Məhkəmə qərarları › İş №2-1(103)-160/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-160/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-160/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4719/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 31.10.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.11.2017-ci il tarixdən 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində doğulmuşdur. O, 25.05.1981-ci ildən 24.04.2006-cı ilə qədər 24 il 11 ay əmək stajı vardır. 04.01.1979-cu ildən 26.12.1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Ümumilikdə 26 il 11 ay ümumi iş stajı mövcuddur. Həmin əmək stajının 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər «Şirvanneft» NQÇİ-də təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər «Azneft» İB-nin Tikinti Quraşdırma idarəsində rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər Əli-Bayramlı Təmir-Tikinti İdarəsində rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər Azərenerjixüsusitəmir İdarəsində rəngsaz və 03.04.2000-ci ildən 24.04.2006-cı ilə qədər «X3 Tikinti-3» ASC-də asfalt-beton yayan vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajına daxildir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı İdarəyə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. 10.12.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.10.2017-ci il tarixdən 57 yaşdan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4719/2019 saylı, 10 dekabr 2019cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4719/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.10.2017-ci il tarixdən 57 yaşdan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-4719/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrini düzgün təfsir etmir. Belə ki. ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və toplanmış zəruri pensiya kapitalı. ƏPQ-nin 9.8-ci maddəsi ("Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əmək stajı əvvəlki qanunun ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin Qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12.5 il müəyyən edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi 10 mart 2017-ci il tarixli 543-VQİ) nömrəli qanunla (2017- ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə "çalışmışlarsa” sözündən sonra "və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, ƏPQ-nin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. ƏPQ-nin 1.0.8. fərdi hesabın sığorta hissəsiəmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı- müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. İddiaçı xx xxxxxxx 1960-cı il təvəllüdlüdür: yəni ƏPQ-nin 9.1- ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdır. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-746/2020 saylı , 03 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, S.Seyidova) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-3513/2019 saylı qərarı (mətnə uyğun) dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh 20.04.2020-ci il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1510/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-746/2020 saylı , 03 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı 23.10.2020-ci il tarixində cavabdehin apellyasiya şikayətinə dair yazılı etiraz təqdim etmişdir. Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlə pensiya hüququ yaranan zaman 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə çalışması qənaətinə gəlmiş, lakin işin bu halları ilə bağlı araşdırma aparmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11.-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı 25.05.1981-ci ildən 16.03.1983-cü ilə qədər «Şirvanneft» NQÇİ-də Neftin kompleksli hazırlanma sexində 3-cü dərəcəli təmizləyici, 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər «Azneft» İB-nin Tikinti Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsində 4-cü dərəcəli rəngsaz, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər «Azərenerji» xüsusi təmir müəssisəsinin Əli-Bayramlı təmir sahəsində 4-cü dərəcəli rəngsaz, 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər «Azərenerjixüsusitəmir» müəssisəsinin Əli-Bayramlı sahəsində 4-cü dərəcəli rəngsaz, 03.04.2000-ci ildən 04.01.2001-ci ilə qədər Əli-Bayramlı 3 saylı Yol Tikinti İdarəsində 4-cü dərəcəli asfaltbeton yayan fəhlə, 05.01.2001-ci ildən 24.04.2006-cı ilə qədər X3-Tikinti-3 ATSC-də asfalt-beton yayan fəhlə vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərarından iddiaçının 18.03.1983-cü ildən 10.05.1983-cü ilə qədər, 24.05.1983-cü ildən 01.09.1998-ci ilə qədər və 01.02.2000-ci ildən 30.03.2000-ci ilə qədər işlədiyi 3-cü və 4-cü dərəcəli rəngsaz peşələrini AR Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Bölməsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar – 23200000- 13450 şifrinə uyğunlaşdırmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasının surətinin 7-ci qrafasındakı qeydə əsasən (qeyd kadrlar üzrə mühəndis S.Nuriyev tərəfindən imzalanmışdır) göstərilmişdir ki, 07.07.1999-cu ildə işə qəbul edilsin, 07.07.1999-cu il tarixli, 7 saylı yazı düzgün sayılmasın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, Siyahıda qeyd edildiyi kimi, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli peşə sayılmış, iddiaçının əmək kitabçasından və iş materiallarında olan güzəştli arayışından onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz peşəsində işləməsi müəyyən edilmir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi “təmizləyici” vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X Bölməsinin 3-cü yarımbölməsinin təmizləyicilər – 11000000-19555 şifrinə uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasından göründüyü kimi iddiaçı 25.05.1981-ci ildən 16.03.1983-cü illərdə təmizləyici peşəsində neft-qaz sahəsində çalışmış, birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq Siyahının X bölməsi isə Kimya istehsalatına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının neft-qaz sahəsini əhatə edən Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlanan Xİİ bölmədə “təmizləyici” peşəsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Şirvan “xxxx” ASC-nin 21 №-li , 13.11.2019-cu il tarixli və SOCAR tərəfindən verilmiş 03.12.2019-cu il tarixli arayışları olsa da, qeyd edilən arayışlarda iddiaçının işlədiyi vəzifələrlə bağlı güzəştli iş stajı barədə ətraflı məlumat əks olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya hazırkı iş üzrə iddia tələbinin əsaslandıran sənəd-sübut, yeni arayışlar təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-4719/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4719/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı 01.10.2017-ci il tarixdən 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar