Məhkəmə qərarları › İş №2-1(103)-1598/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1598/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1598/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1130/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-1995-ci illərə olan dövr üzrə Bakı Dövlət Universitetində təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb nəzərə almaqla və xx.xx.1993-xx.xx.1995-ci illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində işlədiyi müddətin xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 6 ay stajına malik olmasını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1983-cü ildə başlamış və 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır. xx.xx.1993-xx.xx.1995-ci illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iclas katibi vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildə Ədliyyə Nazirliyi MQİBİ-nin Binəqədi Rayon Ədliyyə Polis Bölməsində inspektor vəzifəsinə təyin olunmuşdur və hazırda Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər onun 26 il 5 ay 1 gün əmək stajı var. Belə ki, xx.xx.1995-xx.xx.2017 ədliyyə orqanlarında xidmət illəri üzrə 21 il 11 ay 29 gün əmək stajı, 1984-1986-cı illər 2 il hərbi xidmət, 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı 5 il təhsil müddəti 2 il 6 ay əmək stajı kimi hesablanmalıdır. O, xx.xx.2019-cu il tarixində Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən ədliyyə orqanlarında stajın 25 ildən az olmasını nəzərə alıb ona pensiya təyin edilməsindən imtina etmişdir. Onun ədliyyə orqanlarında qulluq illəri xx xxxx 2017-ci il tarixinədək 26 ildən çox təşkil edir. Hesab edir ki, həmin imtinanı əsaslı hesab etmək olmaz. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun xx xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən isə bu müddət azı 25 il təşkil edirdi. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 25 ildən azdır. Belə olan halda iddiaçıya ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericliyin tələbləri baxımından mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1130/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni formada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq isə iddiaçının xx.xx.1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixədək Xətai Rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi dövr xüsusi rütbəli Ədliyyə orqanları işçisinin qulluq illərinə aid edilməli idi. Bundan başqa, Əmək pensiyaları haqqında qanunun 9.7.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Ədliyyə orqanlarında qulluq keçmiş ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajı olan ədliyyə işçiləri yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi onun 1984-1986-cı illərdə hərbi xidmətdə olduğu, xx.xx.1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixədək Xətai Rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi, 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı dövrlər “qazanılmış hüquq stajı” olaraq hər hansı şərt nəzərə alınmadan ümumi qaydada qulluq stajına daxil edildiyindən pensiya təyin edilərkən qulluq stajı kimi nəzərə alınmaması qanunsuz olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ədliyyə Nazirliyinin verdiyi arayışdan görünür ki, iddiaçının 26 ildən artıq ədliyyə orqanlarında qulluq stajı olmuşdur. Sonra məhkəmə sorğu verib və açıqlamasını istəyir ki, harada nə qədər stajı var. Məhkəmə heç hərbi xidməti belə qəbul etməyib. Həmçinin təhsil müddətini də daxil etməyib. İddiaçı 1966-cı il təvəllüdlüdür. 6 il təhsil alıb. Hərbi xidmətdə 2 il olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq stajı 25 ildən azdır. Hərbi xidməti və xüsusi rütbədə işlədiyi dövrü qəbul edirik. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. O, 1990-cı il tarixdə Bakı Dövlət Universitetinə daxil olmuş və 1996-cı ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. 1984-cü il tarixdən 1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixədək Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2002ci il tarixdən xx.xx.2017-ci tarixədək Bakı şəhəri Binəqədi rayon MN və Mİ şöbəsinin məhkəmə nəzarətçisi, böyük məhkəmə icraçısı vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdeh xx.xx.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9.7.1-ci maddəsinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun xx.xx.2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 ildən az qulluq stajı olduğundan ona ədliyyə orqanının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı apelyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin xx.xx.1993-xx.xx.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddətin daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmasını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-1039 saylı arayışdan görünür ki, Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında qulluq illəri xx.xx.2019-cu il tarixə (hərbi xidmətdə, məhkəmə aparatında ali hüquq təhsili tələb edilən və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 28 il 6 ay 2 gün təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının ədliyyə orqanlarında qulluq illərinin xx.xx.2017-ci il tarixə qədər 26 il 26 gün təşkil etdiyi qeyd edilmiş və həmin müddətə iddiaçının hərbi xidmətdə olduğu 1 il 11 ay 6 gün, məhkəmə aparatında ali hüquq təhsili tələb edilən vəzifədə 2 il 1 ay 25 gün, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 21 il 11 ay 25 gün stajı da daxil edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 21 il 11 ay 25 gün stajını və hərbi xidmətdə olduğu 1 il 11 ay 6 gün müddəti qəbul edir. Hazırda mübahisənin predmetini təşkil edən iddiaçının Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi 2 il 1 ay 25 gün müddətin xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işlədiyi müddətə daxil edilməsi, həmçinin 1990-1995ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.7-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Deməli iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranması üçün xx.xx.2017-ci il tarixə qədər 25 il qulluq stajı olmalıdır. İş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 21 il 11 ay 25 gün təşkil edir. Həmin qulluq stajı onun xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında müxtəlif dövrlərdə işlədiyi iş stajını əhatə edir. Həmçinin “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən iddiaçının hərbi xidmətdə olduğu 01 il 11 ay 06 gün də xidmət illərinə hesablanır və cavabdeh tərəfindən mübahisələndirilmir. Birinci instansiya məhkəməsi iddiaçının ədliyyə orqanlarında xidmət illərini və hərbi xidmət müddətini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il qulluq stajı mövcud deyil. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1993-xx.xx.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddətin xüsusi rütbəli şəxs kimi staj müddətinə daxil edilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” qaydasının 2.2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə onların hakim vəzifəsində və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə işlədikləri müddət də daxil edilmişdir. Belə olan halda iddiaçının xx.xx.1993-xx.xx.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddət xüsusi rütbəli şəxs kimi staj müddətinə daxil edilməlidir. Hazırkı iş üzrə mübahisə həm də iddiaçının təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Təhsil aldığı müddətin hesablanma qaydasına münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ailə təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ailə təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Hər nə qədər yuxarıda qeyd edilən qərara “ədliyyə” sözü xx.xx.1997-ci il tarixli 56 nömrəli qanunla əlavə edilmiş olsa belə, həmin tarixədək mövcud olmuş və yuxarıda göstərilmiş pensiya qanunvericiliyində təhsil müddətinin pensiya stajına daxil edilməsini ədliyyə orqanları işçilərinə münasibətdə məhdudlaşdıran hər hansı norma nəzərdə tutulmamışdır. Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə ədliyyə orqanlarının işçilərinə pensiya təyin edilərkən təhsil müddətinin hesablanması qaydasını müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2017-ci il tarixə xüsusi rütbəli şəxs kimi staj müddəti 25 ildən yuxarıdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1130/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin xx.xx.1993xx.xx.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddət daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1130/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin xx.xx.1993-xx.xx.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddət daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar