Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1599/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(112)-3161/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin və üzərində yerləşən tikilinin məhv edilməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat İdarəsi tərəfindən verilən 24 avqust 1998-ci il tarixli, 000277 saylı Qeydiyyat vəsiqəsinə əsasən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi, 4 ünvanında yerləşən ictimai iaşə obyekti (X4) mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2007-ci il tarixli, 332s saylı, 29 oktyabr 2007-ci il tarixli, 336s saylı, 19 mart 2012-ci il tarixli, 72s saylı və 22 yanvar 2013-cü il tarixli, 9s saylı sərəncamlarına əsasən mülkiyyətində olan torpaq sahəsi qanunsuz və əsassız olaraq əlindən alınmış və yerində hal-hazırda Vergilər Nazirliyinin inzibati binası tikilmişdir. Artıq uzun müddət ərzində mülkiyyət hüquqlarının kobud surətdə pozulması aradan qaldırılmamışdır. Belə ki, həmin sahədə əmlak yerləşdiyi halda boş torpaq kimi göstərilmişdir. "xxxx" MMC tərəfindən alınmış xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin dəyəri 2.998.650 (iki milyon doqquz yüz doxsan səkkiz min altı yüz əlli) manat, torpaq sahəsinin dəyəri isə 20.124.000 (iyirmi milyon yüz iyirmi dörd min) manat təşkil edir. Yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat ziyan dəymişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(112)-3161/2023 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3161/2023 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 nömrəli, 18 mart 2015-ci il tarixli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qərar hüquqi qüvvəsini almış və icra olunmuşdur. İşə əlavə edilmiş qəbzə əsasən xx.xx.2015-ci il tarixdə AR Vergilər Nazirliyinin hesabından İddiaçı hesabına 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat məbləğində vəsait keçirilmişdir. Göründüyü kimi, həmin məhkəmə qərarı ilə iddiaçıya məxsus olmuş torpaq sahəsi üzərində yerləşən tikililərin məhv edilməsi nəticəsində dəymiş zərərin əvəzi ödənilmişdir. Torpaq sahəsinin məcburi şəkildə alınması ilə bağlı dəymiş zərərin ödənilməsi istinad edilən məhkəmə qərarında öz əksini tapmamışdır. İşin halları ilə müəyyən olunur ki, torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Torpaq sahəsinin ondan alınması səbəbindən o, torpaq sahəsini özəlləşdirə bilməmişdir. Məhkəmə qərar qəbul edən zaman iddiaçının ona məxsus torpaq sahəsinə dair müvafiq kompensasiya almaq hüququnu təsbit etməmişdir. İddianın mümkün sayılması üçün bütün əsaslar mövcud olsa da, məhkəmə formallığa yol verərək heç bir hüquqi əsas olmadan iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadında iddianın mümkün sayılmaması ilə bağlı öz mövqeyini düzgün əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı məhv edilmiş tikililərə görə deyil, torpaq sahəsinə görə kompensasiya ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya ona məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ünvan 3 ünvanda yerləşən, İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 nömrəli, 18 mart 2015ci il tarixli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qərar hüquqi qüvvəsini almış və icra olunmuşdur. İşə əlavə edilmiş qəbzə əsasən xx.xx.2015-ci il tarixdə AR Vergilər Nazirliyinin hesabından İddiaçı hesabına 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat məbləğində vəsait keçirilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - əmlakın alınması ilə baglı kompensasiyanın verilməsinə yönəldilmişdir ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi təmin edilmiş və bununla bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci və 15.6cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qeyd olunan əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(112)-3161/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1599/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1599/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver