Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-16/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər X4, X5 və X3) “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində olan 31 mart 2021-ci il tarixli **********702000 nömrəli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və həmin borcun yaranmasına səbəb olan digər təqsirkar şəxslərin müəyyən edilməsi üçün xüsusi qərar çıxarılmaqla, hüquq-mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir (İPM m.32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...X3 digərləri ilə əlbir olaraq, onu aldadaraq, onun adına VÖEN açmaqla və Məmmədov Anar və Hüseynov Həmid adlı şəxsə etibarnamə almaqla onun adından bütün bank əməliyyatları edərək, gömrük bəyannamələrini hazırlayaraq, xarici ölkələrdən Azərbaycan Respublikasına külli miqdarda mal idxal etmişlər. Bu barədə əməliyyatların miqdarı külli miqdar olduğu üçün vergi orqanları tərəfindən məlumatlandırıldıqdan sonra bilmiş və dərhal valdeynləri araşdırma aparmış və məlum olmuşdur ki, Şahgəldiyev Eldar adlı şəxs digər şəxslərlə əlbir olaraq onun dostuna olan etibarnamədən sui-istifadə edərək, adına VÖEN açaraq, qanunsuz hərəkətlər etmişlər. Belə ki, ona dostu müraciət edərək, guya öz adına gətirmək mümkün olmadığı üçün onun adına bir dəfə ölkəyə mal sifariş edəcəyini demiş, o da inanıb razılaşaraq ona etibarnamə vermişdir. Həmin etibarnamələri verən zaman onu iki nəfərə verdiyini bilməmişdir. Onlar tərəfindən onun adından hansı hərəkətlər edə biləcəklərini dərk etməmiş, sonradan, dərhal etibarnamələri ləğv etdirmişdir. 2021-ci ilin aprel ayında ona məlum olmuşdur ki, onun etmədiyi bir fəaliyyətə görə 70.314 manat vergi borcu vardır. Həmin borcu onun tərəfindən hər hansı sahibkarlıq fəaliyyəti və ya başqa maraqları nəticəsində yaranmamışdır. Həmin vergi borcuna hər gün faiz hesablanır. Bu barədə onun heç vaxt məlumatı olmamışdır. Onda olan məlumata əsasən Şahgəldiyev Eldar və digərləri ondan başqa da şəxsləri aldadaraq, adlarına VÖEN açmaqla qanunsuz olaraq külli miqdarda vergidən yayınmışlar və həmin şəxslərə külli miqdarda ziyan vurmaqla qanunzsuz hərəkətlərə yol vermişlər. Cavabdehə müraciət edərək, müvafiq araşdırma aparılmasını və onun adına olan vergi borcunun onun sahibkarlıq fəaliyyəti nəticəsində və ya başqa maraqları nəticəsində yaranmadığından silinməsini xahiş etsə də, həm bu barədə araşdırma aparıldığını, həm də dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməli olduğunu bildirərək, əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, barəsində olan 31 mart 2021-ci il tarixli **********702000 nömrəli qərar qanunsuz və əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 326.690,19 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2020-ci il ərzində 625.216,7 manat (faktiki dəyər) dəyərində malların idxal edildiyi və əldə edilmiş e-qaiməni, 453,72 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində 1226.4-cü sətirdə (malın dəyəri) və gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (mallar) 950.766,78 manat qeyd edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixli **********604200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 65.019.26 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********702000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin həmin qərarı qanunsuz,əsassız və qərəzlidir. Məhkəmə maddi və proseual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir Hesablanmış kameral vergi borcu mənə aid deyil və onun təqsiri nəticəsində yaranmamışdır. Həmin kameral vergi borcu yuxarıda adlarını qeyd etdiyim üçünçü şəxslərin təqsiri nəticəsində vergi qanunvericliyinin tələbləri pozulması nəticəsində yarandığından həmin kameral vergi borc onların hesab edilməlidir. Mülki işin materiallarından da göründüyü kimi, üçünçü şəxs qismində X1 ərizə ilə məhkəməyə müraciət edərək yaranmış vergi borcu onun təqsiri və fəaliyyəti nəticəsində yarandığını, İddiaçı bu fəaliyyət barədə hər hansı məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə ümumiyyətlə, qətnaməsində üçünçü şəxsin əməlini etiraf etməsi barədə ərizəsinə hüquqi qiymət verməmişdir. O, vergi ödəyicisi olmamış, hər hansı mənfəət əldə etməmiş, onun etibarından sui-istifadə edərək etibarnamə alınması nəticəsində bu əməllər törədilib. Həmçinin, məhkəmə həmin qərarı nəzərə almadan vergi qanunverciliyinin tələbləri kimin tərəfindən pozulmasını müəyyən etmədən, sahibkarlıq fəaliyyətinə kimin rəhbərlik etməsi, kimin icracı olmasını müəyyən etmədən qərar qəbul etmişdir. Məhkəmə başqa şəxslərin əməlində külli miqdarda vergidən yayınma əməlinin olduğunu bildiyi halda heçbir tədbir görməmişdir. Vergi qanunverciliyinin tələblərini pozan şəxslər onun adına vöen, bank hesabı açmaqla və hərəkətlər etməklə, vergidən yayınmışdır. Onun hər hansı sahibkarlıq fəaliyyətindən yaranan vergi borcu yoxdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə qeydə alınmış VÖEN-ə və verlmiş etibarnamələrə görə məsuliyyəti iddiaçının özü daşıdığını, ona hesablanmış vergilərin 2020-ci ildə aparılmış idxal məlumatlarına əsasən 625 min manat müəyyən edildiyi halda, gəlir bəyannəməsində xərc kimi, 950 min xərc göstərildiyini, yaranmış fərqə münasibətdə də 2020-ci il üçün qanunvericiliyə uyğun 20 faiz dərəcəsi ilə 65 min manat məbləğində ona gəlir vergisi hesablandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə kollegiyasının iclası barədə məlumat göndərilsə də geri qayıtmış, onların faktiki olduqları yeri müəyyən etmək mümkün olmamışdır (Cavabdeh vergi orqanının məhkəmyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli vəsatətindən də görünür ki, fakt üzrə başlanılmış cinayət işi təqsirkar şəxslər müəyyən edilmədiyindən CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır). Qeyd olunanları nzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh vergi orqanının işə əlavə olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********702000 saylı 31 mart 2021-ci il tarixli qərarından görünür ki, 2020-ci il üçün gəlirini 950,64 manat məbləğində bəyan etmiş iddiaçıya kameral yoxlama nəticəsində əlaqəli məlumatlara əsasən 65.969,90 manat məbəlğində əlavə gəlir vergisi hesablanmış olduğu müəyyən edilmiş, vergi ödəyicisinin bəyan etdiyi məbləğ nəzərə alınmaqla ona 65.019,26 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Cavabdeh orqanın məhkəməyə verdiyi izahatı və məhkəməyə təqdim etdiyi 2020-ci il üçün iddiaçının gəlir vergisi bəyannaməsinə və yük gömrük bəyannaməsinin məlumatlarına, habelə, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazın dəlillərinə əsasən müyyən olunur ki, iddiaçı 2020-ci il ərzində 625216,74 manat faktiki dəyərində mal idxal etdiyi halda, hesabatında malların təqdim edilməsindən 955.319,97 manat gəlir əldə etdiyini bəyan edərək, həmin gəlirin əldə olunması üçün cəmi, xərclərini 950.766,75 manat, vergiyə cəlb olunan xalis gəlirini isə 330103,23 manat məbləğində göstərməli olduğu halda, 4753,19 (955.319,97-950.766,75) manat məbləğində göstərərək, həmin məbləğdən Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən dövlət büdcəsinə 20 faiz dərəcəsi ilə, 950,064 manat gəlir vergisi hesablanmışdır. Halbuki, 330103,23 manatdan 20 faiz dərəcəsi ilə hesablanan verginin məbləği 66020,646 manat təşkil edir. Həmin məbləğdən də iddiaçının hesablayıb büdcəyə ödədiyi 950,0 manat çıxılmaqla, 2020-ci il üçün dövlət büdcəsinə ödəməli olduğu gəlir vergisi 65.070,582 manat təşkil edir. Əslində, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı tərəfindən vergi orqanının qeyd olunan qərarı ilə ona hesablanmış əlavə verginin məbləği mübahisələndirilmir. Konkret halda, onun tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, onun etibar etdiyi digər şəxslər (üçüncü şəxslər) onun adına VÖEN açdırıb, əməliyyatlar aparıb yoxa çıxmış, vergi orqanı isə əsassız olaraq onu vergi məsuliyyətinə cəlb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri onun vergi öhdəliyindən azad olunması üçün əsas ola bilməz. Çünki, Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 6.1.3-cü maddəsinə əsasən isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. İş materiallarından da görünür ki, iddiaçı, onun müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeyiyyata alınaraq ona ********** saylı VÖEN verilmiş, həmin VÖEN ləğv edilməmiş, etibarsız sayılmamış, o cümlədən 2020-ci ildə aparılmış alqı-satqı əməliyyatları zamanı qüvvədə olmuşdur. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından mübahisələndirilən qərara əsasən hesablanmış gəlir vergisinin əsasını təşkil edən əməliyyatlar hesabına yaranmış vergi öhdəliyi də məhz, vergi ödəyicisi kimi qeydiyytdan keçmiş iddiaçının üzərinə düşür ki, cavabdeh orqan tərəfindən də, məhz, əsaslı olaraq həmin qərarla ona 2022-ci il üçün qeyd olunan əlavə gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.1-ci maddəsiniə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Mcəllənin 67.1.1-67.1.3-cü maddələrinə əsasən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüquq var. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata. Vergi orqanı mübahisəndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyinin qeyd olunan tələblərinə uyğun hərəkət etmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd oolunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qərəzli, qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-16/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-16/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver