Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1601/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi»nə dair iddia tələbi üzrə yeni açılmış hallarla bağlı Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1827/2016 saylı, 12 mart 2021-ci il tarixli qərardadından həmin orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi» tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 6 iyun 2016-cı il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində inzibati mübahisəyə mahiyyəti üzrə baxılmış və məhkəmənin həmin tarixli 2-1(82)-1827/2016 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçı X4 1978-2003-cü illər üzrə iş stajı nəzərə alınmaqla 27 iyun 2008-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdıliyi cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi sözügedən 6 iyun 2016-cı il tarixli məhkəmə qərarından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2179/2016 saylı 28 sentyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1827/2016 saylı 6 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-282/2017 saylı 18 yanvar 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə 28 sentyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar həmin məhkəməyə göndərilmişdir. İş materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra 12 iyul 2017-ci il tarixdə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayətinə baxılmış və məhkəmənin həmin tarixli 2-1(103)-866/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1827/2016 saylı iş üzrə 6 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1994/2017 saylı 5 dekabr 2017-ci il tarixli qərarı ilə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-866/2017 saylı 12 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. 03 noyabr 2020-ci ildə Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq, 2 saylı ünvan 2un 2016-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə İPM-in 100-cü maddəsinə istinad olunmuş və bildirilmişdir ki, pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, Bakı şəhəri, ünvan 10-də rəsmi qeydiyyatda olmuş xx xxxx 1953-cü il təvəllüdlü İddiaçı pensiya təyinatı barədə 24 avqust 2010-cu il tarixli ərizəsi şöbədə qeydiyyatdan keçirilməklə həmin dövrdə ünvan aidiyyəti üzrə Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsinin Pensiya təyinatı komissiyasının 1 sentyabr 2010-cu il tarixli 102/599 №-li qərarı əsasında 12 il 6 ay güzəştli xüsusi stajın tamamlandığı 17 avqust 2010-cu il tarixdən (57 yaşından bir az artıq) «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin şərtlərinə əsasən AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na (bundan sonra – güzəştli siyahı) istinad etməklə və əmək kitabçası üzrə 2006-cı ilədək qazanılmış 34 il 3 ay sosial sığorta stajına uyğun hesablanmış sığorta hissəsi (62,20 manat), 1 yanvar 2006-cı il tarixdən 1 avqust 2010-cu il tarixədək olan dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı (28,97 manat) pensiyanın baza hissəsi (75,0 manat) ilə birlikdə 166,17 manatla 1 noyabr 2010-cu il tarixdən pensiyanın ödənilməsinə başlanılmış, sonrakı baza hissəsinə artımlar və indeksləşdirmələr nəzərə alınmaqla 1 iyul 2017-ci il tarixdən 237,59 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə əsasən fərdi hesabında qeydə alınmış 126,82 manat pensiya kapitalı aylıq məbləğin üzərinə əlavə olunmaqla 1 dekabr 2017-ci il tarixdən 364,41 manat, 1 yanvar 2018-ci il tarixdən 385,18 manatla ödəniş aparılmışdır. “Pensiyaçının uçot vərəqi”ə əlavə olunmuş sənədlər araşdırılarkən İddiaçı tərəfindən 55 yaşından pensiya təyinatı barədə DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciəti və həmin şöbə tərəfindən ona verilmiş imtina məktubu aşkar edilməmişdir. “Pensiyaçının uçot vərəqi”ndə İddiaçı tərəfindən pensiya təyin olunması və ya digər məzmunda yazılmış hər hansı bir ərizə aşkar olunmadığı halda 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 6 iyun 2016-cı il tarixli (İş № 2-1(82)-1827/2016) qərarında qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində həmin şöbə tərəfindən ona 17 avqust 2010-cu il tarixdən əmək pensiyasının təyin edildiyini, lakin pensiya təyinatında zərərli stajının bir hissəsinin nəzərə alınmadığını və bu səbəbdən də 55 yaşdan pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. 30 noyabr 1970-ci il tarixdə açılmış əmək kitabçasına əsasən iddiaçı 5 oktyabr 1978-ci il tarixdən 2 iyun 2003cü il tarixədək xxxxnda isti iş sahələrində təmirçi çilingər və elektrik qaynaqçısı vəzifələrində işləmişdir. Göstərilən vəzifələr Güzəştli siyahının 11-ci və 35-ci bölmələrində müvafiq olaraq zərərli peşələr hesab olunur. Ümumi iş stajı da 25 ildən çoxdur. Qeyd edilən vəzifələr işin xüsusiyyətləri və əmək funksiyalarına görə zərərli olmaqla güzəştli əmək stajı kimi nəzərə alnımalıdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə, AR Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 21.1-ci, 31.1-ci, 32.1-ci və 37.7-ci maddələrinə istinad edərək 5 oktyabr 1978-ci il tarixdən 2 iyun 2003-cü il tarixədək xxxxnda isti iş sahələrində təmirçi çilingər və elektrik qaynaqçısı vəzifələrində işlədiyi dövrün iş stajının Güzəştli siyahıya uyğun olaraq zərərli əmək stajı kimi nəzərə alınmaqla 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün məbləğin ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 1978 – 2003-cü illər üzrə iş stajı nəzərə alınmaqla 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Şöbə tərəfindən həmin qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Lakin AR Ali Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qərarı ilə şöbə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. AR Ali Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, işə baxan məhkəmələr iddiaçının qeyd edilən illərdə işlədiyi vəzifələrin göstərilən qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulub-tutulmamasını, beləliklə də həmin iş stajının güzəştli əmək stajı kimi nəzərə alınmasına əsas olub-olmamasını araşdırmadan, eləcə də bu barədə iddiaçının işlədiyi müəssisədən müvafiq arayış tələb etmədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə səhv nəticəyə gəlmişlər, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Ali Məhkəmənin müvafiq qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində yeni apellyasiya qaydasında işə təkrar baxılmış, İddiaçı xeyrinə 12 iyul 2017-ci il tarixli (İş №2- 1(103)- 866/2017) qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərarında qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarında əvvəlki məhkəmə instansiyaları tərəfindən keçirilmiş iclaslarda və qəbul etdiyi qərarlarda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən çoxsaylı nöqsanlara yol verildiyi bildirilsə də, işə təkrar baxılarkən analoji nöqsana yol verilmə hallarının təkrarlandığı müşahidə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kollegiyası mübahisənin həlli üçün “xxxx” TASC-yə sorğu ünvanlamış, “xxxx” ASC xxxx TASC-nin 16 iyun 2017-ci il tarixli məktubu ilə İddiaçı (qərarda - M.Mehdiyev yazılıb) işlədiyi dövr 1978 – 2003-cü illəri əhatə edən, o cümlədən 2000-ci ildən 2003-cü ilə qədər zərərli iş şəraitində işləməsi barədə arayış təqdim etmişdir. Arayışda qeyd olunmuşdur ki, İddiaçı 5 oktyabr 1978-ci il tarixdən xxxx TASC-nin 2 saylı Mexaniki yığma sexinə yığıcı çilingər peşəsi üzrə qəbul edilmişdir (əmr 88/k, 03.10.1978-ci il). 04.01.2000-ci il tarixdən həmin peşə üzrə işdən azad olmuşdur (əmr 03/k, 05.01.2000ci il). 05.07.2000-ci ildən yenidən zavodun 18 saylı əhaliyə məişət xidməti sexində elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr 35/k, 07.07.2000-ci il). 3 fevral 2003-cü il tarixdən elektrik qaynaqçısı peşəsi üzrə metalkonstruksiya və mexaniki yığma sexinə keçirilmişdir. 2 iyun 2003-cü il tarixdən AR Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndi üzrə (tərəflərin qarşılıqlı razılığı) işdən azad edilmişdir (əmr 45/k, 02.06.2003-cü il). 8 iyul 2002-ci il tarixdən 2 yanvar 2003-cü il tarixədək müxtəlif aylarda cəmi 7 ay ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin sexlərdə qaynaqçı peşəsində işləyən işçilər, o cümlədən elektrik qaynaqçısı işləyən D.Mehdiyev işin xarakter və xüsusiyyətlərinə görə işlədiyi dövrdə əmək fəaliyyətini zərərli peşə üzrə davam etdirmişdir. Elektrik qaynaqçısı peşəsinə aid məzuniyyət və digər zavoddaxili qanunamüvafiq güzəştlərdən istifadə etmişdir. Göstərilən peşə üzrə işləyən işçilər AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci bölmə “Metal emalı” 11.5 “metal emalı üzrə sair peşələr a) qrupu, “elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edənlər elektrik qaynaqçıları zərərli sahələrdə, işlərdə, məşğul olan, fəaliyyət göstərən işçilərin güzəştli təqaüdə çıxmaları təsdiq edilmişdir. Arayış şəxsi vərəqə və peşə xarakterinə görə tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kollegiyası qeyd olunan arayışı alıb işə əlavə etməklə kifayətlənmiş, Ali Məhkəmənin sadaladığı digər nöqsan və iradlar üzrə araşdırma aparmamışdır. Bununla da şöbənin apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı nzibati-İqtisadi Məhkəməsinin 6 iyun 2016-cı il tarixli qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vətəndaşın arxivdə saxlanılan pensiya işində olan sənədlər arasında isə aşkar edilmiş “xxxx” ASC “xxxx” TASC-nin 2 iyul 2010-cu il tarixli Şöbəyə ünvanlanmış “Arayış-məlimat”da İddiaçı 14 avqust 1997-ci il tarixdən 3 yanvar 2000-ci il tarixədək və 5 iyul 2000-ci il tarixdən 2 fevral 2003-cü il tarixədək Zavodun əhaliyə məişət xidməti sexində elektrik qaynaqçısı, 3 fevral 2003-cü il tarixdən 1 iyun 2003-cü il tarixədək metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı peşəsində işləmiş olduğu, işin xarakterinə görə onun karbonlu poladdan olan metalkonstruksiya və düyünlərinin əl ilə qövs qaynağı ilə məşğul olduğu, əsas qaynaq tikişlərini yoxlayıb sınaqdan keçirdiyi və defektləri aradan qaldırdığı, həmin peşə üzrə işləyən işçilərin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxması nəzərdə tutulduğu, arayışın şəxsi vərəqəyə, işlərin və peşələrin tarifixtisas, sorğu kitabçası və texnoloji karta əsasən tərtib edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, müxtəlif zamanlarda Zavod tərəfindən verilmiş arayışlar hüquqi baxımdan bir-birini tam inkar edir. Şöbə tərəfindən qərardan kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 26 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin əsaslandırma hissəsi barədə müzakirə aparılmasından qaçılmış, əvvəlki qərarında sadalanmış irad və xüsuslar barədə mübahisələndirmələr aparılmadan Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmaqla şöbənin şikayəti təmin olunmamışdır. Məhkəmənin sonuncu iclasında tərəflər iştirak etməmişdir. Uçot vərəqinə tikilmiş və “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuş əmək kitabçasının surətinə əsasən İddiaçı 20 noyabr 1970-ci il tarixdən 25 oktyabr 1971-ci il tarixədək “Kasprıba” Balıq Sənayesi İdarəsinin “Bakrıbxolodflot” Dəniz Mədən və Refrijerator Donanmasının Bakı İdarəsində çilingər, 11 dekabr 1973-cü il tarixdən 12 avqust 1974-cü il tarixədək olan dövr ərzində 26 Bakı komissarı adına NQÇİ-nin Neftin və suyun hazırlanması və nəqli sexində təmirçi-çilingər, 17 sentyabr 1974-cü il tarixdən 18 aprel 1977-ci il tarixədək olan dövr ərzində ilk işlədiyi “Bakrıbxolodflot” Dəniz Mədən və Refrijerator Donanmasının Bakı İdarəsində çilingər, 1 aprel 1977-ci il tarixdən 29 avqust 1978-ci il tarixədək X9 və Rəqs Ansamblında rəqqas, 5 oktyabr 1978-ci il tarixdən 4 yanvar 2000-ci il tarixədək olan dövr ərzində xxxxnun Mexaniki yığma sexində çilingər (1978 – 1981), qazmaçı (sverlovşik, 1981 – 1984), Metalkonstruksiyaların yığılması sexində qazmaçı (1984 – 1986), çilingər (1986 – 1996), Əhaliyə məişət xidməti sexində yığıcı-çilingər (1996 – 1997), eyni sexdə elektrik qaynaqçısı (1997 – 2000), 5 iyul 2000-ci il tarixdən 2 iyun 2003-cü il tarixədək olan dövr ərzində eyni Zavodun əhaliyə məişət xidməti, Metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı, 12 may 2003-cü il tarixdən 10 iyun 2014-cü il tarixədək olan dövr ərzində ”xxxx” MMC-də qaynaqçı, 11 iyun 2010-cu il tarixdən 31 mart 2017-ci il tarixədək dövr ərzində “xxxx” Şirkətinin filialında montajçı peşəsində çalışmış, 1 aprel 2017-ci il tarixdən hazıradək “xxxx MMC”-də montajçı kimi işləməkdə davam edir. Hərbi biletin surətinə əsasən İddiaçı 1971-ci ilin noyabr ayından 1973-cü ilin dekabr ayınadək hərbi xidmətdə olmuşdur. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlərə əsasında İddiaçı pensiyasının yenidən hesablanması aparılmışdır. Sonuncu məhkəmə aktının 2017-ci ilin dekabr ayında rəsmiləşdirilməsinə, habelə vətəndaşın adından kompüterdə yazılmaqla DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsində 13 noyabr 2017-ci il tarixdə qeydiyyatdan keçirilmiş eyni tarixli pensiyasının yenidən hesablanması ilə bağlı ərizəsinə baxmayaraq yenidən hesablanma işi DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən aparılmamış, 2018-ci ilin aprel ayının sonunda DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən icra edilmişdir. Belə ki, “Giriş-çıxış və qeydiyyat” İAMAS-da mövcud olan məlumatlara, eləcə də pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, 2018-ci ilin aprel ayınadək Bakı şəhəri, ünvan 10-də rəsmi qeydiyyatda olmuş İddiaçı, ona pensiyanın yenidən hesablanması məqsədi ilə 14 aprel 2018-ci il tarixdən ünvan 7 ünvanına qeydiyyata düşmüş, DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin tələbnaməsi əsasında DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin 23 aprel 2018-ci il tarixli 97 nömrəli attestatla İddiaçı pensiya işinin ödənişi dayandırılmaqla uçot vərəqi və ona əlavə olunmuş sənədlər DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmiş, yüksək məbləğdə yenidən hesablanmış pensiyanın ödənişinə başlanılmış, 2018-ci il oktyabr ayından vətəndaş yenidən öz əvvəlki ünvanına Bakı şəhəri, ünvan 10 ünvanına qeydiyyata düşmüşdür. Pensiyanın yenidən hesablanmasından sonra İddiaçı ünvanının dəyişilməsinə baxmayaraq onun pensiya işinin müvafiq ünvan üzrə DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə köçürülməsi təmin olunmamış, pensiya ödənişi DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən davam etdirilmişdir. Məhkəmə qərarları və digər sənədlərə, o cümlədən ”xxxx” MMC-nin təsdiq və təqdim etdiyi 01 saylı 25 yanvar 2008-ci il tarixli 2004 – 2005-ci illər üzrə əmək haqqı arayışı əsas götürülməklə DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin Pensiya üzrə komissiyasının 26 aprel 2018-ci il tarixli 542 saylı qərarı əsasında İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 27 iyun 2008-ci il tarixdən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 35 il 1 ay sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. 27 iyun 2008-ci il tarixdən 759,88 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 1 yanvar 2017-ci ildən 1.310,96 manat, 1 dekabr 2017-ci il tarixdən 6 illik pensiya kapitalı əsasında yenidən hesablanmaqla aylıq məbləğinin üzərinə 253,63 manat əlavə olunmaqla 1.564,59 manat, 1 yanvar 2018-ci il tarixdən 1.653,77 manat məbləğində müəyyən edilmiş və 1 may 2018-ci il tarixdən yenidən hesablanmış həmin məbləğlə pensiyanın ödənişinə başlanılmış, 1 yanvar 2019-cu il tarixdən isə aylıq məbləğ 1.703,88 manata çatdırılmaqla ödənilmişdir. DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 27 iyun 2008-ci il tarixdən 1 may 2018-ci il tarixədək olan dövr üzrə 108.325,66 manat ötən dövrlər üçün fərq məbləği hesablanmış və ödənilmişdir. Yenidən hesablanma aparıldıqdan sonra 1 may 2018-ci il tarixdən 1 fevral 2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 35.374,10 manat təşkil etmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, məhkəmə kollegiyaları tərəfindən sözügedən Qanunun 9.8ci maddəsi əsas götürülərək «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997- ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin b) bəndində kişilər azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə (2 №-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 55 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx xxxx 1953-cü il təvəllüdlü vətəndaşın 1 avqust 1997-ci il tarixində 44 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997 – 2000-ci illər ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 57 yaşına çatdırılmış, vətəndaş isə 47 yaşına çatmışdır. Göründüyü kimi, 1 avqust 1997-ci il tarixədək vətəndaş 25 il ümumi stajı toplamasına baxmayaraq qanunvericiliklə tələb olunan 12 il 6 ay xüsusi iş stajını qazanmadığından və yaşı da imkan vermədiyinə görə pensiya hüququ əldə etmir. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bundan əlavə, yaş həddinin artırılması AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə deyil, «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 44 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 55 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. İddiaçı, güzəştli şərtlərlə əmək pensiyası hüququnu toplanmış müvafiq sosial sığorta stajına görə 57 yaşdan qazanmışdır. Məhkəmə qərarlarından göründüyü kimi, İddiaçı peşəsi üzrə işlədiyi müddət nəzərə alınmaqla ona güzəştli şərtlərlə pensiyanın təyinatı barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi ki, əvvəlki ilk iki məhkəmə instansiyalarında vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, sonradan məhkəmələrin gedişatında vətəndaşın iş yerindən müvafiq arayış alınsa da zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, qərarlarda xüsusi vurğulanan onun ağır və zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmiş, hədəf və məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iri məbləğdə yaranmış fərqin (vəsaitin) birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd edildiyi kimi, pensiyanın yenidən hesablanması ”xxxx” MMCdə tərəfindən təsdiq və təqdim edilmiş 01 saylı 25 yanvar 2008-ci il tarixli 2004 – 2005-ci illər üzrə əmək haqqı arayışı əsas götürülməklə aparılmışdır. Həmin arayışda 2004-cü il üzrə cəmi əmək haqqı 7.521,67 manat, 2005-ci il üzrə 9.213,93 manat göstərilmişdir. İlkin pensiya təyinatı zamanı isə həmin təşkilatın verilmə tarixi qeyd olunmayan arayışında 2004-cü il üzrə cəmi əmək haqqı 9.474,81 manat, 2005-ci il üzrə 10.182,02 manat göstərilmişdir. Araşdırma zamanı bunlardan başqa həmin təşkilatın möhürü ilə təsdiq olunmuş, lakin pensiya işinə tikilməmiş əmək haqqı arayışı aşkar edilmiş, həmin arayışda 2004-cü il üzrə cəmi əmək haqqı 4.221,67 manat, 2005-ci il üzrə 1.747,93 manat göstərilmişdir. Qeyd olunanlar vətəndaşın pensiyasının hesablanması zamanı nəzərə alınmış əməkhaqqı arayışlarının saxtalaşdırıldığı ehtimalını artırır. Vətəndaşın 2010-cu ildə 57 yaşında pensiya təyinatı üçün müraciəti və ona həmin dövrdə qanunvericiliyə müvafiq pensiya təyin edilməsi Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsində qeyd edilən hüquq və normalara uyğun həyata keçirilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2018ci ilədək İddiaçı 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyanın 24-cü maddəsində qeyd edilən “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.” və 72-ci maddəsində qeyd edilən “Qanunu bilməmək məsuliyyətdən azad etmir.” hüquq və normaların pozulması kimi səciyyələndirmək olar. Beləliklə, Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004 – 2005-ci illərin əmək haqqına əsasən hesablana bilməz. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən 17 avqust 2010-cu il tarixdən 57 yaşından düzgün müəyyən edilmiş və təyin olunmuşdur. Göründüyü kimi, 1 yanvar 2020-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 588,24 manata qarşı 1.703,88 manatla (3 dəfəyə yaxın artıq) təyin olunmasına nail olunmuşdur. Beləliklə, məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 1 fevral 2020-ci il tarixədək ödənilməsi nəticəsində külli miqdarda əsassız məbləğ plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə, DSMF Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların müddəalarına əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 iyun 2016-cı il tarixli 2-1(82)-1827/2016 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1827/2016 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iş üzrə “yeni açılmış hallarla bağlı” ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi və baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsində əsaslandırdığı halların yeni açılmış hallar kimi qəbul edilməli hal olmadığı və yeni açılmış hallarla bağlı müraciət etmə müddətinin keçdiyini göstərib yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrina aiddir. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məhkəmə qərarı ilə təyn olunmuş əmək pensiyasının ödənişinin 2020-ci ilin yanvar ayından dayandırılması (bu halı ərizəçi təkzib etməmişdir) özlüyündə “yeni açılmış hal” kimi təqdim edilən xüsusatların ərizəçiyə həmin vaxtdan məlum olmasını ehtiva edir. Belə olan təqdirdə, ərizəçi tərəfindən “yeni açılmış hallaarla bağlı” ərizə 2020-ci ilin noyabr ayında (iş materiallaarına əsasən) məhkəməyə təqdim edildiyindən, ərizə İPM-in 103.1-ci maddəsinin tələbləri pozulmaqla verilmiş kimi qiymətləndirilir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçinin təqdim etdiyi xüsusatlar – məhkəmə qərarının DSMF-nin digər yerli qurumu tərəfindən icra olunması, pensiya məbləği hesablanarkən əmək haqqının hansı məbləğdə nəzərə alınması, ilkin icraat zamanı müvafiq məhkəmə tərəfindən mübahisəyə baxılarkən yuxarı instansiya məhkəməsinin mövqeyi üzrə kifayət qədər araşdırma aparılmaması və s. ilkin məhkəmə icraatında ərizəçinin iradəsindən asılı olmayaraq təqdim edilməmiş və sonradan aşkar olunmuş yeni sübut və hal deyildir. Məlum olduğu tarixdən hansı müddət keçməsindən asılı olmadan (İPMin 103.1-ci maddəsi üzrə), İPM-in 100-cü maddəsinin tələbləri bu halların iş üzrə “yeni açılmış hal” qismində qəbulunu şərtləndirmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ərizəçi məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1827/2016 saylı, 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1827/2016 saylı, 12 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1601/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1601/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver