Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1608/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı, X4, X6 və X2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi onların faktiki istifadəsində olduğundan, onların həmin yaşayış yerinə qeydiyyata düşmək hüququ yaranır. X1, X6 və X3 da ərizə ilə məhkəməyə müraciət edərək, onların da inzibati iş üzrə iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı X9 ərizə ilə məhkəməyə müraciət edərək onların iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların iddia tələbi rədd edilmişdir. İddiaçılardan İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə tərəfindən işə baxılarkən iş araşdırılmamış və mülki qanunvericiliyin maddi hüquq normasına uyğun tətbiq etməmişdir. Bir sözlə, "yayaış yeri üzrə qeydiyyata alınması" iddia olunmasına baxmayaraq, məhkəmə sanki "mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair inzibati işə baxmışdır. Çünki, məhkəmə qərarda sözügedən ünvanda olan fərdi evin tikintisi ilə bağlı göstərmişdir ki, "qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçıların cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları əsasındahəyata keçirilir". Hazırki iddia tələbdə mükiyyət hüququnun qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişlər, yalnız yaşayış yeri üzrə qeydiyyatın tələbidir. Həmçinin iş materiallarına əlavə edilmiş müvafiq bələdiyyə qərarından və ona əlavə edilmiş torpağa dair sənədlərdən görünür ki, iddiaçı fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi ev inşaa etdirərək ailə üzvləri ilə daimi yaşayır. Həmin müvafiq bələdiyyə sənədinin qanuni olması ilə bağlı arxiv sənədləri müəyyən edilmişdir. Belə olan halda, iddiaçının sözügedən fərdi yaşayış evinə dair gözlənilən mülkiyyət hüququ vardır. Bundan başqa, işin faktiki hallarında göstərilən su, qaz və işıq xətlərinin olması daimi kommunal ödənişlərin icra edilməsi sübut olunur ki, iddiaçıların həmin fərdi evdə uzun müddət mübahisəsiz yaşaması və istifadəsi evin özbaşına tikinti olmaması anlamına gəlinir. Əgər həmin evə qeyd edilən qaz, su və işıq verilməsəydi hesab etmək olardı ki, dövlət tərəfindən həmin evdə yaşayan şəxslərin məskunlaşmasına qarşı çıxmamışdır. Nəzərə alınmalıdır ki, uzun müddət ərzində yerli icra hakimiyyəti orqanı və yaxud hər hansı bir dövlət orqanı tərəfindən həmin ərazidə yaşayış üçün şərait yaradılmış, küçələr salınmış, orta məktəb tikilmiş, eyni zamanda iddiaçının yaşadığı ünvan üzrə küçəyə ünvan verilmişdir. Bu o deməkdir ki, dövlət tərəfindən iddiaçının həmin evdə yaşamasını və istifadəsini qanuni hesab etmişdir. Lakin cavabdeh tərəf bu halları nəzərə almamış, mübahisələndirilən məhkəmə qərarı öz növbəsində cavabdehin əsassız və qanunsuz hərəkətlərinə haqq qazandırılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublkası Mülki Məcəlləsinin 180-cı maddəsini düzgün tətbiq etməmişdir. Mübahisələndirilən qərarda məhkəmə tərəfindən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini, eyni zamanda işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunununl-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların hüquqlarını pozulmasına rəvac verən qərar qəbul edərək "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini pozmuşdur…” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə yalnız İddiaçı apellyasiya şikayəti həddində baxılmalıb qiymət verilməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, İddiaçı, iddia tələbində onun və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə faktlar nöqteyi nəzərindən razılaşır. Belə ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsinin imperativ tələblərindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeydiyyat orqanına təqdim etməlidir. Adıçəkilən Qanunun 2-ci maddəsi isə nəzərədə tutur ki, “yaşayış yeri” dedikdə isə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, şəxsin yaşadığı ev dedikdə üç əsasla ona məxsusluğu nəzərədə tutulur: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında da, məhz, “yaşayış yeri” dedikdə, xüsusi qanunvericiliyin müəyyən etdiyi hüquqi əsaslara söykənən “yaşadığı yer” anlamı ehtiva olunur. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçı faktiki yaşadığı evə dair qanunda sadalanan sənədlərdən hər hansı birini - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi nə cavabdeh qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim edə bilməmişdir. Çünki, onun yaşadığı ev özbaşına inşa edilmiş olan bir tikilidir və həmin tikiliyə olan hüququ rəsmiləşdirilməmiş və onun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış olan hər hansı bir hüququna dair hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» -dedikdə istənilən hər hansı bir bir sənədi nəzərdə tutmur. Burada qanunverici dəqiq müəyyən edir ki, həmin «başqa sənəd»in özü də qanunla müəyyən edilən hüquqmüəyyənedici sənəd formasına malik olmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 81-ci maddəsinin tələbindən də görünür ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də iddiaçıının və onun ailə üzvlərinin faktiki olaraq özbaşına inşa edilmiş tikiliyə ünvan verilməsi, orada yaşaması və kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə görə çəkdikləri xərcələrin ödənilməsi, onun və ailə üzvlərinin həmin evə qeydiyyata alınmasına əsas vermir. Onun kommunal xidmətlərlə bağlı bağladığı müqavilələr üzrə öhdəliklərinə gəldikdə, bütün bunlar qarşı tərəfin ona göstərdiyi xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir. Beləliklə də iddiaçı C.Bəbirovun və onun ailə üzvlərinin mübahisələndirilən ünvanda inşa edilmiş özbaşına tikiliyə qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdeh tərəfindən iddiaçının və onun ailə üzvlərinin həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o zaman inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Ona görə də məhkəmə kollegiyası birinci instansiya əhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını və maddi hüquq normalarınının pozulmsı ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, ona münasibətdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9970/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9970/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1608/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1608/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver