Məhkəmə qərarları › İş №2-1(103)-16/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-16/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-16/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs “Bakı şəhəri Təcili və X8 Stansiyası” X20 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarından cavabdeh və 3-cü şəxs Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsinin 1900,0 kv metr hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün əlavə olunmuş cizgidə göstərilən ölçülərlə kollektivin üzvlərinə, o cümlədən 400 kv metr Əliyev Abuzər Məhərrəm oğluna ayrılmışdır. Həmin sərəncamın 3.5-ci bəndində torpaq sahəsinin ayrılmış məqsəd üçün istifadə olunması, torpaq sahəsi üzərində hüququn torpaq şöbəsi tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilməsi və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin başçısının aparatının təsərrüfat şöbəsinin müdiri tərəfindən imzalanmış ərazinin sxematik planına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi təcili yardım stansiyasının yaxınlığında yerləşir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 400 kv metr torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı tərtib edilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün Binəqədi RİH Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə ayrılmış 400,0 kv metr torpaq sahəsində inşa edilmiş yaşayış evinin layihəsinə əsasən iddiaçının inşa etdiyi ev 2 mərtəbəlidir, hündürlüyü 8,20 metr təşkil edir. Həmin layihə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini və Binəqədi rayon İcra Hakimiyyətiin memarı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 03 saylı 31 yanvar 2018-ci il tarixli əmrindən görünür ki, Bakı şəhər Təcili və X8 Stansiyasının 9 saylı köməkçi stansiyasının istifadəsində olan ******* manat dəyərində olan inzibati binanın Bakı şəhər Təcili və X8 Stansiyasının balansına qəbul edilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dövlət reyetsrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu ərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********35 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona **********06 saylı xx.xx.2018-ci il tarixli məktubla cavab verilmiş, həmin cavab məktubunda qeyd edilən araşdırmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı bildirilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış**********26 saylı xx.xx.2014-cü il tarixli məktubla sənədlərin əslinin təqdim edilməməsi və torpaq sahəsində əlavə olaraq ikimərtəbəli yaşayış evinin inşa edildiyi, **********67 saylı xx.xx.2015-ci il tarixli məktubla hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilməməsi, iddiaçı tərəfindən əlavə torpaq sahəsindən istifadə edilməsi və Bakı şəhəri Binəqədi rayon İHB-nın 992 saylı, xx.xx.1999- cu il tarixli sərəncamının həqiqiliyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilməsi ilə əlaqədar imtina cavabı verilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Babaşov küçəsi, 2-ci dalanda ayrılmış 400.0 kv.m torpaq sahəsinin və həmin ünvanda olan 2 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin xx.xx.1999-cu il tarixli müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 819 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şərq hissəsində 3160- 3243 nömrəli məhəllədə, həmin müəssisəyə ayrılmış 2900,0 kv.m. torpaq sahəsinin 400,0 kv.m. hissəsi Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 992 nömrəli sərəncamı ilə müəssisəsinin işçisi kimi ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün eskiz layihəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildikdən sonra o, həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7485 nömrəli, xx.xx.2004-cü il tarixli məktubu ilə onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə “ünvan 3 ünvanı verilmişdir. O, qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud istifadə vəziyyətinin araşdırılması Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılır və qeyd olunan araşdırılmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı iddiaçıya bildirilmişdir. İddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən təcili yardım stansiyasına ayrılmış 8,2 ha ərazidir, dövlət əmlakıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, sözügedən torpaq sahəsində 2 mərtəbəli yaşayış evi və anbar inşa olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi X21 stansiyasının ərazisində deyil, onun yaxınlığında yerləşir. İddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı başqa bir hüquqi və ya fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin qərardan narazı qalan 3-cü şəxs Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-270/19 saylı 19 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/19 saylı 19 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinlərinin dəlilləri: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. 3-cü şəxs Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ərazi Bakı şəhəri Təcilli və X1i ərazisidir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi üzrə 03 nömrəli, 31 avqust 2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Təcilli və X8 Stansiyasının 9 saylı köməkçi stansiyasının istifadəsində olan ******* manat dəyərində olan inzibati bina Bakı şəhəri Təcilli və X8 Stansiyasının balansına qəbul edilmişdir. Qeyd olunan əmr iş materiallarında olsa da məhkəmə belə bir faktın üstündən keçərək iddiaçının heç bir qanuni əsasları olmayan iddiasını təmin etmişdir. Bakı şəhəri Təcilli və X8 Stansiyasının 9 saylı köməkçi stansiyasının istifadəsində olan ünvan 5 ünvanında yerləşən inzibati binasının ona aid ərazi ilə birlikdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin balansına qəbul edilməsinə Əmlak Məsələri Dövlət Komitəsi etiraz etməmişdir. Göründüyü kimi, mübahisəli ərazinin Bakı şəhəri Təcilli və X8 Stansiyasının ərazisi olması dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lakin məhkəmə bu halları nəzərə almayaraq Bakı şəhəri Təcilli və X8 Stansiyasının ərazisinin qanunsuz olaraq onun əlindən alınmasını qərara almışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı 11 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/19 saylı 19 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan cavabdeh və digər 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1439/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 35/2020 saylı 11 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekspert rəyinin isə məhkəmə tərəfindən qəbul edilməsinə etraz etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etraz etmədiyini bildirmişdir. 3-cü şəxs “Bakı şəhəri Təcili və X8 Stansiyası” X20 nümayəndəsi X11 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etraz etmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Babaşov küçəsi, 2-ci dalanda ayrılmış 400.0 kv.m torpaq sahəsinin və həmin ünvanda olan 2 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilməməsi, eyni zamanda torpaq sahəsində əlavə ikimərtəbəli yaşayış sahəsinin inşa edilməsi və əlavə torpaq sahəsinin istifadə edilməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası mhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1439/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçıya müvafiq torpaq sahəsi "xxxx" MMM-nin müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Belə olan halda isə, ilk növbədə məhkəmə həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sərəncam vermək səlahiyyətinin olub-olmamasını və ayrılan torpaq sahəsinin kateqoriyasını müəyyən etməli idi. Əgər sözügedən torpaq sahəsi üzərində sərəncamvermə səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olmuşsa, bu zaman torpaqayırmanın qanunla müəyyən edilmiş qaydada həyata keçirilib-keçirilməməsinə qiymət verilməlidir. Belə ki, iş materiallarında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” mövcuddur. Həmin plan və ölçünün verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varislərindən tələb edilməlidir. Bundan əlavə, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsinin əsas səbəbi iddiaçıya ayrılmış torpaq sahəsinin Bakı şəhər X9 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə X21 Stansiyasına ayrılmış 8 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlıdır. Bununla bağlı, apelyasiya məhkəməsi tərəfindən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilsə də, torpaq sahələrinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi, xidmət haqqının ödənilməməsi, tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən ekspert tədqiqatının aparılması mümkün olmamışdır. Buna baxmayaraq işə baxan apelyasiya instansiya məhkəməsi tərəflərdən lazımi sənədləri tələb etmək, həmin sənədlərin təqdim edilməsini tərəflərin vəzifələri olduğunu xatırlamaq əvəzinə, bu halı iddiaçının xeyrinə olaraq tətbiq etmiş və torpaq sahələrinin üstüstə düşməməsi qənaətinə gələrək (ekspert və mütəxəssis rəyi olmadan) iddianı təmin etməklə, İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında üçüncü şəxs X21 Stansiyasına Bakı şəhər X9 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə ayrılmış 8 ha torpaq sahəsinin hüdudlarını müəyyənetməyə imkan verən hüquqmüəyyənedici sənəd yoxdur. Torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin üzərində hüquqların qeydə alınmasına dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin statusu və iddiaçıya qanuni əsaslarla məxsus olması ilə bağlı məsələ həll edildikdən sonra bu məsələyə hüquqi qiymət verilə bilər. Apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin qərarında göstərilənlərlə əlaqədar iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər tələb edilmiş, əslinə baxış keçirildikdən sonra işdə olan ksero-surətlərinə uyğunluğu müəyyən edilmiş və iddiaçıya geri qaytarılmışdır. İddiaçıya müvafiq torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılması zamanı onun belə torpaqayırma səlahiyyətinin olub-olmamasının yoxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müvafiq sorğu məktubu ünvanlanmışdır. Həmin sorğu məktubuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, hər hansı fiziki və hüquqi şəxslərə torpaq ayrılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Belə olan halda iddiaçıya Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən torpaq ayrıldığı dövrdə qüvvədə olan maddi hüquq normaları nəzərdən keçirilir. Azərbaycan Respublikası Prezidentinin 138 saylı 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28.1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək İcra hakimiyyəti başçısının səlahiyyətinı aid edilmişdi. Göründüyü kimi, iddiaçıya Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli Sərəncamı ilə müvafiq torpaq sahəsi ayrılarkən həmin orqan həm 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə, həm də həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 138 saylı 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş yuxarıda adı çəkilən Əsasnaməyə uyğun olaraq torpaqayırma səlahiyyətinə malik olmuşdur. İş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında olan digər göstərişlə bağlı da bir sıra orqanlara sorğu məktubları göndərilmişdir. Həmin məktublara cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 9 saylı xx.xx.1971-ci il tarixli protokolun 100-cü punktu Dövlət Arxivinin Bakı filialında mövcud olduğundan həmin sənədin arxiv çıxarışı məhkəməyə təqdim olunsa da, adı çəkilən protokola ayrıc aktı, plan sxem, cizgi sənədinin əlavə olunmadığı bildirilmişdir. Beləliklə, iş materiallarında üçüncü şəxs X21 Stansiyasına Bakı şəhər X9 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə ayrılmış 8 ha torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən sənəd mövcud deyildir. Hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqi rejimi və kateqoriyası, reyestrdə hansı hüquqla kimin adına (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növündə) qeydiyyata alınması, həmin torpaq sahəsinin ilkin ayrıc aktındakı cizgilərin torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara uyğunluğu, bundan sonra iddiaçıya Bakı şəhəri, 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 saylı məhəllədə ayrılmış 400 kv.m. torpaq sahəsinin ilkin yerləşmə cizgisi və torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli protokol qərarı ilə Azərbaycan SSR Səhiyyə Nazirliyinin xahişi nəzərə alınaraq, X21 xəstəxanasının tikintisi məqsədilə keçmiş Kirov rayonu şimal-qərb hissədə 3247-3250-ci məhəllədə ayrılmış 8 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X21 Stansiyasının istifadəsində olan ərazisi ilə faktiki olaraq üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin mütəxəssis rəyi ilə bağlı çəkilmiş xidmət haqqı iddiaçı tərəfindən ödənilmədiyindən müvafiq mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Sonradan məhkəmənin 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi “Kadastr və Yerquruluçu Layihə- Tədqiqat Mərkəzi MMC-dən mütəxəssis cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekpsert qarşısında iddiaçı Əliyev Abuzər Məhərrəm oğluna Binəqədi RİH Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə ayrılmış 400,0 kv metr torpaq sahəsinin hüquqi rejimi və kateqoriyası, reyestrdə hansı hüquqla kimin adına (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növündə) qeydiyyata alınmasının, Əliyev Abuzər Məhərrəm oğluna Binəqədi RİH Başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə ayrılmış 400,0 kv metr torpaq sahəsinin ilkin ayrıc aktındakı (sərəncama əlavə edilmiş) cizgilərin torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara uyğun olub-olmadığ, Əliyev Abuzər Məhərrəm oğluna Bakı şəhəri, 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 saylı məhəllədə ayrılmış 400 kv.m. torpaq sahəsinin ilkin yerləşmə cizgisi (sərəncama əlavə edilmiş) və torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların (hər birinin ayrıayrılıqda) Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli protokol qərarı ilə Azərbaycan SSR Səhiyyə Nazirliyinin xahişi nəzərə alınaraq, X21 xəstəxanasının tikintisi məqsədilə keçmiş Kirov rayonu şimal-qərb hissədə 3247-3250-ci məhəllədə ayrılmış 8 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X21 Stansiyasının istifadəsində olan ərazisi ilə faktiki olaraq üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Qərardadın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsndən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, koordinatlarla göstərilmiş 400.0 kv.m torpaq sahəsi NECAS (TEKUİS) məlumatlarına əsasən yaşayış məntəqələri olmaqla dövlət mülkiyyətindədir (1-ci sual üzrə), sahəyə dair təqdim edilmiş cizgidə istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir, cizgidə 2 nömrə sahə kimi işarələnmiş (2-ci sual üzrə), iddia olunan 400.0 kv.m. torpaq sahəsi yuxarıda qeyd edilmiş X21 xəstəxanasının tikintisi üçün nəzərdə tutulan ərazi ilə bağlı elektron kadastr bazaya daxil edilmiş ərazi ilə üst-üstə düşür. Həmçinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 10/6895 saylı xx.xx.2022ci il tarixli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil edir. Beləliklə, məhkəməyə daxil olmuş mütəxəssis və ekspert rəyinin məzmununa görə iddiaçının iddia etdiyi və hüquqmüəyyənedici sənədləri tam mövcud olan 400.0 kv.m. torpaq sahəsinin yuxarıda qeyd edilmiş X21 xəstəxanasının tikintisi üçün nəzərdə tutulan ərazi ilə üst-üstə düşməsi sonuncunun adına olan ayrıc aktı və cizgisi olmadan yalnız elektron kadastr bazaya daxil edilmiş məlumat əsasında müəyyən edilir. Həmin məlumatın isə elektron kadastr bazaya məhz hansı cizgi və ya plan-sxem, ayrıc aktı ilə daxil edilməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Belə olan halda iddiaçıya mövcud torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinin təmin olunmasından cavabdeh orqan imtina etməkdə haqlı sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas verən lazımi hüquqmüəyyənedici sənədlər təqdim olunduğu üçün və həmin hüquqmüəyyənedici sənədlər əsasında hüququn qeydə alınmasından imtinanın əsasları sübuta yetirilmədiyindən tələb olunan inzibati aktın verilməsi üçün şərtlər tam ödənilmiş sayılır. O ki qaldı cavabdehin “torpaq sahəsində əlavə ikimərtəbəli yaşayış sahəsinin inşa edilməsi və əlavə torpaq sahəsinin istifadə edilməsi” dəlilinə, bu dəlil heç bir halda yuxarıda sadalanan maddi hüquq normalarının məzmunu baxımından iddiaçının müvafiq hüquqmüəyyənedici sənədlər əsasında mövcud torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun qeydiyyatının aparılmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi və üzərində tikdiyi fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına da səbəb olmüşdür. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyi üçün bu hal onun iddiasının təmin olunmasını mümkün edir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə yanaşı, digər şəxslərə də həmin ünvanda ayrılmış torpaq sahələri və üzərindəki tikililərə dair cavabdeh inzibati orqan tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı inzibati aktlar qəbul edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı təqdim edilmiş RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, X7 adına xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmzə Babaşov döngəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evi və 0044 ha torpaq sahəsidir. Apellyasiya baxışı zamanı cavabdeh orqanın nümayəndəsi iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq hüquqlarının qeydiyyatının aparıldığı faktını təsdiqləmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın eyni hüquqmüəyyənedici sənədlər əsasında bir şəxsin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı təqdirdə, başqa bir şəxsə həmin sənədlərlə bağlı hüquqların qeydiyyatının aparılmasından imtina etməsi inzibati orqanın eyni inzibati pratikadan çıxış etməsi və nəticədə müraciət edən şəxslərə münasibətdə bərabərlik hüququ prinsiplərinin pozulması kimi qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan inzibati icraatı apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi- Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri barədə dəlilinə, bu barədə Kollegiya qeyd edir ki, həmin dəlillər cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Apellyasiya şikayətində qeyd edilmiş digər dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. 3-cü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və 3-cü şəxs Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxs Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı 19 fevral 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində ekspert xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar