Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1606/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10339/2021 saylı xx.xx.2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi və torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin verilməsi üçün üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 439 nömrəli qərarına əsasən Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında 55 kv.m. torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmin qərar Milli Arxiv İdarəsində də qeydə alınmışdır. Həmçinin, Bələdiyyənin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 592 nömrəli müqavilə bağlanılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh İdarəyə müraciət etmiş, lakin sonuncu **********30 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab verərək elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədiyini bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Aparılan araşdırma zamanı elektron kadastr məlumatına əsasən iddiaçının qeyd etdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədiyi, həmçinin ləğv edilmiş DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktının təsdiq edilmədiyi və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı məlum olmuşdur. Bundan başqa, binalarının yaxınlığında ümumi istifadədə olan sahədə yerləşir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli **********30 saylı cavab məktubu ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli 520 nömrəli məktubuna əsasən barəsində olan Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 439 saylı Qərarı və ona əlavə edilmiş digər sənədləri təsdiq edilmişdir. Həmin sənəd iddia ərizəsinə əlavə edilmişdir. Sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı mülkiyyətinə verilməsi barədə Qərarı Milli Arxiv İdarəsində qeydə alındığı halda necə ola bilər ki, həmin torpaq sahəsinin bələdiyyə torpağı olması barədə bazada məlumat aşkar edilməsin. Cavabdeh orqan məktubunda imtinanın digər əsaslarından biri kimi Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim olunmadığını qeyd etmişdir. Məhkəməyə bildirir ki, cavabdeh orqandan dövlət reyestrində qeydiyyata alınması istənilən daşınmaz əmlak, mənzil və ya yaşayış evi deyil, məhz torpaq sahəsidir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında yerləşən torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün müraciət etmişdir. Cavabdeh orqanın tələb etdiyi Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi isə müvafiq olaraq mənzilin yaxud fərdi yaşayış evinin tikintisi zamanı qeydiyyata alınması üçün müraciət edərkən tələb olunur. Torpaq sahəsi üçün isə qanunvericiliklə belə bir tələb qoyulmamışdır. Həmçinin bildirir ki, mülkiyyətə verilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün deyil, sahibkarlıq fəalıyyəıti aparmaq üçün İddiaçı verilmişdir. Cavabdeh orqan imtina məktubunda həmçinin qeyd edir ki, torpaq sahəsi ümumi istifadədə olan sahədə yerləşir. Halbuki cavabdeh torpağın ümumi istifadədə olan sahədə yerləşməsinə dair heç bir sübut təqdim etmir və açıq-aşkar görünür ki, cavabdeh orqan iddaçıya verilmiş torpaq sahəsini dövlət reyestrində qeydiyyata almaqdan qərəzli olaraq yayınır və süründürməçiliyə yol verir. İnzibati Prosessual Məcəlləsinin 14.3-cii maddəsinə əsasən cavabdeh orqan qeyd etdiyi faktın mövcudluğuna istinad etdiyi halda həmin şərtlərin mövcudluğunu özü sübut etməlidir. Həmçinin cavabdeh öz imtina məktubunda imtinanın digər əsası olaraq Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı Qaydalarına əsaslanmışdır. Həmin Qaydalara əsasən qeyd olunmuşdur ki, torpağın alqı-satqısına dair akt tərtib edilməklə bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və möhürlə təsdiq edilir. Bildirir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu qüvvəyə mindikdən sonra cavabdeh orqanın istinad etdiyi qaydalar qüvvədən düşmüşdür. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunini 9.6-cı maddəsində isə qeyd olunmuşdur ki, Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İ1Q saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 13-1-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı satqı qaydasında verilir. Qeyd edir ki, iddiaçının mülkiyyətinə verilmiş sözügedən torpaq sahəsi də 29 dekabr 2006-cı il tarixli 592 No-li müqavilə ilə rəsmiləşdirilmişdir. Əlavə olaraq cavabdeh imtina məktubunda “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsaslanaraq qeyd etmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsi DTXK-nin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyi alnıdıqdan sonra həyata keçirilir. Bildirir ki, cavabdeh orqan tərəfindən imtina məktubunda istinad etdiyi Qanunun həmın maddəsi bilərəkdən və qərəzli olaraq təhrif olunmuşdur. Belə ki, həmin Qanunun 6.5-ci maddəsində qeyd olunmuşdur ki, '‘torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerqurulıışıı və şəhərsalma sənədlərinə ııyğıın olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir." Maddədən göründüyü kimi sözügedən rəy fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilmiş torpaq sahələrinə aid olunur. Bir daha qeyd edir ki, hazırki mübahisədə sözügedən torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün ona verilmişdir. Əlavə olaraq, cavabdeh orqanın müvafiq icra hakimiyyəti kimi əsaslandığı DTXK hazırda ləğv olunmuşdur və onun torpaq sahəsi ilə bağlı bir qisim funksiyaları ƏMDX DƏDK-rə həvalə olunmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh sözügedən torpaq sahəsini dövlət reyetrində qeydiyyata almaqdan tamamilə əsassız və qanunsuz olaraq imtina etmiş və iddiaçının maddi və prosessual hüquqlarını kobud surətdə pozmuşdur...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-62/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddianın təmin olunması barədə yeni qərar çıxarılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəi vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2690/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikaytinə uyğun izahat verərək göstərmişdir ki, ekspertiza rəyinə və sxematik xəritəyə əsasən cavabdehin imtinasında göstərilən əsaslar təkzib olunmuş, sahənin ümumi istifadədə olan torpaq sahəsi olmadığı və bələdiyyə torpağı olması öz təsdiqini tapmışdır. Odur ki, iddia əsaslıdır, təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Binəqədi bələdiyyəsinin nümayəndəsi T.Rəhimli izahatında qeyd etmişdir ki, 1 dekabr 2007-ci ilə qədər torpağı bələdiyyə özü ayırıb. Ayrılan torpağın xəritəsi də var (məhkəməyə təqdim edir). Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş Mərkəzində bələdiyyələrələ bağlı elektron sistemdə iddiaçı iddia həmin torpaq sahəsi üzrə vergi uçotundadır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və İPM-in 96.11-ci maddəsinin tələblrinə müvafiq Ali Məhkəmənin iş üzrə qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı iddia ərizəsində öhdəliyin icrası haqqında iddia vasitəsilə - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi və torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü...; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 04615-2021 nömrəli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv materiallarına əsasən aşağıdakılar müəyyən olunur: - Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 439 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında uzun müddət abadlaşdıraraq istifadə etdiyi 55 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, (hər kv.m üçün YAN ilə 5 manat ödəmək şərti ilə) vətəndaş İddiaçı mülkiyyətinə ayrılmış; - Bələdiyyənin mühəndis-memarı tərəfindən İddiaçının sahibkarlıq məqsədilə istifadə etdiyi həmin torpaq sahəsinin situasiya planı tərtib olunaraq təsdiq olunmuş və; - “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” tərəflər arasında 592 nömrəli, 29 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlaknın dövlət reyestrində mülkiyyət hüqüqu ilə rəsmiləşdirilməsi üçün əsaslar mövcuddur. Lakin konkret halda, cavabdehin iddia ərizəsinə etirazının qeyd olunan dəlillərindən göründüyü kimi, elektron kadastr məlumatına əsasən iddiaçının qeyd etdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədiyini, həmçinin, keçmiş AR DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktının təsdiq edilmədiyi və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığını və binalarının yaxınlığında ümumi istifadədə olan sahədə yerləşdiyini mübahisələndirərək, iddianı qəbul etmir. Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qeyd olunan səbəbələrə görə mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasınmasından imtina olunması əsassızdır. Birincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 1.2 və 10.2.1-ci maddələrinin qeyd olunan tələbləri baxımından, mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün iddiaçının- Binəqədi bələdiyyəsinin bələdiyyəyə məxsus olan torpaq sahəsinin sahibkarılıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının xyerinə özgəninkiləşdirilməsi barədə qəbul etdiyi aktı, yəni konkret halda qərarı və həmin torpaq sahəsinin sözügedən bələdiyyə tərəfindən tərtib olunmuş plan-cizgisi mövcuddur ki, həmin sənədələr topağın onunadına daşınmaz əmlak üzərində qeydiyyata alınmasına əsas verir. Başqa sözlə, burada, qanunverici tərəfindən Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin və ya hər hansı bir başqa bir sənədin təqdim olunması tələb olunmur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında da qeyd etmişdir ki, “... İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi.). İkincisi, torpaq sahəsinin Binəqədi bələdiyyəsinə məxsus olmasına gəldikdə, o cümlədən, hazırkı mərhələdə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərəkəzinin 12 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5373 nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyətinə verilməsi qərara alınmış 55 kv.m torpaq sahəsi Binəqədi rayon, Binəqədi rayon, Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi ümumi istifadəyə aid olmayan boş sahədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ə təyin olunmuş mütəxəssis rəyinə gəldikdə isə həmin rəyin verilməsi yenə də cavabdeh orqanın özü tərəfindən icra edilmişdir ki, həmin rəydə də, torpaq sahəsinin kadastr məlumat bazasında bələdiyyə ərazisi olub-olmaması, bələdiyyəyə təhvil verilən torpaqların sahələrinin xəritəsində göstərilib göstərilməməsi barədə suallara, müvafiq məlumatların aşkar olunmaması və mümkün olmaması kimi cavabar verilmiş, eyni zamanda, baza məlumatlarına əsasən həmin torpaq sahəsinin ”yaşayış məntəqələrinin torpaqları” olduğu bildirilmişdir. Halbuki, hazırkı məhkəmə iclasında iştirak edən üçüncü şəxs, Binəqədi bələdiyyəsinin nümayəndəsinin qeyd olunan izahatına və onun məhkəməyə təqdim etdiyi - Binəqədi bələdiyyəsinin ərazisinin plan-xəritəsinə əsasən iddiaçıya ayırlan torpaq sahəsinin həqiqətən, Binəqədi bələdiyyəsinin hüdudları çərçivəsində yerləşdiyi və həmin bələdiyyəyə təhvil verilən torpaqların xəritəsində isə ona məxsus həmin torpağın təsbit olunduğu (yeri xəritədə göstərilmişdir), bundan əlavə, Ədliyyə Nazirliyinnin bələdiyyələrlə iş Mərkəzində bələdiyyələrələ bağlı elektron sistemində onun həmin torpaq sahəsinə görə vergi uçotunda olduğu öz təsdiqini tapmışdır. Ən azından, cavabdehin özünün verdiyi mütəxəssis rəyinə görə iddiaçıya ayırılan 55 kv m torpaq sahəsinin”yaşayış məntəqələrinin torpaqları”nda yerləşməsi, həmin torpaq sahəsinin ona sahibkalıq məqsədilə verilməsi təyinatına uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçıya, 2006-ci ildən qanuni istifadəsində olan cəmi, 55 kv m torpaq bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozması sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamış, məhkəmənin gəldiyi həmin nəticə əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-10339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi, İddiaçı - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və həmin torpaq sahəsinin sərhədlərini müəyyən edən texniki sənədin (plan və ölçünün) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə yeni qərar çıxarılmalı, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid ediliməklə, onlardan tutulub AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-10339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb ona reyestrdən çıxarış və həmin torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin (plan və ölçünün) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçıya, 50 (əlli) manatı isə cavabdehə aid ediliməklə, onlardan tutulub AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1606/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1606/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver