Məhkəmə qərarları › İş №2-1(103)-1597/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1597/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1597/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X1rşı “cavabın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-1(112)-4292/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14- 17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 35 ildən çox istifadəsində olan qarajının üzərində olduğu və 20 il qabaq Pirallahı Bələdiyyəsinin balansına verilmiş 120 kv.m. torpaq sahəsindən istifadəsilə əlaqədar Pirallahı Bələdiyyəsi tərəfindən yol verilən qanunsuzluqlara son qoyulması barədə cavabdeh kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərdiyi ərizə ilə bağlı ona göndərilən imtinanın qanunsuz hesab edilməsi və qanunla əsaslandırılmış cavabının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan binanın birinci mərtəbəsində yaşayır. Yaşadığı mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə yerləşən 120 kv.m-lik torpaq sahəsinin üzərində üstündə həmin ölçüdə tikilən qarajdan hələ SSRİ-nin vaxtından, yəni 35 ildən çoxdur ki, qaraj kimi istifadə edir. 2012-ci ildə İcra Hakimiyyəti tərəfindən onun xəbəri olmadan qarajı sökülərək, yerində ticarət obyekti tikilmişdir. Uzun müddətli yazışmalardan sonra Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı həmin tikilinin əvəzinə başqa yerdə torpaq sahəsi təklif edilmişdir. Qarajın yerləşdiyi torpaq sahəsinin Bələdiyyə torpağı olduğu üçün, xx.xx.2021-ci il tarixində Bakı şəhəri Pirallahı Bələdiyyəsinin sədrinə ərizə ilə müraciət edərək 35 ildən çox istifadəsində olan torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsini təmin etməkdə köməklik edilməsini xahiş etmişdir. Bələdiyyənin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsi, guya Pirallahı Bələdiyyənin balansında deyildir. Lakin işin faktiki hallan ilə təsdiq olunur ki, həmin torpaq sahəsi İcra Hakimiyyətinin deyil, Bələdiyyənin balansındadır. Çünki həmin torpaq sahəsinin ətrafında olan torpaq sahələri olan vətəndaşlar məhz Bələdiyyəyə torpaq vergisi verirlər. Lakin bütün bunlara baxmayaraq, Pirallahı Bələdiyyəsi 35 ildən çox istifadəsində olan torpaq sahəsini adına sənədləşdirmək məqsədilə, vəzifə saxtakarlığına yol verərək, həmin torpağın Bələdiyyənin balansında olmadığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də ona eyni ilə Pirallahı Bələdiyyəsi kimi xx.xx.2021-ci il tarixində tamamilə başqa bir məzmunda cavab vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən ona ərizəsi ilə bağlı göndərilən cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2016-cı il tarixli Fərmanın 1-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır." İşin faktiki hallan ilə təsdiq olunur ki, Cavabdeh tərəfindən ona göndərilən imtina cavabı onun etdiyi müraciətdə göstərilən hallarla bağlı deyildir və ona görə də əsaslandınlmış cavab hesab oluna bilməz. Halbuki "İnzibati icraat haqqında" qanuna əsasən cavabdeh inzibati orqan kimi ona qanunla əsaslandırılmış cavab verməlidir. Cavabdeh kimi qoyduğu inzibati orqan ona əsaslandırılmış cavab vermək üçün 29 iyun 2001-ci ildə qəbul olunmuş "Bələdiyyə torpaqlarının idarə edilməsi" haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə istinad etməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təqdim olunan xəbərnaməyə əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İPM-nin 2.2-ci və 2.2.3-cü maddələrinin tələblərinə əsasən cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-1(112)-4292/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması, əks təqdirdə iş üzrə cavabdehin iştirakını təmin etməklə ədalətli məhkəmə araşdırmalarının aparılması məqsədilə işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, onun cavabdehə müraciəti ona torpaq sahəsinin verilməsi ilə bağlı deyildir. Onun müraciəti 15 ildən çox istifadəsində olan qarajının yerləşdiyi torpaq sahəsinin, bələdiyyə torpağının olub-olmaması barəsində məlumatın verilməsi ilə bağlıdır. Lakin cavabdeh ona göndərdiyi cavabda göstərmişdir ki, 2017-ci ildən torpaq sahəsinin verilməsi bələdiyyələrə qadağan edilmişdir. Dəhşətlisi də odur ki, o, dələlərlə işə baxan məhkəməyə tələbini bildirsə də məhkəmə iddiasının rədd edilməsi barəsində qərar vermişdir. Qərar işin mahiyyəti ilə bağlı olmadığı üçün ləğv olunmalı və iş mahiyyəti üzrə baxılması üçün yenidən Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçı tərəfindən Pirallahı Bələdiyyəsinə ünvanlanan 09 iyul 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı 35 ildən çox istifadəsində olan qarajının üzərində olduğu bələdiyyə torpağının adına sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan Pirallahı Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, torpağın iddiaçının adına rəsmiləşdirilməsi barədə iddiaçının müraciətinə baxılaraq Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən torpaq sahəsinin Pirallahı Bələdiyyəsinin balansında olmadığı, bu səbəbdən də sözügedən torpaq sahəsinin qanunvericilik çərçivəsində iddiaçının adına rəsmiləşdirilməsinin Pirallahı Bələdiyyəsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan növbəti 14 oktyabr 2021-ci il tarixli, 09/Ş-2015 saylı məktubdan görünür ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: Pirallahı bələdiyyəsindən təqdim edilmiş arayışda müraciətinizlə bağlı bələdiyyəyə dəvət olunduğunuz, sözügedən torpaq sahəsi ilə bağlı tərəfinizdən hər hansı sənəd təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. İzah edilir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-ci il tarixli Fərmanının 1-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1.-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında olan binanın birinci mərtəbəsindəki mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə tikdirdiyi qarajın altında yerləşən 35 ildən çox istifadəsində olan 120 kv.m-lik torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsi üçün Bakı şəhəri, Pirallahı Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubunda torpaq sahəsinin Pirallahı Bələdiyyənin balansında olmadığı əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Yenidən iddiaçının həmin torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinə baxılaraq sözügedən torpaq sahəsi ilə bağlı tərəfindən hər hansı sənədin təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. Sonradan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqdim olunan xəbərnaməyə əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə, torpaq sahəsinin icarə hüququ əsasında ayrılmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana qeyd olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən icarə müqaviləsi, yaxud müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ətraflı araşdırılaraq, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə iddiaçının müraciətinə baxmış və bu barədə əsaslandırılmış cavab artıq vermişdir. Lakin iddiaçı cavabdeh inzibati orqanın ona verdiyi cavabdan qane olmadığı üçün məhkəməyə belə bir tələblə müraciət etmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun cavabdehə müraciəti ona torpaq sahəsinin verilməsi ilə bağlı deyil, onun müraciəti 15 ildən çox istifadəsində olan qarajının yerləşdiyi torpaq sahəsinin, bələdiyyə torpağının olub-olmaması barəsində məlumatın verilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 14 oktyabr 2021-ci il tarixli, 09/Ş-2015 saylı məktubdan görünür ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: Pirallahı bələdiyyəsindən təqdim edilmiş arayışda müraciəti ilə bağlı bələdiyyəyə dəvət olunduğu, sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-1(112)-4292/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar