Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1595/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul məbləğlərinin alınaraq iddiaçıya ödəniməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-158/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının öz vəsaiti hesabına aparılmış tikintinin dəyəri kimi 7.000.000 manat, vergi və icarə haqqı kimi ödənilmiş 201.277,14 manat, 7,4 ha torpaq sahəsinin tikintiyə hazırlanması, hasarlanması, kommunal xətlərin çəkilməsi, elektrik xəttlərinin yerinin dəyişdirilməsinə çəkilmiş xərclər kimi 10.000.000 manat məbləğinin tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-158/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, birinci instansiya məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni tələblə iddia qaldırdığını və həmin iş üzrə qanuni qüvvəsini almış qərar olduğunu bu əsasla iddianın qeyri mümükün sayılmalı olduğu qənaətinə gəlmiş və bu barədə 2 saylı İnzibati İqtisadi Məhkəmənin qərarı olduğunu bildirmişdir. Məhkəmə iclasında bu barədə dəqiqliyi ilə məlumat verilərək 2 saylı İnzibati İqtisadi Məhkəməsində baxılan işdə Bakı Şəhər İcra Hakimiyyətindən hər hansı vəsait, zərər, kompensasiya tələb edilmədiyi, həmin işdə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamların ləğvi hissəsində cavabdeh olduğunu, kompensasiyanın binaları sökən Suraxanı RİH-dən tələb etdiklərini bildirildiklərinə baxmayaraq məhkəmə qanunsuz, əsassız, ədalətsiz olaraq iddianın mümkün sayılmamalı olduğu qənaətinə gəlmişdir. Bununla bağlı nümayəndə qeyd etdi ki, həmin iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında da, verilmiş iddia ərizəsinin surətindən də göründüyü kimi əvvəlki işdə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamların ləğvi hissəsində cavabdeh olduğu və Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya tələb edilmədiyi sübut olunmağına baxmayaraq məhkəmə qanunsuz qərar qəbul edərək iddiaçının pozulmuş hüquqlarının bərpasına deyil, əksinə çıxardığı qərarla artıq heç bir inzibati orqandan pulun geri qaytarılmaması üçün şərait yaratmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, nümayəndə ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehdən öz vəsaiti hesabına aparılmış tikintinin dəyəri kimi 7 000 000 manat, vergi və icarə haqqı kimi ödədiyi 201277,14 manat, 7,4 ha torpaq sahəsinin tikintiyə hazırlanmasına, kommunal xətlərin çəkilməsinə, elektrik xətlərinin yerinin dəyişdirilməsinə çəkilmiş xərclər kimi 10 000 000 manat məbləğində pulu – yəni ziyan kimi məruz qaldığını hesab etdiyi məbləğin əvəzini (kompensasiyanı) cavabdehdən tələb edir. İşin faktiki hallarına əsasən iddiaçı artıq bir dəfə Bakı şəhəri İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun ətrafında yerləşən ərazidə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli “Özünəməxsus sahədə yaşayış binasının, ofis, katec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında” sərəncamı əsasında onun tərəfindən Bakı-Hövsan yolu ərazisində aparılmış tikililərin cavabdeh və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən aparılmış söküntü nəticəsində məruz qaldığını hesab etdiyi maddi və mənəvi zərərin tutulmasını tələb etsə də 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)- 10/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir, həmin qərar qəbul edərkən məhkəmə müəyyən etmişdir ki, müvafiq tikintilər cavabdehlərin, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinin nəticəsində sökülməmişdir. Qeyd edilən qərar xx xxxxxx 2019-cu ildə qüvvəyə minmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının Suraxanı-Hövsan yolunda inşa etdiyi tikililərin sökülməsi ilə iddiaçının subyektiv hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-158/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1595/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1595/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver