Məhkəmə qərarları › İş №2-1(103)-1599/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1599/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1599/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən 3-cü dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1992-1994-cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ehtiyata buraxıldıqdan sonra ona xx.xx.2011-ci ildə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş, xx.xx.2021ci ilədək fasiləsiz olaraq 10 il 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. xx.xx.2021-ci ildə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh əlillik təyinatından imtina etmişdir. Cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o 2011-ci ildə qiymətləndirilmiş və 10 ildir əlildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, onun əlilliyi 2011-ci ildə qiymətləndirilmiş və 10 ildir əlilldir. Bu səbəbdəndə məhkəmənin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və mütəxəssisinin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyinə yenidən baxılmış və 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən elektron təyinatla iddiaçıya eyni diaqnoz və əsasla yenidən 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçının əlillik müddəti bitdikdən sonra isə Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçı bir neçə dəfə əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etsədə, müraciətdəki tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtina əsasları ilə razılaşmayaraq, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. İstinad olunan normalardan görünür ki, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması olmaqla, şəxsin həyat fəaliyyətini məhdudlaşdıran, sosial yardıma və müdafiəyə ehtiyacı olmasına səbəb olan orqanizm funksiyalarının pozulması halıdır. Məhkəmə qeyd edir ki, bütün hallarda şəxsin anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurları ona əlillik təyin edilməsi üçün əsas deyil. Yəni şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurları digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olmalıdır. İş materiallarında olan Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********4 saylı qərarından görünür ki, iddiaçı cavabdehin imtinası ilə razılaşmadığından xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əyani müayinə olunmuş və müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 225 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ pəncənin dəlib-keçən qüllə yaralanması. Sağ pəncənin İV barmağın proksimal falanqasının əsasının açıq sınığı. Kəskin bronxit, xroniki tonzillit, dekompensasiya olunmuş forma" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı auskultasiyada tənəffüs keçiriciliyi simmetrik, ağciyərlər üzərində vezikulyar tənəffüs, qanda oksigenin saturasiyası 98% qeyd olunmuşdur. Sağ pəncənin V-ci barmaq nahiyyəsindən yaralanmadan sonrakı çapıq izi aşkarlanmışdır. Pəncənin hərəkəti sərbəstdir. Əlillik təyinatına əsas verən funksional pozuntular qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, T 705/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Q00057146LZB nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, onun xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda oynaqlarının və aşıq-baldır oynağının İİİ (üçüncü) dərəcəli osteoartrozu, açıcı- bükücü kəskin kontrakturası (açma-1 lOdər., bükmə-lOOdər.) baldır və pəncə əzələlərinin kəskin atrofıyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması, XBT-10 kodu ilə (Y36.4, L90.5, S92.5, M84.0, M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.08).” diaqnozu qoyulmuşdur 2. Vətəndaş İddiaçı qərardadın 2-ci bəndində ekspertiza qarşısında qoyulmuş hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar olan sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilmədi. Göründüyü kimi, iddiaçı həm Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən, həmdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 eksperti tərəfindən əyani müayinə olunmuş və əyani müayinə zamanı iddiaçıda əlilik təyin edilməsi üçün zəruri olan ağırlaşma və patofunksional dəyişikliklər aşkar edilməmişdir. Qeyd olunanları nəzərə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirməyə ehtiyac olmadığını, çünki, onun əlilliyinin 2011-ci ildə qiymətləndirildiyini və 10 ildir əlil olduğunu bildirmişdir. Apelyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya aşağıdakı normaları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.4.-cü bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması; qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri; hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması ; epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə; hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə; İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri; lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər; xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda təyin edilir. İş materiallarından isə iddiaçıya ümumiyyətlə üçüncü dərəcə əlilliyin təyin olunduğu müəyyən edilmir. Əlavə olaraq Kollegiya qeyd edir ki, hətda iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2021-cı il tarixdə qədər ikinci dərəcə əlil olması nəzərə alınsaydı və iddiaçı iddia tələbini dəqiqləşdirməyərək ona 10 ildən artıq müddət əlil olduğu üçün ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsəydi belə, qeyd edilən əsasla yenə iddia tələbi təmin oluna bilməzdi. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçının 10 il ikinci qrup əlil olması nəzərə alınaraq ona o halda müddətsiz əlillik təyin edilə bilərdiki, iddiaçı növbəti qiymətləndirmədən keçsin və əlil olması təsdiqlənsin. Növbəti qiymətləndirmə zamanı isə cavabdeh tərəfindən iddiaçıda olan xəstəliklərin ümumiyyətlə əlillik təyinatına əsas vermədiyi müəyyən edilmiş və birinci instansiya məhkəməsi zamanı aparılan araşdırma zamanı cavabdehin imtinasının əsaslı olması öz təstiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apellyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar