Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1598/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 139/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya Əzizbəyov (indiki Xəzər rayonu) rayon XDS İK-nin 11 saylı 03.07.1990-cı il tarixli qərarı ilə 875 kv.m sahəsi olan fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan o, torpaq sahəsinin qanuni istifadəçisidir. Torpaq sahəsini hasara alıb və orada ev tikərək ailəsi ilə birlikdə yaşayıb. Torpağa dair Xəzər RİHB-nin 07.12.2018-ci il tarixli məktubuna əsasən istifadələrində olan 473 saylı torpaq sahəsinin cizgisi və xəritəsindən çıxarışın verilməsi qəsəbə nümayəndəliyinə tapşırılmış və bunun nəticəsində onun adına Buzovna qəsəbə nümayəndəliyi tərəfindən torpağa dair cizgi və xəritədən çıxarış hazırlanmışdır. Torpağa dair plan və ölçünü və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin ona imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nin 11 saylı 03.07.1990-cı il tarixli qərarı əsasında iddiaçının adına verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə aidiyyatı quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göstərilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirildiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. Belə ki, məsələ ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyəti kimi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1694/2020 saylı 09.09.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-255/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1694/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılan zamanı iddiaçı məhkəməyə yazılı ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin faktiki ölçüsü 864 kv.m olmaqla plan-ölçü sənədinin və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-139/2022 saylı 24 noyabr 2021-ci il tairixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş formada icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində olan 473 saylı 864 kv.m. torpaq sahəsinə dair İddiaçı adına plan və ölçü sənədinin tərtib edilməsi, xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 11 saylı, 03.07.1990-cı il tarixli qərarı əsasında iddiaçının adına verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 473 saylı torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə aidiyyatı quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göstərilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirildiyindən müraciətin təmin edilməsi tərəfimizdən mümkün olmamışdır. Belə ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyəti kimi göstərilmişdir. Bu barədə vətəndaşa **********09 saylı, 30.08.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan başqa, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməsi ilə bağlı vəsatəti təmin edilməmişdir. İnzibati işdən müəyyən olunur ki, Əzizbəyov rayon X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında“ 03 iyul 1990-cı il tarixli 11 №-li Qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şükürova (hazırda Həsənova) Fatmaxanım Alxas qızına Buzovna qəsəbəsində 473 №-li sahədə fərdi ev tikmək üçün 875 kv. metr torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçının tələbi sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, onun adına plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi təşkil edir. Cavabdehin etirazının əsası və apellyasiya şikayətinin əsas dəlili iddiaçının göstəridiyi torpaq sahəsinin elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olması ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakı sübutları nəzərdən keçirir: - Əzizbəyov rayon X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında “03 iyul 1990-cı il tarixli 11 №-li Qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şükürova (hazırda Həsənova) Fatmaxanım Alxas qızına Buzovna qəsəbəsində 473 №-li sahədə fərdi ev tikmək üçün 875 kv. metr torpaq sahəsi ayrılmışdır. - Bakı şəhər İcra hakimiyyəti başçısının aparatı tərəfindən H-93-112 №li 30.03.2017ci il tarixli arxiv arayışı ilə Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 1990- cı il tarixli 11 №li qərarının təsdiqlənmiş surəti İddiaçı göndərilmişdir (arxiv arayışı və qərarın təsdiqlənmiş surəti iş materiallarına əlavə olunmuşdur). - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Həsənova (Şükürova) Fatmaxanım Alxas qızına ünvanladığı 07.12.2018-ci il tarixli H-141/2-091/2 №li məktubda Əzizbəyov rayon XDS İK-nin 11 saylı, 03.07.1990-cı il tarixli qərarı ilə Buzovna qəsəbəsində ev tikmək üçün ayrılmış 473 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsi barədə rayon icra Hakimiyyətinə unvanlanmış ərizəyə baxıldığı, ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın hazırlanıb təsdiq edilərək, göndərildiyi bildirilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********96 №li 17.06.2020-ci il tarixli məktubda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Göstərilən torpaq sahəsi hasar daxilində faktiki 855,0 kv. metr təşkil edir (sənəd üzrə 875,0 kv. metr). Üzərində 1 mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsinin şərq sərhəddindən 21,0 metr məsafədən diametri 500 mm olan su borusunun keçdiyi müəyyən olunmuşdur. - Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyəti X4 İdarəsinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı məktubda idarənin mütəxəssislərinin İddiaçı iştirakı ilə yerində müayinə aparılarkən X4 idarəsinin balansında olan Bilgəh nasos stansiyası yaxınlığında sonuncuya məxsus daş hasara alınmış evin Bilgəh nasos stansiyasının və D700 mm-lik təzyiqli boru xəttinin mühafizə zolağına aid olmadığının müəyyən edildiyi, ona görə də sənədləşdirilməsinə etiraz olunmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.07.2020-ci il tarixli 10/715 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində 473 №li sahədə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman ölçü işləri aparılaraq torpaq sahəsinin hasarından Bilgəh nasos stansiyasına qədər olan məsafə 72 metr, D700 mm-lik təzyiqli boru xəttinə qədər olan məsafənin isə 21 metr olduğunu, “Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 9.23-cü bəndini (cədvəl 140). “Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti X4 İdarəsi”nin məktubunu, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsini nəzərə aldıqda torpaq sahəsinin Bilgəh nasos stansiyasının və D700 mm-lik təzyiqli boru xəttinin mühafizə zolağına düşmədiyi müəyyən olunur. Şükürova (Həsənova) Fatmaxanım Alxas qızının faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində 473 №li sahədə yerləşən 875 kv. metr torpaq sahəsinin ölçüləri ilə Əzizbəyov rayon X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 03 iyul 1990-cı il tarixli 11 №li qərarda və Xəzər rayon İcra hakimiyyəti Başçısının Buzovna Qəsəbə nümayəndəliyi və rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmiş cizgi-xəritədə göstərilən torpaq sahəsinin ölçülərinin üst-üstə düşdüyü müəyyən olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş **********78 nömrəli 14 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır; iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazi 864 kv.m təşkil edir, yaşayış məntəqəsi təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Mübahisələndirilən əraziyə hər hansı hüquqi və fiziki şəxsə eləcə də İddiaçı torpaq sahəsinin ayrılması, hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006- cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 5.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 5.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 5.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət etdiyindən, fiziki şəxsin həmin torpaq sahəsi üzərində hüququ mövcud olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin torpaq sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazi 864 kv.m təşkil edir, yaşayış məntəqəsi təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir. Qeyd edilən torpaq sahəsi üzərinə hazırda iddiaçının hüquqları formal olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas ola bilməz və məhkəmə cavabdehin bu dəlilini hüquqların qeydiyyatından imtina üçün əsaslı, ağlabatan və qanunla qarşıya qoyulan məqsədə mütənasib hesab etmir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1598/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1598/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver