Məhkəmə qərarları › İş №2-1(103)-1608/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1608/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1608/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2395/21 saylı 24.02..2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İşin iddia ərizəsində şərh olunan faktiki hallarına görə iddiaçı 20.12.1981-ci ildən 20.04.1995-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında işləmiş. İşlədiyi dövrdə, 1988-1994 cü illərdə Dağlıq Qarabağ ətrafinda Ermənistan Azərbaycan müharibəsi baş vermişdir. Onun qardaşı Azərbaycan Respublikasının Milli X1 həmin müharibədə şəhid olduğu üçün onu müharibəyə aparmamışlar. Lakin 1993-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi düşməndən təmizlənəndə o da həmin müharibədə könüllü iştirak etmişdir. Lakin bununla bağlı heç bir sənədi olmamışdır. Onunla birlikdə müharibədə olmuş yoldaşları müharibə veteranları, X4 (vəsiqə 030868) verilmə tarixi 15.05.2008 ci il, X2 (vəsiqə 031009) verilmə tarixi 30.07.2013-cü il, X3 (vəsiqə 031009) verilmə tarixi 30.07.2013-cü il onun həmin dövrlərdə müharibədə vuruşduğunu və iştirak etdiyini təstiq edirlər. Eyni zamanda tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Daxili İşlər nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu ona 16.09.2020-ci il tarixli 024-36251-3220 № cavabla ərizəsini təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2395/21 saylı 24.02.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı şikayətini onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş və gəlmədiyi halda onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmətdə olduğu orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin iddiaçı tərəfindən iddia ərizəsində 20.12.1981-ci ildən 20.04.1995-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət etdiyini qeyd edərək, 1993-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi düşməndən təmizlənərkən həmin müharibədə iştirak etdiyiyini iddia olunsa da, onun tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, istinad etdiyi həmin halları, yəni döüyşlərdə iştirakını təsdiq edə bilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, habelə, birinci instansiya məhkəməsinə ünvanladığı 04.12.2020-ci il tarixli, eləcə də hazırkı mərhələdə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 05.06.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciəti ilə bağlı aparılmış araşdırmalar zamanı Daxili İşlər Nazirliyində onun arxiv şəxsi işində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə bağlı konkret məlumatlar aşkar edilməmişdir. Beləliklə də, iddiaçının daxili işlər orqanında xidmətdə olarkən, 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü (o cümlədən, Füzuli rayonu Horadiz qəsəbəsi) uğrunda gedən göyüşlərdə iştirak etməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamə ilə müyyən edilən sübutetmə vasitələrinin mövcud deyildir. İPM-in 1.2-ci maddəsi baxımından. MPM-in 81-ci maddəsinin tələbinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, konkret halda, iddiaçının, “yoldaşları - müharibə veteranları X4 X2 və X3 tərəfindən həmin dövrlərdə müharibədə iştirak etdiyini təsdiq etmələrinə istinad olunan dəlilləri, onun döyüşlərdə iştirakını sübuta yetirən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya 16.09.2020-ci il tarixli məktubu ilə veteran statusunun verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtinanın isə iddiaçının hüquqlarının pozması kimi qiymətləndirilməsi istsna olunur. Azərbaycan Respublikasının İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmadığını, qanunsuz və əsassz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2395/21 saylı 24.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2395/21 saylı 24.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar