Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1600/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xalıqverdi oğlunun Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “imtahanda ona düşmüş test tapşırıqlarına verdiyi cavabların onun və digər mütəxəssislərin iştirakı ilə araşdırılaraq baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Xalıqverdi oğlunun iştirakı ilə, İddiaçı Xalıqverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “imtahanda ona düşmüş test tapşırıqlarına verdiyi cavabların onun və digər mütəxəssislərin iştirakı ilə araşdırılaraq baxılması vəzifəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarındancavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Xalıqverdi oğlu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtahanda ona düşmüş test tapşırıqlarına verdiyi cavabların onun və digər mütəxəssislərin iştirakı ilə araşdırılaraq baxılması vəzifəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Şərifzadə küçəsi, 196 ünvanında (Səhiyyə Nazirliyinin Elmi- Tibbi Kitabxanasının binasında) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifıkasiya Komissiyasının keçirdiyi Həkimlərin Sertifıkasiya imtahanında (iş N 0120085) nevrologiya ixtisası üzrə iştirak etmiş, imtahandan sonra təqdim olunan test sualları üzrə nəticəsinin 39 (keçid bal 40 tələb olunur), kliniki tapşırıqlar üzrə isə 20 (keçid balı 16 tələb olunur) olduğunu öyrəndi. Göründüyü kimi, kliniki tapşırıqlarda nəticəsi yüksək olduğu halda test suallarında keçid üçün 1 bal çatışmamışdır. İmtahanda ona elan olunan nəticə onu qane etmir və cavablandırdığı test suallarındakı “səhv” hesab olunan cavablara etiraz edir. Çünki, hələ may ayında keçirilən ilk imtahanda nəticələrinin test sualları üzrə 37, kliniki tapşırıqlar üzrə 16 olması elmi biliyinə arxayın və uzun illərin həkimi olaraq onda şübhələr və imtahan nəticələrinin subyektiv olaraq saxtalaşdırılması qənaətini yaratmışdır. O zaman səhv cavabları ilə tanış olmaq imkanı ona verilməmişdir. Cari mərhələ üzrə imtahana daha ciddi hazırlaşsa da təəssüf ki, yenidən oxşar mənzərə ilə qarşılaşdı. İmtahan nəticələri elan olunandan sonra test cavablarının obyektiv qiymətləndirilməməsi, imtahan nəticəsinə subyektiv müdaxilələrin olması və qərəzli olaraq səhv hesablanması barədə şəxsən komissiyanın sədr müavini Fariz Babayevə iradlarını şifahi bildirsə də, müvafiq tədbir görülməmişdir. İimtahan nəticələrinin yenidən və mütəxəssislərin iştirakı ilə yoxlanılması və ədalətin bərpası məqsədilə xx.xx.2019-cu il tarixdən başlayaraq yazılı və sifarişli xəbərnamə ilə (həm də elektron sorğu qaydasında) həm Sertifıkasiya Komissiyasına, həm də Səhiyyə Nazirliyinə etdiyi 4 apelyasiya şikayəti ərizələri də 1 aya yaxın vaxt keçməsinə baxmayaraq baxılmamış və ona heç bir rəsmi cavab verilməmişdir. Apelyasiya şikayətilə əlaqədar Səhiyyə Nazirliyinin ***-***-**-** (daxili nömrə 374) qaynar xətti ilə bir neçə dəfə əlaqə yaradıb müraciətlərinin aqibəti ilə maraqlandıqda yalnız ərizələrinin Sertifıkasiya Komissiyasına yönləndirildiyi haqqında məlumat əldə edə bilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, mübahisəyə aydınlıq gətirilməsi üçün İddiaçı Xalıqverdi oğlunun sertifikasiya imtahanının nəticələrinin onun iştirakı ilə Sertifikasiya Şurasında araşdırılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Şərifzadə küçəsi, 196 ünvanında (Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binasında) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifıkasiya Komissiyasının keçirdiyi Həkimlərin Sertifıkasiya imtahanında (iş № 0120085) nevrologiya ixtisası üzrə iştirak etmişdir. İmtahandan sonra ona təqdim olunan test sualları üzrə nəticəsinin 39 (keçid bal 40 tələb olunur), kliniki tapşırıqlar üzrə isə 20 (keçid balı 16 tələb olunur) olduğu bildirilmişdir. Kliniki tapşırıqlarda nəticəsi yüksək olsa da test suallarında keçid üçün 1 bal çatışmamış və nəticədə imtahandan kəsilmişdir. İmtahandan sonra T. Abdullayev cavablandırdığı test suallarındakı “səhv” hesab olunan cavablara etiraz etmişdir. İmtahan nəticələri elan olunandan sonra test cavablarının obyektiv qiymətləndirilməməsi, imtahan nəticəsinə subyektiv müdaxilələrin olması və qərəzli olaraq səhv hesablanması barədə şəxsən komissiyanın sədr müavini Fariz Babayevə iradlarını şifahi şəkildə bildirmişdir. Daha sonra isə imtahan nəticələrinin yenidən və mütəxəssislərin iştirakı ilə yoxlanılması və ədalətin bərpası məqsədi ilə yazılı və elektron sorğu qaydasında həm Sertifikasiya Komissiyasına, həm də Səhiyyə Nazirliyinə apelyasiya şikayəti ərizələri ilə müraciət etmişdir. T.Abdullayevin şikayətləri aidiyyatı üzrə Sertifıkasiya Komissiyasına yönləndirilmişdir. Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarları ilə əlaqədar olaraq məhkəmə iclasında nümayəndənin iştirakı mümkün olmamış və nəticədə iş üzrə sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb mütəxəssislərinin Sertifikasiya şöbəsi tərəfindən ******* eyniləşdirmə koduna malik T.Abdullayevin imtahan nəticəsinə yenidən baxılması müraciəti əsasında onun və Sertifıkasiya şöbəsinin rəhbərinin test sualları üzrə mütəxəssislərinin və ADHTİ-nin Nevrologiya kafedrasının dossenti t.e.d. Rövşən Həsənov və Şüa diaqnostika üzrə mütəxəssis t.e.n. Yunus Əfəndiyevin iştirakı ilə imtahan zamanı ona təqdim olunmuş sual kitabçasına və cavab kartına yenidən baxış keçirilmişdir. T.Abdullayev üçün cavabları mübahisəli olan 22 və 36-ci suallar üzrə mübahisəyə aydınlıq gətirilərək, onun cavablarının səhv olduğu müəyyən edilmiş, nəticədə isə onun imtahan nəticələrinin düzgünlüyü T.Abdullayevə izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının müraciəti tam olaraq araşdırılaraq ona rəsmi rəy təqdim olunmuşdur. Lakin qeyd olunan xx xxxx 2020-ci il tarixli rəy Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarları ilə əlaqədar olaraq məhkəməyə təqdim edilə bilinməmişdir. Tərəflərin izahatları İddiaçı Xalıqverdi oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verilib şikayətin sonunda məhkəmə qərarının tam ləğv edilib iddia tələbinin rədd edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant məhkəmə qərarının “iddianın təmin olunmuş” hissəsi ilə narazıdır, belə ki, məhkəmə qərarı ilə iddiaçının iddia tələbi digər hissədə rədd edilmişdir ki, bu da apelyantın hüquq və mənafeyinə toxunmur. Həmçinin, iddiaçı iddiasının rədd olunduğu hissədə məhkəmə qərarını mübahisələndirməmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən nevrologiya ixtisası üzrə keçirilən həkimlərin sertifikasiya imtahanında iştirak etmiş, sertifikasiya imtahanının nəticəsi olaraq T.Abdullayev “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Nevrologiya şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 2411-K saylı xx.xx.2019-cu il tarixli Əmrinin təsdiq edilmiş surətindən görünür ki, “T.X.Abdullayevin vəzifədən azad etmə "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Nevrologiya şöbəsinin Şöbə müdiri (həkim nevropatoloq) İddiaçı Xaliqverdi oğlu ilə bağlanmış 20214 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli elektron məktubu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması göstərilmişdir. Odur ki, iddiaçı işdən azad olunmasının əsasları, o cümlədən sertifikasiya imtahanının nəticələri ilə razılaşmayaraq cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 5-35/A23609/5 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, onun Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı sertifikasiya imtahanının nəticələri barədə ərizəsinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda göstərildiyi kimi, yalnız cavab kartı düzgün qiymətləndirilmədikdə müvafiq komissiya tərəfindən yenidən balların hesablanması aparılır. Ərizədə qeyd edilən hallar onun tərəfindən yol verilən səhvlərin nəticəsi kimi qiymətləndirilir. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin olunmuş hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən nevrologiya ixtisası üzrə keçirilən həkimlərin sertifikasiya imtahanında iştirak etmiş, lakin həmin imtahanın nəticələri ilə razılaşmamış və buna görə də cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 108 nömrəli 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən X1 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X1 Şurası yaradılır və Əsasnaməsi təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Sertifikasiya Şurası 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən Sertifikasiya Şurasının tərkibi Səhiyyə Nazirliyi, sahə həmkarlar ittifaqı, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlərdən və aparıcı mütəxəssislərdən formalaşır. Sertifikasiya Şurasının tərkibi Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.26-cı bəndinə əsasən sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun sertifikasiya imtahanının nəticəsindən narazı qalması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciət onun iştirakı ilə araşdırılmamışdır. Buna görə də iddiaçının iddia tələbi sözügedən imtahanın nəticələrinin onun iştirakı ilə yoxlanılmasından ibarət olmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəf nümayəndəsinin iştirakını respublika ərazisində Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın qərarları ilə əlaqədar olaraq təmin edə bilmədiyi üçün apelyant apellyasiya şikayətində bu səbəbdən təqdim edə bilmədiyini göstərdiyi müvafiq sənədləri şikayətinə əlavə etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçının müraciəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb mütəxəssislərinin Sertifikasiya şöbəsi tərəfindən ******* eyniləşdirmə koduna malik tibb işçisinin imtahan nəticəsinə yenidən baxılmış və bu barədə xx xxxx 2020-ci il tarixdə müvafiq rəy tərtib edilmişdir. Həmin rəyin məzmununa görə, ******* eyniləşdirmə koduna malik tibb işçisi xx.xx.2019-cu il tarixdə “Nevrologiya” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, imtahan zamanı ona 60 test tapşırığı və 5 klinik tapşırıq təqdim edilmişdir. İmtahanın test hissəsindən 39 bal, klinik tapşırıqlar hissəsi üzrə isə 20 bal toplamış, beləliklə test hissəsindən keçid balını (40 bal) toplamadığı məlum olmuşdur. İddiaçı ərizəsində ona təqdim olunan test tapşırıqlar hissəsindən 22 və 36 nömrəli test suallarına öz iradını bildirmiş və düzgün cavablandırdığını bildirmişdir. Ərizəsi əsasında və özünün iştirakı ilə Sertifikasiya şöbəsinin rəhbərinin, test sualları üzrə mütəxəssislərin və ADHTİ-nin Nevrologiya kafedrasının dosenti, t.e.d. Həsənov Rövşənin və Şüa diaqnostika üzrə mütəxəssis t.e.n. Yunus Efendiyevin iştirakı ilə imtahan zamanı təqdim olunmuş sual kitabçasına və cavab kartına yenidən baxılmış və məlum olmuşdur ki, hər iki test sualı düzgün tərtib olunmuş, bazada olan cavab düzgün olmuş, iddiaçı haqlı deyil. Buna görə də iddiaçının iradı heç bir sualda öz əksini tapmamış və imtahanın test tapşırıqları hissəsi üzrə 39 bal toplayaraq imtahandan keçməmiş hesab edilmişdir. Rəyin düzgünlüyü Sertifikasiya şöbəsinin müdiri Murad Mirzazadə, ADHTİ-nin Nevrologiya kafedrasının dosenti t.e.d. Rövşən Həsənov, Şüa diaqnostika üzrə mütəxəssis t.e.n. Yunus Efendiyev, test sualları üzrə məsul şəxslər, həkimlər Almaz Hacıyeva və Lətafət Cabbarova tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin ikinci hissəsinə görə, apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Göründüyü kimi, sözügedən rəydə iddiaçının müraciəti üzrə onun iştirakı ilə araşdırma aparıldığı qeyd olunsa da, cavabdeh inzibati orqan tərəfindən həmin araşdırmaya iddiaçının dəvət olunması ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, sözügedən rəy araşdırmada iştirak etdiyi göstərilən İddiaçı tərəfindən imzalanmamış və ya həmin rəydə iddiaçının onu imzalamaqdan imtina etməsini əks etdirən hər hansı qeyd də aparılmamışdır. Beləliklə, hazırki işdə iddiaçının test tapşırıqlarının nəticəsindən narazı qalaraq etdiyi müracətinin qanunla müəyyən olunmuş qaydada, yəni onun iştirakı ilə araşdırıldığını müəyyən etmək mümkün deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı maraqlı şəxsin dinlənilmə hüququnun mütləq qaydada təmin olunması təkcə inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsip və prosedur qaydalarını müəyyən edən, eyni zamanda inzibati orqanların faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) şamil olunan “İnzibati icraat haqqında” Qanunda deyil, həm də xüsusi qanun normalarında da nəzərdə tutulmuşdur. Belə ki, hazırki iş üzrə tərəflər arasında mövcud inzibati hüquq münasibətlərini tənzimləyən maddi hüquq norması kimi çıxış edən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 3.26-cı bəndində göstərilmişdi ki, sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısının mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciəti ilə bağlı məsələ ərizəçinin iştirakı ilə araşdırılır. Göründüyü kimi, iddiaçının test tapşırıqlarının nəticəsi ilə razılaşmayaraq etdiyi müraciətinin onun iştirakı ilə araşdırılması zəruri olduğu halda, həmin qaydada araşdırmanın aparıldığı hazırki işdə sübuta yetirilmədiyi üçün, bu hal inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən ərizəçinin dinlənilmə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının test tapşırıqlarının nəticəsi ilə razılaşmayaraq etdiyi müraciətlə bağlı aparılan araşdırmanın nəticələrinə dair tərtib olunmuş rəydə İddiaçı “iddiaçı” qismində göstərilmişdir. Halbuki məhkəməyədək olan inzibati icraat mərhələsində ərizə ilə müraciət edən şəxslər “iddiaçı” deyil, “maraqlı şəxs” statusuna malik olur. Bu hal həmin rəyin inzibati məhkəmə icraatı qaydasında işə məhkəmədə baxılan zaman deyil, məhkəməyədək olan inzibati icraat mərhələsində tərtib olunmasını şübhə altına alır. Qeyd olunan hallarla bağlı, iddiaçının tələbinə münasibətdə sübutetmə vəzifəsinin, yəni iddiaçının müraciəti ilə bağlı müvafiq araşdırmanın məhz iddiaçının iştirakı ilə aparıldığını sübut etmə vəzifəsi cavabdeh inzibati orqanın üzərində olsa da, sonuncu bu barədə nəinki müvafiq sübutları təqdim etməklə sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hətta apellyasiya şikayətində ərizəçinin inzibati icraat mərhələsində iştirakının və dinlənilmə hüququnun təmin olunduğunu qeyd etməmiş, ümumiyyətlə, bu halın mövcudluğunu əsaslandırmaq üçün məhkəmə iclasında bu barədə lazımi qaydada xəbərdar olunsa da nümayəndəsinin iştirakını belə təmin etməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 108 nömrəli 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 3.27-ci bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçının cavab kartı düzgün qiymətləndirildiyindən və ballar düzgün hesablandığından yenidən hesablama aparılmasına ehtiyac yoxdur, buna görə də bu barədə rəy iddiaçıya təqdim olunduğundan inzibati orqanın hərəkətləri qanuni olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin istinad etdiyi sözügedən Qaydaların 3.27-ci bəndi mübahisənin mahiyyəti ilə bağlı olub, test tapşırıqlarının nəticəsi üzrə toplanan ballar düzgün hesablandığı təqdirdə bu barədə yenidən hesablamanın aparılmasına ehtiyacın olmaması və müvafiq rəyin müraciət müəllifinə verilməsini nəzərdə tutur. Lakin məhkəmə kollegiyası vurğulanmasını zəruri hesab edir ki, iddiaçının tələbi test tapşırıqlarının nəticələri ilə razılaşmadığı üçün onun verdiyi cavabların məhz onun iştirakı ilə yoxlanılmasından ibarətdir. Göründüyü kimi, iddiaçının tələbi ona inzibati orqan tərəfindən müraciəti ilə bağlı mahiyyəti üzrə əsaslandırılmış rəsmi cavabın verilməsinə qədərki inzibati icraat mərhələsinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.2-ci maddələrinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmır. Qeyd olunanlarla bağlı hazırki işdə birinci instansiya məhkəməsinin “iddiaçının sertifikasiya imtahanının nəticələrinin onun iştirakı ilə Sertifikasiya Şurasında araşdırılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi” ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1600/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1600/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver