Məhkəmə qərarları › İş №2-1(103)-1593/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1593/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1593/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı icra sənədinin ləğv ounmasına dair qərarın ləğv olunması və icra vərəqəsinin yenidən icraya yönəldilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5196/2021 saylı iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5196/2021 saylı iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, qətnamənin icrasının təmin edilməsi və vurulan maddi zərərin ödənilməsinə dair tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, tətbiq edilməli olan qanunlar hakim tərəfindən tətbiq edilmədiyindən, səthi və birtərəfli olduğundan şikayət edilən akt ləğv edilməlidir. İddiaçı qətnaməni icraya yönəldən Bakı Apellyasiya Məhkəməsinin qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi rəsmi olaraq İddiaçı inzibati məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İcra məmuru vəzifə səlahiyyətlərini aşaraq tələbkar İddiaçı adından saxtakarlıq edərək icra vərəqəsini Bakı Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Əksinə o bir neçə aydır Səbail rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X2 işin dərhal icra olunmasını tələb etmişdir. Lakin geri qaytarılma barədə qanunsuz qərar çıxaran Yaqub Məmmədov işdən qovulmuşdur. Bundan başqa, Səbail rayonu İcra və Probasiya Şöbəsinin müdiri 12.02.2021-ci il tarixdə guya hakim cənab Elşən Kazımova göndərdiyi məktubda bilərəkdən iddiaçıya, yəni ünvan 1 ünvanına qərarın çatdırıldığını qeyd etmişdir, lakin ona heç bir qərar göndərilməmişdir. Eyni zamanda onun iddia tələbi üzrə məhkəmə qətnaməsini icraya yönəldən Bakı Apellyasiya Məhkəməsi 03.03.2021-ci il tarixli 6ÜŞ-3894/21 saylı bildirişi göndərərək onlara deyil, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməyini tövsiyə etmişdir. Göründüyü kimi İddiaçı Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ Səbail rayonu İcra və Probasiya şöbəsinin icra məmurları və rəhbərliyi tərəfindən pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2(103)-684/2020 nömrəli iş üzrə 17.01.2020-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə dair icra işindən müəyyən olunur ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 684/2020 nömrəli iş üzrə 17.01.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 İddiaçı xeyrinə 155000 manat məbləğində pul tutulması qərara alınmışdır. İddiaçının Səbail rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış icra vərəqəsinin geri qaytarılmasına dair 16.07.2020-ci il tarixli ərizəsi əsasında icra vərəqəsinin geri qaytarılması haqqında 20.07.2020-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı icra məmurunun həmin qərarının ləğv edilməsi və icra vərəqəsinin yenidən icraya yönəldilməsi tələbinə dair iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair yekun nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 23, 35, 85-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 23-cü, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 04.02.2012-ci il tarixli qərarına istinad etmiş və bildirmişdir ki, “..... İddiaçı faktiki olaraq icra məmurunun icra sənədinin geri qaytarılmasına dair qərarını mübahisələndirir və icra sənədinin yenidən icraya yönəldilməsini tələb edir. ... İcra vərəqəsinin geri qaytarılması barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. .. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya müvafiq şikayətlə (icra vərəqəsinin geri qaytarılması barədə qərarın ləğv olunması) buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə səlahiyyətli ümumi məhkəməyə (Bakı şəhəri Səbail rayon məhkəməsi) və ya icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə müvafiq məhkəməyə (Bakı Apelyasiya Məhkəməsi) müraciət etmək hüququ izah olunsun.” İddianın mümkünsüz hesab olunmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi «İcra haqqında» AR Qanununun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1- ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. İcra qurumunun icra sənədinin geri qaytarılması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin geri qaytarılması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Beləliklə, icra sənədinin geri qaytarılması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən,ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından. hərəkət və hərəkətsizliklərindən şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir. Apelyasiya şikayətində iddiaçı iddia tələbinin “icra vərəqəsinin yenidən icraya yönəldilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmayaraq, nəticəni yanlış hesab edir. Buna münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “İcra haqqında” qanunun yuxarıda sadalanan normalarını düzgün təfsir etmişdir. Belə ki, qanun normasının göstərişindən də aydın görünür ki, yalnız icra vərəqəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaxdıqdan sonra, tələbkarın növbəti müraciəti əsasında icra sənədi mübahisəli iş üzrə yekun qərarı çıxarmış məhkəmə tərəfindən yenidən icraya yönəldilə bilər. AR İPM-nin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgündür, şikayət qərardadın ləğvinə əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5196/2021 saylı iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar