Məhkəmə qərarları › İş №2-1(103)-1607/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1607/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1607/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X13 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin mövcud vəziyyətə uyğun olaraq onun adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyi tərəfindən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 204 ç/t saylı bağın istifadəyə verilməsi barədə 33394 saylı müqavilə imzalanmışdır. Həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 29 oktyabr 2004-cü il tarixli 251 saylı qərarı əsasında 204 ç/t saylı müqaviləyə əsasən 0,12 ha olmaqla həmin torpaq sahəsi olan bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə edir. Həmin bağ sahəsini rəsmiləşdirmək üçün iddiaçı 17 oktyabr 2019-cu il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək istifadəsində olan bağ sahəsinə plan-sxeminin tərtib edilməsini və həmin bağın daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının ərizəsi təmin olunmamış və həmin cavab məktubunda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 204 ç/t saylı bağ nömrəsinin sxematik xəritədə olmadığı qeyd edilmiş, həmçinin göstərilən sahənin bir hissəsinin digər şəxsin müraciəti ilə, bir hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Cavabdehin imtinası qanunsuzdur və iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Həmin bağdan iddiaçı hazırda da mübahisəsiz istifadə edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 «ç/t» saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi "xxxx" MMC-yə məxsus, bir hissəsi isə digər vətəndaş X7 məxsus torpaq sahələri ilə üst- üstə düşür. 204 ç/t saylı bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə bağ sahələri sxematik plana uyğun hesablanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İddiaçının arvadı X3 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2- 1(103)-37/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “mübahisə predmeti olan bağ sahəsi ilə bağlı müvafiq sənədlər İddiaçı adına tərtib edildiyindən, yəni hüquq sahibi məhz sonuncu olduğundan, iddiaçı tərəf isə hüquq varisi ilə əvəz edildiyindən iddia tələbi artıq “hüquqların dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi” kimi deyil, hazırkı qərarın 24 və 25-ci bəndlərində qeyd olunan qanunvericiliyin tələbi baxımından, qanuni əsaslar olduğu halda, “hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi” məzmununda təmin edilə bilər. Odur ki, iddia tələbinin qanunvericiliyin tələbinə uyğunlaşdırılması məqsədilə məhkəmə tərəfindən proses iştirakçısı olan iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X14 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: “Sizin xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 204 ç/t nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli 33394 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Sorğunuzla əlaqədar olaraq xx.xx.2004-cü il tarixli 33394 nömrəli müqavilənin təsdiq edilmiş surətini Sizə göndəririk”. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış «Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında» 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 hektar torpaq sahəsi olan 204 «ç/t» nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X14 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********49 saylı məktubda qeyd edilir: “ünvan ünvanda yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 204 “ç/t” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin, göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə, çox hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: “İddiaçı iddia etdiyi, Bakı şəhəri, Pirşağı bağlar massivində yerləşən 204 ç/t saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Həmçinin, vətəndaş tərəfindən naturada göstərilən torpaq sahəsinin sərhədləri şərti olduğundan və üzərində tikili olmadığından bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilərək tanıdılması mümkün olmamışdır”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: “İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İdarədə mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritənin göstərilən hissədə bağ nömrələri göstərilməmişdir”. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: “Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İdarənin elektron-kadastr baza məlumatlarında və bağların bölgüsünə dair sxemaik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur və bağların bölgüsünə dair sxematik xəritənin göstərilən hissədə bağ nömrələri göstərilməmişdir”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubda qeyd olunur: “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə hissəsinin olub-olmaması ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən bağ sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Araşdırma zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, bir hissəsi isə digər vətəndaşa məxsus torpaq sahələri ilə üst-üstə düşür. Nəzərinizə çatdırırıq ki, 204 ç/t saylı bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə bağ sahələri sxematik plana uyğun hasarlanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Həmçinin, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə əvvəlki müraciətində indi göstərdiyi sahənin cənubunda yerləşən hissəni iddia edirdi. Həmin sahənin bir hissəsi isə digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşürdü”. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilənin İdarənin arxivində mövcud olduğu qeyd olunmuş və həmin müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlaküzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi İddiaçı iradəsindən asılı olan hal deyildir. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Hazırda həmin bağ sahəsi İddiaçı istifadəsindədir və qeyd olunan 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə isə ləğv və ya etibarsız hesab edilməmişdir, qüvvədədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də, cavabdehin imtinası əsassızdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olanhal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi ilkin olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 onun vərəsəsidir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarından göründüyü kimi X1 iddiaçının hüquqi varisi kimi tanınması əsaslı hesab edilmiş və İddiaçı öldüyü üçün hüquq varisi X5 ilə əvəz edilmişdir. Digər tərəfdən, Ali Məhkəmənin müvafiq qərarında qeyd edilmiş hüquqi göstərişə uyğun olaraq iddiaçının hüquqi varisi X2 AR İPM-nin 13-cü maddəsində təsbit edilmiş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçının hüquqi varisi X1 nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın 0,12 ha torpaq sahəsi ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəqiqləşdirilmiş iddia tələbi əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyi ilə mərhum İddiaçı arasında imzalanmış «Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında» 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 hektar torpaq sahəsi olan 204 «ç/t» nömrəli bağ mərhum İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin təsdiq edilmiş surəti mərhum iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən mərhum iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda həmin müqavilənin İdarənin arxivində mövcud olduğu qeyd olunmuş və həmin müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan müqavilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olmamışdır. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Həmçinin, həmin bağ sahəsi mərhum iddiaçının istifadəsində olmuş və qeyd olunan 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə isə ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin həmin sənədi hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçının vərəsəsi olduğu şəxsdə mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hüquqi varisinin əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçının mərhum ərinə qanuni əsaslarla verilmiş mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204ç/t saylı bağın 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları bir-birindən fərqləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının hüquqi varisinin təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum iddiaçının adına qeydiyyata alınması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər mərhum iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 «ç/t» saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın (0,12 ha torpaq sahəsinin) mərhum İddiaçı məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) iddiaçının hüquqi varisi X2 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 «ç/t» saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t saylı bağın (0,12 ha torpaq sahəsinin) mərhum İddiaçı məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) iddiaçının hüquqi varisi X2 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar