Məhkəmə qərarları › İş №2-1(103)-1599/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1599/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1599/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2021 saylı 02 mart 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X5 Tədris Universiteti tərəfindən verilmiş THTU seriyalı 000101 saylı 28.07.2017-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı Stomatologiya X14 dərəcəsi verilmişdir. İddiaçı ona verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 12.06.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X5 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun ali təhsil almasını təsdiq edən X10 Universitetinin YHTU seriyalı 000101 saylı 01.07.2017ci il tarixli diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-2017-ci illərdə X10 Universitetində stomatologiya ixtisası üzrə əyani əsaslarla təhsil almış, 2017-ci ildə həmin universiteti bitirmiş, ona 01.07.2017-ci il tarixdə THTU № 000101 nömrəli bakalavr diplomu verilmiş, diplom 29.08.2017-ci il tarixdə Apostil olunmuşdur. Diplom üzrə aldığı ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün 23.10.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada, lazımi sənədəri təqdim etməklə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh inzibati orqan onun diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Müddətli həqiqi hərbi xidmətdə olduğu zaman şəxsi elektron kabinetində yerləşdirilmiş 12.06.2018-ci il tarixli məktuba əsasən ailə üzvlərinə məlum olmuşdur ki, diplom üzrə alınan ixtisasın tanınması mümkün hesab olunmamışdır. Həmin məktub ona rəsmi qaydada təqdim olunmamışdır. Nümayəndəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsində 20.07.2018-ci il tarixdə qəbulda olmuş, toplanmış materiallarla tanışlıq zamanı imtina məktubunda imtinanın əsaslandırılmasına dair qeyd olunanlardan əlavə əsaslandırma, normativ istinadın əks olunduğu hər hansı qərar və ya rəy aşkar olunmamışdır. Bundan başqa tanışlıq zamanı X7 Tədris Universitetinə ünvanladığı sorğu əsasında həmin universitet tərəfindən gürcü dilində verilmiş cavab məktubunun nə azərbaycan dilinə, nə də ki beynəlxalq dil hesab olunan ( rus, ingilis və s.) hər hansı dilə tərcümə olunmadan materiallara əlavə olunması nümayəndəyə məlum olmuşdur (əgər idarədə gürcü dilini bilən şəxs olubsa və ya sənədin məzmununun şifahi tərcüməsi ilə bağlı tərcüməçi dəvət olunubsa bununla bağlı qeyd olmalı, həmin işçi və ya tərcüməçinin şəxsiyyəti və müvafiq dili bilməsi barədə sənəd materiallara əlavə olunmalı idi, lakin olunmamışdır). Nümayəndəsi idarənin sorğusu əsasında Dövlət Sərhəd Xidmətindən alınan giriş-çıxışını əks etdirən cədvəl və onun Gürcüstan Respulikası ərazisində olduğu müddətlərə dair ekspertin hesablamaları ilə tanış olmuş və müəyyən etmişdir ki, ekspert tərəfindən hesablamalar düzgün aparılmamışdır. Belə ki, onun Gürcüstan Respublikasına səhər saatlarında girişi və eyni gün axşam saatlarında çıxışları olmuş, ekspert tərəfindən bu giriş-çıxış 1 gün hesablanmışdır (dərsdə iştirakının mümkün ola biləcəyi saatlarda həmin ölkədə olsa da bu cür birgünlük giriş-çıxışın da nəzərə alınmadığı hallar aşkar olunmuşdur). Lakin Gürcüstan Respublikasına səhər saatlarında daxil olub başqa gün axşam saatlarında Gürcüstan Respublikası ərazisindən çıxsa da, bütün hesalamalarda ekspert tərəfindən 1 gün əksik hesablanmışdır (ya giriş günü ya çıxış günü nəzərə alınmamış, məsələ məhz giriş və ya çıxış vaxtlarının dərsdə iştirak edə biləcəyi imkanı nəzərə alınmadan hesablanmasındadır). Bundan başqa həftənin şənbə günləri dərsdə iştirak etməsi nəzərə alınmayaraq, şənbə günləri Gürcüstan Respublikasında olduğu müddətlər dərsdə iştirak etdiyi müddətlərə hesablanmamışdır. Şəxsi elektron kabinetdə yerləşdirilmiş məktubda imtinanın əsası kimi göstərilmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun Gürcüstan Respublikasında qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür və normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Məktubda qısa müddət dedikdə, hansı müddət nəzərdə tutulduğu, hansı tədris ilində müddətin kifayət etmədiyi, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkünlüyünün nədə ifadə olunduğu, tədris yükünə riayət olunması üçün minimum müddətin nə qədər olduğu, təhsil müddəti, hansı normativ-hüquqi akta əsasən tənzimləndiyi, normativ müddətin tələbinin nəyə əsaslandığı və hansı müddətin kifayət olduğu göstərilməmişdir. Əsas məsələ bundan ibarətdir ki, məktubdan görünür ki, idarə tərəfindən Azərbaycan Respublikasında tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin hansı qanunvericilik aktı ilə tənzimləndiyi və müddətlərə dair qanunvericilikdə nə qədər tələbin olması araşdırılmamışdır. Qanunvericilik və müvafiq tədris proqramlarında qeyd olunan məsələlərin tənzimlədiyi halda subyektiv rəy olaraq “qısa müddətdə ölkədə olma” və ya “normativ müddətin tələbinin” pozulması kimi əsaslandırılmamış rəyə əsasən imtinanın verilməsi inzibati icraat prinsiplərinə ziddir. O, Gürcüstan Respublikasının ərazisində məktubda qeyd olunduğu kimi qısa müddət deyil, illər üzrə müəyyən olunmuş kreditləri ödəməyə kifayət edəcək qədər müddətdə olmuşdur. O, universitetə qəbul olunan zaman 2012-ci ildə ümumvətəndaş pasportunu almış və girişçıxışla bağlı vurulan ştamplar ilə pasportun səhifələri dolduğu üçün 2015-ci ildə 2-ci ümumvətəndaş pasportunu almışdır. Universiteti bitirənədək 2-ci pasportunun da səhifələri giriş-çıxış ştampları ilə demək olar ki, artıq dolmuşdur. Onun faktiki yaşayış ünvanı Şəmkir rayonu, Çinarlı qəsəbəsidir. Şəmkir rayonu ilə Tiflis şəhəri arasında 168 km-lik məsafə var, bu isə avtomobillə 2 saat 20 dəqiqəyə qət olunan yoldur. Atası vəfat etdiyi və anası tək yaşadığı üçün, o, anasının tək qalmaması və ailə təsərrüfatına kömək etmək üçün 5 həftəlik imtahan sessiyası zamanı Gürcüstan Respublikasında qalmamış, yalnız imtahan günləri həmin ölkəyə gedib-qayıtmış, eləcə də həmin ölkədə bayram olan günləri, həftənin şənbə (dərs olmayan zaman) və bazar günləri Şəmkir rayonunda olmuşdur. Onun 5-ci kursda Gürcüstan Respublikasının ərazisində olduğu müddət 122 gündür, yəni həmin ölkədə ən az olduğu tədris ilidir. X10 Universitetinin proqramına əsasən 10-cu semestrdə auditoriya saatı cəmi 6 saatdır (mühazirə), qalan 465 saat praktik məşğələ saatı, 179 saat isə sərbəst iş saatıdır. Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli Qərarına əsasən imtahana buraxılış üçün 25% auditoriya saatında iştirak tələb olunur. Bu halda Qərarın tələbi pozulmamışdır, çünki praktik məşğələ saatları olmuşdur. Yəni, praktik məşğələlərin verilməsi üçün tələb olunan nisbi işitak tələbini 122 gün həmin ölkədə olmaqla ödəməyi mümkündür. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. İddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası X10 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Belə ki, iddiaçı 5 il əyani təhsil müddəti ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə: l-ci tədris ilində - 6 ay 11 gün; ll-ci tədris ilində- 6 ay ; lll-cü tədris ilində - 4 ay 25 gün; İV-cü tədris ilində - 4 ay 5 gün; V-ci tədris ilində - 2 ay 22 gün olmuşdur (Gürcüstan Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2012- 2017-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Göründüyü kimi, Gürcüstan Respublikası Tbilisi Humanitar Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı 1-ci kursda 219 gün, 2-ci kursda 205-gün, 3-cü kursda 156 gün, 4-cü kursda 154 gün, 5-ci kursda isə 122 gün Gürcüstan Respublikası ərazisində olmuşdur. Cavabdeh inzibati orqanın ekspert qrupu tərəfindən hesablama yenidən aparılmalı, Dövlət Sərhəd Xidmətindən alınan giriş-çıxışın əks olunduğu cədvəlin olduğu inzibati icraatın materialları cavabdehdən tələb olunaraq hesablamanın düzgün keçirilibkeçirilmədiyi yoxlanılmalıdır. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü yarımbəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Yəni Azərbaycan Respublikasında hər fənn üzrə tələb olunan davamiyyət 25 faizdir və bundan da az ola bilər. Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlilləri: Apellyasiya şikayətinə dair etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçı davamiyyətlə bağlı məsələyə münasibət bildirərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü yarımbəndinə istinad etsə də, həmin müddəanın tələbini yanlış izah etmişdir. Belə ki, qeyd olunan yarımbəndə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. İddiaçı apellyasiya şikayətində bu müddəaya münasibət bildirərək qeyd edir ki, “Yəni Azərbaycan Respublikasında hər fənn üzrə tələb olunan davamiyyət 25 faizdir və bundan da az ola bilər.” Halbuki yuxarıda qeyd olunan yarımbənddə “auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır” ifadəsi işlədilmişdir ki, bu da davamiyyətin 75 faiz olaraq müəyyən edilməsidir. Davamiyyət iddiaçının hesab etdiyi kimi 25 faiz olaraq müəyyən edilsəydi, bu ifadə “auditoriya saatlarının 25 faizindən çoxunda iştirak edən tələbə həmin fəndən imtahana buraxılır” kimi təsbit edilmiş olardı. İddiaçı 3-cü arqumentinin əsaslandırmasında həmçinin müəyyən sualların məhkəmə tərəfindən araşdırılmalı olduğunu vurğulamışdır ki, həmin suallara cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Gürcüstan Respublikasının X10 Universiteti tərəfindən İddiaçı verilmiş bakalavr diplom əlavəsindən də görünür ki, iddiaçının təhsil aldığı proqram üzrə tədris yükü 306 kreditdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Eyni zamanda Gürcüstan Respublikasının 21 dekabr 2004-cü il tarixli “Ali təhsil haqqında” Qanununda da, habelə Gürcüstan Respublikasının elm və təhsil nazirinin 05.01.2007-ci il tarixli, 3 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil proqramları üçün kreditlərin hesablanma qaydaları”nda ali təhsilin kredit sistemi ilə tədris edilməsinə dair müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın V-ci hissəsinə, həmin Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə və izahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkar edilməsin. Mövcud praktikaya əsasən hazırki dövrdə Gürcüstan Respublikasında bu ixtisas üzrə tədris yükünü yerinə yetirilməsi üçün tələb olunan normativ təhsil müddəti qanunvericiliklə tədris ili üçün nəzərdə tutulmuş müddətin 2/3 hissəsi qədər müəyyən olunmuşdur. Bu müddətin tədris yükünün yürinə yetirilməsi üçün kifayət edib-etməyəcəyi məsələsi Azərbaycan Rspublikası ilə Gürcüstan Respublikasının qanunvericiliyinin, habelə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın tələbləri nəzərə alınmaqla müəyyən olunur. Tədris ilinin müddəti və yükü ilə bağlı Azərbaycan Tibb Universitetinə sorğu göndərilməsi ehtiyacı aradan qaldırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 22.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı və 3-cü şəxs lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 17.12.2021-ci il tarixdə iddiaçı tərəfindən daxil olmuş yazılı izahatda qeyd edilmişdir ki, Sərhədkeçmə məlumatlarına əsasən aparılmış hesablama əsasında onun Gürcüstan Respublikasında olma müddəti barədə TKTA tərəfindən məhkəməyə təqdim olunmuş müddətlər əksik hesablanmışdır. Onun Şəmkir rayonunda yaşaması və Tiflis şəhəri ilə olan məsafənin qısa olması, Gürcüstana giriş və çıxış saatlarından asılı olaraq dərsdə iştirak imkanı nəzərə alınmaqla Agentliyin özünün təqdim etdiyi cədvəldən Gürcüstanda olma günlərinin əksik hesablandığını görmək mümkündür (əksik günlərin hesablandığı hissələr qeyd olunmaqla cədvəl əlavə olunur). İ kurs üzrə 9 gün, İİ kurs üzə 16 gün, İİİ kurs üzrə 12 gün, İV kurs üzrə 18 gün, V kurs üzrə 14 gün əksik hesablanmışdır. Əksik hesablanan günləri Agentliyin təqdim etdiyi günlərlə topladıqda müəyyən olunur ki, onun təhsil aldığı ölkədə olma günləri - İ kurs: 6 ay 20 gün (200 gün), İİ kurs: 6 ay 16 gün (196 gün), İİİ kurs: 5 ay 07 gün (157 gün), İV kurs: 4 ay 23 gün (143 gün) və V kurs: 3 ay 6 gün (96 gün) olmuşdur. Azərbaycan Respublikasında qiyabi təhsil üzrə müəyyən edilsə də əyani təhsil üzrə dövlət standartları müəyyən edilməmiş, universitetlərə seçim sərbəstliyi verilmişdir. Bu isə əyani təshil üzrə diplomların tanınması zamanı ekspert tərəfindən qiymətləndirmə aparılarkən təhsilin məzmunu (auditoriya və sərbəst saatlar daxil olmaqla) ilə bağlı istinad edə biləcəyi konkret hüquqi əsasın olmadığını göstərir. Bu isə qiymətləndirmədə subyektiv mülahizələrə istinad olunduğunu düşünməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2644/2019 saylı 11.10.2019-cu il tarixli Qərarından görünür ki, Gürcüstan Respublikası X10 Universitetinin stomatoloqiya ixtisası üzrə təhsil almış və diplomun tanınmasından imtinasının əsası onunla eyni vəziyyətdə olan (V kursda təhsil aldığı ölkədə az olma) iddiaçının iddiası Ali Məhkəmə tərəfindən təmin olunmuş və diplomun tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan iş üzrə iddiaçı V kursda Gürcüstan Respublikasında cəmi 23 gün olmuş, İddiaçı isə həmin kursda Gürcüstan Respublikasında 96 gün, yəni həmin iddiaçıdan 3 dəfədən çox olmuşdur. Onunla eyni universitetdə və eyni ixtisas üzrə təhsil almış və V kursda Gürcüstan Respublikasında cəmi 23 gün olmuş şəxsin diplomunun tanınması ilə bağlı Ali Məhkəmənin mövqeyini və əsaslandırmasını hüquqi müəyyənlik prinsipinin və vahid məhkəmə təcrübəsinin formalaşması tələbləri baxımından nəzərə alınmasını xahiş etmişdir. Həm Azərbaycan Respublikası, həm Gürcüstan Respublikası 1999-cu il tarixdə qəbul olunmuş "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsini imzalayaraq ona qoşulmuş və həmin Bəyannaməyə qoşulan ölkələrin qarşısında qoyulan əsas tələbə uyğun olaraq ali təhsil müəssisələrində Avropa Kredit Transder Sisteminə (ECTS) keçid edilmişdir. Üzv dövlətlər öz təhsil sistemlərini həm hüquqi, həm təşkilati tənzimləmədə bu sistemə uyğunlaşdırmış, bu isə həmin dövlətlərin biri digərinin təhsilinin məzmununu, hüquqi tənzimləməsini şübhə altına almasını istisna etmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikası Gürcüstan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən və ENİC-NARİC sisteminə daxil edilmiş universitetin təhsilinin məzmununu şübhə altına almamalıdır. ECTS-nin tələbinə əsasən bu sistemin tətbiq olunduğu ölkələrdə (eləcə də AR-da) davamiyyət müddəti təhsilin keyfiyyətini və qiymətləndirmə sistemini müəyyən edən amil kimi əsas götürülməmiş, auditoriya saatlarının sayı azaldılmış, universitetlə əlaqədə olma saatlarının məzmunu dəyişdirilmiş, sərbəst iş saatları müəyyən olunmuşdur. X10 Universitetinin Elmi Şurasının 03.05.2014-cü il tarixli, N3/2014 qərarı ilə, rektorun 06.05.2014-cü il tarixli, N38/07 saylı qərarı ilə təsdiq olunmuş təhsil proqramına əsasən stomotologiya ixtisası üzrə 300 kredit müəyyən edilmiş, hər semestr üzrə isə 30 kredit müəyyən olunmuş, 1 kredit isə 25 saat olaraq müəyyən edilmişdir. Proqramda istinad olunmuş qiymətləndirmə sistemi Gürcüstan Respublikasının Təhsil və Elm Nazirinin qərarı əsasında tərtib olunmuşdur. Hər fənn üzrə maksimum olan 100 bal toplamaq üçün universitetin qiymətləndirmə sistemi üzrə 60 aralıq(max) və 40(max) yekun imtahan balı toplanır. Aralıq balı aşağıdakı kimi müəyyən olunur (imtahan giriş balı bu iki əsasla toplanır): 1 təhsil semestrində toplanan tələbənin aktivlik balı-30 bal;( praktiki, seminar işi, ev tapşırığı, referat, prezentasiya, esse yazılışı və s. Bu müəllimin seçimi əsasında müəyyən olunur); 1 aralıq imtahan(yazılı) -30 bal; Yekun imtahan-40 bal. İmtaha giriş üçün minimum 11 bal tələb olunur. İmtahan zamanı isə minimum 20 bal toplanması tələb olunur. Minimumları toplamaq şərti ilə yekunda imtahanı vermək üçün 51 bal toplamaq lazım olur. Misal üçün imtahana giriş balı 11 baldırsa, imtahanda 40 bal toplamaq lazımdır ki, 51 balla imtahanı keçəsən. Giriş balı 31 baldırsa, 20 bal toplamaq kifayət edir ki, imtahandan kafi-E qiyməti alıb imtahanı keçəsən (proqramda təhsilin məzmunu ətraflı qeyd olunmuşdur). Göründüyü kimi, imtahana giriş üçün davamiyyət balı tələb olunmur, davamiyyətin minimumu ilə bağlı tələb irəli sürülmür. Ümumi təhsilin və qiymətləndirmənin məzmunundan görünür ki, balların toplanması üçün universitetlə əlaqə, auditoriya dərslərində müəyyən qədər iştirak etmək tələb olunur. Stomotologiya ixtisası üzrə X10 Universitetinin dərs proqramında ümumi saatlar universitetlə əlaqədə olma (mühazirə, qrupla iş, praktiki məşğələ) və sərbəst iş saatlarına bölünüb (universitetlə əlaqə tələb olunmur). Universitetin proqramına əsasən universitetlə əlaqədə olma və sərbəst iş saatlarının ümumi saylı - Universitetlə əlaqədə olma saatları. Saatların ümumi sayı İ kursda 679 akademik saat, İİ kursda 784 akademik saat, İİİ kursda 731 akademik saat, İV kursda 662 akademik saat, V kursda 775 akademik saat, Sərbəst iş saatları İ kursda 821 saat, İİ kursda 716 saat, İİİ kursda 665 saat, İV kursda 763 saat, V kursda 475 saat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Yəni, saatları hesablayarkən nəzərə almaq lazımdır ki, 2 akademik saat 1 saat dərs saatına bərabərdir. Yəni, universitetin təhsil proqramında əksini tapmış saatlar akademik saat olduğu üçün hesablama apararkən 1 dərs saatının 2 akademik saat olduğunu nəzərə alaraq universitetlə əlaqədə olma saatları 2-yə bölünməlidir. İ kursda 339.5 dərs saatı, İİ kursda 392 dərs saatı, İİİ kursda 365.5 dərs saatı, İV kursda 331 dərs saatı, V kursda 387.5 dərs saatı olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 12.06.2018-ci il tarixdir. İş materiallarında həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut yoxdur. İddiaçı isə iddia ilə məhkəməyə 22.11.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “onun ali təhsil almasını təsdiq edən X10 Universitetinin YHTU seriyalı 000101 saylı 01.07.2017-ci il tarixli diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, iddiaçı, X5 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndində təsbit edilmişdir ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.8-ci bəndinə görə isə tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Bundan başqa, 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. İşin hallarından müəyyən olunur ki, cavabdeh diplomu tanımaqdan imtina edərkən iddiaçının Gürcüstan Respublikası X10 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. Lakin cavabdeh bu zaman özünün mövqeyini dəqiqləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Bununla bağlı olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən sərhədkeçmə məlumatları əsas götürülməklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətində cavabdehin verdiyi rəyə əsasən İ kursda- 6 ay 11 gün deyil, bundan 9 gün çox- 6 ay 20 gün, İİ kursda- 6 ay deyil, bundan 16 gün çox- 6 ay 16 gün, İİİ kursda- 4 ay 25 gün deyil, bundan 12 gün çox- 5 ay 7 gün, İV kursda- 4 ay 5 gün deyil, bundan 18 gün çox- 4 ay 23 gün, V kursda- 2 ay 22 gün deyil, bundan 14 gün çox- 3 ay 6 gün ölkə xaricində olmuşdur. Belə ki, iddiaçının Gürcüstan Respublikası ərazisində olan Universitetə Azərbaycan Respublikasının Şəmkir rayonundan getməsi (sərhədkeçmə haqqında məlumatlara əsasən çox vaxt səhər saatlarında getməsi və axşam saatlarında qayıtması), həmin rayon ilə Tiflis şəhəri arasında 168 km-lik məsafənin olduğu, bunun isə avtomobillə 2-3 saatlıq yol olduğu cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, buna görə də iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər düzgün hesablanmamış və nəticədə cavabdeh inzibati orqan tərəfindən mənfi rəy verilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçı X4 bakalavr diplomu üzrə ixtisasın mənimsənilməsi üçün onun təhsil aldığı ölkədə, xüsusilə də sonuncu kursda dərslərdə ümumi iştirak müddətinin (sərbəst işlər üçün ayrılmış vaxtlar da nəzərə alınmaqla) yetərli olub-olmamasının müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən müsahibə təşkil edilməsi üçün cavabdeh inzibati orqana 24.11.2021-ci il tarixli qərardadla müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə bağlı məhkəməyə təqdim edilmiş 21.12.2021-ci il tarixli məktubla bildirilmişdi ki, İlkin Əhmədova X5 Tədris Universiteti tərəfindən verilmiş THTU seriyalı 000101 saylı 28.07.2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi məsələsinə yenidən baxılmış, yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda göstərilən və imtinanın əsası kimi istinad etdiyi mövqeyini məhkəmə icraatı zamanı da dəqiqləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətinin 4 təhsil ili ərzində normativə uyğun olaraq dərslərdə iştirak etsə də, son tədris ilində ölkə xaricində cavabdehin göstərdiyi kimi 2 ay 22 gün (əslində sərhədkeçmə məlumatına əsasən bu 3 ay 6 gün təşkil edir) olmuşdur ki, cavabdeh də bu müddətin bir illik tədris yükünü mənimsəmək üçün yetərli olmadığı qənaətindədir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçıya məxsus pasportdakı qeydlərdən, həm də Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, iddiaçı əyani təhsil aldığı müddətin ilk 4 ili ərzində kifayət qədər uzun müddət ərzində Gürcüstan ərazisində olmuş, buna görə də, həmin dörd illik müddətlə bağlı iddiaçının normativə uyğun olaraq dərslərdə iştirakının sübuta yetirildiyi müəyyən olunur. Lakin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tədrisin sonuncu ilinin təcrübə ili olduğunu, iddiaçının təcrübəsini Azərbaycanda keçdiyini nəzərə almamış, formal əsaslardan çıxış etməklə tədris yükünü mənimsəməyin mümkün olmadığı qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, sonuncu tədris ili təcrübə ili olduğu üçün iddiaçı həmin təcrübəni Azərbaycanda keçmişdir. Gəncə şəhər SV Dental Kilinikasının 13.12.2021-ci il tarixli arayışından görünür ki, X8 2016-cı ilin sentyabr-dekabr aylarında 30 gün, 2017-ci ilin yanvar-iyun aylarında 45 gün həkim- stomotoloq Samir Verdiyevin yanında təcrübə keçmişdir. Deməli, iddiaçı V kursla bağlı da tədris yükünü ödəmişdir. Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, cavabdeh iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Gürcüstanda qısa müddət ərzində olduğuna və buna görə də, diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmasına baxmayaraq bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Əslində isə cavabdeh bu halda, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq təhsil sahəsində ixtisasın tanınması və ya təhsilin məzmununun uyğunluğu haqqında mənfi rəylərə istinad etməli və həmin rəyləri məhkəməyə təqdim etməli idi. Lakin nə iddiaçının müraciətini təmin etməkdən imtina ilə bağlı məktubunda, nə də birinci instansiyası məhkəməsindəki icraat zamanı cavabdeh həmin zəruri sübutları təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin özü tərəfindən də mənfi rəy verilməsinə əsas ola biləcək Qaydaların 3.7-ci bəndində sadalanmış hallardan hər hansı biri də müəyyən olunmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2644/2021 saylı 11.10.2021-ci il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. X5 Tədris Universiteti tərəfindən İddiaçı adına verilmiş THTU seriyalı 000101 saylı 28.07.2017-ci il tarixli diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar