Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1604/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 sədrliyi və məruzəsi ilə, Xdən ibarət tərkibdə, X katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1443/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul edilmiş qərar əsassızdır və hər hansı hüquqi əsasa söykənmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən həm ümumi, həmçinin güzəşti iş stajı yoxlanılmış, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən olunmuşdur. Həmin dövrdə inzibati orqan pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə açmamışdır. Başqa sözlə desək iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hər hansı müdaxiləsi olmamışdır. Bundan başqa isə cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtinin ödənilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlili təqdim etməmişdir. Halbuki, iddiaçının güzəştli iş stajının olduğunu təsdiq edən güzəştli arayışlar mövcuddur ki, həmin arayışlarda olan məlumatlar mötəbər hesab olunur. Bundan başqa, iddiaçının güzəştli iş stajına aid olar illərdə güzəştli əsasların təsir altına düşərək ikiqat ölçüdə nəzərə alınır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçıya 09 dekabr 2017-ci il tarixdən (57 yaşdan) Fondun Salyan rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərin araşdırılması zamanı 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının "xxxx" QSC İD 12 nömrəli Salyan yol sahəsi tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2019-cu il tarixli, 246 nömrəli arayışın verilməsinə baxmayaraq, onun işlədiyi AQMu və ya DQKu kran drezin maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısında, eləcə də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi halda iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaşdan) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində ümumilikdə 3339,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1443/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 09 dekabr 2017-ci il tarixdən (57 yaşdan) Fondun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərin araşdırılması zamanı 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının "xxxx" QSC İD 12 nömrəli Salyan yol sahəsi tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2019-cu il tarixli, 246 nömrəli arayışın verilməsinə baxmayaraq, onun işlədiyi AQMu və ya DQKu kran drezin maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısında, eləcədə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi halda iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaşdan) əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3339,16 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qərar “etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe razılaşdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: Həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; Həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda, onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. 2019-cu ilin dekabr ayından Dövlət Sosial X3 rayon şöbəsinin 03 dekabr 2019-cu il tarixli sərəncamına əsasən iddiaçının pensiyası dayandırılmışdır. İddiaçı Dövlət Sosial X3 rayon şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən əmək pensiyasının tələb olunan güzəştli iş stajının olmaması əsası ilə ləğv edildiyi bildirilmiş və bərpa edilməkdən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qanunvericilik normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İş materiallarından hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi iddiaçının güzəştli iş stajına malik olmaması əsası ilə dayandırılmışdır. İddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə xx.xx.2019-cu il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul etməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (həmin Qanunun 67.2-ci maddəsi). İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanuna, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQnın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün üç şərt ödənilməlidir: 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsidir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması ilə bağlıdır. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək gözətçi; -xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə; -xx.xx.1983-cü il tarixdən yol montyoru, xx.xx.1983-cü il tarixdən defektoskop briqadası operator köməkçisi, xx.xx.1984-cü il tarixdən maşinist, xx.xx.1984-cü il tarixdən AQM-u kran drezin maşinistinin köməkçisi, xx.xx.1985-ci il tarixdən AQM-u kran drezin maşinisti; xx.xx.1991-ci il tarixdən xx.xx.2016cı il tarixədək DQK-u kran drezin maşinisti; -xx.xx.2016-cı il tarixdən "xxxx" QSC İD 12 nömrəli Salyan yol sahəsinin Emalatxana sexinə DQK-u 689 maşinist vəzifəsində işləmişdir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanan 11 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı dəmir yolu nəqliyyatı üzrə yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 23001000-19825) nəzərdə tutulduğu; eyni zamanda AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 2300200a-11448) müəyyən edilən “drezinaların sürücüləri” peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri ilə eynilik təşkil etdiyini; “defektoskop briqadası operator köməkçisi” və “AQM-u kran drezin maşinistinin köməkçisi” peşələrinin isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin sırasında təsbit edilmədiyi göstərilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə onun yol montyoru, AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin sırasında təsbit edildiyini vurğulamışdır. Doğrudur ki, AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşəsinin adları Siyahıda konkret göstərilməsə də, sorğuya cavab məktubunda həmin peşədə işləyən şəxslərin əmək funksiyalarının Siyahıda nəzərdə tutulan drezinaların sürücüləri peşəsində işləyən şəxslərin əmək funksiyaları ilə eynilik təşkil etdiyi müəyyən olunur. İddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrində işlədiyi zaman icra etdiyi əmək funskiyalarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 2300200a-11448) müəyyən edilən “drezinaların sürücüləri” peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri ilə uyğunluğu müəyyən olunduğundan, iddiaçının həmin peşələrdə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. İddiaçının güzəştli iş stajına daxil olan dövrlər xx.xx.1983- xx.xx.1983 (yol montyoru – 05 ay 27 gün); xx.xx.1985-xx.xx.2006 (AQM-u maşinisti və DQK-u kran drezin maşinist - 20 il 07 ay 27 gün) dövrləri əhatə edir ki, bununla onun güzəştli iş stajının 12 il 06 aydan (21 il 01 ay 24 gün) çox olması sübut olunur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1443/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1604/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1604/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver