Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1603/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9061/2021 saylı 29 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Q seriyalı 610539 saylı xx.xx.1983-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Mirbəşir 96 nömrəli kənd orta texniki peşə məktəbinə daxil olmuş və 31 dekabr 1983-cü ildə dərzi peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. AZE seriyalı ******* saylı kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək “Bakı fəhləsi” kolxozunda kolxoz üzvü olmuş, xx.xx.1988-ci ildə boyaq-bəzək istehsalatının quru sexinə 2-ci dərəcə ilə quruducu aqreqatına quruducu qəbul edilmiş, xx.xx.1989-cu ildə yaş sexə 2-ci dərəcə ilə bişirici keçirilmiş, xx.xx.1990-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1991-ci ildə əyrici sexinə əyirici şagirdi qəbul edilmiş, xx.xx.1991-ci ildə əyiriciyə 4-cü dərəcə verilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçıya məxsus ******* saylı xx.xx.2008-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2008-ci ildə Tərtər Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə xadimə təyin edilmiş, hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli arayışına əsasən iddiaçı DSMF publik hüquqi şəxsin 5 saylı regional ərazi filialından heç bir növə görə pensiya, sosial müavinət və təqaüd almır. SSN **********208 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müracitə etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17398,42 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ümumilikdə xx.xx.2006-cı ilədək 22 il 1 ay 27 gün ümumi, 14 il 10 ay 25 gün xüsusi (güzəştli) stajının olması nəzərə alınaraq ona güzəhtli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasında, eləcə də işəgötürənlər tərəfindən verilmiş güzəştli arayışlarda olan qeydlərə əsasən o, xx.xx.2006cı ilədək 14 il 07 ay 02 gün ümumi, 07 il 03 ay 02 gün güzəştli şərtlərlə iş stajına, pensiya hüququ yarandığı 52 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək isə 22 il 01 ay 27 gün ümumi, 14 il 10 ay 25 gün güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçalarında, arxiv arayışlarında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 367 nömrəli və xx.xx.2021- ci il tarixli, 10 nömrəli güzəştli arayışlarında, texniki peşə təhsil müddəti isə arayış və diplomunda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçalarında göstərilən əmək fəaliyyəti əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi portalından çıxarımış bildirişlərlə təsdiq edilir. O, pensiya hüququndan istifadə edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. O, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunu əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9061/2021 saylı 29 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılaraq, şikayətin qəbulundan imtina olunmuşdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun pensiya kapitalının kifayət qədər olmaması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının pensiya hüququnun xx.xx.2015-ci il tarixdə yaranmasına, həmin dövrdə qüvvədə olan qanunvericilikdə pensiya kapitalının tələb edilməməsinə, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət edilməsinə istinad edərək ona üç il əvvəlki tarixdən, yəni xx.xx.2018-ci il tarixdən pensiya təyin olunması, bununla da iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya pensiyanın hüququnun yarandığı 52 yaşdan təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bu pensiyanın iddiaçının inzibati orqana müraciət etdiyi tarixdən üç il əvvəlki tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanıb verilməsi qənaətinə gəlmiş və həmin nəticə ilə iddiaçı razılaşmışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda da göstərildiyi kimi, qərarın qanuniliyi və əsaslılığını iddianın təmin edilmədiyi hissədə yoxlaya bilmir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə -iddiaçıya müraciət etdiyi tarixdən üç il əvvəlki- xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (cavabdehin apellyasiya şikayəti əsasında aparılan yoxlamaya görə) razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 52 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədi (diplomu), əmək kitabçasını, kolxozçunun əmək kitabçasını, arxiv arayışını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 67-ci maddəsinin 1- 2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin 33 saylı 18 fevral 2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı sabiq “B.Fəhləsi” adına kolxozun əmək haqqı kitablarına baxarkən işləmiş və qazancı aşağıdakı göstərilən qaydada müəyyən olunur: 1983-cü il adam günü faktiki 121, minimum 160, əmək haqqı 586; 1985-ci il adam günü faktiki 161, minimum 150, əmək haqqı 1154; 1986-cı il adam günü faktiki 171, minimum 160, əmək haqqı 872; 1987-ci ildə adam günü faktiki 157, minimum 160, əmək haqqı 899. Beləliklə, iddiaçının 01 sentyabr 1979-cu ildən 31 dekabr 1982-ci ilədək “Dərzi” (kişi, qadın və uşaq üst geyimləri üzrə biçimi bacarmaqla) peşəsi üzrə tam kursu bitirməsinə dair ümumi orta təhsil aldığı müddət, 1983-cü ildə, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək kolxozda işlədiyi müddət və xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.2008-ci ildən hal-hazıradək işlədiyi müddət də nəzərə alınmaqla onun 52 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Həmçinin Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyinə görə bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 saylı xx.xx.2021-ci il tarixli güzətşli arayışına əsasən İddiaçı xx.xx.1988- ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Bakı-Komvol Kombinatında işləmişdir. Yenidən xx.xx.1991-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Bakı-Komvol Kombinatında işləmişdir. xx.xx.1988-ci ildə boyaqbəzək istehsalatının quru sexinə 2-ci dərəcə ilə quruducu aqreqatına quruducu qəbul edilmiş, xx.xx.1989-cu ildə yaş sexə 2-ci dərəcə ilə bişirici keçirilmiş, xx.xx.1990-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1991-ci ildə əyrici sexinə əyirici şagirdi qəbul edilmiş, xx.xx.1991-ci ildə əyiriciyə 4-cü dərəcə verilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37 maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. 26.Yüngül sənaye. Səh 181. Bişiricilər. Səh 197. Qurutma aparatçıları.32 Toxuculuq istehsalatı səh 200. Əyiricilər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı-Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 1707 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2008-ci il tarixli 53 saylı əmrlə Tərtər RMX-nın yoluxucu xəstəliklər şöbəsində xadimə təyin edilmiş və o, hal-hazıradək tam iş günü ərzində zərərli iş şəraitində işləyir. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edilmişdir. Kod: 22600000 – 1754b bilavasitə xəstələrə xidmət edən işçilər. Kod: 2260000a İnfeksion kabinet xadimə. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün onunla qanunla tələb olunan 10 il xüsusi iş stajına qarşı 52 yaşanın tamam olduğu xx.xx.2015-ci il tarixə 10 ildən çox xüsusi stajı vardır və həmin iş stajının aid olduğu peşələr iş yerləri tərəfindən verilmiş güzəştli arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bölməsində Yüngül sənaye sahəsində Bişiricilər, Qurutma aparatçıları, 32-ci bölməsinə Toxuculuq istehsalatı sahəsində Əyiricilər peşəsinə və 19-cu bölməsində Tibb və sosial təminat müəssisələri adlanan sahədə nəzərdə tutulan bilavasitə xəstələrə xidmət edən işçilər peşəsinə aid olmaqla zərərli sayılır, işçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Hazırki işdə iddiaçının ümumi və xüsusi iş stajı cavabdeh inzibati orqan mübahisələndirmir, sonuncu yalnız iddiaçının pensiya kapitalının kifayət qədər olmasını mübahisələndirilir. Bu barədə Kollegiya qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hər iki stajının tamlığı xx.xx.2017-ci il tarixədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi stajına malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüququ əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinada və apellyasiya şikayətində göstərdiyi “pensiya kapitalının tamamlanmaması” barədə dəlilini əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçı xx.xx.2017-ci il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı nəzərə alınmaqla ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etsə də, bu barədə tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunaraq, ona 52 yaşdan belə növdə pensiyaya çıxmaq üçün hüququ yaransa da, müraciət etdiyi tarixdən 3 il əvvəlki müddət üçün pensiyanın hesablanıb verilməsi nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən istədiyi növdə pensiya təyin olunmuş, iddiaçı həmin qərarla razılaşmış və məhkəmə qərarının qanuniliyi və əsaslılığı cavabdeh inzibat orqanın verdiyi apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılmışdır. Odur ki, iddiaçının 52 yaşdan ona tələb etdiyi növdə pensiya təyin olunması tələbinə apellyasiya qaydasında predmet olaraq baxılmır. Aparılan araşdırmalan onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır və bu səbəbdən qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9061/2021 saylı 29 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9061/2021 saylı 29 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1603/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1603/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver