Məhkəmə qərarları › İş №2-1(103)-1607/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1607/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1607/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7881/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin Qazlift klapan sexində “Texnik” vəzifəsində, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin İdarə aparatında geoloji şöbədə “geoloq” vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin 1 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların “Geoloqu” vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin 2 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların geoloqu vəzifəsində, xx.xx.1994cü ildən xx.xx.1996-cı ilədək Salyanneft neft və qaz çıxarma idarəsinin İdarə aparatında geoloji şöbədə “Geoloq” vəzifəsində, xx.xx.1996-cı ilədən xx.xx.2001-ci ilədək "xxxx" Şirkətinin İdarə aparatında xəzinədar, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək Salyan OİL LTD Şirkətinin mühasibat şöbəsində “Böyük mühasib” vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müraciətindən imtina olunmuşdur. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin qeyd edilən Qaydalara 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir ki, həmin siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosialsığorta) stajını təsdiq edən sənədlər təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-7881/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısımla nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, 2) güzəştli iş stajının 12 il 6 ay olması, 3) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma yarımbölməsinin (10.2) rəhbərlər və mütəxəssislər bəndində (b) quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçının cavabdehə təqdim etdiyi “Salyan Oil” LTD-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Salyanneft neft və qaz çıxarma idarəsinin İdarə aparatında geoloji şöbədə geoloq, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində 1 saylı neft qaz çıxarma sexində geoloq, xx.xx.1982xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 2 saylı neft qaz çıxarma sexində geoloq, xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində geoloji şöbədə geoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların cavabdehin aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun işlədiyi vəzifələrin sözügedən arayışda istinad edilən və qeyd olunan qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin geoloqları vəzifəsinə aid olmadığı müəyyən edilmişdir. Bu fakt "Salyan Oil” LTD-nin 9 fevral 2024 -cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Sözügedən iş üzrə iddiaçının təqdim etdiyi sənədlərlə qeyd olunan məlumatların dəqiqləşdirilməsi və bir sıra sənədlərin alınması məqsədilə onun işlədiyi “Salyan Oil” LTD-yə sorğu ünvanlanmış, “Salyan Oil” LTD-nin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının çalışdığı geoloq vəzifəsinə dair vəzifə təlimatları təqdim edilmişdir. İddiaçının işlədiyi geoloq vəfizəsinə dair vəzifə təlimatlarından da göründüyü kimi, iddiaçının çalışdığı vəzifənin xüsusiyyətləri (rüblük, aylıq və illik planların hazırlanması, cədvəllərin və hesabatların tərtib edilməsi) güzəştli şərtlərlə iş stajı hüququ verən vəzifələrə daxil edilmir. 09 fevral 2024-cü il tarixli qarşılıqlı yoxlama aktında da, iddiaçının çalışdığı geoloq vəzifəsi xüsusiyyətlərinə görə zərərli peşə hesab edilmədiyi və iddiaçının hasilatda birbaşa iştirak etmədiyi faktı “Salyan Oil” LTD müəssisəsinin rəhbər şəxsi tərəfindən təsdiqlənmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma yarımbölməsinin (10.2) rəhbərlər və mütəxəssislər bəndində (b) quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki-məden partiya və destelerinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim etdiyiniz “Salyan Oil" LTD-nin Sizə dair xx.xx.2023-cü il tarixli HR-23-148 nömrəli arayışında xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Salyanneft neft ve qaz çıxarma idarəsinin idarə aparatında geoloji şöbədə geoloq, xx.xx.1981-12 07.1982-ci il tanxlən arasındakı dövr ərzində 1 saylı neft qaz çıxarma sexində geoloq, xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 2 saylı neft qaz çıxarma sexində geoloq, xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə geoloji şöbədə geoloq vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz vəzifələrin sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan quyularda geofiziki tədqiqatları yerinə yetirən geofıziki-mədən partiya və dəstələrinin geoloqları vəzifəsinə aid olmadığı müəyyən edilib. Bu fakt “Salyan Oil” LTD-nin 9 fevral 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan “Salyan Oil Limited” şirkətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı “Salyan Oil Limited” şirkətində (keçmiş Salyanneft NQÇİ) göstərilən vəzifələrdə işləmişdir: xx.xx.1980-xx.xx.1980-ci il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin Qazlift klapan sexində “Texnik” vəzifəsində; xx.xx.1980-xx.xx.1981ci il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin idarə aparatında geoloji şöbədə “Geoloq” vəzifəsində, xx.xx.1981-xx.xx.1982-ci il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin 1 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların “Geoloqu” vəzifəsində, xx.xx.1982-xx.xx.1994-cü il tarixlərində Salyanneft neft və qazçıxarma idarəsinin 2 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların Geoloqu vəzifəsində, xx.xx.1994xx.xx.1996-cı il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin idarə aparatında geoloji şöbədə “Geoloq” vəzifəsində, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin idarə aparatında “Xəzinədar” vəzifəsində, xx.xx.1999xx.xx.2001-ci il tarixlərində Salyan OİL LTD şirkətinin idarə aparatında “Xəzinədar” vəzifəsində, xx.xx.2001-xx.xx.2005-ci il tarixlərində Salyan OİL LTD şirkətinin inzibati qrupda “sahə mühasibinin köməkçisi” vəzifəsində, xx.xx.2005-xx.xx.2024-cü il tarixlərində Salyan OİL LTD şirkətinin mühasibat şöbəsində “Böyük mühasib” vəzifəsində işləmişdir. Bu da 43 il 7 ay 5 gün təşkil edir. İş materiallarında olan “Salyan Oil Limited” şirkətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir - xx.xx.1981-xx.xx.1982-ci il tarixlərində Salyanneft neft və qaz çıxarma idarəsinin 1 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların “Geoloqu” vəzifəsində, xx.xx.1982-xx.xx.1994-cü il tarixlərində Salyanneft neft və qazçıxarma idarəsinin 2 saylı neft qazçıxarma sexində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların Geoloqu vəzifəsində işləmişdir. İş materiallarında olan “Salyan Oil Limited” şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1994cü illərdə Salyanneft Neft və Qazçıxarma İdarəsində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”-in qeyd olunan kodlarına uyğun olaraq yazılmışdır. Həmçinin, SOL-işçilərinə istehsalatda zərərli iş şəraitinə görə bu vəzifəni icra edən zaman aylıq əmək haqqına əlavə ödəniş hesablanaraq ödənilmişdir. Həmin məktuba əlavə edilmiş “Salyan Oil Limited” şirkətinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli təsdiq olunmuş 320 saylı qərarına əsasən işləmişdir, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir: xx.xx.1981xx.xx.1982-ci illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin 1 saylı neft qaz çıxarma sexində “Geoloq" vəzifəsində - 2130200b-17541; xx.xx.1982-xx.xx.1994-cü illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin 2 saylı neft qaz çıxarma sexində “Geoloq” vəzifəsində - 2130200b-17541. Qeyd: İşçi Neft və Qaz kondensatı hasilatı obyektlərində 1 saylı neft qaz çıxarma sexində bilavasitə məşğul olan “Geoloq”, 2 saylı neft qaz çıxarma sexində bilavasitə məşğul olan “Geoloq” vəzifələrində işləmişdir. Bu da 13 il 1 ay 9 gün təşkil edir. Həmin məktuba əlavə edilmiş “Salyan Oil Limited” şirkətinin arayışından görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1994-cü illərdə Salyanneft Neft və Qazçıxarma İdarəsində işlədiyi dövr ərzində aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirmişdir - Quyu dibi ölçmə işlərinin aparılmasını təşkil etmiş və həmin işlərin yerinə yetirilməsində yaxından iştirak edib. Karotaj, perforasiya işlərinin icra olunmasında iştirak etmişdir. Yeni istismara qaytarılan quyuların mənimsənilməsi üçün iş planlarının tərtib olunmasında və aparılacaq işlərin yerinə yetirilməsində yaxından iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixinədək cəmi pensiya sığorta kapitalı 77007,84 manat təşkil edir, həmin tarixə ona münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39600 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1976-xx.xx.1980, xx.xx.1980-xx.xx.2019 - cəmi 43 il 12 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin 1 saylı neft qaz çıxarma sexində, xx.xx.1982-xx.xx.1994-cü illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin 2 saylı neft qaz çıxarma sexində geoloq vəzifəsində işləmişdir. Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı; 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi - b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları. İddiaçının işlədiyi, qeyd olunan sahə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahə və peşələrə aid olduğu işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla da öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.1981-xx.xx.1994- cəmi 13 il 01 ay 10 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019cuilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019cu il tarixinədək cəmi pensiya sığorta kapitalı 77007,84 manat təşkil edir, həmin tarixə ona münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39600 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7881/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar