Məhkəmə qərarları › İş №2-1(103)-1599/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1599/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1599/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X5 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(112)-5504/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 43.7 kv.m olan tikilinin üzərində mülkiyyət hüquqlarının mərhum Şirzad Paşa oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 18 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası Şirzad Paşa oğluna verilmişdir. Belə ki, bununla bağlı, Oktyabr rayon X2 İcraiyyə Komitəsinin 20 avqust 1963-cü il tarixli qərarı vardır. Həmin qərardan da görünür ki, Yasamal rayonu, 8-ci keçid 18 ünvanında yaşayan Şirzad Paşa oğlunun adına boş 8 kv.m olan yardımçı sahə kimi verilmişdir. Həmin tarixdən sonra o, orda yaşayaraq əlavə tikililər aparmışdır. Belə ki, bir otaq və sanitar qovşağı əlavə tikilmişdir. Hazırkı günədək bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Oktyabr rayon ZDS İK-nın 32 saylı, xx.xx.1963-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən 1 (bir) otaqdan ibarət sahəsi 8.0 kv.m. olan keçmiş mənzilin şəxsi hesabı bağlanaraq, yardımçı sahə kimi Şirzad Paşa oğluna verilmişdir. Həmçinin sənədlər mərhumun adınadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq ünvanda faktiki olaraq ümumi sahəsi 43.7 kv.m. olan tikilinin mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş cizginin daxilində 8.0 kv.m. sahənin yerləşmə mövqeyini tam təyin etmək mümkün olmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(112)-5504/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin 28 kv.m hissəsinə mülkiyyət hüquqlarının mərhum Şirzad Paşa oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Oktyabr rayon ZDS İKnın 32 saylı, xx.xx.1963-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən 1 (bir) otaqdan ibarət sahəsi 8.0 kv.m. olan keçmiş mənzilin şəxsi hesabı bağlanaraq, yardımçı sahə kimi Şirzad Paşa oğluna verilmişdir. Həmçinin sənədlər mərhumun adınadır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq ünvanda faktiki olaraq ümumi sahəsi 43.7 kv.m. olan tikilinin mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş cizginin daxilində 8.0 kv.m. sahənin yerləşmə mövqeyini tam təyin etmək mümkün olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Oktyabr rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli, 32 №-li Qərarına əsasən yaşayış sahəsi 20 kv.m 8-ci Vyezdnaya küçəsi, ev № 18- də yaşayan Şirzad Paşa oğluna 8 kv.m 1 otaqdan ibarət əlavə kimi verilmişdir.

10. Şirzad Paşa oğlu xx.xx.1982-ci il tarixdə vəfat edib.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3226/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən xx.xx.1982-ci il tarixdə ölmüş Şirzad Paşa oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid küçəsi 18-də yerləşən yaşayış evinin İddiaçı Şirza oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir.

12. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə uyğun olaraq - Şirzad Paşa oğluna məxsus ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın çıxarışını sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur.

13. İddiaçı mübahisəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir.

14. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…ərizənizə əlavə olunmuş Oktyabr ZDS İK-nin 32 saylı, xx.xx.1963-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən 1 (bir) otaqdan ibarət sahəsi 8.0 kv.m. olan keçmiş mənzilin şəxsi hesabı bağlanaraq, yardımçı sahə kimi Şirzad Paşa oğluna verilmişdir. Əlavə olaraq bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka baxış zamanı müvafiq ünvanda faktiki olaraq ümumi sahəsi 43,7 kv.m. olan tikilinin mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş cizginin daxilində 8.0 kv.m. sahənin yerləşmə mövqeyini tam təyin etmək mümkün olmamışdır”.

15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyul 2025ci il tarixli, 3-21-3-30/2-31332/2025 nömrəli məktubu ilə təqdim etdiyi əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd edilmişdir ki, təqdim olunmuş sərəncamda qeyd olunmuş 8.0 m2 köməkçi sahə, vətəndaşın şifahi məlumatın görə mövcud tərtib olunmuş cizginin 3 saylı 14.4 m2lıq sahənin bir hissəsi olduğunu və həmin sahəni vətəndaş təmir tikinti və rekanstruksiya zamanı genişləndiridyini bildirdi. Həmin 8.0 m2 sahəni tərtib edilən cizginin daxilində yerləşmə mövqeyini tam təyin etmək mümkün olmadı. Həmçinin vətəndaşın göstərişinə əsasən tərtib olunmuş cizginin 43.7 m2 sahənin qeydiyyatdan keçib-keçməməsi haqqında məlumat yoxdur.

16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş mənzil planlarından müəyyən olunur ki, X3 və İddiaçı məxsus olan mənzil sahələri ayrı-ayrıdır və üst-üstə düşmür.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir.

20. İşin faktiki hallarına görə Oktyabr rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli, 32 №-li Qərarı ilə Şirzad Paşa oğluna yaşadığı 20 kv.m mənzilin sahəsi darısqal olduğundan ona 8 kv.m əlavə sahə verilmişdir.

21. Sonuncu mənzilə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür.

22. İddiaçı həmin mənzilin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir.

23. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

27. Qeyd edilən normaların məzmununa əsasən, mərhum Şirzad Paşa oğlu mübahisələndirilən mənzil sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

28. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür.

29. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

31. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Oktyabr rayon ZDS İK-nın 32 saylı, xx.xx.1963-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən 1 (bir) otaqdan ibarət sahəsi 8.0 kv.m. olan keçmiş mənzilin şəxsi hesabı bağlanaraq, yardımçı sahə kimi Şirzad Paşa oğluna verilmişdir. 2) Sənədlər mərhumun adınadır. 3) İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq ünvanda faktiki olaraq ümumi sahəsi 43.7 kv.m. olan tikilinin mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş cizginin daxilində 8.0 kv.m. sahənin yerləşmə mövqeyini tam təyin etmək mümkün olmamışdır.

32. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir.

33. Məhkəmə cavabdehin ilk dəlili bağlı qeyd edir ki, iddiaçı hüquqmüəyyənedici sənəd kimi Oktyabr rayon ZDS İK-nın qərarına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır.

34. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır.

35. Qərarın məzmunu (rus dilindən azərbaycan dilinə tərcümə edilmiş formda) aşağıdakı kimidir: “Oktyabr rayon RMİ rəisi Hüseynovun, 8-ci Vyezdnaya küçəsi, ev № 18-də yaşayan vətəndaş Şirzad Paşa oğlunun adına boş 8 kv. olan yardımçı sahə kimi verilməsi. Vət. Şirzad Paşa oğlunun evi 2 otaqlıdır, yaşayış sahəsi 20 kv.m., kommunal xidmətləri yoxdur, həmin sahədə 9 nəfər yaşaması barədə məlumatı eşidilib. Vət. Məmmədovun keçmiş mənzili 8 kv.m. olan 1 otaqdan ibarət idi, yaşayış üçün yararlı deyil. Vət.Məmmədovun 8-ci Vyezdnaya küçəsi, ev № 18 yerləşən 8 kv.m, olan 1 otaqdan ibarət olan keçmiş mənzilin şəxsi hesabını bağlanaraq onu yardımçı sahə kimi həmin evdə yaşayan vət. Şirzad Paşa oğluna təqdim edilmişdir.”

36. Məhkəmə qeyd edir ki, təqdim edilən qərarın (inzibati aktın) məqsədi ailə tərkibi çox olan və yaşayış sahəsi 20 kv.m olan mənzildə yaşayan Şirzad Paşa oğlunun mənzilinin genişləndirilməsi və əlavə sahənin (1 otaqlı, 8 kv.m digər şəxsə məxsus olan sahənin) iddiaçının atasının mənzilinə əlavə edilməsi olmuşdur.

37. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır.

38. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.

39. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri).

40. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır.

41. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər.

42. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir (Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı).

43. İddiaçının təqdim etdiyi inzibati akt forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.11) tələbləri baxımından mənzilə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

45. Məhkəmə cavabdehin 2-ci dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, sözügedən tikili üzərində mülkiyyət hüquqlarının mərhum Şirzad Paşa oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Bununla da cavabdehin qeyd olunan imtina əsası aradan qalxmışdır.

46. Cavabdeh iddiaçının müraciətinin təmin etməkdən imtina edərkən, eyni zamanda iddia tələbinə imtinasında mənzilin sahəsini mübahisələndirmişdir. Belə ki, Oktyabr rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli, 32 №-li Qərarı ilə müəyyən olunur ki, mərhum Şirzad Paşa oğlunun istifadəsinə 20 kv.m mənzil var. Əlavə olaraq həmin mənzilə 1 otaqlı, 8 kv.m sahə də əlavə edilmişdir. Belə olan halda təqdim edilən qərar ümumilikdə 28 kv.metr (həmin sahənin 14,4 kv.m yaşayış sahəsi kimi nəzərə alınmaqla) sahədə hüququn qeydə alınması üçün əsasdır.

47. İddiaçı mənzilin qalan hissəsinə, yəni 15,7 kv.metr hissəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir.

48. Ona görə də, iddia tələbi ünvan 1 ünvanında yerləşən tikilinin 28 kv.metr (həmin sahənin 14,4 kv.m yaşayış sahəsi kimi nəzərə alınmaqla) üzərində mərhum Şirzad Paşa oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslı, tikilinin 15,7 kv.metr hissəsinə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən və məhkəmə arşadırması zamanı müəyyən edilmədiyindən iddia həmin hissədə əsassızdır.

49. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

50. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

53. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

54. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(112)-5504/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar