Məhkəmə qərarları › İş №2-1(103)-1601/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1601/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1601/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 46.542,37 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən cavabdehə 1 oktyabr 2012-ci il tarixindən hakim kimi, vəzifədən azad edilmədiyi üçün hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olmadığı halda, yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən hakim kimi əmək pensiyası təyin edilərkən hakim vəzifəsində işlədikdə onların əmək pensiyası üzrə qulluq stajına görə əlavə ödənilmir, yalnız sığorta hissəsi (xx.xx.2017-ci il tarixindən əvvəl baza və sığorta) ödənilir. Bununla əlaqədar onun əmək pensiyası xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr və 30 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunması ilə əlaqədar əmək pensiyası yenidən hesablanmış və müəyyən olunmuşdur ki, xx.xx.2012- xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə, ona 95713,82 manat pensiya məbləği ödənilməli olduğu halda, 142.256,19 manat ödənilmidir. Nəticədə 46542,37 (142256,19-95713,82) manat artıq pul vəsaiti ödənilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə yazılı etirazında və ona əlavədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1, 67.4- 67.5ci maddələrinə onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır. Cavabdehə artıq pensiya ödənilməmişdir. Artıq pensiya ödənildiyi təsdiq edildiyi təqdirdə belə, iddia rədd edilməlidir. Belə ki, pensiya təyin edən inzibati orqanın vəzifəsidir ki, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırsın. Əgər inzibati orqan bu vəzifəsini lazımi qaydada icra etmirsə, bunun məsuliyyəti onun üzərimə qoyulmamalıdır. Cavabdeh, aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə ona pensiyanın ödənilməsinə nail olmamışdır. Buna görə də, cavabdehə artıq pensiyanın ödənildiyi təsdiq olunarsa, ondan həmin məbləğ tələb edilə bilməz. Belə ki, ödənilmiş məbləğlər xərclənmiş və qaytarılması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmənin qərarı əsassızdır. Cavabdehə xx.xx.2012- xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 95713,82 manat pensiya məbləği ödənilməli olduğu halda, 142.256,19 manat ödənildiyi müəyyən edilmişdir. Nəticədə ona ümumilikdə, 46542,37 (142256,19-95713,82) manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar cavabdehə «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin sonuncunun Filiala razılığı daxil olmamışdır. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 19 may və 14 iyul 2022-ci il tarixli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından isə görünür ki, birincisi, DSMF-nin Nəsimi rayon şöəbəsi tərəfindən tərəfindən xx.xx.2013-cü il tarixdə qəbul edilmiş, cavabehin etimad etdiyi (01.10. 2012-ci il tarixindən) ilkin pensiya təyinatı barədə qərar ləğv olunmamış, qüvvədədir. İddiaçı tərəfindən faktiki hərəkətlərlə cavabdehə xx.xx.2012- xx.xx.2021-ci il tarixlərdə ödənilmiş artıq pensiya məbləğinin, onun iştirakı təmin olunmadan yenidən hesablanması və bu barədə qərarlar qəbul edilməklə artıq pulun ondan tələb olunması da inzibati icraat haqqında hüquq normalarına ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə isə iddiaçı tərəfindən riayət olunmamışdır. İşin mahiyyətinə gəldikdə, konkret halda,cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tutulumasının tələbolunması da qanunvericiliyə uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Konkret halda da məhz, cavabdeh, etimad göstərdiyi qərara əsasən ona xx.xx.2012xx.xx.2021-ci illər üzrə ödənilmiş pensiyasını xərclədiyi və hazırda aşkar ahıl dövrünü yaşadığı və iddia olunan artıq ödənilmiş vəsaitləri qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının tələb olunması Qanunsuzdur. Qeyd olunmalıdır ki, sözügedən Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddia ərizəsində və apellyasiya şikayətindən isə görünür ki, cavabdeh tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsi barədə heç bir əsaslandırma yoxdur. Ümumiyyətlə, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehin Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verdiyinin mübahisələndirildiyi belə müəyyən olunmur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Göründüyü kimi, iddiaçının cavabdehdən artıq ödənilmiş pensiya vəsaitinin tutulmasını tələb etməsinin əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini o halda tələb edə bilər ki, bu qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə ödədiyi mübahisələndirilən pul vəsaitini tutmaq, sonuncunun isə həmin vəsaiti birinciyə qaytarmaq kimi, qanunla onların üzərinə düşən öhdəliyin mövcudluğunu təsdiq edən şərtlər sübuta yetirilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar