Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-160/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-1229/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7404/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, 1978-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi və güzəştli iş stajının olmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındaki dövr ərzində "xxxx" ASC-nin tütün sexində fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə yuxarıda göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (12 il 2 ay 25 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800 manat hesablandığı halda,fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20.678,66 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-1229/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə ediməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1976-cı ildə “Avtomobillərin təmiri üzrə çilingər” peşəsi üzrə 11 №-li orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə həmin peşə məktəbini bitirmişdir. (02 il 10 ay 23 gün) xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1978-ci il tarixdən istehsalat təcrübəsində avtomobillərin təmiri üzrə 2-ci (ikinci) dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə ŞTMP-11 göndərişi üzrə 3- cü çilingər qəbul edilmiş və xx.xx.1979-cu il tarixdə Sovet Ordusu sıralarında xidmətə görə azad edilmiş; (01 il 23 gün) xx.xx.1981-ci il tarixdən ANN təsərrüfat hesablı avtobazası 3cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə A/çilingər peşəsinin 4-cü dərəcəsi verilmiş və xx.xx.1984-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (02 il 07 ay 24 gün) -xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azərelektromaş” İB-də BEMZ 12ci sahəsinə (xüsusi icranın elektrik mühərriklərinin hazırlanması üzrə) 2 (ikinci) dərəcəli yük fəhləsi işləmiş; (07 ay 06 gün) - xx.xx.1985-ci il tarixdə “Qızıl Oktyabr” Bakı tütün kombinatı Yeni fabrikin siqaret sexinə maşinist-tənzimləyicinin şagirdi qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə həmin yerdə maşinist-tənzimləyici peşəsinin 5-ci dərəcə verilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (12 il 09 ay) - xx.xx.2000-ci il tarixdə “European Tobacco” ATSC-yə 3 ay sınaq müddəti ilə siqaret sexinə operator qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə tütün sexinə fəhlə keçirilmiş və xx.xx.2008-ci il tarixdə işdən azad edilmiş; (07 il 09 ay 29 gün) - xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək MN “Goradil” Hərbi-İstirahət Evində Mənzil-istismar xidmətində fəhlə vəzifəsində işləmişdir (01 il 07 ay 24 gün). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixədək istehsalat təcrübəsində avtomobillərin təmiri üzrə 2-ci (ikinci) dərəcəli çilingər müddətin bir hissəsi onun 11 №-li orta texniki peşə məktəbində aldığı təhsil müddəti ilə üst-üstə düşmüşdür. Bu səbədən, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında həmin dövrü kəsintisiz olaraq nəzərə alınmışdır. Nəzərə alınan dövr xx.xx.1976-xx.xx.1979 (təhsil müddəti)+xx.xx.1979-xx.xx.1979 (istehsalat təcrübəsində avtomobillərin təmiri üzrə 2-ci (ikinci) dərəcəli çilingər kimi işlədiyi müddət). Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı = 26 il 06 ay 12 gün (xx.xx.1976-xx.xx.1979; xx.xx.1979-xx.xx.1981; xx.xx.1981-xx.xx.1984; xx.xx.1984-xx.xx.1985; xx.xx.1985-xx.xx.1998; xx.xx.2000xx.xx.2006) təşkil edir. İş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda və apellyasiya şikayətində iddiaçının ümumi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun tütün sexində işlədiyi fəhlə peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Yeyinti sənayesi bölməsinin Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində tütün istehsalı yarımbəndində nəzərdə tutulmuş fəhlələr peşəsinə uyğun olmamasını əsas gətirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda Yeyinti sənayesi bölməsinin Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində tütün istehsalı yarımbəndində nəzərdə tutulmuş fəhlələr peşəsi əmək funksiyası baxımından bir neçə növə ayrılmışdır: -tütün üzrə kupajçılar -pnevmatik qurğu maşinistləri -papiros — siqaret mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri tənzimləşdirici maşinistlər -tütün kəsən maşın maşinistləri -tütün keşinin presləyicilər -tütün yumşaldanlar -tütün yarpaqlarını düzənlər -tütünü çəkib bükənlər -tütün çeşidləyiciləri tütün quruducular -istehsalat binalarının yığışdırıcıları -avadanlığın təmizləyiciləri. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdehin də iddia etdiyi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olan tütün istehsalında işləyən fəhlələr əmək funksiyasının icrası baxımından ayrı-ayrı növlərə ayrılmışdır. Buna baxmayaraq nəzərə alınmalıdır ki, bu növ peşələr üzrə icra olunan əmək funksiyalarının hər biri şəxsin sağlamlığına təhlükə yaratmaq ehtimalını istisna etmir. Belə ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə edir. Bundan başqa, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.6-cı maddəsində belə tütün məmulatının ticarəti yerlərində tütün çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazıların olmalı olduğu nəzərdə tutulmuşdur. Ümumməlum olan arqumentdir ki, təkcə tütün məmulatların istifadəsi deyil, həmçinin tütün məmulatların istehsalı belə şəxsin sağlamlığına zərər vurur. İddiaçının işlədiyi peşənin Siyahı əsasında güzəştli hesab olunub-olunmaması məqsədi ilə birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq İddiaçı Böyükağa oğlunun əmək kitabçasında qeyd olunan siqaret sexində operator və siqaret istehsalı sexində fəhlə peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə, əgər həmin siyahı üzrə 27-ci bölmə kimi Yeyinti sənayesi bölməsinə aid olduğu təqdirdə həm operator peşəsinin, həm də iddiaçının xx.xx.2003-cü il tarixdən, xx.xx.2008-ci il tarixə kimi fəaliyyətini həyata keçirdiyi fəhlə peşəsinin 27.5.1-ci kod üzrə Tütün istehsalında fəhlə qrupundan tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları,istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri peşələrindən hansına uyğun olması məlumatın təqdim edilməsi məqsədi ilə "xxxx" ASC-yə sorğu verilmiş, bundan sonra məhkəmənin sorğusuna verilən cavab məktubunda məlumatlar natamam təqdim edildiyindən təkrar sorğuların verilməsi təmin olunmuşdur. Məhkəmə sorğusunun natamam cavablandırılması, yəni iddiaçının manişinstnizamlayıcı peşəsi dedikdə tənizimləşdirici maşinist, yoxsa başqa növ fəhlələlik olduğu ilə bağlı məlumatların təqdim edilməməsi iddiaçının ziyanın şərh edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə üzrə məhkəmə sorğusu ünvanlanan hüquq şəxs tərəfindən sorğuya cavab məktubunda məlumatların tam göstərilməməsi, başqa sözlə müəssisənin aidiyyəti əməkdaşının şəxsin pensiya hüququnun realizəsinə yönələn sorğulara peşəkar cavab təqdim edə bilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Ümumiyyətlə də anlaşıqlı, aydın, dilimizin müvafiq normalarına uyğun olaraq tərtib edilmiş məhkəmə sorğusuna cavab verə bilməyən, sorğunun mahiyyətini anlamayan müəssisənin aidiyyəti icraçısının 5-ci sorğusuna cavabının düzgün olub-olmamasına məhkəmə şübhəli yanaşır və iddiaçının pensiya təminatını həmin arayışdan birbaşa olaraq asılı edilməsini məqbul hesab etmir. Necə ki, müsbət mənada güzəştli iş stajı barədə arayışlar məhkəmə üçün məcburi deyildirsə, eyni zamanda mənfi mənada verilən arayışlar və ya heç bir üzrlü səbəb olmadan (sorğunu dərk etməmə, laqeyd yanaşma və s) arayışın izah edilə bilməməsi də məhkəmənin qərar qəbul etməsinə mane olmur İndiki vəziyyətdə iddiaçının pensiya hüququnun realizəsinin 4 dəfə sorğunu təhlil edə bilməyib, cavab təqdim edə bilməyən müəssisənin aidiyyəti şəxsindən gözlənilməsi birbaşa iddiaçının hüququnun pozuntusu olar. Eyni zamanda, həmin sorğuların verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iş üzrə məhkəmə iclaslarının təxirə salınması baş vermişdir ki, əsassız yubanma halının qarşısının alınması ilə bağlı növbəti sorğuya ehtiyac duyulmamışdır. Məhkəmə sorğusunda qoyulan suala konkret cavab verilməsə də, iddiaçının tütün sexindəki fəhlə (maşinist-nizamlayıcı) kimi əmək funksiyaları onun zərərli sahədə işləməsinin təsdiq edir. Belə ki, iddiaçı yarpaq tütün partiyalarını istehsalat xəttinə vermək və transportyorun üzərinə düzmək; tütünü, tütün kiplərindən əllə çıxarmalı və doğranması üçün transportyorun üzərinə qoyulması; jilka ilə dolu olan qutuları dəmir qablara doldurmalı və istehsalat xəttinə verməsi; doğranmış tütünün qablaşdırılması məqsədilə istehsalat planına uyğun olaraq tutun qutularının içinə selofan qoyaraq hazırlaması; doğranmış tütünü tərəzidə çəkməli və tütün qutularına qablaşdırması; doğranmış tütün qutularını arabaya yığmalı və şəxsən onu lift tərəfə daşıması; anbarın tələbinə uyğun olaraq tütünü liftə doldurması; bütün artıq materialları, tullantıları yığmaq və liftə dolduraraq pressə göndərilməsi; istehsalat zamanı yaranan tozu tərəzidə çəkməli və qutulara doldurmalı və anbara göndərmək üçün liftə yığılması; bütün vaxtı istehsalat xəttini təmiz və səliqəli saxlaması, maşınların ətrafında olan künclərdə və ya avadanlıqların üzərində olan çirkin/tozun olmasına yol verməməsi; şöbənin fəaliyyətinə aid digər məsələləri həll edilməsi; vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməsi ilə əmək funksiyalarını icra etmişdir. Göründüyü kimi iddiaçının icra etdiyi əmək funksiyaları bilavasitə tütün istehsalı ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2- 1(102)-686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştlİ şərtlərlə pensiya almaq hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsnin formalaşmış məhkəmə təcrübəsi də tütün anlayışının öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyi prizmasından irəli çıxaraq, bu sahədə işləyən vətəndaşların əmək şəraitinin zərərli olduğunu qənaətinə gəlmişdir. Qüvvədə olan qanunvericiliyin və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1998ci il tarixə kimi siqaret sexində tənzimləşdirici maşinist peşəsi (bu hissə cavabdeh tərəfindən mübahisələndirilməmişdir) və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fəhlə peşəsi, həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXİİ. Yeyinti sənayesinin 5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bölməsində 2240500a kod altında, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 27.5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bölməsinin 27.5.1. Tütün istehsalı a) yarımbölməsində nəzərdə tutulduğundan, iddiaçının xx.xx.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan (xx.xx.1985-xx.xx.1998; xx.xx.2003-xx.xx.2006 =14 il 04 ay 27 gün) çox olmasını müəyyən edir. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Bununla yanaşı, qeyd edilməlidir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya "xxxx" ASC-nin 22 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı müəssisənin tütün sexində işlədiyi fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarımbölməsinə (fəhlələr) aiddir. Həmçinin, qeyd edilən qərarın 27.5.1-ci bölməsinin a) yarımbölməsi üzrə (fəhlələr) fəhlə vəzifəsinə-tütün yarpaqlarını düzən, tütün keçinin presləyicisi və tütün çeşidləyici aiddir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il, yəni xx.xx.2018-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-1229/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-160/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-160/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver