Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1593/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-10288/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubunun qanunazidd sayılması və iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər SSRİ, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.N-ci il tarixli əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdərə rayonu ərazisində yerləşən 02 saylı hərbi səhra qospitalına feldşer vəzifəsində 0N iyul N-ci ildən 25 avqust N-ci il müddətinə qoşun təcrübəsini keçməyə göndərilmişdir. Beləliklə N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. N saylı hərbi hissə komandirinin N saylı əmrinə əsasən xidmətdən azad edilmişdir. xx.xx.N-xx.xx.N, 1997-2018-ci illər ərzində 20(iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavininin xx.xx.2018-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, xx.xx.2004-cü il, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal xx.xx.2012-ci il, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “yubiley” medalı - xx.xx.2013-cü il, “Qüsursuz ximətə görə 2-ci dərəcəli medal-xx.xx.2013cü ildə, “Qüsursuz ximətə görə 1-ci dərəcəli medal-xx.xx.2018-ci ildə, medallarla təltif edilmişdir. İddiaçının ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir, hal-hazırda Bakı şəhərində kirayə mənzildə yaşayır. xx.xx.N- xx.xx.N, 1997-2018-ci illər ərzində 20 (iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyindən və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixili, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq — hüququ olduğundan cavabdehə müraciət etmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən qanunsuz şəkildə onun mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etmişdir. Buna səbəb kimi onun qüsurlu xidmət keçməklə Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi göstərilmişdir. İddiaçı N-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 2018-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. 20 il, 10 ay 5 günlük xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəza çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda onun hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olmağı) iddiaçını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözü gedən fərman da ona şamil edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı Azərbaycan Ordusu sıralarında sentyabr 1997-ci il tarixdən 26 mart 2018-ci il tarixədək xidmət keçmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi təqvim müddəti 20 il 5 ay 26 gün təşkil edir. İddiaçı E.X.Abbasov Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir. Bununla əlaqədar olaraq, iddiaçının 22 iyun 2023-cü il tarixli 3-25-11/2-3454/2023 nöməli məktubuna Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsində baxılmış və müvafiq cavab məktubu iddiaçıya təqdim edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-10288/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-2-ci bəndi ilə qüsursuz xidmət müddətinə daxil edilməyən hərbi xidmət müddəti məsələsinə aydınlıq gətirilmişdir. Belə ki, Fərmanın 3-2.3-cü maddəsinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. İddiaçı Azərbaycan Ordusu sıralarında sentyabr 1997-ci il tarixdən 26 mart 2018-ci il tarixədək xidmət keçmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi təqvim müddəti 20 il 5 ay 26 gün təşkil edir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçı E.X.Abbasov Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 1 il sınaq müddəti şərti hesab edilmiş, davranışı üzərinə nəzarət N nömrəli hərbi hissənin komandanlığına həvalə edilmişdir. Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü 02 aprel 2008-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmlə təyin olunmuş cəza 1 il sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Beləliklə də, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir. Bu səbəbdən də hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işin qeyd olunan xüsusatları tam və hərətəfli araşdırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. - 28.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. - 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. - 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. - 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixlli, 569 saylı Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 15 noyabr tarixli 1476 nömrəli Fərmanına əsasən: - 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. - 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: - 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; - 3-2.3. məhkumluğun olduğu müddət. - 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”yə əsasən: 1.”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; - -83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sənədləri tədqiq edir:
-AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. -EZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1xx.xx.2018-ci ildə “HXH” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə_ və 164cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2012-ci il tarixli 035t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013cü il tarixli, 089t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019cu il tarixli, 036t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyi Arxivinin N saylı hərbi hissə komandirinə ünvanladığı 10 fevral 2000-ci il tarixli, 26/2-439 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Dövlət Universitetindən gəlmiş X2 N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli, N nömrəli əmrilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 nömrəli əmrilə tutduğu vəzifədən azad edilmişdir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 6965 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti cəza almışdır. Bakı Hərbi Məhkəməsinin 12 mart M08-ci il tarixli hökmü 02 aprel 2008-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmlə təyin olunmuş bir il sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Ümumi təqvim xidmət ili 20 (iyirmi) il 08 (səkkiz) ay, məhkumluq müddəti isə 1 (bir) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra qüsursuz 20 (iyirmi) təqvim ili olmadığı üçün bu Fərman iddiaçıya şamil edilmir. Bakı Hərbi Məhkəməsinin 35/2008-ci il tarixli, 12 mart 2008-ci il tarixli Hökmünə əsasən, X2 Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, haqqında həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, davranışı üzərinə nəzarət N saylı hərbi hissənin komandanlığına həvalə edilmiş, təyin olunmuş sınaq müddəti ərzində davranışı ilə silah olunduğunu sübut etmək məhkum E.X.Abbasova bir vəzifə olaraq tapşırılmış, E.X.Abbasovun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin 35/2008 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü 02 aprel 2008-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmlə təyin olunmuş 1 (bir) il sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İddiaçı əlavə olaraq sübut qismində məhkəməyə Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli əmrini və İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətini təqdim etmişdir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixili, 569 saylı Fərmanının 1-ci bəndinə istinadən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edildiyini, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olub-olmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X2 xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər SSRİ, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.N-ci il tarixli əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdərə rayonu ərazisində yerləşən 02 saylı hərbi səhra qospitalına feldşer vəzifəsində 0N iyul N-ci ildən 25 avqust N-ci il müddətinə qoşun təcrübəsini keçməyə göndərilmiş, beləliklə N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 saylı əmrlə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N saylı hərbi hissə komandirinin N saylı əmrinə əsasən xidmətdən azad edilmişdir. xx.xx.N-xx.xx.N, 1997-2018-ci illər ərzində 20 (iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini xx.xx.2018-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, xx.xx.2004-cü il, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal xx.xx.2012-ci il, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “yubiley” medalı-xx.xx.2013-cü il, “Qüsursuz ximətə görə 2-ci dərəcəli medal-xx.xx.2013cü ildə, “Qüsursuz ximətə görə 1-ci dərəcəli medal xx.xx.2018-ci ildə medallarla təltif edilmişdir. Beləliklə, iddiaçı N-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 2018-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. İnzibati orqan məhkumluq müddəti çıxılandan sonra qalan müddətin 20 ildən az olmasına istinadən iddiaçının hazırki tələb üzrə hüququnun yaranmadığını qeyd edir. Bu zaman Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına istinad edir. Məhkəmə kollegiyası isə diqqətə çatdırır ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təyin olunmuş sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Sonrakı xidməti dövrlərdə də qüsursuz xidmətinə görə medallarla təltif edilmişdir. xx.xx.2018-ci il tarixdə xidmətdən ehtiyata buraxılmışdır. Bakı Hərbi Məhkəməsinin 35/2008 nömrəli, xx.xx.2022ci il tarixli arayışına görə, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. AR Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddət başa çatdıqda, məhkumluq ödənilmiş sayılır. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1- ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında da mövqe aşağıdakı kimi əsaslandırılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-cü il tarixli, 2-1(102)-357/2022 saylı qərarında qeyd edilmişdir ki,
33. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2019cü il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2019-cü il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxl edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-10288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-10288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Mehriban Qarayeva