Məhkəmə qərarları › İş №2-1(103)-1597/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1597/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1597/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Sadıqov Vahid Nəriman oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2080/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2080/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmədiyi və təqsiri təsdiq edildiyi üçün vurulmuş maddi və mənəvi zərərin əvəzi 10 498 (on min dörd yüz doğsan səkkiz) manat məbləğində vəsaitin şəhid ailəsinə ödənilməsi və 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən ona hər ay 12 (on iki) manat müavinət ödənilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X1 6 may 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Həmin vaxtdan bu günə kimi o şəhid ailəsi kimi dövlət tərəfindən ayrılmış vəsaiti alır. Lakin ona məlum olub ki, həmin vəsaitdən əlavə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən şəhid ailəsi üzvlərinin hər birinə 12 manat məbləğində müavinət təyin edilmişdir. Həmin fərmandan xəbəri olmadığı üçün eləcə də, aidiyyəti orqanlar ona bir şəhid ailəsi kimi xəbərdar etmədiyinə və həmin vəsaiti onlara ayırmadıqlarına görə o və ailə üzvləri bu günə kimi həmin müavinəti almamışdır. Şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi ilə əlaqədar bütün proseslər Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəf - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Cavabdeh tərəfin təqsiri üzündən o və onu ailə üzvləri bu hüquqdan məhrum olub maddi və mənəvi zərər çəkmişdir. Eyni zaman da bu qanunsuzluqların Nəsimi rayonunda yüzlərlə şəhid ailəsinin başına gətirilməsi təsdiq olunmuşdur. Belə ki, o həmin quruma şifahi müraciət edərkən ona bildirirdilər ki, şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi ilə əlaqədar prezidentin fərmanı mövcud deyil. Belə olan halda “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını təqdim etmiş, bundan sonra qanun pozuntusuna yol vermiş Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi ona ancaq 3 illik vəsaiti ödəməyə hazır olduğunu bildirmişdir. O isə ondan imtina edərək ona və ailə üzvlərinə dövlət tərəfindən ayrılmış vəsaiti tam həcmdə ödənilməsini tələb etmişdir. Qeyd edilən Fərmana əsasən, 2002-ci ildən bu günə kimi (oktyabr 2020-ci il) ona 18 il və 10 ayın, böyük oğluna 5 ilin, kiçik oğluna isə 14 ilin müavinəti ödənilməlidir. Nəzərə alınsa ki, 1 ilin müavinəti 144 (yüz qırx dörd) manatdır və ona 2712 (iki min yeddi yüz on iki) manat, Yusifov Nicata 720 (yeddi yüz iyirmi) manat, Yusifov Nihata isə 2016 (iki min on altı) manat, cəmi maddi ziyana görə 5 448 (beş min dörd yüz səksən səkkiz) manat ödənilməlidir. Şəhidin atasına olan 1584 (min beş yüz səkkən dörd) manat və anasına isə 576 (beş yüz yetmiş altı) manat vəsaiti onların rəhmətə getməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna bağışlayır. Bundan başqa iddia qaldırmaq üçün sənədlərin notarial təsdiqinə əlavə 50 manat xərci çıxmış, həmçinin, şəhid ailəsinə mənəvi zərər dəymişdir. Belə olan halda maddi və mənəvi zərərin əvəzi olaraq 10498 manat məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2080/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DSMF əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, cavabdeh tərəfin təqsiri üzündən 19 il müddətində o və övladları müavinət almaq hüququndan məhrum olub, maddi və mənəvi ziyan çəkmişdir, digər növ sosial müavinət və ya əmək pensiyası almadığı halda aylıq müavinətdən də məhrum olmuşdur. Məhkəmənin qərardadında qeyd edilir ki, övladların mülki hüquq qabiliyyətli olduqları üçün onun onların adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Hesab edir ki, hər hansı bir dövlət orqanının məsuliyyətsizliyi, Konstitusiya və qanunvericiliyin tələblərinə əməl etməməsi, şəhid adına olan hörmətsizlik, şəhid ailəsinin taleyinə biganəlik nəticəsində konkret dəymiş 2712 manat məbləğində maddi ziyan (368 manat ödənilmişdir) və 5000 manat məbləğində mənəvi zərər barədə qərar qəbul edilməlidir. İddiaçı Bakı İnzibati məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2080/2021 saylı qərardadın və qərarın ləğv edilməsini, ola dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçının hazırda araşdırılan tələbi iddiaçıya maddi zərərin əvəzi olaraq 2002-ci ildən 27.01.2018-ci ilədək ödənilməli olan müavinətin ödənilməsi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən ona hər ay 12 manat müavinətin təyin edilməsi ilə bağlıdır. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” 26 dekabr 2001- ci il tarixli 613 nömrəli Fərmanı təşkil edir. Həmin Fərmana əsasən şəhid ailəsi üzvlərinin hər birinə - 40,0 min manat (8 manat) məbləğində aylıq müavinət təyin edilmiş, 23 avqust 2005-ci il tarixli 282 nömrəli Fərmanı ilə edilmiş dəyişiklə həmin məbləğ artırılaraq 60,0 min manat (12 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya ünvanlanmış 23 sentyabr 2020ci il tarixli **********9 nömrəli imtina məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, "Sosial müavinatlar haqqında. Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranır.Yuxarıda qeyd edilənlərə əsasən tələb olunan sənədləri - şəxsiyyət vəsiqəsinin surətini, şəhid statusunun təsdiq edən sənədin surətini, şəhidin ölüm haqqında şəhadətnaməsinin surətini, nigah haqqında şəhadətnamənin surətini, şəhidin dul arvadının yeni nigaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon qeydiyyat şöbəsindən arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Nəsimi rayon xidmət nümayəndəliyinə təqdim edildikdən sonra sizin sözügedən müavinət hüququnuzun olub- olmamasına yenidən baxılacaqdır. Məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 27.01.2021-ci il tarixdə “şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə” müavinət təyin edilməsi üçün Mərkəzi filiala müraciəti daxil olmuşdur. İddiaçı müraciəti təmin olunmuş və ona “sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı yarımbəndinə uyğun olaarq 12 manat məbləğində “şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə” müavinət təyin edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya 2002-ci ildən bəri ödənilməli olan lakin ödənilməmiş maddi zərərin tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən sosial müavinətin ödənişi ilə bağlı 27.01.2021-ci ildə müraciət ərizəsi təqdim etmiş, ondan əvvəl isə müavinətin ödənilməsi barədə yazılı ərizə ilə rəsmi müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2002-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 17 iyun 2006-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, şəhid ailəsi üzvləri pensiyaçı olmadıqda aylıq müavinətlər onlara şəhid ailəsi vəsiqəsi və ərizələri əsasında 2002-ci il yanvarın 1-dən, lakin aylıq müavinət almaq hüququnun yarandığı gündən tez olmamaqla, yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hesablanır. Müraciət edildiyi vaxtdan üç gün ərzində ödəniş müəssisəsinə tapşırıq vərəqəsi göndərilməklə aylıq müavinətin ödənilməsi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikasında müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, şəhid ailəsi üçün nəzərdə tutulmuş müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0,1,6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05.02.2021-ci il tarixli qərarı ilə İddiaçı sosial müavinətin təyin edilməsinə dair müavinət işi təqdim edilmişdir. Müavinət işindən aydın görünür ki, İddiaçı 27 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən 27.01.2018-ci ildən 31.12.2020-ci il tarixədək aylıq 12 manat olmaqla müavinət təyin edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ““Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 31 dekabr 2020-ci il tarixli 1223 nömrəli Fərmanına əsasən beşinci abzasdan “,şəhid ailəsi üzvlərinin hər birinə” sözləri çıxarılmışdır. Göründüyü kimi, hazırda qüvvədə olan Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” 26 dekabr 2001- ci il tarixli 613 nömrəli Fərmana əsasən şəhid ailə üzvlərinə bu Fərmanda qeyd edilən sosial müavinətin ödənilməsi 01 yanvar 2021-ci il tarixdən nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçıya müvafiq müraciəti əsasından 27.01.2018-ci ildən 31.12.2020-ci il tarixədək aylıq 12 manat olmaqla müavinət təyin edildiyindən, həmçinin, 31 dekabr 2020-ci il tarixindən müvafiq sosial müavinətin ödənilməsinin qanuni əsası mövcud olmadığından hazırda sosial müavinətin təyin edilməsi iddia əsassızdır, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına əsas vermir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-2080/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar