Məhkəmə qərarları › İş №2-1(103)-1599/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1599/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1599/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi rütbənin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3132/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3132/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi rütbənin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, iddiaçı onun hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Resublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 12/274 saylı xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx 2016-cı il tarixli 0525 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdikləri cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq “iddiaçının polkovnik-leytenant” hərbi rütbəsindən məhrum edilməsi səbəbindən, təəssüf ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik olmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi rütbənin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, o, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirli bilinərək hərbi rütbədən məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxx 2017-ci il tarixində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bu cəza 4 il 6 aya endirilmişdir. Hal hazırda cəzası xx.xx.2020-ci il tarixdə bitirmişdir. Qeyd olunanlara əsasən onun 1991-ci ilin iyul ayından 1992-ci ilin may ayı tarixinədək döyüş əməliyyatlarında iştirak etməyi ilə əlaqədar hərbi rütbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 27 saylı xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1990-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0525 nömrəli xx.xx.2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci maddəsinə və 158-ci maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(1020- 41/2017 saylı xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, məhkum İddiaçı və məhkum X2 müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə İddiaçı təqsirli bilindiyi Cinayət Məcələsinin 311.3.1 və 311.2-ci maddələri ilə təyin edilmş 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasının müddəti 4 il 6 aya endirilmişdir. İşdən müəyyən olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçu kimi pensiya almaq istəyir. Cavabdeh məhrum olduğu hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı iddia edir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəza Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 4 il 6 aya endirildiyindən və həmin cəzanın artıq xx.xx.2020-ci il tarixdə bitdiyini nəzərə alaraq cavabdeh tərəfindən ona verilmiş hərbi rütbə də bərpa edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci bəndinə əsasən hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı X1 ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilə və hərbi rütbədə bərpa edilə bilərlər. Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir (bənd 68). Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər (bənd 70). “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər. Həmin Qanunun 33.2-ci maddəsinə görə hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı X1 ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. Sadalanan normalardan müəyyən olunur ki, hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməsinin iki əsası var:

1. Hərbi qulluqçu məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbədən məhrum edilməsi növündə əlavə cəzaya məhkum edilməklə;

2. Azərbaycan Respublikası Silahlı X1 ilə nəzərdə tutulmuş qaydada məhrum edilməklə. Eyni zamanda, qanunla hərbi rütbənin bərpasının 2 əsası müəyyən olunmuşdur: Birinci halda məhkəmənin hökmü ilə məhrum edilmiş hərbi rütbə müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında qəbul edilmiş məhkəmənin qərarı ilə bərpa edilir. İkinci halda isə hərbi rütbə bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı barəsində hərbi rütbədən məhrum edilmə barədə qanuni qüvvəsini almış hökm çıxmış, inzibati orqan həmin əlavə cəzanı cəzanın icrası qaydasında icra edərək onu hərbi rütbədən məhrum etmişdir. İddiaçının qeyd etdiyi kimi azadlıqdan məhrumetmə növündə cəzanın çəkilib qurtarması ona hərbi rütbənin bərpa edilməsinə əsas vermir. Belə ki, həmin cəza cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təyin olunmuş, bu barədə məhkəmənin qüvvədə olan hökmü var, qeyd edilən əlavə cəza müddətlə məhdudlaşan cəza növü deyildir. İş üzrə iddiaçının əvvəlki hərbi rütbəsinə bərpa edilməsi barədə isə müvafiq icra hakimiyyəti orqanı olan hazırki cavabdeh tərəfindən təqdimat verilməmişdir. Qeyd edilən təqdimatın verilib-verilməməsi məsələsi isəinzibati məhkəmə nəzarətinə aid olmayan Müdafiə Nazirliyinin qanunla müəyyən olunmuş diskresion səlahiyyətinə aiddir. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iddia üzrə inzibati orqanın hərbi rütbənin bərpa edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla iddiaçının hər hansı hüququnu pozmamışdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3132/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə

Hakim: İkram Şirinov

Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar