Məhkəmə qərarları › İş №2-1(103)-1597/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1597/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1597/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-3454/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiaçıların ümumi paylı mülkiyyətində olan sahələrinin (İddiaçı1 18,6 kv.m, İddiaçı2 30 kv.m, İddiaçı3 85,8 kv.m, X1 18,6 kv.m) hər kv.m 2500 manatdan hesablanaraq iddiaçılara kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 1a və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri mülkiyyətçiləri, həmçinin "xxxx" MTK-nin üzvləridirlər. xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə bildiriş paylanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (beş) gün müddətinə hüquqi sənədlərinizlə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur.” Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmış, 23 noyabr 2021-ci il tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuş, 10 dekabr 2021-ci il tarixdə isə binanın elektrik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır. Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m 2.200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2.500 manat pul ödəniləcəyini, ümumiyyətlə sakinlərin razılığının olubolmamasında asılı olmayaraq binanın söküləcəyini bildirmişdirlər. Hal-hazırda mübahisəli çoxmənzilli yaşayış binasının söküntüsü həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar mülkiyyətində olan yaşayış sahələrinə münasibətdə kompensasiyanı ayrı iddia qaldıraraq tələb edirlər. İddiaçılar hesab edir ki, onların təkcə mülkiyyətlərində olan yaşayış sahələrinə deyil, həmçinin ümumi paylı mülkiyyətdə olan digər sahələrə münasibətdə də kompensasiya almaq hüquqları vardır. Kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özüözlüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. Göründüyü kimi dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı mexanizm “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları üzərində qurulmuşdur ki, kompensasiyanın ödənilməsi əmlakın bazar qiymətinin müəyyən edilməsi əhəmiyyət kəsbedici amillərdən biridir. Ümumməlum olan arqumentdir ki, hər yaşayış binasında olduğu kimi - "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcuddur. Həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021 -ci il tarixli 2021 -ci il tarixli ümumi yığıncağının 36 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X12 - 18,6 kv.m (ümumi) İddiaçı2 - 18,6 kv.m (ümumi) + 11,4 kv.m (zirzəmi) İddiaçı3 - 11,4 kv.m (zirzəmi) + 74,4 kv.m (ümumi) X4 - 18,6 kv.m (ümumi) Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proprosional bölgü əsasında ümumi istifadədə olan sahələr paylar şəklində iddiaçılar və digər yaşayış binasının sakinləri arasında bölünmüşdür. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin sahələr ümumi istifadə də olsa da, iddiaçılar həmin sahələrə münasibətdə kompensasiya tələb etmək hüququna malikdirlər. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afıyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Göstərilən sərəncama əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. İddiaçıların iddia tələblərində mübahisələndirdikləri ümumi paylı mülkiyyətdə olan sahələrə dair komissiyaya müraciət olunmamış və şəxsi mülkiyyətdə olan hüquqi sənədlərini təqdim etməmişdirlər. xx.xx.2022-ci il tarixli AN-1 № ******* və ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən iş üzrə İddiaçı3 ilə müqavilə bağlanılmış və iddiaçıya ümumilikdə 92.036 (doxsan iki min manat otuz altı qəpik) kompensasiya onun bank hesabına köçürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-3454/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıların ümumi paylı mülkiyyətlərində olan sahələrə münasibətdə kompensasiyanın ödənilməməsi ilə bağlı cavabdehin hərəkətlərini düzgün hesab edərkən ümumiyyətlə həmin sahələrin onların mülkiyyətində olmadığına əsaslanmışdır. Halbuki, necə ki iddiaçıların mülkiyyətlərində olan sahələrə münasibətdə kompensasiya almaq hüquqları yaranırsa, eləcə də onların paylı mülkiyyətlərində olan sahələrə dair də kompensasiya tələb etmək hüquqları vardır. Mənzil Məcəlləsinin 35.6-cı maddəsinin təhlili zamanı aydın olur ki, həmin maddə özündə çoxmənzilli binanın yaşıllaşdırma-abadlaşdırma məqsədləri ilə sökülməsinə məruz qaldığı məsələlərdə yaşayış binasının ümumi istifadədə olan sahələrin payçılar arasında saxlanılması, sahiblik etməsi, ondan istifadə etməsi və barəsində sərəncam verməsi hüququnu mülkiyyətçilərə vermişdir. Başqa sözlə desək həmin maddə dolayısı yolla söküntü işləri aparıldığı zaman ümumi istifadədə olan sahələrə münasibətdə mülkiyyətçilərə mülkü qanunvericiliyə uyğun olaraq sərəncam verməsi hüququ (misal olaraq kompensasiyanın ödənilməsinin tələb edilməsi) vermişdir. Bu nöqteyi-nəzərindən hesab olunur ki, iddiaçılar necə ki mülkiyyətlərində olan yaşayış sahələrinə, eləcə də onlara ümumi istifadədə olan sahələrdən ayrılmış sahələrə (ümumi paylı mülkiyyətdə olan) münasibətdə kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Bunun üçün isə onların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına zərurət yoxdur. Çünki həmin sahələr yuxarıda göstərilən maddənin normalarından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinə daxil olan və binada birdən artıq sahəyə xidmət edən hissədir. Bu səbəbdən də hesab olunur ki, iddiaçılar yaşayış binasında yerləşən mənzillərin mülkiyyətçiləri olduğundan, həmin yaşayış binasının tərkib hissəsinə daxil olan sahələr onların paylı mülkiyyətindədir. Eyni zamanda qeyd olunmalıdır ki, "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcud olmuş, həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli ümumi yığıncağının 36 Nə-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTKnın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. Həmin bölgü əsasında iddiaçılara kompensasiya ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan etiraz ərizəsində iddiaçılar tərəfindən müraciətin daxil olmadığını qeyd etmiş, lakin iddia ərizəsinin mahiyyəti üzrə əsassız olmasına dair etirazmülahizələr irəli sürmüşdür. Məhkəmə kollegiyası da qeyd edir ki, bu növ iddialar üzrə inzibati orqana müraciət zəruri olsa da, artıq inzibati orqan tərəfindən iddiaya mahiyyəti üzrə münasibət bildirildiyindən, müraciətin olub-olmamasının prosessual qənaət prinsipinə əsaslanaraq araşdırılmasına lüzum yoxdur.İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. -227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. - 1100-cu maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 11150-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. - 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. - 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. - 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. -35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyatdan keçmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a, mənzil 34 xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2, zirzəmi, qaraj 18 qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüquqi ilə X6 adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (15 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (17 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (43 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı 31 mart 2022-ci il tarixli, 01 nömrəli məktubuna əsasən bildirilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrdən əlavə binada ümumi istifadə sahələridə mövcuddur. Bu sahələri MTK üzvləri arasında bölünməsi məqsədi ilə "xxxx" MTK-nın 19 noyabr və 22 noyabr 2021-ci il tarixlərində MTK üzvlərinin ümumi yığıncağı keçirilib. Ümumi istifadə sahələri MTK üzvləri arasında bölüşdürülüb. Ümumi yığıncağın protokollarında və çıxarışların surətləri təqdim edilməklə, həmin sahələrə kompensasiya ödənilməsi xahiş edilmişdir. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli ümumi yığıncağının 36 nömrəli protokolundan çıxarışa əsasən, dövlət tərəfindən köçürülməsi və kompensasiya nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələri vətəndaşların (MTK üzvlərin) mülkiyyətindən əlavə olaraq hər bir mənzil sahibinin və qaraj sahibinin MTK-nın balansında olan 718,0 kv.m binada və 126,0 kv.m zirzəmi mərtəbəsində ümumi istifadə sahələri mövcuddur. Proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağı qərar verir ki, vətəndaşlara ümumi istifadə sahəsindən pay verilsin. Bu pay mənzilin tərkib hissəsidir və bu paya görə dövlət tərəfindən kompensasiya verilməlidir. "xxxx" MTK üzvlərinin 14 dekabr 2021-ci il tarixli ümumi yığıncağının 68 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 1 a ünvanında yerləşən X7 məxsus olan binada ümumi istifadə payından – 70 kv.m, binanın hasar içində həyətinin sahəsi – 74,4 kv.m, zirzəmidə istifadə sahəsi – 11,4 kv.m qaynanası İddiaçı3 adına keçməsinə etiraz edilmir. "xxxx" MTK-nın “Bakı şəhəri Xətai rayon Yusif Səfərov 1 a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının ümumi istifadə sahələri barədə” 14 mart 2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən, mənzillərin giriş qapılarının qabağı sahə - 23,94 kv.m, mərtəbə sayı -8 ümumi 191,52 kv.m, liftlər, pilləkənlar, kommunikasiya şaxtaları, lift qabağı sahələr, koridorlar – 47,86 kv.m (7,7 x 6,2), mərtəbə satı – 11 ümumi 526,48 kv.m. Ümumi istifadə sahələri (zirzəmi xaric) – 718 kv.m, zirzəmi (yeraltı qarajlar) ümumi sahəsi 522 kv.m, qarajlar sahəsi 396 kv.mr (22 ədəd 18 kv.m). Qarajların ümumi istifadə sahəsi 126 kv.m. Məhkəmə sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə ünvaladığı 9 may 2023cü il tarixli, 3-35-1/2-1152/2023 saylı cavab məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 134 saylı sərəncamı ilə tiktintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Sənədlərin surətinin verilməsi barədə” cavab məktubuna əsasən, "xxxx" MTK tərəfindən ünvan 6 ünvanında inşa edilən binaya dair istismara qəbul aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 689-cu məhəllədə yaşayış evi və sərgi salonuna dair Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsi DBLİ “Azərdövlətlayihə” təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş etiraza dəlil qismində AN-İ ******* nömrəli, 23 iyul 2022-ci il tarixli və AN-İ ******* nörməli, 23 iyul 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satı müqavilə”ləri, Bakı şəhər İcra Hakimiyyəti başçısının 278 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı, Xətai rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamdan çıxarış məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirmişdir. Göstərilən sərəncama əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Hal-hazırda mübahisəli yaşayış binası sökülmüşdür. Hazırki tələblərində iddiaçılar mülkiyyətlərində olan yaşayış sahələrinə deyil, ümumi paylı mülkiyyətdə olmasına istinad etdikləri digər sahələrə (718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr) münasibətdə kompensasiyanın verilməsini tələb edirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddiaçılar ümumi paylı mülkiyyətdə olmasına istinad etdikləri digər sahələrə münasibətdə kompensasiya tələb edərkən "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli ümumi yığıncağının 36 nömrəli protokoluna istinad edərək qeyd edirlər ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir, odur ki, həmin bölgü əsasında iddiaçılara kompensasiya ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya qeyd edir ki, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarından görünür ki, ümumi paylı istifadədə olan sahələr üzrə paylar məhz söküntü barədə sərəncam icra edilən zamanı mükiyyətçilər arasında bölüşdürülmüşdür. Ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsi ilə bağlı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarı iddiaçıların mülkiyyətində olmayan, yaşayış binasının ümumi istifadədə olan sahələrinə münasibətdə onlara kompensasiya ödənilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun -1.1.1-ci maddəsinə əsasən alınma dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. -4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -70.6-cı maddəsinə əsasən alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, qanunvericilik torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyanın ödənilməsini kompensasiya iddiasında olan şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarının olması və bu hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış olması ilə şərtləndirmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materiallarından görünür ki, iddiaçıların kompensasiyanın ödənilməsini tələb etdikləri ümumi istifadə olunan sahələrə dair hüquqları iddiaçıların adına dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh inzibati orqanın hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçılara vurulmuş zərərin ödənilməsi öhdəliyi yaranmamışdır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-3454/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar