Məhkəmə qərarları › İş №2-1(103)-1604/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1604/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1604/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 14 dekabr 2023-cü il tarixli, 3-17-1/2- Z294302/2023 nömrəli məktubu (inzibati aktı) ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Həmin məktub (inzibati akt) ona 26 yanvar 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir). Cavabdeh öz imtinanı onunla əsaslandırmışdır ki, əmək kitabçasında: -xx.xx.1984-cü il tarixində işdən azad olma əmrinin tarixində düzəliş edilmişdir, -xx.xx.1994-cü il tarixində işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənmişdir, -xx.xx.1995-ci il tarixindən sonra işdən azad olma tarixi və qeydi yoxdur. Cavabdehin mövqeyi tam əsassızdır. Belə ki: -xx.xx.1984-cü il tarixində işdən azad olma əmrinin tarixində ay üzrə texniki düzəlişdə təqsiri yoxdur. Bu düzəliş işəgötürən (Azərbaycan SSR Ticarət Nazirliyinin “Gülüstan” Şadlıq Sarayı) tərəfindən edilmişdir və aydındır ki, həmin ay 1984-cü ilin oktyabr ayıdır, çünki sonrakı iş yerinə (Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Qastrol-Konsert Birliyi) 1984-cü ilin oktyabr ayında işə qəbul olmuşdur. Cavabdeh həmin düzəlişlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Arxivinə öz sorğusunu göndərə bilərdi. Hal-hazırda “Gülüstan” Sarayı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindədir. xx.xx.1994-cü il tarixində işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənməsinə dair cavabdehin dəlili hüquqi baxımdan əhəmiyyətsizdir. İşəgötürən (“Gülüstan” Şadlıq Sarayı) 1994-cü ildə həmin möhürdən istifadə edirdi. Cavabdeh xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək “Gülüstan” Sarayında işlədiyi barədə sorğunu da yuxarıda qeyd olunmuş arxivə göndərə bilərdi. xx.xx.1995-ci il tarixindən bu vaxta yeganə təsisçisi olduğu "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidentidir. Bu vəzifədən azad olunmamışdır. Beləliklə, həmin işdən azad olma tarixi və qeydi mövcud deyildir. Ümumi iş stajı (sığorta stajı) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan 25 il müddətindən çoxdur. Cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır. Cavabdehin inzibati aktı Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003-ci ildə təşkilati-hüquqiformasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü özlüyündə təsdiq etmir. İddiaçı işlədiyi "xxxx" MMC-də əmək fəaliyyətini dayandırdığını təsdiqləyən mötəbər sənəd aşkarlanmamışdır. İddiaçının vəkili tərəfindən təqdim edilmiş əmrlər və müqavilələr sözügedən müəssisənin fəaliyyətinin dayandırma tarixini müəyyən etmək üçün kifayət deyildir. Həmçinin, iddiaçı tərəfindən rəhbəri olduğu müəssisədə əmək haqqı aldığını təsdiqləyən zəruri sənədləri təqdim edə bilməmişdir. İddiaçının əmək haqqı aldığını və stajını təsdiqləyən hər hansısa sənəd mövcud deyildir. Göründüyü kimi İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977- ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 17 il 11 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində onun "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə işdən azad olması haqqında məlumat qeyd edilməmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti dövrü araşdırılmış və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" Firması” MMC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən İddiaçı əmək fəaliyyəti dövrü üzrə sığorta stajını araşdırmaq mümkün olmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışının həmin müəssisənin ştat cədvəlinə əsasən tərtib edildiyi müəyyən olmuşdur. Qeyd olunan səbəblərdən İddiaçı "xxxx" Firması” MMC-də əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: İddiaçı dair xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə (Əmr № 160, xx.xx.1973) rabitə rele avadanlığının təmiri üzrə 1-ci dərəcəli radiomexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixdə təntənəli andiçmə keçirilmişdir. xx.xx.1973-cü il tarixdə (Əmr № 250, xx.xx.1973) ştatın ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə (Əmr № 37, xx.xx.1974) QOS-65 poçtalyon vəzifəsinə təyin edilmişdir. xx.xx.1974-cü il tarixdə (Əmr № 60, xx.xx.1974) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1975-ci ÖTML-na NÖC üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (Əmr № 3.405 xx.xx.1975). xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 5, xx.xx.1978) 01 fevral 1978-ci il tarixindən Texniki peşə təhsili Mədəniyyət Evində estrada orkestrinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Bakı Baş Tikinti İdarəsinin Layihə Konstruktor-Texnologiya Bürosu. xx.xx.1978-ci il tarixdə (Əmr № 9, xx.xx.1978) estrada orkestrinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 310/k, xx.xx.1978) İPA və AİS şöbəsinə 3-cü dərəcəli radiomexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə (Əmr № 519/k xx.xx.1978) radiomexanika üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1979-cu il tarixdə (Əmr № 59/k xx.xx.1979) İPA və AİS şöbəsinin adı dəyişdirilərək AAİS işlənməsi və tətbiqi şöbəsi olmuşdur. xx.xx.1979-cu il tarixdə (Əmr № 175/k xx.xx.1979) radiomexanika üzrə 5-ci dərəcə verilmişdir. xx.xx.1979-cu il tarixdə (Əmr 632/k § 2; xx.xx.1979) Azərbaycan SSR ƏHQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Gülüstan” Şadlıq Sarayı. xx.xx.1980-ci il tarixdə (Əmr № 8k, xx.xx.1980) texnik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə (Əmr № 40-k, xx.xx.1980) işıq effektlərinin işıqlandırma sxemlərinin işlənib hazırlanması üzrə işıqlandıncı vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdə (Əmr № 128-k, xx.xx.1984) Azərbaycan SSR ƏHQM 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Azkonsert”. xx.xx.1984-cü il tarixdə (Əmr № 607, xx.xx.1984) estrada revyusunun elektoradioaparatura üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr 8a § 3, xx.xx.1988) konsert şöbəsinə səs üzrə texnik vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr 158, xx.xx.1989) Azərbaycan SSR ƏHQM 36.1 maddəsinə əsasən tərəflərin razılığına əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr 38 к xx.xx.1989) estrada revyusunun səs üzrə texniki vəzifəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə (Əmr 57 к xx.xx.1990) enerji təchizatı xidmətinin işıqlandırma sxemlərinin işıqlandıncısı vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixdə (Əmr 17 к, xx.xx.1994) Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə (Sərəncam № 1, xx.xx.1995) Firmanın prezidenti vəzifəsinə qəbul edilmişdir. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 1795 saylı şəhadətnamədən görünür ki, "xxxx" LTD Firması xx.xx.1995-ci il tarixdə dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsi X4 tərəfindən təqdim edilmiş 1-2-28/2- 125/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ticarət Nazirliyi “Gülüstan” şadlıq sarayının (indiki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının) 18 avqust 1980-ci il tarixli 8-k saylı əmrinə əsasən səs və rabitə üzrə elektro-işıqlandırma xidmətinə texnik vəzifəsinə qəbul edilmişdir, 08 dekabr 1980-ci il tarixli 40-k saylı əmrinə əsasən işıqlandırma sistemlərinin və işıq effektlərinin işıqlandırıcısı keçirilmişdir və 13 oktyabr 1984-cü il tarixli 128-k saylı əmrinə əsasən işdən azad edilmişdir; 19 aprel 1989-cu il tarixli 38-k saylı əmrinə əsasən səs üzrə texnik qəbul edilmişdir, 28 iyun 1990-cı il tarixli 57-k saylı əmrinə əsasən işıq effektlərinin işıqlandırıcı-tərtibatçısı keçirilmişdir və 31 mart 1994cü il tarixli 17-k saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 1980-ci ilin sentyabr ayından 1984-cü ilin oktyabr ayına və 1989-cu ilin aprel ayından 1993-cü ilin dekabr ayına kimi aşağıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl və manatla): …….. "xxxx" X7 Cəmiyyəti tərəfindən təqdim edilmiş 15 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti İddiaçı 1995-ci ilin noyabr ayından 2005-ci ilin iyul ayına kimi, hər ay (1995-ci ilin noyabr və dekabr ayları, 1996-2004-cü illər üzrə hər ilin yanvar-dekabr ayları, 2005-ci ilin yanvar-iyul ayları; cəmi 117 (on yeddi) ay /9 (doqquz) il 9 (doqquz) ay/, 30 000 (otuz min) manat/AZN; manatın denominasiyasına qədər/ məbləğində əmək haqqı almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********680900 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X7 Cəmiyyəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Uçot baza məlumatlarında oxşar adlı X6 Cəmiyyəti Hüquqlu Firmasının xx.xx.1995-ci il tarixdə 097943 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamına əsasən 2008-ci il 1 yanvar tarixindən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə təhvil verilmiş hüquqi şəxslərin qeydiyyat qovluqları arasında X6 Cəmiyyəti Hüquqlu Firması adlı hüquqi şəxsin qeydiyyat qovluğu aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 3-17-1/1- Z106283/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xidməti məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975 ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 17 il 11 ay 22 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində onun ““Flaminqo" Firması” MMC-də əmək fəaliyyəti dövrü üzrə işdən azad olması haqqında məlumat qeyd edilməmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti dövrü araşdırılmış və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən “"xxxx" Firması” MMC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən İddiaçı əmək fəaliyyəti dövrü üzrə sığorta stajını araşdırmaq mümkün olmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışının həmin müəssisənin ştat cədvəlinə əsasən tərtib edildiyi müəyyən olmuşdur. Qeyd olunan səbəblərdən İddiaçı “"xxxx" Firması” MMC-də əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Həmçinin Azərbaycan Respublikası İşlər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək vətəndaşın əmək haqqı alması barədə məlumat olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 22 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının 2021 -ci il tarixinə indeksləşdirilmiş məbləği 13700,22 manat təşkil edir. Birinci instansiya məhkəməsi araşdırmasının nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, “….İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Sovet Ordusunda xidmət etmişdir. Onun xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1973xx.xx.1973-cü il, xx.xx.1974-xx.xx.1974-cü il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1978xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.1995-hazırki dövrədək iş dövrləri qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən sonra işdən çıxma barədə əmri yoxdur, onun hal-hazırda əmək fəaliyyətinə xitam verilməmişdir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2006cı il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. Odur ki, cavabdeh qurumun gətirdiyi dəlillər iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən rəhbəri olduğu müəssisədə əmək haqqı aldığını təsdiqləyən zəruri sənədləri təqdim edə bilməmişdir. İddiaçının əmək haqqı aldığını və stajını təsdiqləyən hər hansısa sənəd mövcud deyildir. Yuxarıda sadalanan qanunvericilik normalarından isə aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1973-xx.xx.1973-cü il, xx.xx.1974xx.xx.1974-cü il, xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978- xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1994-cü il və xx.xx.1995-xx.xx.2006-cı ilədək iş stajının olması müəyyən edilir. Kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İnzibati İcraat Haqqında Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar