Məhkəmə qərarları › İş №2-1(103)-160/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-160/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-160/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinə düzəliş edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-629/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141807 nömrəli inzibati aktın ləğv edilməsi və cavabdehin üzərinə şəxsi hesab vərəqəsində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına uyğun olaraq düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-629/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarını düzgün icra edilmədiyi barədə dəlilinin öz təsdiqini tapmadığını qeyd etmiş, halbuki preyudisial əhəmiyyətə malik olan Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarnın 8-ci səhifəsində 4-cü abzasda 06 may 2015-ci il tarixli rəyinə istinad edilərək mənfəət vergisinin öz təsdiqini tapmaması göstərilmişdir. Həmin qərarın şərh edilməsi barədə xx.xx.2022-ci il tarixli 2-1(102)-1079/2020 saylı qərardadı əsas götürən məhkəmə daha yüksək hüquqi qüvvəyə malik olan Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarını əsas götürmüşdür. Bununla yanaşı, cavabdeh maddi hüquq normalarını pozaraq xx.xx.2013-cü il tarixli qərarına düzəliş edilməsi haqqında qərarı qəbul etməklə səhvə yol vermişdir. Belə ki, 7 il sonra inzibati akta düzəliş edilməsi və yenidən öhdəlik olaraq vergi hesablaması Vergi Məcəlləsində hər hansı bir normada nəzərədə tutulmamış,əksinə 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il, xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il keçmişdirsə şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə gəlb edilə və vergi öhdəliyi yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Cavabdeh apellyasiya şikayətinə etirazında idddiaçının qeyd olunan dəlilləri ilə razılaşmamış, vergi orqanı tərəfindən xx.xx.2013-cü il tarixli qərarına Ali Məhkəmənin qərarına uyğun olaraq düzəliş edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) üzrlü səbəblər təqdim etmədən məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Əhmədova mübahisələndirilən düzəliş barədə qərarla, qanuni qüvvəsini almış məhkəmə qərarının düzgün icra edildiyini bildirərək, iddiaçının apellyasiya şikayətini əsassız hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İş materiallarına əsasən (iddia ərizəsinə, cavabdehin iddia ərizəsinə və iddiaçının apellyasiya etirazına və qanuni qüvvəsini almış məhkəmə qərarllarına və s.) işin aşağıdakı halları müəyyən olunur: Cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********704340 nömrəli qərarına əsasən iddiaçı müəssisəyə: - 2011-ci il üzrə mənfəət vergisinin 50.654,92 manat məbləğində azaldılmasına görə 25.327,46 manat məbləğində maliyyə sanksiyası; -2012-ci il üzrə mənfəət vergisinin 93.805.61 manat məbləğində azaldılmasına görə 46.902,81 manat məbləğində maliyyə sanksiyası; -2011-ci il üzrə əlavə dəyər vergisinin 11.881,80 manat azaldılmasına görə 5940,90 manat məbləğində maliyyə sanksiyası; - 2012-ci il üzrə əlavə dəyər vergisinin 244.071,33 manat azaldılmasına görə 122.035,67 manat məbləğində maliyyə sanksiyası; - 2011-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 31.907,28 manat azaldılmasına görə 15.953,64 manat məbləğində maliyyə sanksiyası; - 2012-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 119.403,54 manat azaldılmasına görə 59.701,77 manat məbləğində maliyyə sanksiyası; - 2011-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası və 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 160 manat maliyyə sanksiyası - tətbiq edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)-208/2015 nömrəli qərarına əsasən, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarı qismən, 2011-ci il mənfəət vergisinin 3756 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1878 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən, 2012-ci il mənfəət vergisinin 93.805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə 46.902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2- 1(106)-215/2015 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)- 208/2015 nömrəli qərarı cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-225/2016 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1 (106)-215/2015 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-04/2018 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(86)-208/2015 saylı qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi həmin hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1278/2018 nömrəli qərarına əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-04/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şirvan Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 14.01,2020-ci il tarixli, 2-1(106)-04/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)-208/2015 nömrəli qərarı həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1(102)-1079/2020 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2-1(106)-04/2020 nömrəli qərarı qismən: - “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 noyabr 2013- cü il tarixli **********704340 nömrəli qərarı ilə hesablanmış 27.684,77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13.842,39 manat maliyyə sanksiyasının, o cümlədən, 2011-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyasının; - 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 160 manat maliyyə sanksiyasının - ləğv edilməsi hissələrində ləğv edilmiş; - həmin hissələrdə iddia rədd olunmuş; - cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2-1(106)-04 2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.» Həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2013-cü il tarixli **********704340 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında **********141807 nömrəli xx.xx.2020-ci il tarixli mübahisələndirilən qərarı qəbul edilərək həmin qərarla iddiaçıya: - 2011-ci il mənfəət vergisi üzrə 3756 manat əsas, 1878 manat maliyyə sanksiyası; -2012-ci il Mənfəət vergisi üzrə 93805,61 manat əsas, 46902,81 manat maliyyə sanksiyası; -2012-ci il ƏDV üzrə 27684,77 manat əsas, 13842,39 manat maliyyə sanksiyası; - vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 2011-ci il üzrə 80 manat, 2012-ci il üzrə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş; - cəmi, 125 246,38 manat əsas, 62 863,2 manat maliyyə sanksiyası hesablanaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdeh tərəfindən qəbul edilmiş həmin (xx.xx.2020-ci il tarixli **********141807 №-li) inzibati aktın ləğv edilməsini və cavabdehin üzərinə şəxsi hesab vərəqəsində qanuni qüvvəyə minmiş məhkəmə aktlarının düzgün icra edilməklə düzəliş edilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan tərəfindən mübahisələndirilən həmin qərar qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında qəbul edilmişdir. Belə olan halda, yəni, həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğu təqdirdə iddiaçının həmin məhkəmə qərarının icrası olaraq qəbul etdiyi düzəliş qərarının ləğv edilməsini, ayrıca bir müstəqil iddia formasında qaldırmaq imkanı prosessual qanunvericiliklə istisna edilir və həmin iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Çünki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni zamanda həmin Məcəllənin 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçının cavabdeh vergi orqanı tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarlarının düzgün icra edilmədiyini mübahisələndirməsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi Qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» İPM-in 79.1-ci və 117.1-ci maddələrinə əsasən maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra sənədi sayılır, icra sənədinin icrasına nəzarəti isə həmin işə baxan məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı 19 noyabr 2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarının qüvvədə qalan hissələrindən irəli gələn icra hərəkətləri və bu icra nəticəsində yaranan narazılıqlar (şikayətlər) 119-121-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin işin davamı qaydasında həll edilməlidir. Başqa sözlə, iddiaçı həmin işin davamı olaraq qanuni qüvvəsini almış məhkəmə qərarlarının düzgün icrasını tələb edə bilər. Qeyd olunanlar nəzərə alınmaqla İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, konkret halda hazırkı iddianın əsaslandırılmış iddia kimi qəbul olunaraq inzibati icraat qaydasında təkrarən baxılması yolverilməz olduğundan məhkəmə icraatı mümkünsüzdür. Yəni, iddianın mümkünlük şərtləri ödənilmir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlarla müəyyən edilən hallara prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın inzibati məhkəmə icraatını mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə baxılmışdır. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual qanunvericilyin tələblərinin pozulması ilə qəbul olunduğunu mübahisələndirən hissəsində, dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-629/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-629/2020 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar