Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1606/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul olunmuşdur. Bununla belə, qeyd edilən Qanun qəbul olunduqdan sonra, yəni 2001 – 2006-cı illər ərzində iddiaçıya pensiya hesablanmamışdır. 2006-ci ildən başlayaraq ona ayrılmış pensiyanın məbləği 1.700 manat miqdarında müəyyənləşdirilmişdir. İddiaçı 2012ci ildə DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə pensiyanın düzgün hesablanmaması ilə əlaqədar müraciət etmişdir. Aparılan araşdırma zamanı ona ayrılmış pensiyanın düzgün hesablanmadığı müəyyən olunmuşdur. Daha sonra aylıq pensiyanın məbləği 1.700 manatdan 2.200 manata qaldırılmışdır. Həmin dövrdən etibarən iddiaçı pensiya alır. Lakin DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən aparılan hesablama zamanı yaranmış aylıq pensiyanın 500 manat fərq hissəsi bu vaxtadək iddiaçıya ödənilməmişdir. Daha sonra iddiaçı ona pensiyanın düzgün hesablanmaması ilə bağlı təkrarən 10 dekabr 2019cu il, 23 yanvar 2020-ci il və 4 mart 2020-ci il tarixlərdə təkrar olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətlər etmişdir. Həmin İdarə tərəfindən **********1 saylı 10 yanvar 2020-ci il və **********6 saylı 3 mart 2020-ci il tarixli cavab məktublarında konkret olaraq heç bir hal göstərilməmişdir. Sadəcə olaraq hər iki cavabda «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.9, 20.8, 21.4, 20.5, 20.13, 21.1, 21.3ci maddələri, eləcə də «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsində göstərilənlər sadalanmış, ərizələrə əsasən hər hansı bir araşdırma aparılmamış, onlara formal olaraq münasibət bildirilmiş, qaldırılan məsələ müsbət həllini tapmamışdır. Həmçinin, həmin İdarənin mütəxəssisləri tərəfindən iddiaçıya bildirilmişdir ki, hazırkı pensiya yenə də düzgün hesablanmamış, aylıq olaraq ona təxminən 80 manat az məbləğ ödənilmişdir və həmin məbləğ də artırılmalıdır. Hazırda həmin pensiya məbləği hesablanmamış və ona ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin məbləğlər birdəfəlik hesablanaraq ona ödənilməli, eyni zamanda hazırda aldığı pensiya məbləğinə əlavə olunmalıdır. İddiaçı pensiyasının düzgün hesablanmaması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Ona 17/75 saylı 5 fevral 2020-ci il tarixli arayış təqdim olunmuş və orada 2008 – 2010-cu illər ərzində ona maddi yardım verilməsi barədə məlumat, pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış, 5.850 manat məbləğində vəsaitə aid 519 saylı məxaric orderinin surəti, 10.826 manat məbləğində son haqq-hesaba dair arayış, eləcə də 4.946,72 manat məbləğində 2 aylıq əmək haqqı, 6.449,36 manat məbləğində kompensasiya və 5.850,60 manat məbləğində aylıq vəzifə maaşına dair məlumatların surətləri verilmişdir. Həmin məlumatlar cavabdehə təqdim olunsa da, araşdırma zamanı qeyd edilən sənədlərdə göstərilən məlumatlar nəzərə alınmamış, ümumiyyətlə araşdırma aparılmamışdır. Təkrar olaraq 4 mart 2020-ci il tarixində pensiyanın düzgün hesablanması, Baş Prokurorluq tərəfindən 2002 – 2006-ci illər ərzində pensiyanın alınmasına dair lazımi sənədlərin cavabdehə təqdim olunması ilə əlaqədar müraciət edilsə də, Baş Prokurorluq tərəfindən onun ərizəsinə cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, İPM-in 2, 34.1, 52, 68, 69, 73.1, 75.4, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən hazırkı pensiya məbləğinə azı 580 manat əlavə edilməklə, 2006-cı ildən bu günədək verilməyən fərq hesablanaraq birdəfəlik qaydada ödənilməsi, aylıq azı 80 manat əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək ödənilməmiş 46.466,22 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasına etiraz edilir. İddiaçının mövqeyinə görə, onun pensiyasına 580 manat əlavə edilməli, 2006-cı ildən bugünədək verilməyən fərq hesablanaraq birdəfəlik ödənilməli, eləcə də hazırda aldığı pensiyaya aylıq azı 80 manat əlavə edilməlidir. İddiaçı pensiyaya çıxdığı vaxt «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsini təsdiqləyən müvafiq arayışı təqdim edə bilməmiş, bu səbəbdən də onun bu barədə tələbi əsaslı deyildir. O, 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçı adıçəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almış olsa belə, həmin əlavələrin sığorta ödənişinə cəlb edilmədiyi şübhəsizdir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş və 31 iyul 2001-ci il tarixdə dərc olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2018-ci il tarixli 17/114 nömrəli məktubuna əsasən 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən DSMF-yə ayrılmalar, yalnız 2007ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, Qanunun 20.8-ci maddəsinə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı, çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən, Qanunun 20.9-cu maddəsinə münasibətdə daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir, pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə daha bir halı qeyd etmək zəruridir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilmişdir ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildir, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı iddia edir ki, 25 noyabr 2010-cu il tarixdə pensiyaya çıxmışdır. Halbuki, iş materiallarından da göründüyü kimi o, öz ərizəsi əsasında 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçıya həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 63-1-ci (Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər) və 17-ci maddələrinin (Pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir) tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. Bundan başqa, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.13-cü maddəsinin 19 oktyabr 2007-ci il tarixədək olan redaksiyasına əsasən prokurorluqda 25 il qulluq etmiş və pensiya təminatı hüququndan istifadə etməyən prokurorluq işçisinə aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiya məbləğinin 50 faizi ödənilir. Qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı 1 yanvar 2006-cı il tarixdə öz hüququndan istifadə edərək, pensiyaya çıxmışdır. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir ki, sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu «Əmək pensiyaları haqqında» Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası – təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5- ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: 1) əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; 2) əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Həmçinin, qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq oluna bilər. Həmin maddəyə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddianın qismən təmin edilməsi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 46.466,22 manat pul vəsaitinin 2017-ci ilin yanvar ayından sonrakı dövrə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada (ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı da həmin qərardan apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib, iddianın tamamilə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1268,44 manat əskik, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində 938,23 manat artıq, xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 18649,18 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 18979,39 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası tərəflərindən 2422,16 manatdan 2571,14 manata artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 5363,28 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddəti üçün (xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 5363,28 manat fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə 2021-ci ilin iyun ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (2571,14 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. İddiaçının apelyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamış; eləcə də məhkəmənin gəldiyi nəticə üçün işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş; iş üzrə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, tətbiq edilməli olmayan maddi hüquq normaları yanlış təfsir edilərək tətbiq edilmiş; bununla da qismən əsassız və qanunsuz olan qərar qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki: “...İş üzrə verilmiş mütəxəssis rəyinə görə, İddiaçı 2006-cı ildə təyin olunan əmək pensiyasının düzgün hesablanmaması nəticəsində 2 fevral 2006-cı ildən 1 iyun 2021-ci ilədək ona 31.107.56 manat az ödənilmişdir. Nəzərə alınsa ki, mütəxəssis rəyinə əsasən iddiaçıya 2006-cı ilin yanvar və fevral ayları üzrə aylıq 326,78 manat pensiya məbləği (pensiyanın 50% miqdarında) ödənilmişdirsə, tərəflərin digər dəlilləri olmadığından, bu məbləğ 2002-ci ilin fevral ayından başlayaraq 2006-cı ilədək 47 ay ərzində 15.358,66 manat (326,78 manat X 47 ay) təşkil etmiş olur. Bununla da hazırki məhkəmə icraatında işdə olan sübutlar və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıya 2002-2021-ci illər üzrə ödənilməmiş pensiya məbləği (fərq məbləği) 46.466,22 (31.107.56+15.358,88) manat təşkil edir. Lakin qeyd olunmalıdır ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. Yəni, müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləği ona ödənilməlidir. Birinci instnasiya məhkəməsində aparılan araşdırma, verilmiş ekspert və mütəxəssis rəyi ilə birmənalı müəyyən olunmuşdur ki: 1) 2002-ci ildə prokurorluq orqanlarında xidmət etməsinə baxmayaraq, həmin dövrün qanunvericiliyinə əsasən, 25 il xidmət stajı ilə əmək pensiyası hüququ qazanmışdı (işləməyən pensiyaçıların aldığı məbləğin 50% miqdarında). Lakin 2002-2006-cı illər üzrə iddiaçıya ümumiyyətlə, pensiya məbləği ödənilməmişdir. 2) Həmçinin, 2006-cı ildən sonrakı dövrdə pensiya məbləğləri düzgün təyin olunmamışdır və 2012-ci ildən başlayaraq, hər dəfə DSMF orqanına iddiaçı tərəfindən müraciətlər edildikdən sonra, yenidən hesablamaqla ödənilməmiş fərq məbləği müəyyən olunmuşdur. Beləliklə, 2002-ci ildən başlayaraq 2021ci ilədək olan dövrdə cavabdeh pensiya orqanı tərəfindən iddiaçıya ödənilməli olan pensiya məbləğinin yanlış hesablanması nəticəsində mütəmadi və davamlı olaraq az pensiya məbləği almışdır. İddia ilə məhkəməyə müraciət etməkdə məqsədi də az ödənilmiş və heç ödənilməmiş pensiya məbləğinin ödənilməsinə dair hüququnun bərpa olunmasıdır. Məhkəmə baxılan iş üzrə araşdırma aparmış və cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ödənilməli olduğundan daha az pensiya məbləğinin ödənildiyini müəyyən etmişdir. Lakin məhkəmə tətbiq edilməli maddi hüququn təfsiri və tətbiqində səhvə yol vermişdir ki, nəticədə qanunsuz və əsassız qərar çıxarılmışdır. Əvvəla nəzərə alınmalıdır ki, iddiaçının ilk dəfə pensiya hüququnun yarandığı 2002-ci ilə münasibətdə (2002-2006-cı illər üzrə) “Əmək pensiyaları haqqında” AR Qanunun müddəalarının ona münasibətdə məhdudlaşdırıcı tətbiqi tamamilə qanunsuzdur. Çünki həmin dövrdə “Vətəndaşların pensiya təminatı haqqında Qanun” qüvvədə idi. “Əmək pensiyaları haqqında” Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu baxımdan iddia tələbinin 2002-2006-cı illərə aid hissəsinə - yəni, iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrdə pensiya hüququnun yarandığı halda, ona pensiya ödənilməməsi, ona görə də indi həmin məbləğin ödənilməsini məhkəmə qaydasında tələbə münasibətdə - indiki “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilə bilməz. 2002-2006-cı illər üzrə pozulmuş pensiya hüququnun bərpasına dair tələbə münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq olunmalıdır. Qanunun 2001-ci ilədək qüvvədə olmuş 106-cı maddəsinin tələbi belə olmuşdur ki, hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilirdi. 2002-2006-cı illərdə qüvvədə olan qanunvericilikdə pensiya məbləğinin yalnız geriyə 3 il müddətinə ödənilməsini şərtləndirən norma mövcud olmamışdır. 01 yanvar 2006-cı ildə qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunda da 2017-ci ilin 01 iyul tarixinədək istinad olunan 32.1-1-ci maddənin məhdudlaşdırıcı norması olmamışdır. Ona görə də 2002-2006-cı illərə aid münasibətlərə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrin tələblərinin tətbiqi tam qanunaziddir. İddia tələbinin bir hissəsi məhz həmin dövrlə və həmin məbləğlə bağlıdır. Lakin məhkəmə tələbin bu hissəsinə ümumiyyətlə, qiymət verməmişdir. Tələbin bu hissəsinə münasibətdə də məhkəmə müəyyən etməliydi ki, iddiaçının 2012-ci ildə olan müraciətinə münasibətdə hər hansı müddət məhdudlaşdırması ola bilməz, hətta, belə məhdudlaşdırıcı müddətin tətbiqi halında belə, 2012-ci ildən geriyə 3 il və ondan sonrakı dövrə - 2020-ci ilədək ödənilməmiş məbləğ ödənilməlidir. İş materialları və cavabdeh pensiya orqanının məlumatı ilə mübahisəsiz müəyyən olunur ki: 1) 2002-2006-cı illərdə İddiaçı pensiya təyin olunmamışdır. Lakin həmin dövrdə pensiya almaq hüququ yaranmışdı. 2) 2006-cı ildən sonrakı dövrdə isə pensiya məbləği hər zaman qanunla ödənilməli olan məbləğdən az ödənilmişdir və hər dəfə İddiaçı müraciəti əsasında yenidən hesablanma aparılmışdır. 3) Yenidən hesablanma zamanı isə əvvəlki dövrün fərq məbləği ödənilməmiş qalmışdır. 4) Hazırki iddia tələbində məhz həmin yenidən hesablanmalarda ödənilməmiş qalmış fərq məbləğlərinin ödənilməsi tələb olunur. Məhkəmə İddiaçı ilk müraciətini 2020-ci ilin yanvarından götürməklə yanlışlığa yol vermişdir. Halbuki, 2012-ci ildə İddiaçı müraciəti və yenidən hesablanma, əvvəlki dövrdə ödənilməyən 500 manat pensiya məbləğinin ödənilməyə başlanması, keçən dövr üçün isə fərqin ödənilmədiyi işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə 2012-ci ildən sonrakı dövrdə - 2020-ci ilədək iddiaçının müraciətində fasilə yaranmasının xəstəliyi ilə bağlı olduğunu, xüsusən, 2017-ci ildən iddiaçının ağır xəstəlikdən müalicə olunmağı ilə bağlı uzun müddət pensiya orqanına bilavasitə müraciət etmək imkanının olmadığını heç nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli (N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) qərarında analoji mübahisə üzrə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqi ilə əlaqədar, Plenum qeyd edir ki, şəxsin pensiya almağa və ya yenidən hesablanmağa hüququ yarandığı vaxtdan zaman etibarilə uzun müddət keçməsindən sonra müraciətinin üzrlü səbəbləri məhkəmələr tərəfindən araşdırılmalı, məsələn, xəstəliyi ilə əlaqədar daha gec müraciət etmiş şəxsə münasibətdə 3 illik müddət tətbiq edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarından: “Göründüyü kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə 17 may 2012-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr tarixli Qərar). Bu baxımdan Qanunun 32.1-1-ci maddəsinin iş üzrə yanlış təfsiri (əmək pensiyasının təyin olunması ilə yenidən hesablanmasının fəqrləndirilməməsinə görə) ilə yanaşı, məhkəmə, həmçinin, sonuncu 2020-ci il müraciətindən əvvəlki illərdə pensiya orqanına təkrar müraciətlərdə fasilə yaranmasının üzrlü səbəblərini heç araşdırmamışdır. Bununla Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun analoji işlər üzrə hüquqi mövqeyini qətiyyən nəzərə almamaqla da qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apelyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarının qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib, iddianın tamamilə təmin edilməsinə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1950-ci il təvəllüdlüdür, 24 noyabr 2010-cu il tarixədək prokurorluq orqanlarında xidmətdə olmuşdur. 2006-cı ildə DSMF orqanı tərəfindən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hesablanıb təyin edilmişdir, lakin fəaliyyətdə olan prokurorluq işçisi kimi ona 2006-cı ildən əmək pensiyasının 50%-i ödənilmişdir. 2010-cu ilin noyabr ayında isə, onun prokurorluq orqanlarında fəaliyyətinə xidmətdə son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyindən, DSMF orqanı tərəfindən hesablanmış həmin pensiya məbləği tam həcmdə ödənilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında hazırkı cavabdehə müraciət edərək, prokurorluqda 25 il xidmət keçmiş şəxs kimi onun pensiya hüququnun hələ 2002-ci ildə yarandığını və həmin dövrdən sonra 2002 – 2006-cı illərdə heç bir pensiya ödənişini almadığını, habelə 2006-cı ildən sonra əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını bildirmiş və pensiyanın düzgün hesablanaraq sözügedən dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət olunmasını ona tövsiyə etmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin imtinasını mübahisələndirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6 avqust 2021-ci il tarixli 9/1096 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən məktubdan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2007-ci il tarixədək olan dövr ərzində ümumilikdə 1.268,44 manat əskik, 1 fevral 2007-ci il tarixdən 31 dekabr 2007-ci il tarixədək olan dövr ərzində 938,23 manat artıq, 1 yanvar 2008-ci il tarixdən 31 may 2021ci il tarixədək olan dövr ərzində isə ümumilikdə 18.649,18 manat əskik pul vəsaiti ödənildiyindən, nəticədə ümumilikdə 18.979,39 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 10.826 manat məbləğində ödənilmiş kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31-ci abzasına (sonuncu) əsasən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, qeyd edilən pul təminatının İddiaçı əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğu son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar İddiaçı ödənilmiş 5.850 manatın onun əmək haqqına aid ödənclərdən olmadığı üçün həmin vəsaitin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “ABAK-X5” MMC-dən birinci instansiya məhkəməsinə ünvanlanmış 2 iyun 2022-ci il tarixli məktubla müvafiq mütəxəssis rəyi verilmişdir. Rəydə aşağıdakılar bildirilir: - (Hesablama) Araşdırmalara əsasən İddiaçı ödənilən mükafat məbləğləri 10.826 manat və 5.820 manat pensiya hesablanması zamanı nəzərə alınmamışdır. Təqdim etdiyi sənədlərə əsasən İddiaçı 2006-cı ildə təyin edilən ümumi pensiya məbləği 4.434,71 manat və ona ödənilən ümumi pensiya məbləği 3.642,12 manat təşkil edir, nəticədə 792,59 manat fərq məbləği ortaya çıxmışdır. 2007-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.407,21 manat və ona ödənilən ümumi pensiya məbləği 9.869,59 manat təşkil edir, nəticədə 462,36 manat artıq məbləğ ortaya çıxmışdır. 2008-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.550,81 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 119,77 manat fərq məbləği ortaya çıxmışdır. 2009-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.741,24 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 310,20 manat fərq məbləği ortaya çıxmışdır, 9 noyabr 2009-cu il rütbəyə görə 138 manat və digər növ əlavələr 372,38 manat təyin olunmuşdur. 2010-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 15.855,18 manat və ona ödənilən ümumi pensiya məbləği 9.837,40 manat təşkil edir, nəticədə 6.017,78 manat fərq məbləği ortaya çıxmışdır. O, 8 oktyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından azad olunmuşdur, ödənilən mükafat məbləğləri (10.826 manat və 5.850 manat) cəmlənib 12 aya bölünərək orta aylıq əmək haqqının üzərinə gəlməklə hesablanmışdır. 2011-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 36.480,95 manat və ona ödənilən ümumi pensiya məbləği 26.856,73 manat təşkil edir, nəticədə 9.604,22 manat fərq məbləği ortaya çıxmışdır. 2012-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2013-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2014-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2015-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2016-cı ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2017-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2018-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 28.645,60 manat təşkil edir, nəticədə 1.803,95 manat fərq məbləği ortaya çıxmışdır. 2019cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2020-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2021-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 12.451,60 manat və ona ödənilən ümumi pensiya məbləği 12.110,80 manat təşkil edir, nəticədə 340,80 manat fərq məbləği ortaya çıxmışdır. İddiaçı 2006 – 2010-cu illər üzrə 48.989,16 manat pensiya məbləği müəyyən edilmiş və 42.211,19 manat pensiya məbləği ödənilmişdir, 2011 – 2021-ci illər üzrə 304.665,05 manat pensiya məbləği müəyyən edilmiş və 280.335,45 manat pensiya məbləği ödənilmişdir. Ümumi olaraq müəyyən edilən ümumi pensiya məbləği 353.654,20 manat və ödənilən ümumi pensiya məbləği 322.546,64 manat təşkil edir. Nəticədə İddiaçı ödənilməli 31.107.56 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2006-cı ildən pensiyaya çıxması işin mübahisəsiz halıdır. İş üzrə keçirilən mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı 2006-2021-ci il üzrə ödənilməli olan pensiya məbləğindən 31.107,56 manat az pensiya ödənilmişdir. Hazırda iş üzrə iddiaçı tərəfindən işin mübahisələndirilən halı onun pensiya hüququnun 2002-ci ilin fevral ayında yarandığını iddia edərək 2002-ci ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər olan müddət üzrə ödənilməli olan, lakin ödənilməyən 15.358,88 manatın, 2006-cı ildən 2021-ci ilə qədər olan müddət üçün ödənilməli olan 31.107,56 manat pulla toplanıb, cəmi 46.466,22 manat pulun ona birdəfəlik qaydada ödənilməsi öhdəliyinin qoyulmasından ibarətdir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasının 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək iddiaçıya əmək pensiyası üzrə keçmiş üç il müddəti üçün (xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 5363,28 manat fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə 2021-ci ilin iyun ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (2571,14 manat) üzərinə əlavə olunaraq ödənildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını mübahisələndirir və həmin qərarın ləğv edilərək qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Apelyasiya şikayətlərinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2006-cı ildən pensiyaya çıxdığından onun barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasının 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq edilməsi düzgün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. «Əmək pensiyaları haqqında» Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 31.107,56 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 31.107,56 (otuz bir min bir yüz yeddi manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1606/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1606/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver