Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1604/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “İİ qrup əlillik dərəcəsinin təyin edilməsinin yenidən yoxlanılması”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2013-cü il tarixli 380 saylı qərar verilmişdir. Həmin Qərarda “Sol böyrəyin daşı. Xroniki pielonefrit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi və “Sol gözün buynuz qişasının infeksiyalaşmış yad cismi. Sol əlin İİ dərəcəli elektrik yanığı. Yanıqdan sonrakı allergik reaksiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel nahiyəsində ağrılardan, iştahasızlıqdan, ürək bulanmadan, başgicəllənmədən, ümumi zəiflikdəndir. Obyektiv müayinədə düzgün bədən quruluşludur. Dəri və selikli qişaları təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Sümük-əzələ sistemində gözlə görünən patologiya yoxdur. Aşağı ətraflarda ödem və üz nahiyəsində pastozluq izlənilmir. SpO2-95%-dir. Tənəffüs aktında döş qəfəsinin hər iki yarısı bərabər səviyyədə inkişaf edir. Perkussiya zamanı ağciyərlərin üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərin sayı dəqiqədə 18-dir. Nəbzi dolğundur, dəqiqədə 88 vurğudur. Ürək tonları aydındır. A/T 150/80 mm.c.st. Dili nəm, təmizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır, qaraciyər və dalaq böyüməmişdir. Pasternatski simptomu zəif müsbətdir.
2. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xroniki pielonefrit. Nefrogen hipertoniya. Anemiya. XBÇ İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xr pielonefrit. Nefrogen hipertoniya. Xr böyrək çatmamazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif – Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.Xroniki böyrək xəstəliyi V mərhələ.Xr.böyrək çatmamazlığı İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.XBÇ İİ mərhələ." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 – Böyrək və sidik axarı daşları => N20.0 – Böyrək daşları; Diaqnozun mətni – Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. Xroniki böyrək xəstəliyi V mərhələ. Xr.böyrək çatışmazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Böyrək daşı xəstəliyi . Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. XBÇ İİ mərhələ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Bakı şəhəri X7 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış və “X2”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 2022-ci il 7 iyul tarixli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
8. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra- “cavabdeh” və ya “TSERA”) qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ikinci qrup hərbi xidmət əlili kimi pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı və xx.xx.1998- ci il tarixdə Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalında ambulator müayinə olunduğu xəstəlik - diaqnoz “sol böyrəyin daşı, xroniki pielonefrit xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Bununla bağlı 2013-cü il tarixdə hərbi xidmət dövründə alındığı 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Təyin edilmiş pensiya 2021-ci ilin noyabr ayından sonra dayandırılmış və yenidən müayinə olunmuşdur. Yenidən müayinə olunduqda 3cü mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş və müvafiq tibbi sənədlər Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.4-cü bəndinə əsasən xroniki böyrək çatışmazlığı əlilliyin təyin edilməsinə imkan verdiyi halda təyin edilməmişdir. Müayinə üzrə tibbi sənədlər əsasında hərbi xidmət dövründə 2-ci qrup üzrə əlilliyə görə pensiya təyin olunmalı olduğu halda cavabdeh orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.
10. Birinci instansiya məhkəməsinin 2022-ci il 23 sentyabr tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.
11. Cavabdeh iddiaya dair etiraz etmiş və etirazını yuxarıda (§§ 1-7) göstərilən hallara istinad edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – “Komissiya”) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi(bundan sonra-“ƏƏSMN” “İTSDA”) ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra-“TSEK”) göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu” diaqnozu ilə qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışa əsasən iddiaçıya ilk dəfə əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə X9 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) ilə əlilliyin təyinindən imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-1(112)- 10900/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspert və X8-Təcrübi və Tədris Birliyinə (bundan sonra-“MTE və PAB”) həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Həmin xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? İkinci sual: İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin T51/2023 saylı ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının tibbi sənədlərinə əsasən, o, hazırda “N20- Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. N18.3- Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mər. M42-onurğanın osteoxondrozu. Onurğanın yayılmış ostreoxondrozu, kökcük ağrı sindromu” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda, o, müalicəyə cəlb edilə bilər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 11 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (cavabdeh) tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim-A.Almazova).
16. Məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6–cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz – böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları; ağırlaşmaları – ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması, Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. İddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən də mövcud olmuş, lakin, buna baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-1(103)- 2370/2023 saylı qərarı ilə (hakimlər-R.Səmədov/sədrlik edən, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə (bax yuxarı § 16) razılaşmış və onun istinad etdiyi qanunvericilik normalarına istinad etmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2554/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2370/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
22. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki apellyasiya baxışı zmanı şikayətin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) nəzərdə tutulduğu halda, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
ə) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: .... 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13- N13.9, N14-N14.4, N18-N18.9); ....
29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.
29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....
37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun X2na uyğunluğu və sairə) suallar qoyula bilər. .....
45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
36. Belə ki, işin hallarından görünür ki, 4 dəfə iddiaçının əlilliyi müəyyən edilmişdir. 2013, 2014, 2015-ci illərdə ardıcıl olaraq 1 il müddətinə ikinci dərəcə əlillik, 2016-cı ildə isə 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən olunmuşdur.
37. Sonuncu dəfə Bakı şəhəri X7 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış və “X2”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, 2013-2015-ci illərin göndərişlərində diaqnoz (bax §§ 2- 5) “böyrək çatışmazlığı İİ mərhələ” qeyd edilmişdir və həmin diaqnoz da o zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6-cı bəndində təsbit edilmişdir.
39. Lakin sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə əvvəlki göndərişlərdə İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.
40. “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2554/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2370/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınarkən hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,:” ...Apellyasiya instansiyası məhkəməsi § 38-də vurğulanan sonuncu göndərişdə göstərilən diaqnozun “Əlilliyin qiymətləndirilməsi Qaydalarında mövcud olubolmamasını yoxlamamış, ikinci dərəcə əlilliyə səbəb olan halın Qaydaların hansı bəndinə uyğun olmasını müəyyən etməmişdir Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi ekspert rəyini ətraflı tədqiq edib qiymətləndirməmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında iddiaçının müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurların aşkar olunması barədə sual qoyulmuş, verilmiş rəydə iddiaçının tibbi sənədlərinə əsasən xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilmiş, iddiaçının ekspertizada əyani müayinə olunması, əyani müayinənin nəticəsində tibbi sənədlərdə qeyd edilən xəstəliyin onda müəyyən edilməsi barədə məlumat olmamış, məhkəmə isə bəhs olunan halları diqqətə almamışdır. Apellyasiya instansiya məhkəməsi göndərişdə qeyd olunan diaqnozun onun verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.6-cı bəndinə uyğun olduğunu qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olmasını əsaslandırmamışdır.... “
42. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, T696/2024 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri X7 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilən N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu diaqnozu iddiaçının kliniki və instrumental müayinələrin əsasında təsdiq olunur.
43. Rəydə həmçinin qeyd olunmuşdur ki, İddiaçı əziyyət çəkdiyi xəstəliklərin tam bərpası mümkün deyildir.Belə ki, böyrək xəstəlikləri xroniki hala keçmiş, osteoxondrozla əlaqədar isə vaxtaşırı idman reablitasiyasına ehtiyac var.
44. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
45. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq diqqətə çəkir ki, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir, bu diaqnoz ekspert rəyi ilə də təsdiqini tapmışdır.
46. Məhkəmə Kollegiyası onu da diqqətə çəkir ki, göndərişdə qeyd olunan diaqnozun onun verildiyi vaxt qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə uyğun olduğunu məhkəmə qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olması müəyyən olunmur.
47. Belə ki, Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) nəzərdə tutulduğu halda, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.
48. Təkrar apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək iddiaçının “böyrək çatışmazlığı” diaqnozu ilə yeni tibbi göndəriş verilməsi istəyi olarsa, o zaman Bakı şəhəri X7 1 nömrəli Şəhər Poliklinikasına müraciət etmək hüququ olduğunu izah etməklə yanaşı, iddiaçıya onu da izah etmişdir ki, böyrək xəstəlikləri xroniki hala keçməsi o zaman İİ dərəcəli əlilliyin təyininə əsas ola bilər ki, ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunsun. Odur ki, “böyrək çatışmazlığı” və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri diaqnozu ilə yeni tibbi göndəriş verilməsi istəyi olarsa, o zaman Bakı şəhəri X7 1 nömrəli Şəhər Poliklinikasına müraciət edərsə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, T696/2024 saylı ekspert rəyində qeyd olunmuş “xroniki hala keçmiş böyrək xəstəlikləri”nin “ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki hala keçmiş böyrək xəstəlikləri”nə aid edilibedilməməsi ilə bağlı əlavə məhkəmə-tibbi ekspertiza təyin oluna bilər.
49. Lakin iddiaçı böyrək xəstəlikləri diaqnozu ilə yeni tibbi göndəriş verilməsi arzusunda olmadığını, əlavə məhkəmə-tibbi ekspertiza təyin olunmasına etiraz etdiyini, həmçinin, ekspertiza təyin olunarsa ekspertizada iştirak etməyəcəyini bildirmişdir.
50. Beləliklə, məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq diqqətə çəkir ki, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir, bu diaqnoz ekspert rəyi ilə də təsdiqini tapmışdır.Göndərişdə qeyd olunan diaqnozun isə onun verildiyi vaxt qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə uyğun olduğunu birinci instansiya məhkəməsi qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olması müəyyən olunmur.
51. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
52. Halbuki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
53. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.