Məhkəmə qərarları › İş №2-1(103)-1602/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1602/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1602/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “tibbi təminat hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildən 2018-ci ilədək Azərbaycan Ordusunda xidmət etmiş və 2018-ci ilin iyul ayının 23-də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusuna görə) polkovnik-leytenant rütbəsindən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 20 təqvim ilindən çox hərbi xidmət illəri olduğuna görə pensiya alır. Halhazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatındadır. Müharibə və Silahlı qüvvələr veteranıdır. Hərbi Hospitala müayinə üçün müraciət etmişdir. Lakin ona bildirmişlər ki, ona müayinə pulludur. Bundan sonra Hərbi Hospitala 2021-ci ilin avqust ayının 23-də və sentyabr ayının 30-da SS700014247AZ nömrəli məktubla rəsmi müraciət etmişdir ki, onun Hospitalda müayinə və müalicə hüququ olub-olmaması barədə məlumat versinlər. Lakın Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən bir cavab ala bilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı 1 avqust 1992-ci il tarixdə hərbi xidmətə çağırılaraq 23 may 2018-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsində və “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlar ona şamil olunmur. Belə ki, İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlara uyğun olaraq Azərbaycan Ordusundan tərxis olunduğu təqdirdə onun hərbi tibbi müəssisələrdə tibbi təminat, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququ olardı. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının təmin olunmaması tələbi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “tibbi təminat hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gətirdiyi əsas arqument ondan ibarətdir ki, “o, öz arzusuna əsasən” ehtiyata buraxıldığı üçün tibbi-təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılmır.O, Müharibə və Silahlı Qüvvələrin veteranı, həmçinin 20 ildən artıq xidmət etmiş böyük rütbəli zait olduğu üçün iddia tələbi təmin olunmalı idi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1/4553 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli, 0399 nömrəli əmrindən çıxarışa əsasən polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Xidmət müddəti təqvimlə 25 il 09 ay, ümumi 47 il 01 ay. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2021ci il tarixli, 5/1054 nömrəli və xx.xx.2021-ci il tarixli, 5/1642 nömrəli məktublarında bildirilmişdir ki, ehtiyatda olan hərbi qulluqçuların və ailə üzvlərinin hərbi müalicə müəssisələrində müayinə, müalicə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququnun olmasına dair ərizənizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmışdır. Məlumat uçün bildirilir ki, Azərbaycan Ordusunun müalicə müəssisələri hal-hazırda həqiqi hərbi xidmətdə olanların, müayinə və müalicəsini həyata keçirir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsində və “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 148-ci maddəsində göstərilmişdir ki, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş baş və ali rütbəli zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş baş və ali rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Bundan əlavə “Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində ödənişli (pullu) tibbi xidmət göstərilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli 5 nömrəli qərarına əsasən hərbi qulluqçuların ailə üzvləri (həyat yoldaşı, 18 yaşınadək uşaqları) qidalanma, dərman preparatları və məsrəf əmlak xərcləri istisna olmaqla ödənişsiz tibbi xidmət hüququna malikdirlər. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ehtiyata buraxılarkən polkovnik-leytenant olduğundan baş zabit heyətinə aid olmuş hərbi qulluqçu olmaqla, eyni zamanda 20 ildən çox hərbi xidmət keçmiş olsa da ehtiyata yuxarıda qeyd edildiyi kimi yaşına, səhhətinə, xəstəliyinə, ştatların ixtisarına görə deyil, öz arzusu ilə buraxılmışdır. Bundan başqa, iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılarkən hərbi xidmətdə olmanın son yaş həddinə də çatmamışdır. Belə olan halda iddiaçı yuxarıda qeyd olunan ödənişsiz tibbi xidmət alacaq şəxslərin dairəsinə aid hesab olunmur və onun (ailə üzvlərinin) hərbi tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 13-cü maddəsinin: -1-ci bəndinə görə hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicəprofilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. -3-cü bəndinə görə hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir. -4-cü bəndinə əsasən hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər. -5-ci bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər. -6-cı bəndinə görə yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. -13-cü bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş. -148-ci bəndinə əasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriyakurort müalicəsi almaq hüququ saxlanılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1992-xx.xx.2018-ci illərdə hərbi xidmətdə olmuş və hazırda ehtiyata buraxılmışdır. İddiaçı özünün və ailə üzvlərinin hərbi tibbi müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququnun tanınması barədə inzibati məhkəmə icraatında iddia qaldırmışdır. Cavabdehin mövqeyinə görə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş tibbi təminatların şamil edilə biləcəyi şəxs statusunda deyildir. Hərbi qanunvericilik normalarının məzmununa əsasən azı 20 il xidmət etmiş yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlər heyətindən olan hərbi qulluqçular və azı 20 il xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər tibbi təminatın verildiyi ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 20 ildən artıq hərbi xitmət etsə də, hərbi xidmətdə olmanın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığından tələb əsassız olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə də istinad edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunundan müvafiq normalarından göründüyü kimi iddiaçının tibbi təminatın verilməsi nəzərdə tutulan ehtiyata buraxılmış hərbi qulluqçuların kateqoriyasına aid edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3262/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar