Məhkəmə qərarları › İş №2-1(103)-1595/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1595/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1595/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3310/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Pitixana” kafesinə görə İddiaçı 000106 saylı 31.05.2000-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin kafe 16.12.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. “Pitixana” kafesinə verilmiş texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 1966-cı il tarixdə tikilmiş, 54.5 kv.m. əsas sahədən, 20.0 kv.m. köməkçi sahədən ibarət olmaqla, ümumi sahəsi 74.5 kv.m.-dir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 692 saylı 10 sentyabr 2001ci il tarixli sərəncamından görünür ki, “Araz” firmasına məxsus olan (mülkiyyət hüququ haqqında şəhadətnamə № 000106) rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, 10 ünvanında yerləşən kafenin günün tələblərinə uyğun səviyyədə olmadığını nəzərə alaraq, həmin binanın sökülüb, yerində layihə əsasında müasir tələblərə uyğun tikilməsinə icazə verilməsi, yeni tikintinin layihəsinin rayonun memarı ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılması, tikinti işləri aparılarkən tikinti sahəsində kommunikasiya xətlərinin müşahidə edilərsə, onların başqa yerə köçürülməsinin sifarişçi hesabına aparılması, ərazinin sanitar və texniki normalara uyğun saxlanılmasının “Araz” firmasının rəhbərliyinə tapşırılmışdır. ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus obyektin yenidən qurulmasına dair layihə Bakı şəhəri Binəqədi RİH (qurumun memarı) tərəfindən təsdiq edilmişdir. ünvan 4 ünvanında yenidən qurulmuş ictimai-iaşə obyekti (“Pitixana” kafesi) Bakı şəhəri Binəqədi RİH-in, AR DİN Baş Dövlət Yanğından Mühafizə İdarəsinin, AR Səhiyyə Nazirliyi Dövlət Sanitar Nəzarətinin, podratçı “Yenilik” firmasının və “Araz” şirkətinin direktoru kimi hazırkı İddiaçı iştirakı ilə tərtib olunmuş 18 iyul 2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” ilə istismara qəbul edilmişdir. İddiaçı sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********03 saylı 18 may 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamədə İddiaçı adı, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 692 saylı 10.09.2021-ci il tarixli sərəncamında “Araz” firması, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında isə “Araz şirkəti” qeyd edilmişdir. Qeyri-yaşayış binasına dair eskiz layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və torpaq sahəsinə dair sənəd əlavə olunmamışdır. Qeyd edilən ünvana idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanında yerləşən “Pitixana” kafesi adlı qeyri-yaşayış sahəsi 31 may 2000-ci il tarixdən onun mülkiyyətindədir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 692 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamı ilə həmin əmlakın sökülərək müasir tələblərə uyğun tikilməsinə icazə verilmiş, sərəncam icra olunmuşdur. 18 iyul 2002-ci il tarixdə Bakı şəhəri Binəqədi RİH, AR DİN Baş Dövlət Yanğından Mühafizə İdarəsi, AR Səhiyyə Nazirliyinin Dövlət Sanitar Nəzarəti, podratçı “Yenilik” firması və “Araz” şirkətinin (həmin dövrdə iddiaçı şirkətin direktoru olmuşdur) nümayəndəsinin iştirakı ilə “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” tərtib edilmişdir. Obyektin yenidənqurma işləri tam başa çatdırılmış, obyekt istismara hazırlanaraq komissiya üzvlərinə təhvil verilmişdir. Həmin aktın həqiqiliyi və doğruluğunu komissiya üzvləri təmsil etdikləri orqanların möhürləri ilə təsdiq etmişlər. Mülkiyyətdə olan həmin qeyri-yaşayış sahəsinin müasir tələblərə cavab verən yenidənqurma tikinti işlərinin 20 ilə yaxındır ki, aidiyyəti dövlət orqanları tərəfindən istismara qəbul olunmasına baxmayaraq, həmin tikiliyə dair müvafiq sənədin alınması ilə bağlı müraciət etməmişdir. O, həmin tikilinin mövcud vəziyyətdə qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vətəndaş tərəfindən məsələ ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair sənəd əlavə edilməmiş, eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Həmçinin, təqdim edilmiş şəhadətnamə İddiaçı adına olsa da, Bakı şəhəri Binəqədi rayon İcra başçısının 692 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamında “Araz” firmasının, istismara qəbul aktında isə “Araz” şirkətinin adı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3310/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehə ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. 05.04.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş qeyri-yaşayış binası sökülmüş və yerində ümumi sahəsi 907.5 kv.m, tikintialtı sahəsi 368.4 kv.m olan qeyriyaşayış binası inşa edilmişdir. Məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qeyd edilmiş hallar nəzərə alınmamış, ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, AZərbaycan Respublikası İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı tərəfindən adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan qeyri-yaşayış sahəsi 000106 saylı 31.05.2000-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən “Pitixana” kafesi adı altında onun xüsusi mülkiyyətində olmuş, həmin kafenin ümumi sahəsi 74.5 kv.m. təşkil etmişdi. Sonradan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən adı çəkilən kafenin günün tələblərinə uyğun səviyyədə olmadığı nəzərə alınaraq onun (binanın) sökülüb, yerində layihə əsasında müasir tələblərə uyğun tikilməsinə icazə verilmişdir. Bununla bağlı iddiaçıya məxsus obyektin yenidən qurulmasına dair layihə Bakı şəhəri Binəqədi RİH (qurumun memarı) tərəfindən təsdiq edilmiş və müvafiq icra hakimiyyəti orqanlarının, podratçı təşkilatın və “Araz” şirkətinin direktoru kimi hazırkı iddiaçının iştirakı ilə “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul Aktı” ilə istismara qəbul edilmişdir. Hazırda İddiaçı “ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina edərək bildirmişdir ki, mülkiyyət hüququ haqqında şəhadətnamədə İddiaçı adı olsa da, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 692 saylı 10.09.2021-ci il tarixli sərəncamında “Araz” firması, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında isə “Araz şirkəti” qeyd edilmiş, qeyri-yaşayış binasına dair eskiz layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış, torpaq sahəsinə dair sənəd əlavə olunmamış, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin müvafiq maddələrinə uyğun olaraq tikintiyə icazə sənədinin verilməsi səlahiyyəti şəhər rayon icra hakimiyyəti başçısına aid edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasının qanunsuz olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, əvvəla mülkiyyət hüququ haqqında şəhadətnamədə İddiaçı adı olsa da, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 692 saylı 10.09.2021-ci il tarixli sərəncamında “Araz” firması, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında isə “Araz şirkəti”nin qeyd olunması ilə bağlı apellyasiya baxışı zamanı aparılan araşdırmalar zamanı məlum oldu ki, İddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 692 saylı 10.09.2021-ci il tarixli sərəncamı verilən dövrdə həm sözügedən qeyri-yaşayış sahəsinin (“Pitixana” kafesinin) mülkiyyətçisi olmuş, həm də “Araz” firmasının direktoru olmuşdur, icra hakimiyyəti orqanına müraciətini həmin firmanın adından etdiyi üçün adı çəkilən sərəncamda və istismara qəbul aktında “Araz” firması və “Araz ”şirkətinin adı qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı təqdim edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının 692 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamında düzəliş olunması barədə 238 saylı 01 oktyabr 2021-ci il tarixli sərəncamdan görünür ki, 692 saylı 10.09.2001-ci il tarixli sərəncamda ”Araz” firması və 18.07.2002-ci il tarixli Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında “Araz” şirkəti sözlərinin “vətəndaş İddiaçı qızı” kimi oxunması qərara alınmışdır. Sonuncu verilən 01.10.2021-ci il tarixli sərəncamda onun müvafiq icra hakimiyyətləri tərəfindən düzəlişlərin aparılması üçün əsas olduğu da qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının icra hakimiyyəti orqanına müraciətinin “Araz” firmasının adından verilməsini texniki səhv kimi qəbul edir və hesab edir ki, tikintiyə icazə sərəncamı və istismara qəbul aktı məhz iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı verilmişdir. Bundan əlavə, cavabdehin imtina məktubunda qeyri-yaşayış binasına dair eskiz layihənin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmadığı və torpaq sahəsinə dair sənədin əlavə olunmadığı göstərilmişdir. Bu barədə Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş “Pitixana” kafesinin sökülüb yerində yeni tikilinin inşa edilməsinə 10.09.2001-ci il tarixdə verilmiş icazə sərəncamında yeni tikintinin layihəsinin rayonun memarı ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılması göstərilmiş və işdə olan qeyri-yaşayış binasına dair eskiz layihədən görünür ki, həmin layihə rayon icra hakimiyyətinin memarı H.Vəliyev ilə 08.08.2001-ci ildə razılaşdırılmış və onun tərəfindən imzası ilə təsdiqlənmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli 16 iyun 1999-cu il tarixli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş (6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanla ləğv edilmişdir) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 31-ci maddəsinin 1-ci hissəsində rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdi. Sonradan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə» təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli 16 iyun 1999-cu il tarixli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Kollegiya nəzərə alır ki, iddiaçıya məxsus tikilinin sökülüb yerində yeni tikilinin inşa edilməsinə icazə verilərkən (2001-ci ildə) Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli 16 iyun 1999-cu il tarixli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə» (6 iyun 2012-ci ilədək) qüvvədə olmuş və həmin Əsasnamənin tələbinə görə tikilinin eskiz layihəsinin şəhər rayon icra hakimiyyətinin memarı ilə razılaşdırılması nəzərdə tutulurdu ki, bu tələbə də hazırki işdə əməl olunmuşdu. Odur ki, cavabdeh inzibati orqanın iddiaçıya məxsus tikintinin eskiz layihəsinin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmadığına istinad etməsi əsassızdır. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçının daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi tikintinin altındakı torpaq sahəsi ilə bağlı sənədin təqdim olunmadığını bildirir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına reyestrdə qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış binasının yerində əvvəllər mövcud olmuş tikili “Pitixana” kafesi kimi onun mülkiyyətində olmuş və həmin tikiliyə aid texniki pasportda tikilinin yerləşdiyi 176,8 kv.m. torpaq sahəsi də əks olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanlarına hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olmuş “Pitixana” kafesinin altındakı torpaq sahəsi həmin daşınmaz əmlakın texniki pasportunda (1997-ci ildə tərtib edilmişdir) qeyd olunduğundan iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ mövcuddur və buna görə də iddiaçı hələ 2001-ci ildə rayon icra hakimiyyətinin memarı ilə razılaşdırılmış eskiz layihə əsasında həmin dövrdə icazə sərəncamına əsasən inşa etdiyi tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər- “Pitixana” kafesinə aid mülkiyyət hüququ haqqında şəhadətnamə, tikintiyə icazə sərəncamı, rayon icra hakimiyyətinin memarı ilə razılaşdırılmış layihə, istismara qəbul aktı “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən mötəbər sənədlər hesab olunduğu üçün həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə uyğun olaraq həmin ünvanda 2001-ci ildə inşa edilmiş qeyri-yaşayış binasının iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas verir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “tikintialtı sahənin 368.4 kv.m olması” barədə dəlilinə, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi qeyd olunan dəlillə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə bir daha təsdiq olundu ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının tələb etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin digər- Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi barədə dəlilinə gəldikdə isə Kollegiya hesab edir ki, bu dəlil də cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunub, ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün 2-1(112)- 3310/2021 saylı 08 fevral 2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3310/2021 saylı 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Emin Mehdiyev Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar