Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1596/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən adına verilmiş xx.xx.2019-cu il tarixli, B19 №-li 106418 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu il tarixdə Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun “Maliyyə və Kredit” ixtisasını bitirmişdir. Bu barədə B19 № 106418 saylı müvafiq diplomu almışdır. Diplomunu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirlyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Cavab məktubunda həmçinin Nazirlər Kabinentinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Göstərilənlər və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə tövsiyələr”in V hissəsini və izahedici memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən adına verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 106418 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı göstərilmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. O, 4 il müddətində qiyabi təhsil almışdır. Təhsil aldığı müddətdə bütün imtahanları özü vermişdir. Rus dilini və ixtisasını yaxşı bilir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən iddiaçının aldığı təhsilin məzmununun Azərbaycan Respublikası Dövlət Təhsil Standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəsslərindən ibarət ekspert qrupu yaradılır. Qeyd edilən Qaydaların 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, X4 təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert qrupu tərəfindən həmçinin X4 aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesfik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini ve.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in 37-b bəndinə əsasən “Proqram elementlərinin müqayisəsi, yalnız nəticələrinin tanınması üçün zəruri şərt kimi deyil, nəticələrin müqayisəsi və gələcək fəaliyyətlərə giriş baxımından təhlil edilməlidir”. Ekspert rəyinə əsasən, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 4 il müddətinə qiyabi təhsil almış, təhsil aldığı müddətdə bütün imtahanları özü vermiş, eyni zamanda ixtisasını da mükəmməl dərk etmiş, qavramışdır. Bununla bağlı ekspertiza keçirilərsə bu müəyyən olunar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq, izahatında bildirdi ki, diploma əlavədə tədris dili ukrayna dili qeyd edilsə də, universitetdə faktiki olaraq xarici tələbələrə dərslər rus dilində tədris olunurdu. Cavabdeh inzibati orqanın ekspert komissiyası da onunla müsahibəni rus dilində aparmışdır. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi- vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun hüquqi məsələlərə dair izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının diploma əlavəsində tədris dili ukrayna dili kimi qeyd edilsə də, bəlli olan haldır ki, xarici tələbələr Ukrayna Respublikası ərazisində mövcud olan ali təhsil müəssisələrində rus dilində təhsil aldıqlarından, həmin tələbələrlə müsahibələr zamanı ixtisasın mənimsənilməsi üçün tədris dili kimi rus dilinin bilmə səviyyəsi yoxlanılmışdır. İddiaçı ilə iki dəfə ekspert komissiyası tərəfindən müsahibə aparılmış, rus dilində biliyinin elementar səviyyədə olduğu müəyyən edilmiş, ixtisasın mənimsənilməsi üçün tədris dili kimi rus dilinin bilmə səviyyəsi qənaətbəxş hesab edilməmişdir. Məhkəmə kolelgiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, İddiaçı təhsil forması qiyabi, təhsil müddəti 4 il, tədris dili ukrayna dili olmaqla Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunda təhsil almış və ona Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən qeydiyyat nömrəsi B19 № 106418 olan, xx.xx.2019-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentliyi barədə şəhadətnamə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, ekspert qrupu tərəfindən araşdırma zamanı İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması həvalə edilmiş, təkrar müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. -27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in: - 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: - Ukrayna Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnsitutu tərəfindən verilmiş qeydiyyat nömrəsi B19 № 106418 olan, xx.xx.2019-cu il tarixli bakalavr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi (240.00 ECTS), təhsil müddəti 4 il, tədris dili ukrayna dili olmaqla 2019-cu ildə Kiyev Milli Ticarət- İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tam kursu bitirmiş, ona “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Qeyd olunan diplom Ukrayna Respublikası səlahiyyətli orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə apostil olunmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Ukraynanın Kiyev Milli Ticarət-iqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutunda “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı rus dilini bilməsi səviyyəsi haqqında 24 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, X4 rus dilində lüğət ehtiyatının məhdud olması, ona verilən sualları həm şifahi, həm də yazılı şəkildə natamam və məhdud şəkildə cavablandırması, onun xarici dildə nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi sonuncunun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. X4 tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun gəlir ki, bu da ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçı ilə keçirilmiş ekspertiza ilə bağlı video disklərə baxış keçirilmişdir. Bundan başqa, iddiaçının Ukrayna Respublikası Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunda təhsil aldığı tədris dilini (rus dili) bilmə səviyyəsinin yoxlanılması məqsədilə Bakı Slavyan Universitetinin mütəxəssisi məhkəməyə dəvət edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Bakı Slavyan Universitetinin Praktiki rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi X3 iddiaçı ilə sual-cavab şəklində müsahibə keçirmiş, nəticədə öz izahatında bildirmişdir ki, İddiaçı özü haqqında qramatik səhvlərlə məlumatlar verə bilir, lakin ixtisası ilə bağlı məlumat verə bilmir. Onun rus dili biliyi elementar səviyyədədir (audio-video yazı iş materiallarına əlavə edilib). Həmçinin, iş materiallarına əlavə olunmuş İddiaçı rus dili üzrə bilik səviyyəsinin yetərli olub-olmaması barədə Bakı Slavyav Universitetinin mütəxəssisi baş müəlliməsi X1 tərəfindən verilən rəyə əsasən, İddiaçı rus dili üzrə bilik səviyyəsini müəyyən etmək məqsədi ilə onun üçün 3 mərhələdən ibarət müsahibə keçirilmişdir. İddiaçı tədris dilini (rus dilini) bilik səviyyəsi qənaətbəxş hesab olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı da iddiaçının təhsil aldığı dili bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının rus dilini bilməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan göründüyü kimi xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-328/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1596/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1596/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver