətin nizam-intizamına nəzarət etmək” kimi vəzifəsi təsbit olunsa da, həmin təlimatın iddiaçı tərəfindən təqdim olunan hərbi hissə komandirinin və onun müavininin (qərargah rəisi) imzaları olan, lakin hərbi hissənin möhürü ilə təsdiq olunmayan kserosurət variantında “X7 rəisinin" - sözügedən funksional “vəzifə” borcu öz əkəsini tapmamışdır. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri iddiaçının təqdim etdiyi həmin kserosurət vəzifə təlimatının hərbi hissənin möhürü ilə təsdiq olunmadığını mübahisələndirsələr də, hər iki variantda hərbi hissə komandiri və onun müavininin imzalarının eyni olmasına aydınlıq gətirə bilməmişlər. Lakin onlar hər bir halda, əvvəllər yoxlanılan postla bağlı verilmiş raportlarda iddiaçının imzalarının olduğunu bildirmişlər. İddiaçı isə buna münasibət bildirərkən demişdir ki, birincisi onun tərəfindən həmin raportlar N saylı hərbi hissənin Müşahidə Rayonunun komandiri tərəfindən tərtib olunmuş və sonuncunun xahişinə əsasən o, həmin raportları imzalamışdır. İkincisi isə hərbi hissənin ştat strukturuna görə onun tutduğu “X7 rəisi” vəzifəsi idarə heyətinə aid olub, hərbi hissənin təminat heyətinə aid olan funksional vəzifələrinə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfin baxış üçün məhkəməyə təqdim etdiyi “Hərbi dəniz qüvvələrinin idarəetmə heyətinin ştat cədvəli” tədqiq olunarkən həqiqətən müəyyən olunmuşdur ki, iddiaçının “X4 rəisi” vəzifəsi həqiətən də hərbi hissənin idarə heyətinə aid ştat vahididir. Digər tərəfdən, hər bir halda, cavabdeh tərəfi iddiaçının qeyd olunan tamlığı ilə dəlillərini təkzib edə, habelə, sözügedən şübhəli məqamların həqiqliyini sübuta yetirə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin 02.06.N0-ci il və 03.09.N0-ci il tarixlərində iddiaçıya “töhmət” cəza növünün verilməsinə istinad olunan dəlilləri araşdırılarkən məhkəməyə təqdim olunmuş xidməti vərəqində iddiaçı barəsində həqiqətən həmin cəza növünün mövcudluğu müəyyən olunur, lakin onlardan 03.09.N0-ci il tarixində tətbiq olunan ikinci “töhmət” cəzası mübahisələndirilən 15.08.N0-ci il tarixli əmrdən sonrakı dövrə təsadüf edir. 02.06.N0-ci il tarixində verilən birinci töhmətlə bağlı isə qeyd olunmalıdır ki, onun xidməti vərəqində kifayət qədər həvəsləndirmə növlərinə də layiq görüldüyü müəyyən olunur. Digər bir tərəfdən, X2 “Beynəlxalq dəniz ixtisası” və “ingilis dili” üzrə kurslarına, Almaniyada “dəniz ixtisası üzrə irisürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah” kurslarına, NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində X5 üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsi üzrə tədbirə cəlb olunmuş və ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Pakistan, Kanada və s.) müxtəlif tədbirlərdə iştirak etmiş, bir il əvvəl (2019) keçirilmiş sonuncu attestasiyanın nəticələrinə görə 98,14 bal qiymətləndirilmiş təcrübəli və peşəkar bir zabit barəsində bu qədər sərt intizam cəzasının tətbiq edilməsi onun xidmətinin sadalanan meyarları və komandanlığın bağlı əvvəlki rəftarı və praktikası ilə uzlaşmır. Onu da qeyd etmək lazımdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının N0-ci ilin əvvəllərində hərbi hissənin yeni rəhbərliyi ilə normal qarşılıqlı münasibətləri də mövcud olmamış və hətta o, 12.03.N0, 25.07.N0 və 30.07.N0-ci il tarixlərində öz arzusu ilə hərbi xidmətdən buraxılması barədə raportlarla komandanlığa müraciətlər etmiş, lakin onun bu müraciətləri cavabsız qalmışdır (Azərbaycan Respublikasının Hərbi prokurorluğunun iddiaçıya ünvanladığı 16.09.2001-ci il tarixli mktubunun surətindən də görünür ki, N saylı hərbi hissənin vəzifəli şəxsləri barədə cinayət işi başlanmışdır). Bütün bu hadisələrdən sonra, iddiaçının məzuniyyətə çıxması və məzuniyyət dövründə cavabdeh tərəfindən yoxlama keçirilməsi və onun tutduğu vəzifəsinə uyğun gəlməməsi barədə ona xəbərdarlıq intizam cəzası verilərək, daha sonra yuxarı komandanlıq qarşısında aşağı vəzifəyə keçirilməsi üçün təqdimat verilməsi - bütun bu hallar, 02.06.N0-ci il tarixində verilən intizam cəzasının əsaslılığını şübhə altına alır. Məhz bundan qaynaqlanaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi üçün yuxarı komandanlığa təqdimat verilməsi və həmin təqdimat əsasında da onun aşağı vəzifəyə düşürülməsi barədə 15.08.N0-ci il tarixli əmrin qəbul edilməsi əsaslı hesab oluna bilməz. Hərbi qulluqçuların statusunu tənzimləyən qanunuvericilik normaları hərbi qulluqçular məzuniyyətdə olduğu dövrdə onların intizam məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı qayda nəzərdə tututlmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən isə bu Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Lakin, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.2-ci maddəsi nəzərdə tutur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Belə olan halda, Əmək Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı məzuniyyətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin əmrinə əsasən 23.07.N0-ci il tarixində aparılmış yoxlamanın nəticələrinə görə ona, hərbi hissə komandirinin 24.07.N0ci il tarixli əmri ilə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intzam cəzası verilmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin yoxlamanın nəticələrinə əsaslanan təqdimat əsasında iddiaçının aşağı vəzifəyə keçirilməsi barədə cavabdehin 15 avqust N0ci il tarixli 0N nömrəli əmri qanuna ziddir və iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin təmin edilməsini və cavabdehin 15 avqust N0-ci il tarixli 0N nömrəli əmrinin iddiaçıya aid hissəsində ləğv edilməsi faktlar nöqteyinəzərindən düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyin tələbləri ilə uzlaşmadığını, işin halları məhkəmə tərəfindən araşdırılmadan əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1715/N1 saylı, 10.02.N1-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10.02.N1-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar