Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1596/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1163/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 57 yaşının tamam olduğu 25 sentyabr 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Onun 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 25 ildən çox, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə isə iş stajı 12 il 6 aydan çoxdur Cavabdeh iddiaçının məhkəməyə qədər ilkin müraciətinə əsassızolaraq xx.xx.2022ci il tarixli, **********4 nömrəli cacavb məktubu ilə itmtina edərək bildirmişdir ki,qanunvericiliyə görə 44600 manat məbləğində pensiya kapitalı tələb olunduğu halda iddiaçının fərdi hnsabının sığorta hissəsində həmin miqdarda pensiya kapitlı cəmi 35.219,14 manat təşkil edir. Çünki, həmin dövrdə minimum pensiya kapitalı anlayışı mövcud olmamışdır. ...” İddia ərizəsi cavabdeh tərəfindən etirazla qarşılanaraq aşağıdakılarla əsaslandırılmışdır: “...19 avqust 2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış «pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 35219,14 manat təşkil edir. Həmçinin, İddiaçıa ünvanlanan xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1163/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan əsassızdır. Belə ki,57 yaşımın tamam olduğu 25 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün mənim 01 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajım olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə çalışmışdır. Onun isə 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 25 ildən çox, əmək şəraitli xüsusilə zərərli və ağır olan işlərdə isə iş stajım 12 il 6 aydan çoxdur. Həmin staj əmək kitabçama əsasən aşağıdakılardan ibarətdir:
1. xx.xx.1977-xx.xx.1978 - 2-ci və 3-cü dərəcəli çilingər - Qafqazenerji quraşdırma;
2. xx.xx.1984 - Mühəndis - Qafqazenerji təmir;
3. xx.xx.1986 – Usta – Qafqazenerji təmir;
4. xx.xx.1987 - 2-ci dərəcəli Mühəndis – Qafqazenerji təmir;
5. xx.xx.1989 - 2-ci qrup usta – Qafqazenerji təmir;
6. xx.xx.1990 - Qazanxana istehsalı sahəsinin müdiri – Qafqazenerji təmir;
7. xx.xx.1991 - KSQT müdiri – Qafqazenerji təmir;
8. xx.xx.1993 - Mühəndis müavini - Qafqazenerji təmir;
9. xx.xx.1993-xx.xx.1999 - İş icraçısı - Abşeron Quraşdırma İdarəsi;
10. xx.xx.1999- xx.xx.2000 - Aparıcı mühəndis - AzEnerjinəzarət;
11. xx.xx.2000 - Müfəttiş – AzEnerjinəzarət;
12. xx.xx.2002 - Müfəttiş – AzEnerjinəzarət;
13. xx.xx.2004-xx.xx.2005 - Aparıcı məsləhətçi – AzEnerjinəzarət.
Bakı İnzibati Məhkəməsi qəbul etdiyi qərarında özü qəbul edir ki, 01 yanvar 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minənə qədər mənim ümumi stajım artıq 27 il 7 ay 2 gün təşkil edirdi. Deməli mənə, iddiaçı qismində münasibətdə mənə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan birinci şərti ödənilir. Lakin bununla yanaşı birinci instansiya məhkəməsi 01 yanvar 2006-cı il tarixədək mənim cəmi 6 il 8 ay 25 gün güzəştli iş stajım mövcud olması barədə qənaətə gəlmişdir. Bakı İnzibati Məhkəməsi işlədiyim vəzifəmin mühəndis adlandırılması ilə kifayətlənərək, faktiki yerinə yetirdiyim funksiyalarımın və görüdyüm faktiki işlərin xarakterini aydınlaşdırmadan, reallıqda hansı şəraitdə işləməyimi öyrənmədən və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına uyğun olaraq əlavə sübutları toplamadan və sorğu etmədən formal qiymətləndirmə ilə nəticəyə gəlmişdir. Məhkəmə iddiamı təmin etməkdən imtina edərkən hüquqi əsası kimi aşağıdakılara istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraitli zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı»ya istinad edərək, həmin Siyahı ilə mühəndis vəzifəsinin deyil, usta vəzifəsinin nəzərdə tutulduğunu, həmin vəzifələrin eyni əmək funksiyasını yerinə yetirməsinin müəyyən edilmədiyini nəzərə aldığını qeyd edərək, mənim yalnız 01 dekabr 1986-cı - 01 aprel 1987-ci illərdə işlədiyim usta vəzifəsini güzəştli iş stajı kimi qəbul etmiş, hansı ki, həmin dövr 4 ay 1 gün təşkil edir. Halbuki, "xxxx" MMC-nin arayışına əsasən mənim 03 sentyabr 1984-cü - 01 aprel 1987-ci illərdə «Qafqazenerjiquraşdırma Tresti»in sazlama, quraşdırma idarəsində mühəndis və usta vəzifələrinin 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda göstərilən «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurması, texniki təchizatı, bərpası və təmiri»tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun gəldiyini göstərilmişdir. Məhkəmə isə, kifayət qədər ətraflı araşdırmanı aparmadan məhkəməyə təqdim edilən arayışlarda əmək stajımın xüsusiyyətləri ilə bağlı mövcud olan və həqiqəti əks etdirən məlumatları «uyğunlaşdırma» kimi qəbul etmişdir…”
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili məhkəməyə verdikləri izahatlarında bildirmişlər ki, iddiaçı mühəndis, sahə rəisi, iş icraçısı işləmişdir. Mühəndis də sahələrdə olub, zərərli işlər və hallarla təmasda olmuşdur. İddiaçının 40 il stajı var və 27 ilini 2006-cı ilə kimi işləmişdir. İddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ikinci şərti, azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, iş materialları üzrə iddiaçının şəxsiyyət vəsiqəsinin (AZE 0*******) məlumatlarına əsasən xx.xx.1960-cı il tarixdə anadan olduğu nəzərə alınmaqla, onun xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olur. «Əmək pensiyaları haqqında» Qanunun həmin vaxt qüvvədə olmuş 9.1-ci maddəsi isə nəzərdə tuturdu ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Konkret halda iddiaçının 57 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi nəzərə alındıqda, onun bu tələbinə münasibətdə Qanunun sözgedən norrmasının 1 iyul 2017-ci il tarixə qədər redaksıyisınd nəzərədə tutulan şərtlər ödənilməlidir ki, həmin yaş həddindən ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün olsun. Belə ki, Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan tələbəlrindən göründüyü kimi, şəxsin xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi, 12 il 6 ay güzəştli pensiya hüququ verən stajı olmalıdır ki, ona 57 yaşından pensiya təyin olunması mümkün olsun. Konkret halda isə iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə 25 ildən çox ümumi stajı mövcudolsa da, həmin tarixə onun azı 12 il 6 ay xüsusi staja malik olması müəyyən edilmir. Belə ki, işə əlavə olunmuş 013316 nömrəli diplomunun və İT-İ № ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən müəyyən olunur ki, aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1977-xx.xx.1978: Qafqazenerjiquraşdırma trestinin Mingəçevir enerjiquraşdırma idarəsində 2-ci və 3-cü dərəcəli çilingər –10 ay 27 gün; xx.xx.1978-xx.xx.1984: M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda (gündüz şöbəsində) təhsil – 5 il 11 ay 17 gün; xx.xx.1984-xx.xx.1986 "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsinə mühəndis – 2 il 2 ay 28 gün; xx.xx.1986-- xx.xx.1987: həmin qürumda usta – 4 ay; xx.xx.1987 - xx.xx.1989:həmin qürumda mühəndis – 2 il 24 gün; xx.xx.1989-xx.xx.1990 “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat müəssisəsində usta –1 il 4 ay 5 gün xx.xx.1990-xx.xx.1991: BQŞ Qazanxana istehsalı sahəsinin müdiri – 7 ay; xx.xx.1991 - xx.xx.1993: həmin qürumda QMİ baş mühəndisin müavini- 1 il 10 ay 1 gün xx.xx.1993-xx.xx.1993: QMİ direktor müavini – 7 ay 21 gün; xx.xx.1993-xx.xx.1999: Abşeron Quraşdırma İdarəsinə böyük iş içraçısı – 5 il 5 ay 25 gün; xx.xx.1999 - xx.xx.2000: “Azerenerji” SC-nin Enerjinəzarət İdarəsində İstehsalat texniki şöbəsində aparıcı mühəndis – 1 il 23 gün; xx.xx.2000- xx.xx.2002: Enerjimüfəttişlində müfəttiş – 1 il 10 ay 16 gün; xx.xx.2002-xx.xx.2004: Bakı şöbəsində müfəttiş – 1 il 7 ay 29 gün; xx.xx.2004-xx.xx.2005: həmin vəzifə Bakı sektorunun məsləhətçi-müfəttiş vəzifəsinə uyğunlaşdırılmışdır – 8 ay 2 gün;, xx.xx.2005-xx.xx.2006: Enerji müfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sektorunun aparıcı məsləhətçi-müfəttiş – 11 ay 28 gün; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir: 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a—14612-polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar 2290000b-b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 -yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441 -iş icraçıları 21400000- Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000b - b) rəhbərlər və mütəxəssislər 2140000b—22460 - turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər 2140000b—23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama 2140000b—23398- qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları 2140000b—24125- qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir.
Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nına əsasən:
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı b) rəhbərlər və mütəxəssislər: qazanxana sexlərinin rəisləri və onların müavinləri avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar- qaz turbini) yanacaqötürmə, tozhazırlama)
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, odadavamlı materialla işləyənlər, mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar iş icraçıları İşə əlavə olunmuş Frigo Group” MMC iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək "Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir enerjiquraşdırma idarəsində 2-ci və 3-cü dərəcəli çilingər vəzifəsində işlədiyi dövrün polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və odadavamlı materialla işləyənlər vəzifəsinə uyğun gəldiyini bildirmişdir. Eyni zamanda, işdə olan Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli 0l nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı: - “...həqiqətən “Qafqazenerji- quraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsinə xx.xx.1977-ci il tarixdə (əmr 52k, xx.xx.1977-ci il) 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul olmuş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir (əmr 150k, xx.xx.1978-ci il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarlarına uyğun (********. XXVİİ.Bina, qurğu və digər obyektlərin inşaaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: Kodu 2290000a- 14612-polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar (ağır metallurgiya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış İddiaçı əmək kitabçasına əsasən tərtib edilmişdir...” İddiaçının isə əmək kitabçasının yuxarıda araşdırılan qeydlərindən isə göründüyü kimi, onun çilingər kimi güzəştli iş stajı 10 ay 27 gün olmuşdur. Digər tərəfdən, "xxxx" MMC arayışında, həmçinin, iddiaçının "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsində xx.xx.1987-xx.xx.1989-cu illərdə işlədiyi Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarının qurulması üzrə 2-ci dərəcəli mühəndis vəzifəsi və onun xx.xx.1990-xx.xx.1991-ci illərdə BqŞ Qazanxana istehsalı sahəsinin müdiri, xx.xx.1991-xx.xx.1993-cü illərdə KSQT-nin müdiri, xx.xx.1993-xx.xx.1993-cü illərdə QMİ baş mühəndisin müavini və xx.xx.1993- xx.xx.1993-cü illərdə QMİ direktor müavini kimi işlədiyi vəzifələri Siyahıda Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı - qazanxana sexlərinin rəisləri və onların müavinləri və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğunlaşdırsa da, əmək kitabçasınının qeydlərində həmin dövrdə nə qazanxana sexinin rəisi və ya onun müavini, nə də avadanlığın yerində təmiri üzrə usta olduğu müəyyən olunmur. Həm də qeyd olunan siyahıda həmin sahə üzrə yalnız turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər nəzərdə tutulmuşdur ki, iddiaçı həmin kateqoriyadan mühəndis olmamışdır. Belə olan halda da, "xxxx" MMC arayışında göstərilən uyğunlaşdırma qanunvericiliyə uyğun hesab olunması və həmin dövrləri iddiaçının güzəştli iş stajı kimi qəbul edilməsi istisna olunur. Bundan əlavə, MMC-nin iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Abşeron Quraşdırma İdarəsində böyük iş icraçısı vəzifəsində işlədiyi dövrün 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda göstərilən 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - iş icraçıları vəzifəsinə uyğun olduğunu bildirmişdir. Odur ki, onun "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsində usta kimi işlədiyi 4 ay və Abşeron Quraşdırma İdarəsinə böyük iş içraçısı kimi işlədiyi dövr (5 il 5 ay 25 gün) qeyd olunan Siyahıdıa təsbit olunduğu nəzərə alınmaqla, güzəştli stajı kimi qəbul edilir. Beləliklə də, iddiaçının əmək kitabçasının xx.xx.2006-cı ilə qədər olan qeydləri üzrə toplanan 27 il 8 ay 11 gün iş stajının yalnız, çilingər kimi 10 ay 27 günü, usta kimi 4 ayı, iş icraçısı kimi 5 il 5 ay 25 günü, cəmi 6 il 8 ay 23 günü güzəştli pensiya hüququ verən işlərə aid edilir. Belə olan halda, xx.xx.1960-cı il tarixdə anadan olmuş və xx.xx.2017-ci il tarixdə 57 yaşı tamam olmuş iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin tarixədə qüvvədə olan redaksiyasına və həmin Qanunun 9.8-ci maddəsi baxımından, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulan şərtlər (ikinci şərt), yəni, onun 2006-cı ilədək azı 12 il 6 ay güzəştli pensiya hüququ verən stajı mövcud olmadığına görə ödənilmədiyindən 57 yaşından yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Odur ki, cavabdeh tərəfindən qeyd olunan yaşdan ona pensiya təyin olunmasından imtina olunması onun hüquqlarını pozması kimi qiymətləndrilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbi də məhz onu nəzərədə tutur ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddia rədd olunmuşdur. Başqa sözlə, məhkəmə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1163/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1163/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.