Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-160/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X17 və X14 cəlb olunmaqla) “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçülərinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X8 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. “Bağın icarəyə verilməsi haqqında” 11894 nömrəli, 24 mart 1995-ci il tarixli 3243 nömrəli bağa dair müqavilədən görünür ki, bir tərəfdən Bakı şəhər İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə İdarə adlandırılacaq X6 və istismarı birliyinin direktoru, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli sərəncamının 5 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə icarədar adlandırılacaq İddiaçı şəxsində olmaqla, idarə Ləhiş qəsəbəsində 0,25 hektarlıq bağ sahəsini, sahəsi 9,0 kv.m olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəflərin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-12907/2023 **********07 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adına “3243” saylı bağın icarəyə verilməsi haqqında 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilə (0.25 ha) tərtib edilmiş, daha sonra ərizəsi əsasında həmin bağın 0,12 ha hissəsi digər şəxsin adına verilmişdir. Bundan əlavə, təqdim edilən 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin hər iki nüsxəsi mövcuddur, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bununla yanaşı, torpaq sahəsi və bağ evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsində İ – uçurulmuş bağ evi, İİ – hovuz var. Müqavilədə göstərilən bağ evi faktiki olaraq uçurulmuş, istifadəyə yarasızdır..
4. “Bağ sahələrinin,tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 11894 nömrəli, 04 fevral 1966-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bakı şəhər Soveti İcraiyə komitəsinin Bağ təsərrüfatı tresti tərəfindən X5 uzun müddətli icarəyə verilmişdir.
5. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı tresti ilə X9 arasında bağlanılmış “Bağ sahələrinin,tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 11894 nömrəli, 5 may 1972-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi X5 icarəyə verilmişdir.
6. İddiaçı 17 fevral 1995-ci il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X2 adına olan 11894 nömrəli müqavilə əsasında 0,25 ha sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. atasına məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin 0,12 ha hissənin X12 adına keçirilməsini xahiş etmişdir.
7. İddiaçı 17 fevral 1995-ci il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X2 adına olan 11894 nömrəli müqavilə əsasında 0,25 ha sahəsinin 0,12 ha hissənin X12 adına keçirilməsini xahiş etmişdir.
8. “Bağın icarəyə verilməsi haqqında” 11894 nömrəli, 24 mart 1995-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bağlar təsərrüfatı inkişafı və istismarı birliyi tərəfindən İddiaçı Cəfərəli oğluna icarəyə verilmişdir.
9. “Bağın icarəyə verilməsi haqqında” 25824 nömrəli, 05 may 1995-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,12 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bağlar təsərrüfatı inkişafı və istismarı birliyi tərəfindən X15 icarəyə verilmişdir.
10. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tədiq edilmiş X12 **********002 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə, özəlləşdirilməsinə etirazı yoxdur, razıdır; ərizə onun sözləri əsasında yazıldı və yazılanları öz imzası ilə təsdiq edir. a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin plan və ölçülərinin tərtib edilərək iddiaçının adına Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçülərinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət iddiaçının ailəsinin istifadəsində olan Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bakı şəhər İcra hakimiyyətinin X6 və İstismarı Birliyinin müqaviləsi ilə iddiaçının atası, Səfərəli Həmidova icarəyə verilmiş, icarəçi və icarədar arasında müqavilə bağlanmış, imzalanmış, möhürlənmiş və həmin müqavilənin 11-ci bəndinə əsasən icarədar vəfat etdikdən sonra Bakı şəhər İcra hakimiyyətinin X6 və İstismarı Birliyinin xx.xx.1995-ci il tarixli 5 nömrəli Sərəncamının 1 saylı protokolu əsasında 11894 saylı müqaviləsi ilə xx.xx.1995-ci il tarixdə icarədarın oğlu, İddiaçı adma rəsmiləşdirilmişdir. Lakin, iddiaçı ilə müqvilə bağlanan zaman, 3243 saylı bağın yarısını Arif adında digər icarədara verilməsi X6 və İstismarı Birliyi tərəfindən təklif olunmuş, əks halda müqavilənin ləğv olunması və bağ sahəsini ВТК-ya təhvil verilməsi bildirilmişdir. Bu səbəbdən bağın yarısını Arif adında şəxsə verilməsi üçün iddiaçı razılıq ərizəsi vermişdir. Lakin, bağ sahəsini 50 x 25 ölçüdə bölmək mümkün olmaması səbəbindən, bağı yalnız 100 x 12.5 ölçüdə bölünməsi mümkün olduğundan və belə bölgü Arif adında şəxsi qane etmədiyindən, bağdan imtina etmiş və bu günə qədər həmin bağa dair heç bir tələb irəli sürməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********07 saylı məktubunda əsassız olaraq 3243 saylı bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinaya səbəb bağ sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırılması işlərinin aparılması üçün idarənin mütəxəssisinə şəraitin yaradılmaması və xx.xx.1995-ci il tarixdə bağlanmış 11894 saylı müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması və möhürün olmaması bildirilmişdir. İddiaçı cavabdehin imtinası əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adına “3243” saylı bağın icarəyə verilməsi haqqında 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilə (0,25 ha) tərtib edilmiş, daha sonra iddiaçının ərizəsi əsasında həmin bağın 0,12 ha hissəsi digər şəxsin (X12) adına verilmişdir. Bundan əlavə, təqdim edilən 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin hər iki nüsxəsi arxivdə mövcuddur, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 13 kv.m hissəsi X7 (fin : 411E937) adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi qonşu bağlarla bir hasar daxilindədir və qonşu bağ sahəsi ilə bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə, təqdim edilən müqavilədə qeyd olunan bağ evi faktiki olaraq uçurulmuş, isifadəyə yarasızdır və torpaq sahəsinin faktiki ölçüsü 0.2159 ha təşkil edir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.2159 ha təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 13 kv.m hissəsi X10 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, müəyyən olunmuşdur ki, bağ sahəsi qonşu bağlarla bir hasar daxilindədir və qonşu bağ sahəsi ilə bölgü sxemi təqdim edilməlidir. Müqavilədə qeyd olunan bağ evi faktiki olaraq uçurulmuş, istifadəyə yararsızdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması xahiş etmişdir. Əlavə olaraq iddiaçı Bakı Apellyasiya Məhkəməsində iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi,Ləhiş Bağlar massivində yerləşən 2466,0 m2 ərazisi olan 3243 saylı bağ sahəsinin paln və ölçülərini tərtib edərək mülkiyyət hüququ ilə adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
20. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etmirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3-cü şəxslərin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
28. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,2466 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin plan və ölçülərinin tərtib edilərək iddiaçının adına Dövlət Reyestrində qeydiyyatdan keçirilməsini xahiş edir.
29. Cavabdeh orqan isə həmin bağın 0,12 ha hissəsinin digər şəxsin (X12) adına verilməsinə, 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməməsinə və göstərilən torpaq sahəsinin 13 kv.m hissəsinin X7 (fin : 411E937) adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi 0.2149 ha təşkil edir. Bağ sahəsi qonşu bağlar ilə bir hasar daxilindədir, arasərhəd bir sıra mişar daşı düzülərək ayrılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Ləhiş bağlar massivi ərazisi olmaqla Dövlət mülkiyyəti torpaqlarıdır.
31. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.
32. Belə ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2665/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmişdir.
33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaq sahəsi qonşu bağ sahələri ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Yerli baxı zamanı nümayəndə bağ sahəsinin sərhədlərinin şərti göstərərək ona aid olduğunu bildirdi. İddiaçının nümayəndəsi tərəfindən 3243 saylı bağ kimi göstərilən sahə 2479.0 kv.m təşkil edir. Həmin sahədə digər fiziki şəxs tərəfindən inşa edilmiş bağ evi bir hissəsi yerləşir. Bağ sahəsinin üzərində uçurulmuş yaşayış evi, hovuz və digər fiziki şəxs tərəfindən inşa edilmiş yaşayış evinin bir hissəsi yerləşir. Nümayəndə göstərilən 2479.0 kv.m sahəyə 3243 saylı bağ kimi iddiası olduğunu bildirdi. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş sahənin bir hissəsi 3244 saylı bağ sahəsi və bölünənlərin ərazisinə düşür. Həmçinin qonşu sahədə yerləşən tikililərin bir hissəsi koordinatlar daxilində qalıb. Bundan əlavə ərazinin 13.0 kv.m hissəsi X7 xüsusi mülkiyyətində olan **********703 reyestr nömrəli sahə ilə üst-üstə düşür.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
36. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha sahəsi olan 3243 saylı bağ sahəsi 1966-cı ilin fevral ayından icarə müqaviləsi əsasında iddiaçının atası X3 istifadəsinə verilmişdir. Həmin bağ sahəsinə verilmiş müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə Səfərəli Həmidovun müraciəti əsasında mütamadi olaraq uzadılırdı. X9 1995-ci ildə vəfat etdikdən sonra onun övladı olan İddiaçı qeyd olunan 0,25 ha ölçüsü olan 3243 saylı bağ sahəsinin onun adına rəsmiləşdirilməsini Bağlar Təsərrüfatı İdarəsindən xahiş etmişdir. Eyni vaxtda mərhum Səfərəli Həmidovun qardaşı olan X11 ərizə ilə Bağlar Təsərrüfatı idarəsinə ərizə ilə müraciət edərək, qardaşına verilmiş 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmamasını bildirmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinə dair 11894 nömrəli 24 mart 1995-ci il tarixli icarə müqaviləsi bağlanmış, lakin həmin müqavilə möhürlənməmişdir. Bundan başqa həmin bağ sahəsindən 0,12 ha hissəsinin X12 adına verilməsi ilə bağlı müqavilə bağlanmış, lakin həmin müqavilədə lazımi qaydada rəsmiləşdirilməmişdir. X12 imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etirazı yoxdur.
37. Cavabdeh təşkilatın iddiaçının adına verilmiş müqavilədə imza və möhürün olmamasına dair gətirdiyi arqumentə münasibətdə kollegiya qeyd edir ki, adıçəkilən müqavilələrdə imza və möhürün olmaması ilə bağlı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1917/2024 №li iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-3804/2024 saylı iş üzrə qəbul etdiyi 12 dekabr 2024-cü il tarixli qərarında qiymət verilmişdir. Belə ki, hər iki məhkəmənin iclasında şahid qismində dindirilmiş X4 izahat verərək, bildirmişdir ki, 1973-cü ildən 2007-ci ilə qədər Bağlar İdarəsində sahə rəisi işləmiş və Ləhiş bağları deyilən ərazidə mühəndis olmuşdur. Qeyd olunan bağ sahələri ilə bağlı müqavilələrin müddətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən uzadılmasına baxmayaraq vətəndaşların idarəyə müqaviləni imzalamaq üçün gəlmədiklərinə görə müqavilələr imzasız və möhürsüz olurdu.
38. Müqavilənin imzasız və möhürsüz olmasına dair cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə həmçinin qeyd olunan bağ sahəsi ilə bağlı mərhum X16 Təsərrüfatı idarəsi arasında bağlanmış 1966-cı ildən 1982-ci illər ərəfəsində bağlanmış müqavilələri qeyd etmək olar. Belə ki, həmin illər ərəfəsində bağlanmış müqavilələrin heç birində möhürün olmaması Səfərəli Həmidovun həmin bağ sahəsi üzərində sahiblik hüququnun həyata keçirilməsində maneə yaratmamışdır. Yəni torpaq sahəsinin Səfərəli Həmidovun faktiki sahibliyində olması müqavilələrdə möhürün olmamasından üstün tutulurdu.
39. Bundan başqa o da nəzərə alınmalıdır ki, SSR Ali Sovetinin 23 noyabr 1989-cu il tarixli 810-İ saylı qərarı ilə təstiq edilmiş SSR Qanunvericiliyinin Əsaslarının 13.5-ci maddəsində qeyd olunur ki, icarəçi vəfat etdiyi təqdirdə onun icarə müqaviləsi üzrə hüquqları onunla birgə təsərrüfat aparan vərəsəsinin razılığı ilə həmin vərəsəyə keçir.
40. Göründüyü kimi, zaman etibarı ilə qüvvədə olmuş maddi hüquq normasına görə bağ sahəsi ilə bağlı 1995-ci ildə vəfat etmiş icarəçi Səfərəli Həmidovun icarə hüquqlarının övladı İddiaçı keçməsi mümkün idi. Yəni zaman etibarı ilə qüvvədə olan qanunvericilik içarəyə verilmiş əmlakın onun vərəsələrinə keçməsini imperativ xarakterli edir.
41. Yuxarıda qeyd olunalara əsasən məhkəmə kolleqiyası icarə müqaviləsində imzanın və möhürün olmaması səbəbindən İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün hesab edir.
42. Məhkəmə kollegiyası cavabdehin göstərilən torpaq sahəsinin 13 kv.m hissəsinin X7 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi dəlilinə münasibətdə bildirir ki, iddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2466 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsini tələb edir.
43. Eyni zamanda kollegiya mübahisəli bağ sahəsinin 0,12 ha hissəsi X1 verilməsi ilə bağlı qeyd edir ki, 1995-ci ildə iddiaçının razılıq ərizəsi əsasında 0.12 ha hissə həmin şəxsin adına icarəyə verilməsi bağlı müqavilə mövcud olsa da, hazırda həmin şəxs tərəfindən göstərilən bağ sahəsi sənədləşdirilməmiş və sözügedən 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə, özəlləşdirilməsinə etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə təqdim edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə torpaq sahəsi 2466 m2 olması nəzərə alınmaqla dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.